525.Az

Milli xoreoqrafiya sənətinə dövlət qayğısı


 

Milli xoreoqrafiya sənətinə dövlət qayğısı<b style="color:red"></b>

Artıq 25 ildir ki, Azərbaycan ümumdünya siyasi arenasının aparıcı fiqurlarından birinə çevrilib, müstəqil siyasəti ilə dünyaya yeni-yeni mesajlar göndərməklə bütün ölkələrin diqqətini öz üzərinə cəlb etməyə müvəffəq olmuşdur.

Bu mesajlar qədim tarixi, zəngin mədəniyyəti, folkloru, çoxşaxəli dini-mifoloji dünyagörüşü və nəcib bədii-estetik zövqü olan bir xalqın öz dəyərlərinə innovativ nöqteyi-nəzərdən yanaşması nəticəsində meydana gələn konkret reseptlər şəklində çıxış etmiş, indi də davamlı şəkildə ötürülməkdədir.

Əslində, bu mesajlar bir tərəfdən Azərbaycanda ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi inkişafın bərqərar olmasının, digər tərəfdən isə xalqımızın sülhsevərliyi, milli mədəniyyəti qorumaqla yanaşı, irqi, milli və dini ayrı-seçkiliyə yox deyib, dünya ictimaiyyətinə inteqrasiya etmək istəyinin təzahürüdür. Bu, ilk növbədə milli multikulturalizm siyasətinin yürüdülməsi, milli tolerantlıq konsepsiyasının tətbiqi və heç şübhəsiz ki, təbii sərvərlər sayəsində insan kapitalının formalaşdırılması və inkişafıdır. Lakin hər bir xalqın tarixində və taleyində olduğu kimi, bu cür nailiyyətlərin ərsəyə gəlməsi Vətənini və xalqını sevən, onları hər bir şeydən üstün tutan, onların rifahı üçün daim və yorulmadan çalışan fədakar tarixi şəxsiyyətlərin siyasi arenaya gəlməsi və öz əlahiddə xidmətləri sayəsində xalqın öndəri olması ilə sıx bağlıdır.

Azərbaycanda yeni tariximizi öz əvəzsiz xidmətləri ilə yazan və sözün əsl mənasında müasir və müstəqil Azərbaycan qurmuş tarixi şəxsiyyət şübhəsiz ki, Ulu öndər Heydər Əliyevdir.

Həyatın elə bir sahəsi yoxdur ki, respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dövrləri ərzində Ümummilli lider Heydər Əliyevin fəaliyyətindən kənarda qalsın. Milli xoreoqrafiya sənəti də bu baxımdan istisna deyil.

Ümumiyyətlə, Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada iqtisadiyyat, o cümlədən, sənaye və təsərrüfat, sosial rifah, elm və təhsil sahələrində geniş və ardıcıl işlər görülmüş, islahatlar aparılmaqla mədəniyyət və incəsənət sahəsində də böyük intibah dövrü yaşanmışdır.

Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirən Ulu öndər kütləvi şəkildə kinoteatrların, teatr binalarının, muzeylərin inşası, mövcud mədəniyyət müəssisələrinin təmiri və yenidən qurulmasına diqqət yetirirdi. Mədəniyyətimizin kadr potensialı da gücləndirilirdi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya qayıdırdılar. O zaman Sankt-Peterburq, Moskva və digər şəhərlərdə teatr, rəssamlıq, musiqi, xoreoqrafiya üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin görkəmli sənətkarlarıdırlar.

Xoreoqrafiya sənəti incəsənət növləri arasında öz incəliyi, zərifliyi, sintetikliyi və əməksevərliyi ilə seçilir. Bu cür xüsusiyyətləri olan sənət sahəsi böyük diqqət və qayğı ilə əhatə olunmalıdır. Xoşbəxtlikdən Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər bir dövründə bu sənətə layiqincə diqqət və qayğı göstərilmişdir. Bu qayğının nəticəsidir ki, Azərbaycan klassik baleti və milli rəqs sənəti ümumdünya mədəniyyətində bir fenomenə çevrilmişdir.

Məhz Ulu öndərin təşəbbüsü və dəstəyi ilə SSRİ məkanı və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyət günləri zamanı dünya ictimaiyyəti milli xoreoqrafiya sənətimizin inkişafının canlı şahidinə çevrilirdi.

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin dünya şöhrətli "Yeddi gözəl baleti" 1952-ci ildə keçirilən premyerasından sonra balet inciləri xəzinəsinə daxil olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə, 1970-ci ildə "Yeddi gözəl" baleti VII Beynəlxalq Rəqs və Balet Teatrları Festivalı çərçivəsində Parisdə səhnələşdirilmişdir.

1979-cu ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirov özünün şah əsərlərindən biri olan "Min bir gecə" baletini yazır. Ulu öndər Heydər Əliyevin birbaşa qayğısı və sənətsevərliyi sayəsində 1980-ci ildə "Min bir gecə" baletinin müvəffəqiyyətinə görə bəstəkar Fikrət Əmirov, baletmeyster Nailə Nəzirova, rəssam Toğrul Nərimanbəyov, dirijor Nazim Rzayev və baş rolların ifaçıları, o cümlədən, məşhur balet artisti Tamilla Şirəliyeva SSRİ Dövlət mükafatına layiq görülmüşlər.

Hələ o zaman Ümummilli liderin uzaqgörən mədəniyyət siyasəti nəticəsində Ukrayna, Gürcüstan, Mərakeş və Bolqarıstandan sonra 15 oktyabr 1983-cü ildə "Min bir gecə" baleti Azərbaycan Akademik Opera və Balet Teatr truppasının ifasında Moskvanın Kreml sarayının səhnəsində göstərilmişdir. Bu həmin zaman üçün ən böyük müvəffəqiyyət idi.

Ulu öndər milli rəqs sənətinə də böyük dəyər, qiymət vermişdir. Odur ki, 1970-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblının yaranması və aktiv fəaliyyətə başlaması da məhz Ulu öndərin respublikaya başçılıq etdiyi dövrə təsadüf edir. Heydər Əliyevin hamiliyi ilə İtaliya, Fransa, Rusiya, Danimarka, Almaniya, Avstriya, Rusiya, Hindistan kimi ölkələrdə qastrol səfərlərində olan ansambl Ümumittifaq və respublika festivallarının laureatı olmuş, 1979-cu ildə Tunisdə keçirilən beynəlxalq folklor sənəti festivalında qızıl medala layiq görülmüşdür.

Bununla yanaşı, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin 50 ildən artıq fəaliyyətdə olan "Göy-göl" ansamblı qeyd olunan müddət ərzində dünyanın bir çox ölkələrinə səfərlər etmiş, xarici ölkələrin ən nüfuzlu konsert salonlarında konsertlər vermiş, Azərbaycan incəsənətini ölkə hüdudlarından kənarda təbliğ etmişdir. 1977-ci ildə məhz Ümummilli lider Heydər Əliyevin göstərişi ilə kollektivə Dövlət Mahnı və Rəqs Ansamblı statusu verilmişdir.

Əlamətdar haldır ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 80-ci illərin ortalarında Bakı Xoreoqrafiya Məktəbi üçün xüsusi layihə üzrə tam təchiz olunmuş bina inşa edilmişdir.

Lakin Azərbaycanda peşəkar xoreoqrafiya sənəti və təhsilinin formalaşması və inkişaf yolu elə də hamar olmamışdır. Son yüz il ərzində ölkədə arabir baş qaldıran dini mövhumat, gözə toz üfürən yalançı mühafizəkarlıq və psevdomillətçilik meylləri milli xoreoqrafiya sənətinin taleyini də böyük sual altına qoymuşdur. Misal olaraq, yaxın keçmişimizə nəzər salıb görərik ki, respublikada Xalq Cəbhəsi hakimiyyəti dövründə klassik balet sənətinə etinasızlıq, hətta nifrət hissləri o dövrün xoreoqrafiya ustaları, görkəmli sənətkarlarını qorxu içində saxlayırdı. Görkəmli balerina, Azərbaycan Respublikasının Xalq artisti Leyla Vəkilova Xoreoqrafiya məktəbinin bədii rəhbəri olaraq, o ağır günlərdə bu sənətin qayğıkeşliyini çəkməyə çalışırdı. Ağlasığmazdır ki, Xalq Cəbhəsinin cəmi 1 illik hakimiyyəti dövründə xoreoqrafiya məktəbinin klassik şöbəsinin məzunları buraxılış-hesabat konserti zamanı səhnəyə çadra və örpəklərlə çıxmağa məcbur qalmışdı. Bu, dünyanın sivil xalqlarından birinə, eyni zamanda, ən tolerant ölkəsinə qarşı böyük xəyanət idi.

Bu kimi mənfi hallar yalnız Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra aradan qalxmışdır. Sözə, ədəbiyyata, musiqiyə, rəqsə, teatra, kinoya, mədəniyyət və incəsənətin bütün sahələrinə yüksək qiymət verən, onları dərindən bilən Ulu öndər Heydər Əliyev həqiqi müstəqil Azərbaycan Respublikasını qurduqda xalqımızın əsrlər boyu formalaşmış mədəniyyətinin tərkib hissəsi olan rəqs sənətini və bununla da bütöv xoreoqrafiya sənətinin inkişafına nail olmuşdur.

Ulu öndər nəinki balet tamaşaları və konsertlərə gəlir, eyni zamanda, tamaşa və konsertlərdən sonra səhnə arxasına keçərək, yaradıcı heyətlə görüşür, səhnədə nümayiş olunanları təhlil edir, bu və ya digər artistin ifasını dəyərləndirirdi. Bu da onun həm Azərbaycan, həm də dünya incəsənətinin dolğun və əhatəli bilməsindən irəli gəlirdi.

Bununla yanaşı, balet və ansambl artistlərinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədilə imzalanan çoxsaylı fərman və sərəncamlar Heydər Əliyevin xoreoqrafiya sənətinə olan ehtiramının mücəssəməsidir.

Bu gün xoreoqrafiya sənəti və təhsili yeni mərhələyə qədəm qoyur. Ulu öndər Heydər Əliyevin siyasi varisi, onun başladığı işləri layiqincə davam etdirən möhtərəm cənab Prezident İlham Əliyev beş il öncə milli xoreoqrafiya sənəti ənənələrinin qorunması məqsədilə 90 ilə yaxın tarixi olan Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyasının yaradılması barədə sərəncam imzalamışdır. Bununla da uzun illər ərzində xoreoqrafiya sahəsində əldə olunan sənət, təhsil və elmi nailiyyətlər akademizm səviyyəsinə qaldırılaraq çox az bir müddət ərzində öz bəhrəsini verəcəkdir.

Əbülfəz BABAZADƏ
Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 





12.12.2019    çap et  çap et