525.Az

"Gəncə - 2019-cu ilin Avropanın İdman Şəhəri" layihəsi yekunlaşıb


 

SON AİLƏVİ İDMAN TƏDBİRİ UŞAQ VƏ BÖYÜKLƏRİN BÖYÜK MARAĞI İLƏ QARŞILANIB

"Gəncə - 2019-cu ilin Avropanın İdman Şəhəri" layihəsi yekunlaşıb<b style="color:red"></b>

"Gəncə 2019-cu ilin Avropanın İdman Şəhəri" layihəsinə "Ata, ana və mən - idman ailəsiyik" devizi altında keçirilən "Çempion" ailəvi idman oyunları ilə yekun vurulub.

Göygöl Olimpiya İdman Kompleksində keçirilən yekun tədbir Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Gəncə şəhər və Göygöl rayon icra hakimiyyətlərinin dəstəyi ilə reallaşıb.

"Çempion" əyləncəli idman oyunları üzrə iki mərhələdə keçirilən maraqlı yarışda 8 ailə komandası iştirak edib. Final mərhələsində Gəncə, Göygöl, Bərdə və Qazax komandaları mübarizə aparıblar. Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "Çempion" əyləncəli idman oyunlarının təşkilində əsas məqsədi insanlara sağlam həyat tərzinin aşılanması, yeniyetmə və gənclərin fiziki və intellektual inkişafının təmin edilməsi olub.

Yarışların final mərhələsinin qalibi Gəncə komandası olub. Həmçinin, finalda mübarizə apararaq, nəticə göstərən komandalara diplom və xatirə hədiyyələri, qalib komandaya isə kubok təqdim olunub.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavinin Kəmalə İbrahimova, idmançılar və KİV nümayəndələri iştirak ediblər.

Daha sonra "Gəncə Avropa İdman Şəhəri" layihəsinin bağlanış mərasiminə həsr olunan videoçarx təqdim olunub. Tədbir Gəncə Dövlət Filarmoniyasının yaradıcı kollektiv və solistlərinin iştirak etdiyi konsert proqramı ilə davam edib.

Xatırladaq ki, 2018-ci il mayın 16-da Gəncə şəhəri 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Həmin tarixdə Belçika Krallığının paytaxtı Brüsseldə Avropanın İdman Şəhərləri Assosiasiyasının təşkilatçılığı ilə Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarının bu statusları qazanan şəhərlərə rəsmi olaraq təqdim edilib.Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Avropanın İdman Şəhəri titulunu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

Zakir MURADOV
Gəncə

 





11.12.2019    çap et  çap et