525.Az

"Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu" mövzusunda konfrans


 

"Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu" mövzusunda konfrans <b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu" adlı konfrans keçirilib.

Konfransda DQİDK sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Komitənin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən DQİDK-in sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycanda din modeli, ümumi din və islami dəyərlər, bütövlükdə multikultural və tolerant dəyərlər haqqında 122 yeni kitab nəşr olunub: "Sərgidə nümayiş olunan kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanıb. Bu gün kitabları ictimaiyyətin diqqətinə çatdırmaq üçün sərgi təşkil edilib. Burada müxtəlif dini konfessiyaların da nəşr etdirdiyi kitablar var. Bunlar son iki ildə nəşr olunan kitablardır. Mənəvi, islami dəyərlərlə bağlı, eləcə də, siyasi, radikalizmə qarşı olan kitablar da dərc olunub. Burada 122 adda kitab nəşr olunub. Bunların hər biri özündə müxtəlif məsələləri əks etdirir. Azərbaycanda dövlət-din modelinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu modelin əsas mahiyyəti Azərbaycanda dini dəyərləri olduğu kimi insanlara çatdırılmasıdır. Ulu öndərin, ölkə Prezidentinin və Birinci vitse-prezidentin islami dəyərlər, dövlət-din münasibətləri ilə bağlı çıxışları bu kitablarda öz əksini tapıb".

O əlavə edib ki, Azərbaycanda 2019-cu ildə idxalına razılıq verilməmiş 50 addan çox dini ədəbiyyat var. Ölkədə son illərdə 212 adda dini ədəbiyyat nəşr edilib. Həmin kitabların ümumi sayı 550 mindən çoxdur.

O bildirib ki, Azərbaycanda yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası zamanında fətva verib və çağırış edib ki, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmasın, o cümlədən, israfçılığa yol verilməsin. Bu, tövsiyə xarakterli bir çağırışdır.

O vurğulayıb ki, islamda yas mərasimlərinin təşkili ilə bağlı mütəxəssislərin, imamların geniş açıqlamaları var: "Bir var adət-ənənələr, bir var İslamdan irəli gələn vacib şərtlər. Əgər biz islami dəyərlərə diqqət yetirsək, islam dinindəki mərasim tamamilə başqa formada olmalıdır. Amma bizdə yas mərasimləri bəzən adət-ənənələrdən irəli gələn məsələlərdə özünü büruzə verir. Əlbəttə, burada hər hansı bir qadağadan söhbət gedə bilməz. Bu, yalnız təbliğat, tövsiyələr yolu ilə həll edilə bilər. Bu, zamana bağlı olan məsələdir. Burada hər hansı bir müdaxilədən söhbət gedə bilməz. Məsələ təbliğat yolu ilə tədricən həllini tapacaq. İndiyə qədər verilən tövsiyələr kifayət qədər təsir göstərib, bir çox yerdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək, bu addımı atıb. Bir çox kənddə, rayonda ümumi razılıqla bu məsələləri həll ediblər".

QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev təşkil edilən bu qəbildən konfransların əhəmiyyətini vurğulayaraq bildirib ki, Dövlət Komitəsinin nəşr etdiyi dini ədəbiyyatın Azərbaycan dili ilə yanaşı, xarici dillərdə də çap olunması və yayılması ölkəmizə xas dini mədəniyyətin daha geniş oxucu kütlələrinə çatdırılmasına rəvac verir.

Konfransda nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim olunan dini məzmunlu ədəbiyyatların ekspertizası, bu sahədə nəşriyyatların üzərinə düşən vəzifələr barədə müzakirələr aparılıb.

Eyni zamanda, tədbir çərçivəsində Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin nəşrlərindən ibarət kitab sərgisi təşkil edilib. Sərgidə milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitab, kitabça və digər məlumat materialları nümayiş olunub.

Sevinc QARAYEVA

 





11.12.2019    çap et  çap et