525.Az

Heydər Əliyev zirvəsinə akademik baxış - Eynulla Mədətlinin yazısı


 

Heydər Əliyev zirvəsinə akademik baxış - <b style="color:red">Eynulla Mədətlinin yazısı </b>

Azərbaycanda çoxlu uca dağlar və zirvələr vardır. Lakin hətta ən uca zirvə belə ölkənin hər yanından görünmür. Heydər Əliyev zirvəsi isə nəinki Azərbaycanın hər güşəsindən, hətta yaxın-uzaq ölkələrdən də yaxşı görsənir.

Əlbəttə, gücünü doğma  torpaqdan alan dağ vüqarlı qəhrəmanlarımız, hökmdarlarımız tariximizdə az olmayıbdır, lakin Heydər Əliyev ucalığı, onun milyonların qəlbində və zehnində əbədiləşən şəxsiyyəti bütün əvvəlki dahi şəxsiyyətlərimizdən fərqlidir. Çünki o, xalqın içərisindən çıxan, bütün ömrünü sevdiyi xalqına, onun müstəqilliyinə, dövlətçiliyinə xidmətə həsr edən, ümumxalq sevgisi və məhəbbəti ilə ucalan zirvə-şəxsiyyətdir.

Heydər Əliyev hələ sağlığında artıq qədirbilən xalqımızın qəlbində öz əbədi heykəlini ucaltmış, milyonlarla vətəndaşımızın səmimi sevgisini, hüsn-rəğbətini qazanmış, Ulu öndərlik, bütün Azərbaycan xalqının Ümummilli lideri olmaq missiyasına haqq qazanmışdı. Hər bir Azərbaycan ziyalısının, tədqiqatçısının, sıravi vətəndaşının təsəvvüründə, zehnində təbii surətdə Heydər Əliyevin həmişəyaşar və müqayisəsiz bir obrazı formalaşmışdı. Ölkəmizin müxtəlif elm sahələrinə aid bir sıra alimləri Ulu öndərin həyatı, fəaliyyəti, mübarizəsini qələmə almış, yüksək elmi-bədii dəyərli əsərlər meydana çıxmışdı. Bu ədəbiyyatın ən örnək nümunələrini böyük istiqlal şairlərimiz Xəlil Rza və Bəxtiyar Vahabzadə, həmçinin, Cabir Novruz, Zəlimxan Yaqub və başqa dəyərli şair və yazıçılarımız yaratmışdılar.

Heydər Əliyevi heç vaxt yaxından görməyənlər və onunla ünsiyyətdə olmayanlar da onu bir rəhbər kimi, müdrik və iradəli şəxsiyyət kimi sevir və dəyərləndirirdilər, lakin onun rəhbərliyi altında işləyənlər, qəbulunda və görüşlərində iştirak edib yaxın ünsiyyətdə olanlar onu yalnız müdrik və qətiyyətli dövlət rəhbəri kimi deyil, eyni zamanda, diqqətli və qayğıkeş, səbrli və mərhəmətli şəxsiyyət kimi, daim öyrədən və tələb edən xeyirxah müəllim kimi qiymətləndirirlər. Ümumiyyətlə, Heydər Əliyev özü bütöv bir məktəb idi və bu məktəbi keçənlərin bəxtinə onun zəngin bilik, təcrübə və insanlıq xəzinəsindən bəhrələnmək nəsib olmuşdu. Akademik İsa Həbibbəyli də bir sıra dəyərli həmkarları kimi, Heydər Əliyev məktəbinə mənsub tanınmış ziyalılarımızdan, ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında fəal iştirak edən millət vəkillərimizdəndir.

İ.Həbibbəyli haqlı olaraq qeyd edir ki, müstəqillik dövrünün Azərbaycan ədəbiyyatı müstəqil dövlət quran xalqın ədəbiyyatıdır və bütün dəyərləri, keşməkeşli həyat yolu, mübarizə və uğurları ilə bu həqiqətləri əks etdirir. Bu dövrün ədəbiyyatının, bütövlükdə isə xalqımızın mədəni-mənəvi həyatının yeni şəraitdə inkişaf etdirilməsində və milli dövlətçilik quruculuğu ilə uzlaşdırılmasında Heydər Əliyevin həlledici rolunu vurğulayan  İ.Həbibbəyli ədəbiyyatımızın ehtibarlı  ideoloji zəmininin və uzunmüddətli inkişaf istiqamətinin müəyyən edilməsində, bu yaradıcılıq peşəsinin keçmiş kommunist rejiminin buxovlarından azad edilməsində Ulu öndərin keçən əsrin 90-cı illərinin əvvəllərində, hələ Naxçıvanda ikən zəruri addımlar atdığını diqqətə çəkir. Həqiqətən də, hələ 1990-cı ilin 17 noyabrında Naxçıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında qaldırılan üç rəngli bayrağımız, sovetlər dövlətinin və kommunist rejiminin davam etdiyi  mürəkkəb şəraitdə yalnız fövqəladə cəsarət tələb edən bir siyasi hərəkət deyildi, bu, həm də milli-mənəvi quruculuğumuzun yeni şəraitdə inkişaf istiqamətinin yol xəritəsi idi. İ.Həbibbəylinin yazdığı kimi, bu, həm də ədəbiyyatın yeni ideya üfüqlərini diqqət mərkəzinə çəkmək idi.

İ.Həbibbəylinin tədqiqatlarında Ulu öndərin yeni şəraitdə formalaşdırıb irəli sürdüyü və milli ideologiyaya çevirdiyi azərbaycançılıq ideyasının tarixi təkamülünə də geniş yer verilmişdir. Onun "Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr" əsərində deyilir: "Azərbaycan və azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilmiş, son yüzillikdən bir qədər artıq dövrdə həm də milli ideya olaraq formalaşmışdır. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi, müstəqil dövlət quruculuğu ilə əlaqələndirilməsi Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqımız qarşısındakı böyük tarixi xidmətlərindən biridir". Ulu öndərin siyasi irsində Azərbaycançılıq ideologiyasını dərindən araşdırıb təhlil edən İ.Həbibbəyli bu qənaətə gəlir ki, 1993-cü ilin iyun ayında Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmizi düçar olduğu ağır və mürəkkəb ictimai-siyasi-mənəvi böhrandan çıxaran Ulu öndər Heydər Əliyev Azərbaycançılığı dövlət ideologiyası elan etmiş, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin zəngin və ibrətli irsinin dərindən öyrənilməsini, yaxın tariximizdəki hadisə və proseslərdən müvafiq dərslər çıxarılmasını irəli sürmüşdür.

İ.Həbibbəyli əsərlərində xalqımızın müstəqillik uğrunda mübarizəyə hazırlanmasında, milli mübarizə ruhunun dirçəldilib ayaqda tutulmasında, türkçülük və azərbaycançılıq ideyalarının zehinlərə, ürəklərə yeridilməsində ədəbiyyatın oynadığı çox əhəmiyyətli tarixi roldan bəhs edəndə Ulu öndərin dərin fikirlərinə, onun xalqımızın ictimai-siyasi şüurunun yetkinləşdirilməsində əhəmiyyətli rol oynamış maarifçi demokratlarımıza, realizm və romantizm ədəbiyyatının tanınmış nümayəndələrinə verdiyi dəyər və qiymətə əsaslanır. Çünki Ulu öndər həm XX əsrin əvvəllərində, həm Cümhuriyyət dövründə, həm də Sovet dönəmində milli istiqlal düşüncə və təfəkkürünü tərənnüm edən, azərbaycançılıq ideyasının daşıyıcısı olan maarifçi ziyalılarımıza, ədəbiyyat və mədəniyyət xadimlərinə yüksək qiymət verir, onların irsini yaxşı bilir, dəyərləndirir, eyni zamanda, milli ziyalılarımızı kommunist ideologiyasının "dissident ovundan" qoruyurdu.

Qeyd edilməlidir ki, Heydər Əliyevin ədəbiyyat sevgisi olduqca təbii və məntiqi idi. Bu xalqımızın çoxminillik şifahi və yazılı ədəbiyyatının dərindən mütaliəsindən, Naxçıvanda əsrlər boyu bərqərar olmuş ziyalılıq, elm, təhsil, məktəb, müəllim mühitində yetişib pərvəriş tapmaqdan, xalqın nəsillərdən nəsillərə ötürdüyü ənənə və inanclara bələd olmaqdan qaynaqlanırdı. Ona görə, Heydər Əliyev hələ yeniyetməlik və gənclik çağlarından mərdlik və fədakarlıq, cəsarət və qətiyyət, cazibə və inandırmaq qabiliyyətlərinə malik idi. Bütün bu yüksək insani keyfiyyətlər Azərbaycana rəhbərlik etdiyi illərdə, həmçinin, o zamankı Sovet İttifaqı hökumətinin rəhbərlərindən biri olduğu zaman daha da kamilləşmiş, bu keyfiyyətlər onun hakimiyyət və idarəəetmə fəlsəfəsində öz üstün yerini və mövqeyini həmişə qoruyub saxlamışdır. Onu xalqın sevimlisi edən, Ulu öndərlik məqamına qaldıran mühüm amillərdən biri məhz bu milli-mənəvi keyfiyyətlər idi.

İ.Həbibbəylinin fikrincə, Heydər Əliyev ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış, bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. "Ədəbiyyatda Heydər Əliyev obrazı" əsərində o yazır: "Böyük dövlət xadimi özünün bütün fəaliyyəti boyu Azərbaycançılıq idealını həmişə ön mövqedə saxlamış, ədəbiyyat sahəsində də Azərbaycançılıq idealına xüsusi diqqət vermiş, hələ sovet rejimi dövründə İranla, Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasının əsasını qoymuşdur".

Ulu öndərin hakimiyyətə qayıdışından sonra onun Azərbaycan yazıçılarına, Yazıçılar İttifaqına, bu Birliyin mətbu, ədəbi-bədii nəşrlərinə xüsusi dövlət qayğısı göstərməsi  İ.Həbibbəylinin tədqiqatlarında geniş vurğulanır. Onun Ulu öndərin Azərbaycan yazıçılarının X qurultayındakı nitqindən gətirdiyi sitat ədəbiyyatımızın milli istiqlal missiyasına verilən ən yığcam, lakin tutumlu, real qiymətdir. Heydər Əliyev demişdir: "... Bilirsiniz, bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışdır. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir. Bəzi əsərlər var ki, onlar açıq-açığına xalqımıza milli dirçəliş, oyanış hissiyyatlarını çatdırıblar: Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, başqalarının əsərləri. Amma digər əsərlər isə dolayısı ilə, ayrı-ayrı fikirlərlə millətimizdə vətəni sevmək, vətənə sadiq olmaq, Azərbaycanı sevmək, azərbaycanlı olmaq hissiyyatlarını yaradıblar...."

Göründüyü kimi, Heydər Əliyevin bu müdrik kəlamları yalnız yazıçılara, yaxud ədəbiyyat aləminin mənsublarına ünvanlanmamışdır, burada söhbət bütöv bir xalqın milli təfəkkürünün formalaşmasından gedir. Cəmiyyətin bütün yaradıcı qüvvələrinin müstəqil milli dövlət quruculuğuna yaxından, könüldən və düşünülmüş şəkildə elliklə cəlb edilməsində, milli mənafe naminə milli və vətəndaş həmrəyliyinə mənəvi zəmin yaratmaqda və insanları bunun üçün səfərbər etməkdə ədəbiyyatın roluna Ulu öndərin verdiyi bu önəmli qiymət tamamilə məntiqi və yerindədir. İ.Həbibbəyli yazır:"Ulu öndərin qurultaydakı dərin və məzmunlu nitqi müstəqillik dövrü ədəbiyyatının xarakterini, istiqamətini təyin etməyə, ideoloji konsepsiyasını müəyyənləşdirməyə əsas oldu... Heydər Əliyev yazıçıları, şairləri, dramaturqları əsərlərində müstəqil Azərbaycanın problemlərinə, xüsusən Qarabağ münaqişəsinin həlli məsələlərinə xüsusi diqqət yetirməyə çağırmışdır. Əslində, bu tezislər müstəqillik dövrü ədəbiyyatının Azərbaycançılıq ideologiyasına üstünlük verməklə başlıca istiqamətini göstərmiş oldu.

İ.Həbibbəylinin tədqiqatlarında Ulu öndərin Azərbaycan dili ilə əlaqədar müdrik elmi düşüncələrinin, tövsiyələrinin, kəlam və nəsihətlərinin də əhəmiyyətinə geniş yer verilmişdir. Xüsusilə də, Ulu öndərin Azərbaycan dilinin formalaşmasında, inkişaf edib bugünkü yüksək səviyyəyə çatmasında, həm mənsub olduğu böyük türk dilləri ailəsində, həm də dünyanın işlək və zəngin dilləri arasında şərəflə yer almasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünaslarımızın, dilçi alimlərimizin böyük xidməti olduğunu vurğulaması olduqca əhəmiyyətlidir.

Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi zaman elm, təhsil, mədəniyyət, incəsənət sahələrinə necə böyük diqqət və həssaslıqla yanaşdığını, "formaca milli, məzmunca sosialist" sovet ədəbiyyatı ideoloji çərçivəsində milli-mənəvi dəyərlərə, sözün əsl mənasında Azərbaycançılığa necə böyük önəm verdiyini, vətənpərvər Azərbaycan şair və yazıçılarını qoruyub himayə etdiyini tədqiqata cəlb edən İ.Həbibbəyli 1995-ci ildə Ulu öndərin Azərbaycan Respublikasının ilk "İstiqlal" ordenlərini - o zamanın ən yüksək dövlət ordenlərini xalqımızın azadlıq mübarizəsinə əvəzsiz töhfələr vermiş görkəmli şairlərimiz Bəxtiyar Vahabzadəyə, Məmməd Araza və Xəlil Rzaya (ölümündən sonra) verməsinin məntiqini və mənasını açıb göstərir.

Əlbəttə, müstəqillik illərinin əvvəllərində ədəbiyyatımızın, bütövlükdə isə elm, təhsil, mədəniyyət, incəsənət və sair mənəviyyat sahələrinin tam bir durğunluq və böhran halından çıxarılıb düzgün, məqsədyönlü inkişaf istiqamətinə, xalqın mənəvi tələbatına və milli dövlət quruculuğunun ideallarına xidmət yoluna yönəldilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu vəziyyətə toxunan İ.Həbibbəyli qeyd edir ki, yalnız Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ədəbiyyata dövlət himayəsinin göstərilməsi sayəsində ədəbi həyat normallaşmağa və inkişafa başlamışdır.

Məlumdur ki, Ulu öndər hakimiyyətə qayıdışından sonra ölkəni erməni təcavüzündən qorumaq, Azərbaycanı parçalayıb yox etməyə çalışan daxili qüvvələri zərərsizləşdirmək, beynəlxalq aləmdə haqlı işimizi müdafiə etmək və  başqa sahələrdəki təxirəsalınmaz zəruri işlərlə gecə-gündüz məşğul olmağına baxmayaraq, vaxtaşırı ölkənin yaradıcı ziyalıları və elmi ictimaiyyəti ilə görüşməyi vacib sayırdı. Onun 21 sentyabr 1993-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasında keçirdiyi görüş xalqımızın mənəvi inkişafında dönüş nöqtəsi oldu, Ulu öndər elmin, təhsilin, mədəniyyətin inkişafına əngəl yaradanları, keçmişimizə, tarixi şəxsiyyətlərimizə nadancasına qara yaxanları kəskin tənqid edərək Elmlər Akademiyasını da dağıdılmaqdan qorudu.

İ.Həbibbəyli bir neçə il əvvəl tanınmış yazıçı-publisist, indi isə xalq yazıçısı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildli bioqrafik roman-epopeyasına həsr etdiyi məqalədə yazır ki, görkəmli dövlət xadimi və böyük siyasətçi kimi ölkədə və dünyada qəbul olunmuş, geniş şöhrət qazanmış Heydər Əliyev Azərbaycan tarixində Ümummilli lider statusunu qazanmış birinci qüdrətli şəxsiyyətdir... Dövlət rəhbəri olaraq fəaliyyət göstərdiyi 35 ilə yaxın bir dövrün Azərbaycan üçün bütün məsuliyyətli problemlərinin, ümummilli ideallarının həlli Heydər Əliyevin adı, mübarizəsi ilə üzvi surətdə əlaqədardır... Müstəqillik şəraitində isə Heydər Əliyev Azərbaycanda sadəcə elan olunmuş, lakin hər gün itirilmək təhlükəsi qarşısında qalmış müstəqil ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, qardaş qırğınından, ucu-bucağı görünməyən xaosdan, hər cür mürəkkəblikdən və hərc-mərclikdən sözün gerçək mənasında xilas etmişdir. İ.Həbibbəylinin geniş və hərtərəfli təhlilinin yekunu onun aşağıdakı tezisi ilə tamamlanır: "Bütövlükdə Azərbaycan Respublikasının son yarım əsrə yaxın dövrdəki varlığı, bütövlüyü, inkişafı Heydər Əliyev dühasının və onun böyük mübarizəsinin qanunauyğun nəticəsidir".

Yaxud İ.Həbibbəylinin tanınmış yazıçı və publisist Hüseynbala Mirələmovun görkəmli şəxsiyyətlərin həyatı silsiləsində Ulu öndər Heydər Əliyevə həsr etdiyi, ölkəmizdə, Rusiyada və bir sıra ölkələrdə çap edilən kitabından söz açanda vurğulayır ki, "mükəmməl bir tarixi roman təsiri bağışlayan bu əsər" Ulu öndərin çoxcəhətli ictimai-siyasi fəaliyyətini, onun uca şəxsiyyətini, örnək rəhbərlik fəaliyyətini real təsvir edir.

İ.Həbibbəyli haqlı olaraq vurğulayır ki, Heydər Əliyevin qazandığı dünya şöhrəti Azərbaycan xalqının milli iftixar mənbəyinə çevrilmişdir. Məqalələrinin birində o, xalq şairi Cabir Novruzun Ulu öndərə həsr etdiyi bir şeirdən nümunə gətirərək bu və bu kimi şeirləri Heydər Əliyevə "ümumxalq inamı və məhəbbətinin poetiki ifadəsi" adlandırımışdır:

Bu milləti onun qədər,
Ərzdə tanıdan olmayıb.
Məmləkətdə onun qədər
Qurub-yaradan olmayıb.
Heydər Əliyev deyəndə
Bu kiçik millət böyüyür.
Heydər Əliyev deyəndə
Doğma məmləkət böyüyür.

İ.Həbibbəyli Ulu öndərə həsr etdiyi tədqiqatlarında Heydər Əliyevin həyat və fəaliyyətini üç dövrə bölür:

1. Azərbaycana siyasi rəhbərlik dövrləri (1969-1982 və 1993-2003-cü illər)

2. Moskva-Kreml mərhələsi (1983-1987-ci illər)

3. Naxçıvan Muxtar Respublikasında fərdi təqaüdçü və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövr (1990-1993)

Ulu öndərin Naxçıvan Muxtar Respublikasına rəhbərlik dövründə bu sətirlərin müəllifi Naxçıvan Ali Məclisinin deputatı və Naxçıvan Dövlət Universitetinin prorektoru olaraq Universitetin elmi işlər üzrə prorektoru İsa Həbibbəyliyə Ulu öndərin bir ziyalı kimi xüsusi rəğbətlə yanaşdığının, onu dəfələrlə qəbul etdiyinin, dinlədiyinin, ona yüksək etimad göstərdiyinin şahidi olmuşdur. Ağır illərdə Naxçıvanın tam bir fiziki və mənəvi blokadada həyat uğrunda mübarizə apardığı zaman, demək olar ki, gecə-gündüz, isti-soyuq bilmədən Naxçıvanın xilası üçün çalışan Heydər Əliyev daim xalqın içərisində idi, ziyalılara xüsusi önəm verirdi, ağsaqqallarla, dindarlarla, gənclərlə görüşürdü, Naxçıvan universitetinə isə xüsusi qayğı və diqqətlə yanaşırdı. O zaman Universitetdə tək-tək fərqli düşünənlər və müxtəlif siyasi partiyalara mənsub olanlar da var idi, lakin böyük əksəriyyət həm tələbə, həm də ki, müəllim kollektivi Heydər Əliyevi sevir və dəstəkləyirdi. Ulu öndərin arxalandığı və etimad göstərdiyi ziyalıların böyük bir dəstəsi məhz Naxçıvan Universitetində idi. Filologiya elmləri doktoru İsa Həbibbəyli bu sıraların önündə gedənlərin biri idi. Elmə və təhsilə, doğma vətənə və Heydər Əliyev siyasətinə dərin inam və sədaqətlə xidmət etməsi bir neçə il sonra onun Ulu öndər tərəfindən Naxçıvan Dövlət Universitetinə rektor təyin edilməsini şərtləndirən amillərdən idi. Heydər Əliyevin həmin illərdəki fəaliyyətinə İ.Həbibbəylinin verdiyi qiymət olduqca sərrast idi: "Azərbaycanın ayrılmaz tərkib hissəsi olan iki il üç ay davam etmiş Naxçıvan mərhələsi isə şöhrətin öz mərtəbəsində qalması şərti ilə taleyin sınaq dövrü olmaqla bərabər, ümumxalq məhəbbəti və yenidən qayıdışın bünövrəsi idi". Qeyd edilməlidir ki, çətin blokada şəraitinin və o zamankı respublika hakimiyyətinin yaratdığı əngəllərə baxmayaraq, az qala unudulmuş, bir çox hallarda isə düşünülmüş şəkildə ictimai-siyasi proseslərdən kənarda tutulmuş yerli ziyalılar məhz Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində irəli çəkildilər, ictimai fəaliyyətə cəlb olundular. İ.Həbibbəylinin ifadə etdiyi kimi, alimlərin və müəllimlərin səsi tədricən ictimai-mədəni mühitin ən qaynar nöqtələrindən eşidilməyə başladı, milli ziyalılıq dirçəldi.

Heydər Əliyevin irəli sürüb milli ideologiyaya çevirdiyi Azərbaycançılıq məfkurəsinə, onun təməl prinsiplərinə, hazırkı şəraitdəki üstün istiqamətlərinə dair İ.Həbibbəylinin əsərləri və məqalələri öz konseptual xarakteri və müasir dövrün çağırışlarına cavab verməsi ilə diqqətçəkicidir. Bu istiqamətdə onun "Azərbaycançılıq konsepsiyası haqqında" adlı xüsusi məqaləsi ilə yanaşı, onlarla əhatəli və bir çox hallarda proqram xarakterli məqalələri böyük nəzəri və əməli əhəmiyyət kəsb edir. İ.Həbibbəylinin Ulu öndərə həsr etdiyi əsərlərinin bir qismi onun "Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr" kitabında yer almışdır. Buradakı əhatəli məqalələrdən biri "Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti" adlanır. O qeyd edir ki, 11 noyabr 1992-ci ildə ağır blokada şəraitində Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində Ulu öndər Heydər Əliyevin iştirakı və çıxışı müstəqillik dövrü Azərbaycan ali məktəbinin inkişafına göstərilən dövlət qayğısının konkret əməli ifadəsi idi. Həmin məqalədə Heydər Əliyevin 4 oktyabr 1974-cü ildə ilk dəfə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun müəllim və tələbələrlə görüşünü xatırlayan İ.Həbibbəyli böyük rəhbərin hələ sovetlər dövründə Naxçıvanda ali məktəbin daha da inkişaf etdirilməsinə, regionda ziyalı mərkəzinin formalaşdırılmasına necə dəyər verdiyini vurğulamışdır. O zaman həmin institutun  gənc müəllimi olan İsa Həbibbəylinin və bu sətirlərin müəllifinin yaxşı yadındadır ki, Naxçıvanın muxtar statusunun önəmini vurğulayan Heydər Əliyev bu diyarda müstəqil universitet yaradılması ideyasını da məhz həmin görüşdə irəli sürmüşdü və bir müddət sonra institutun bazasında indiki universitet formalaşdırıldı.

Qeyd etməliyik ki, Ulu öndərin üçüncü dəfə 11 oktyabr 1999-cu ildə Naxçıvan Dövlət Universitetinə gəlişi Naxçıvan Muxtar Respublikasının 75 illiyi çərçivəsində Universitetin 1600 nəfərlik yeni tədris korpusunun açılışı ilə əlaqədar idi və bu dəfə Heydər Əliyev professor-müəllim heyəti və tələbə kollektivi qarşısında Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, Naxçıvan Dövlət Universitetinin fəxri doktoru kimi çıxış edirdi. İ.Həbibbəyli Universitetin fəxri doktoru diplomunu Ulu öndərə təqdim etməsini elmi-ictimai fəaliyyətinin unudulmaz anı hesab etməkdə tamamilə haqlıdır.

Ümumiyyətlə, İ.Həbibbəylinin bugünədək elmi-bədii yaradıcılığını izlədikcə Heydər Əliyev mövzusunun onun üçün necə böyük önəm daşıdığının şahidi oluruq. Onun bu mövzudakı irili-xırdalı bütün əsərləri Heydərəliyevşünaslığa əhəmiyyətli töhfədir. Yeri gəlmişkən, Heydərəliyevşünaslıq ifadəsi də akademik İ.Həbibbəyliyə məxsusdur. Heydərəliyevşünaslığa dair bu yaxınlarda "Azərbaycan" qəzetində dərc olunmuş "Böyük Qayıdışdan Milli Qurtuluşa və müasir inkişafa" adlı məqaləsində İ.Həbibbəyli maraqlı tezislər irəli sürür:

- Görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli sessiyası Sovet dövlətinin dağılmasının birinci paroludur!

- Heydər Əliyev sözün əsl mənasında Azərbaycan milli dövlətçiliyinin əfsanəsidir.

- Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın milli istiqlalının rəhbəri missiyasını şərəflə həyata keçirmiş tarixi şəxsiyyətdir.

- Heydər Əliyev epoxası - Azərbaycanın xilası və inkişafı dövrünün epoxasıdır!

- Heydər Əliyev epoxası - Azərbaycanda müstəqil dövlətçiliyin böyük təməllərinin - möhkəm əsaslarının yaradıldığı epoxadır!

- Heydər Əliyev yolu - Azərbaycanı böyük gələcəyə aparan möhtəşəm magistraldır!

Bu orijinal tezislərlə İ.Həbibbəyli Ulu öndərin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərini ümumiləşdirmiş, belə bir nəticəyə gəlmişdir ki, müstəqil dövlətçiliyimizdə bu epoxa Böyük Qayıdışdan Milli Qurtuluşa və müasir inkişafa doğru dönməz şəkildə istiqamət alan müqəddəs və əbədi yolun möhkəm bünövrəsidir. Bu möhkəm, etibarlı bünövrə əsasında yenidən qurulmuş və modern inkişaf səviyyəsinə çatdırılmış müasir Azərbaycan isə tam mənası ilə Prezident İlham Əliyevin möhtəşəm əsəridir!

İsa Həbibbəylinin "Milli ziyalılığın qüdrətli təminatçısı", "Nuhçıxandan Naxçıvana: tarix və müasirlik", "Heydər Əliyev yolu: Naxçıvan reallıqları", "Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin böyük xilaskarlıq missiyası", "Böyük Qayıdışın bəhrələri" əsərlərində, xüsusilə də onun ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanmış "Ədəbiyyatda Heydər Əliyev obrazı. Tarixi gerçəklikdən ideala" ikicildliyindəki "Heydər Əliyev epoxası: Dahilik, zaman və müasirlik" məqaləsində Ulu öndər həm dahi şəxsiyyət və müdrik dövlət başçısı kimi, həm də xalqını, onun tarix və ədəbiyyatını içdən sevən vətənpərvər siyasətçi kimi hüsn-rəğbətlə təhlil edilir, yüksək dəyərləndirilir. İ.Həbibbəylinin nəzərində Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan böyük xilaskarlıq, sabitlik və inkişaf missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyəti, Azərbaycanda dövlət müstəqilliyinin banisidir.

 





12.12.2019    çap et  çap et