525.Az

Otların üstünə səpilmiş ulduzlar


 

Otların üstünə səpilmiş ulduzlar<b style="color:red"></b>

Əsl ulduzlar göydə yox, Gəmiqayadadır. Vulkanik süxurlardan yaranan, günəşin şüaları altında bərq vuran Gəmiqayanın qapqara, parpar parıldayan daşları sanki otların üzərinə səpilmiş ulduz sistemidir. Addımladıqca parıltılar yerini dəyişir, baxdıqca göz qamaşdırır, yaxınlaşdıqca gözdən itir.

Qəribə duyğudur! İnsan Gəmiqaya yaylaqlarına ayaq basanda sanki dədə-babası ilə görüşür, keçmişinə qayıdır, qayalarla danışır. Gəmiqayanın Qaranquş, Nəbiyurdu, Camışölən yaylaqları lap nağıllardakı kimi möcüzələr diyarına səyahətə bənzəyir. Ulu babalarımız, nənələrimiz bu daşlarda öz həyat hekayələrini yazıblar, bəşəri təsəvvürlərini həkk ediblər. Hətta say sistemlərini də əks etdiriblər. Ovsunlar, dualar bilib Venera ulduzundan xəbər veriblər. Necə də zəkalı olub bizim ulu əcdadlarımız. Minilliklər keçməsinə baxmayaraq, ruhlarını bu məkanda yaşada biliblər.

Qayalıqlara həkk olunmuş astral təsvirləri gördükcə adama elə gəlir ki, otların üzərində deyil, qalaktikada salınmış sehrli bir məkanda addımlayırsan. Nə qədər də nağılvari bir yerdir. Bu qədim məkanla tanışlıqdan əvvəl mənə elə gəlirdi ki, Göy haqqında təsəvvürlər yaxın keçmişin nailiyyətidir. Sən demə, əcdadlarımıza bu təsəvvürlər çoxdan aydın imiş. İndi bu qayalar bizə zamanında gördüklərini, bildiklərini danışır. Bəli, Gəmiqayada qayalar danışır. Zaman-zaman qayaların dedikləri xalqımızın dilində nağıllara, əfsanələrə çevrilmişdir. Xalq dilində dolaşan əfsanələrdən birinə görə, Günəşlə Ay Yerdə yaşayırmış. Bir gün günəş gəzə-gəzə Göyə çıxır. Ayı Günəşi axtarmağa göndərirlər. Ay Günəşi nə qədər axtarırsa, tapa bilmir. Bu zaman göy guruldayır, ildırım çaxır, Göy yerdən aralanır. Günəşlə Ay Yerə enə bilmirlər. Azərbaycan türklərində əski inancların qaldığı kimi, Göyə tapınma indi də qalmaqdadır. Türklərin qədim inancına görə, xaqana hakimiyyət Göy tərəfindən verilmişdir.

Qayalıqların üzərindəki rəsmlər o qədər canlıdır ki, gəzərkən daşların üzərindəki heyvanların ətrafında qaçdığını hiss edirsən. Buradakı ovsun səhnələri nənəmin söylədiklərinə, folklor nümunələrində oxuduqlarıma necə də bənzəyir. Tarixi qədimdən qurd qoyun, quzunu ovlamasın deyə ovsunlar oxunardı. Buna "qurd ağzı bağlamaq" deyərdilər. Qurdun ağzı bağlanandan sonra o, nə qədər otlaqda gəzir gəzsin, qoyun-quzuya xələl gətirə bilmirdi. Amma nənə, babalarımızda insaflı olublar, otlaqarın hamısında bu ovsunu oxumayılar ki, qurd aclıqdan ölməsin.

Yaylaqları gəzəndə bir tərəfdən hündür buynuzları belinə qədər qatlanmış keçilərin ovlanmasını, digər tərəfdə isə keçilərin ovlanmasına qoyulan qadağa səhnələrini görürsən. Keçilərin ovlanmasının qadağan edildiyi səhnələrdə ovçuların oxları göyə qalxmış vəziyyətdə təsvir edilmişdir. Ovçuluq mifləri ilə bağlı olan bu tip rəsmlərdə gərəksiz ovçuluğun qarşısının alınması, məhsuldarlığın təmin olunması ideyası tərənnüm olunmuşdur. Qədim zamanlardan insanlar ova çıxmazdan öncə mərasimlər icra edər, Tanrıdan kömək istəyərdilər. Təsvirlərdə ovçuların üçbarmaqlı təsvir olunması adamda istər-istəməz sual doğurur, nəyə görə üç?!

Naxçıvan dağ keçiləri ilə məşhurdur. Zamanında Gəmiqayada vəhşi keçi dəstələri olub. İndi Gəmiqayanın vəhşi keçiləri haqqında qayalıqlar danışır - keçilərin ovlanmasını, əhilləşdirilməsini, bəzi keçilərin ovlanmasına qoyulan qadağaları, müqəddəsləşdiyini və totem olduğunu və sair. Keçi inamı qədim türk tayfa və yer adlarında da yaşamaqdadır. Qədim keçili tayfalarının yaşadıqları Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Keçili kəndi bunun ən bariz nümunəsidir. Həmçinin, Azərbaycanda mövcud olan bəzi yer adları da keçili kimi tanınır.

Gəmiqaya qayalıqlarında yer üzündə mövcud olmayan həyat ağacının da təsviri var. Bu ağac bəşəri ağacdır. Bu təsvir göstərir ki, bəzən elə ağaclar olmuşdur ki, qədim əcdadlarımız onları müqəddəsləşdirmişlər və ondan güc almışlar. Ağacla bağlı inanclar bu gün də yaşamaqdadır. Naxçıvanın bəzi dağ yerlərində, xüsusilə ana olmaq istəyən qadınların ağaca lent, parça kəsiyi, yaylıq bağlamasına da rast gəlirik. Çox vaxt həyat ağacının yanında keçi təsvirlərinə də rast gəlinir. Keçi və ağac məhsuldarlığı simvolizə etdiyi üçün ağac həyat mənbəyi kimi düşünülür və inanılır. Aydındır ki, inancın tarixi ta qədimlərdən gəlir.

Qayalarda qıvrılan, rəqs edən ilanları görəndə bir söz yada düşür: "İlanın ağına da lənət, qarasına da". Folklor nümunələrimizdə tez-tez eşitdiyimiz bu sözdə böyük hikmət var. Ulu əcdadlarımızın təsəvvüründə ilanlar yeraltı və yerüstü dünyanın təmsilçiləri kimi canlandırılmışdır.

Gəmiqayada addımladıqca insanın qəlbi dağa dönür, mənəviyyatını zənginləşdirir, tərbiyə edir, ruhunu sakitləşdirir. İnsan özünü təbiətin bir parçası kimi hiss edir. Qəribə bir doğmalıq hissi yaranır.

Gəmiqaya təkcə yerli sakinlərimizin yox, həmçinin, turistərin də diqqətini hər zaman çəkmişdir. Heç şübhə etmirəm ki, mənim yaşadığım duyğular, aldığım xoş, nağılvari təəssürat bu sehrli qədim məkanı ziyarət edənlərdən də yan keçməmişdir. Qeyri-ixtiyari olaraq adam özünə bir də gedim görüm, digərlərinə bir də gedin görün, getməyənlərə isə mütləq getməlisiz, görməlisiz demək, tövsiyə eləmək istəyir. Sidq ürəkdən deyə bilirsən ki, gedək görək, gəlin görün nə cəlalımız var.

Fizzə QULİYEVA
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri

 





12.12.2019    çap et  çap et