525.Az

Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib


 

CEYHUN BAYRAMOV: "KÖNÜLLÜLÜK HƏRƏKATINA QATILMIŞ MÜƏLLİMLƏR SAVADSIZLIĞIN LƏĞVİ ÜÇÜN İŞ APARIBLAR"

Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib<b style="color:red"></b>

Dünən Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib.

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Forumun keçirilməsində məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına dəstək göstərməkdən ibarətdir.

Forumda Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, millət vəkilləri, 400-dən çox tələbə-könüllü və digər qonaqlar iştirak ediblər.

Öncə tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Forumda çıxış edən təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülən işlər və əldə olunan nailiyyətlər barədə danışıb. C.Bayramov bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycanı gənclər ölkəsi adlandıra bilərik. Ölkə əhalisinin təxminən 50 faizi yaşı 30-dək olan şəxslərdir: "Ölkədə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti uğurla həyata keçirilir: "Könüllülük hərəkatı gənclərin perspektivi üçün yol açır. Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb. Onlar savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar". C.Bayramovun sözlərinə əsasən, hazırda dünyada 1 milyona yaxın insan könüllülük hərəkatına qoşulub: "Dünyada hər 7 nəfərdən biri könülllüdür. Azərbaycanda da könüllülük son illərdə geniş vüsət alıb və bu hərəkat ilbəil artır. Azərbaycanın 11 regionundakı ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü var. Bu, hər bir gənc üçün həyat kredosuna çevrilməlidir. Gənclər dünyada peşələrin və ixtisasların çox tez dəyişdiyi, süni intellektin, innovasiyaların həyatımıza sirayət etdiyi bir dövrdə yüksək ixtisaslı, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli mütəxəssis olmaq kimi vacib vəzifələri özləri üçün müəyyən etməlidilər. Bunlar əsas prioritetlər olmalıdır".

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində "Bir" Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır.

Nazirin sözlərinə görə, "Bir" tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir.

Forumda çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov da öz növbəsində tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Gənclər siyasətinin dövlətin siyasətinin prioritet istiqamətinə çevrildiyini deyən Azad Rəhimov qeyd edib ki, bu gün könüllülük hərəkatı xüsusi vüsət alıb. Nazir könüllülərin mötəbər yarışlar zamanı fəaliyyətlərinin təqdirəlayiq olduğunu deyib. "Bir" Tələbə-Könüllü proqramı BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti tərəfindən mükafatlandırılıb.

Tədbir çərçivəsində "Bir" Tələbə-Könüllü Proqramının hesabatı təqdim olunub. Həmçinin, ilin ən fəal tələbə-könüllüləri mükafata layiq görülüblər. Tədbir könüllülərin himninin ifası ilə başa çatıb. Forum Təhsil Nazirliyi və "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib.

Qeyd edək ki, "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 26 ali və 18 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 23000-dən artıq könüllü bazasına sahibdir.

S.QARAYEVA

 





11.12.2019    çap et  çap et