525.Az

Burla Xatunun "səhvi" - Əlisəfdər Hüseynovun yazısı


 

Burla Xatunun "səhvi" - <b style="color:red">Əlisəfdər Hüseynovun yazısı </b>

(Xalq artisti Şəfiqə Məmmədovanın kino yaradıcılığı barədə gəzişmələr)

Bu yaxınlarda psixologiya mövzusunda qələmə alınmış "60 saniyəyə insanı tanımaq sənəti" adlı maraqlı kitabı vərəqləyəndə "Qaraca qız" filmindən bir kadrın fotosu diqqətimi çəkdi. Dərhal həmin fotonu müşayiət edən yazını oxudum. Müəllif paroyonal psixotipin ünsiyyət və davranış stereotipləri barədə fikirlərinə illüstrasiya kimi bu filmdəki personajlardan birini - Pəricahan xanım obrazını diqqət mərkəzinə çəkir, onun jestləri, mimikası, ümumiyyətlə, plastikası nümunəsində bu tipin vizual görüntüsünü yaradırdı. Başqa sözlə desək, kinomuzun uğuru olan bu obraz elmi düşüncədə mühakimə yürütmək və onun doğruluğunu sübut etmək üçün müəllifə yaxşı şans vermişdi və deməli, həm də öz dəyərini bir daha təsdiqləmişdi - bu dəfə bədii-estetik müstəvidə yox, nə qədər qəribə də olsa, elmi arqument kimi...

Düşünürəm, nə qədər istedadlı və peşəkar olmalısan ki, dünyada yaşayan bütün insanların müəyyən bir qisminin (parayonal psixotiplərin) elmi düşüncədə axtarışlar üçün təkan verən ümumiləşdirilmiş obrazını yaradasan!

Amma bu rolu oynayan aktrisa -   ümumxalq sevgisi qazanmış azsaylı qadın sənətçilərimizdən olan Şəfiqə xanım Məmmədova obrazı ilk növbədə milli davranış etiketlərini daşıyan Azərbaycan xanımı kimi yaratmışdı. Bəşəri nüanslar bu obrazın məzmununda idi, özü də ikinci planda.

Azərbaycan aktyorluq sənətinin möhtəşəm simalarından olan Şəfiqə Məmmədova haqqında yazıya bu girişlə başlamağım təsadüfi deyil.

Məsələ burasındadır ki, Şəfiqə xanım istər yaradıcılığında, istərsə də öz şəxsi nümunəsində hər şeyin axırına qədər gedib-çıxmağı bacaran, məqsədini son zərrəyə qədər reallaşdırmağa çalışan dəqiq, maksimalist bir insandır və mənə elə gəlir ki, onun sənət idealının əsasında bədii-estetik amillərlə, çox vaxt rasional izaha çətin gələn intuitiv başlanğıcla yanaşı, yalnız elmi-nəzəri diskurslarla şərh oluna bilən məqamların varlığı da elə bundan irəli gəlir. Bəlkə elə buna görə də bir aktrisa kimi  Şəfiqə xanımın yaratdığı obrazları duymaq, təhlilə gətirmək, onun özünün bütün parametrlərdə bütöv obrazını yaratmaq o qədər də asan deyil.

Lakin bunu sonraya saxlamağa da dəyməz. Odur ki, keçək Şəfiqə xanımın filmlərimizdə yaratdığı obrazlara, onun kino yaradıcılığının estetik özəlliklərinə.

Sözügedən Pəricahan obrazını yaradanda Şəfiqə xanımın 21 (!) yaşı vardı. Mən bu faktı elə-belə, sözgəlişi qeyd etmədim. Onun həyat verdiyi bu obrazın xaraterinin miqyası o qədər əhatəli, psixoloji tutumu o qədər ağırdır ki, bu genişlikdə azmamaq və bu yükə tab gətirmək hər xanımın (özü də gənc xanımın) işi deyildi. Şəfiqə xanım isə nəinki bunu bacardı, hətta mən deyərdim ki, Azərbaycanın əsilzadə xanımlarının ən xarakterik və koloritli obrazlarından birini   yaratdı. Bəy övrəti olan Pəricahan xanım filmdəki personajlar qalereyasında ərinin iradəcə zəif, söz sahibi olmaq istəsə də, buna təpəri çatmayan əyyaş olmasına görə yox, öz hikkəsi, zabitəsi, liderlik istəyi, dediklərini, düşündüklərini reallaşdırmağa qüvvəsi çatan, daxili gücə malik xanım olması hesabına fərqlənirdi və tamaşaçı sövq-təbii inanırdı ki, zahirən hikkəsi daşı sındıran bu xanım öz qeyri-adi aurası, qətiyyəti və iradəsi ilə dişisi, erkəyi olmayan aslanlardan biri kimi yüz boşboğaz, simasız kişini çaya susuz aparıb susuz gətirər, öz nümunəsində lider, başçı olmağın sirləri barədə onlara "ustad dərslərsi" keçər. Pəricahan xanım zahiri planda (və ənənəvi təsəvvürlərə görə) ürəksiz, eqoist, təkəbbürlü xanımların prototipi kimi "pis", islah olunmasına zərurət duyulan xanımlardan idi, amma Azərbaycan maarifçilərinin tipik nümayəndələrindən olan S.S.Axundovun yozumunda "pis" keyfiyyətlərin təcəssümü olan Pəricahan xanım Şəfiqə xanımın yozumunda tamam başqalaşırdı, bu "pisiklər" zədəganlığın göstəriciləri kimi bir qədər başqa keyfiyyətdə yenidən doğulurdu ku, bu da heç şübhəsiz, aktrisanın yaradıcılıq qələbəsi idi.

Şəfiqə xanımın Pəricahanını birmənalı şəkildə nə pis, nə də yaxşı adlandırmaq olmur: o, pisi də, yaxşısı da bir-birinin içində yeni keyfiyyətdə - canlı təbii insan qiyafəsində yenidən doğulan orijinal obraz, aktrisanın Azərbaycan kinosuna bəxş etdiyi yeni qadın tipi idi.

Maraqlıdır ki, Şəfiqə xanım kinoda ilk işi olan bu obrazla bəyan etdiyi estetik prinsiplərə bütün yaradıcılıq boyu sadiq qaldı, çəkildiyi hər filmdə Azərbaycan xanımlarının öz davranışı, düşüncəsi ilə birmənalı təsir bağışlamayan, xisləti ənənəvi qəliblərə sığmayan təbii obrazlarını yaratdı.

Tamaşaçıların yaddaşında Cəbiş müəllimin arvadı kimi yaşayan obraz, heç şübhəsiz ki, bu, Şəfiqə xanımın ən yaxşı ekran işlərindən biridir. O, bu obrazı o qədər təbii və inandırıcı yaradıb ki, onun iştirak etdiyi epizodlara baxanda tamaşaçı film izlədiyini unudur, ağır müharibə illərində Bakı ailələrindən birinin qonağı olub mürəkkəb məişət, yaşam, düşüncə paradiqmalarını həmin illərin adamları ilə birgə yaşayır. Filmdə belə düşüncə və davranış nümunələrindən birini təcəssüm etdirən obraz məhz Cəbiş müəllimin arvadıdır. "Müharibə gedir, mənə nə? Mənim bir ana kimi borcum uşaqlarımı yedirtmək, ac qoymamaq, onları xilas etməkdir" - bu qadının həyat fəlsəfəsini yığcam şəkildə belə ifadə etmək olar. Təbii ki, o, bir ana kimi haradasa haqlıdır. Lakin o, həm də müharibə illərində həmin aqibəti yaşayan milyonlardan biridir axı! Şəfiqə xanım obrazın məzmun ağırlığını "ana" qütbünə tələf çəkərək, onu daha çox  psixofizioloji müstəvidə təqdim edir və məncə, düz də edir. Çünki analıq təbii instinkdir, onu heç cür ikinci plana sıxışdırmaq olmur. Ə.Məmmədxanlının məşhur "Bu heykəl" hekayəsini yada salaq. Balasını xilas etmək üçün şaxtada lüt-üryan buz heykələ dönən ana! Doğrudur, Cəbiş müəllimin arvadı balalarını şaxtadan qorumaq üçün onun kimi bütün paltarlarını soyunmur, yalnız pencəyini satır. Amma nə fərqi - analıq hissi milliyyətindən asılı olmayaraq, bütün qadınlara xasdır. Şəfiqə xanım isə bu duyğuları azərbaycanlı anaya xas olan koloritlərlə rəsm edir, ən başlıcası isə onu yalnız öz balalarının yox, doyunca çörək tapmayan neçə-neçə uşağın taleyinə biganə qalmayan, pencəyini satıb aldığı çörəyi onlarla bölən böyük ürək sahibi, səxavətli ana kimi təqdim edir.

Anarın ssenarisi əsasında çəkilmiş "Dədə Qorqud" filmində aktrisanın yaratdığı Burla xatun ilk epizodlarda gənc qız, filmin ümumi kontekstində isə yenə də anadır. Özü də elin, soyun namusunun təcəssümü olan ANA. Filmdə ən az danışan personajlardan biri olsa da, Şəfiqə xanım plastikanın dili, jest və mimikaların vizual energetikası ilə bu qadının mükəmməl obrazını yaradır. Onu qızmış Buğanın cəngindən qurtaran igidə (Qazana) vurulduğunu və bundan məmnun qaldığını aktrisa gözlərini ifadəsi və dodaqlarında peyda olan qeyri-adi təbəssümlə çox ifadəli bir tərzdə çatdırır və nəticədə kino dilinin lüğəti eşqin, vurğunluğun vizual ifadəsinə xidmət edən və müəllifi Şəfiqə xanım olan yeni bir jesr-işarə ilə zənginləşir.

Filmdə başqa bir maraqlı məqam zindanda "Qazan xanın arvadı kimdir?" sualı səslənəndə oğlunun özünü bildirməməsi barədə qəti tapşırığına rəğmən Burla xatunun qeyri-ixtiyari "Mən" dediyi səhnədir. Təbii ki, Burla xatun bunu yenə də analıq instinktinin təsiri altında deyir və nə yaxşı ki, 40 incəbelli qız fəlakətə aparan bu səhvi dərhal düzəldir. Amma məsələ təkcə bunda deyil. Məsələ həm də ondadır ki, Şəfiqə xanım yenə də bizi qeyri-adi paradoks qarşısında qoyur: "Burla xatının səhvi onun məğlubiyyəti idi, yoxsa qələbəsi?"

Bu sualın cavabını tapmağı oxucuların öhdəsinə buraxıb keçirəm Şəfiqə xanımın yaratdığı müasir qadın obrazlarına.

"Ad günü" filmindıki Fəridə, şübhəsiz ki, sinəsinin altında nələr yatdığı sonadək bilinməyən ən paradoksal qadınlardan biridir. Tək yaşayan bu qadın kadrdan kadra gözlərimiz qarşısında xarakteri bir az qaba - bir az işvə-nazlı, bir az müdrik - bir az bic-hiyləgər, bir az nəzakətli - bir az kobud, bir az yaraşıqlı - bir az köntöy, yöndəmsiz və ən başlıcası bir az arsız - bir az bədbəxt qadın  olaraq məramı, niyyəti axıra qədər açılmayan sirli bir məxluq kimi doğulur və məncə, sənətin bir gözəlliyi də tamaşaçıya da müəlliflik hüququ verən belə paradokslardadır...

Gəlin razılaşaq ki, bu qədər keyfiyyəti bir obrazın məznununa sığışdırmaq hər aktrisanın işi deyil.

Və nəhayət, "İstintaq" filmində ərini daim biveclikdə günahlandıran praqmatik təbiətli Gülya. Bütün süjet boyu həyatın gündəlik aurasında hamımıza tanış olan istəklərin ardınca gedərək "hamının istifadə etdiyi imkanlardan mən niyə istifadə etməyim?" prinsipinin diktəsi ilə yaşasa da, başını aşağı salıb öz işini görən ərinə tam əks qütbdə dayanan Gülyaya, nə sirdirsə, tamaşaçıda mənfi münasibət yaranmır. Bəzən deyingənlik həddinə çatan atmacalarına, tez-tez "ideal" adam olan ərini danlamasına baxmayaraq, tamaşaçı onu sevir (və bəlkə də haradasa da ona haqq da qazandırır) - yəqin ki, bütün bu tanış meyllərə baxmayaraq, obrazın səmimiyyətindən maya tutmasına görə. Böyük bir ailə ilə birotaqlı dar mənzildə yox, normal mənzildə yaşamaq, hamı kimi evinə ən zəruri əşyaları almaq, yaranmış imkanları əldən verməmək kimi təbii istəklər onun ərinin - asketik həyat tərzinə üstünlük verən, müəyyən mənada təbii və səmimi təsir bağışlamayan bir ailə başçısının adi məişət suallarına "nə bilim" kimi cavab verməsindən daha təbii və real deyilmi? Lakin bu əkslik uçuruma aparmır, necə deyərlər, "qəza" ilə nəticələnmir. Çünki Şəfiqə xanım Gülyanın ən mühüm məziyyətini - ərinə olan məhəbbətini və bu məhəbbətin əsasında hər şeyi qurban verməyə hazır olduğunun nümayişini axıra - filmin son epizodlarına saxlayır.

Heyf ki, bu rol Şəfiqə xanımın kinoda son rolu oldu və Azərbaycan səhnəsində də bir-birindən gözəl obrazlar yaratmış bu xanım-xatın aktrisamız birdən-birə səhnəni də, kinonu da tərk edib öz hücrəsinə çəkildi.

Amma nə yaxşı ki, sənətə məhəbbət, sədaqət yenilmədi, onu yenidən bu hücrədən çıxarıb bizə qaytardı - düzdür, daha aktrisa kimi yox, təşkilatçı, pedaqoq, həmkarlarının himayadarı kimi. Bu gün Şəfiqə xanım Azərbaycan Kinematoqrafçilar İttifaqına rəhbərlik edir, kino xadimlərinin sosial müdafiəsi, kino sənətini inkişafı sahəsində dövlət siyasətini həyata keçirilməsi üçün səylərini əsirgəmir. O, həmkarlarının  uğurlarına uşaq kimi sevinən təşkilatçı, lider statusunda öz missiyasını - sənətə xidmət etmək, əsl sənəti və sınətkarları qorumaq missiyasını yerinə yetirmək üçün yenə də iş başındadır... Hətta bir neçə il əvvəl müsahibələrinin birində yaxşı, ürəyinə yatan rol olsa filmə çəkilə biləcəyini də istisna etməyib.

Mən bütün istedadlı ssenariçilərimizi, rejissorlarımızı, ümumiyyətlə kino ictimaiyyətini bəlkə də kino sənətimizdə yeni bir mərhələnin başlamasına rəvac verə biləcək bu şansın reallaşması naminə səfərbər olmağa çağırıram.

 





11.12.2019    çap et  çap et