525.Az

İnqilabdan əvvəl Azərbaycanda təhsil


 

İnqilabdan əvvəl Azərbaycanda təhsil<b style="color:red"></b>

Mərakeşli elmi missionerlərin maliyyə dəstəyi ilə 1906-cı ildə Parisdə fransız dilində nəşrə başlayan "Müsəlman aləmi jurnalı"nın 1910-cu ildə işıq üzü görən on birinci nömrəsində "Qafqaz müsəlmanlarında təhsil" sərlövhəli məqalə dərc olunub. Məqalə "Dağıstani" imzası ilə çap edilib.

Bu imza məndə böyük maraq doğurdu və onunla bağlı ciddi araşdırmalar aparmağa başladım, XX əsrin əvvəllərində xarici ölkələrdə, xüsusilə həmin dövrdə dünyanın mədəniyyət beşiyi, elm və təhsil mərkəzi hesab edilən Fransanın paytaxtı Parisin müxtəlif ali məktəblərində öz biliyini təkmilləşdirməyə gələn həmyerlilərimizin oradakı fəaliyyətləri ilə bağlı bir çox tədqiqat materialını nəzərdən keçirdim.

Təsadüfən müxtəlif illərdə Fransada yaşamış görkəmli jurnalist Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları ortaya çıxaran hörmətli alimlərimizin yerli mətbu orqanlarında onun jurnalistlik fəaliyyətindən bəhs edən ünlü yazılarına rast gəldim. Həmin məqalələrin birində C.Hacıbəylinin hələ gənc yaşlarında müxtəlif imzalar altında ayrı-ayrı qəzet və jurnallarda biri-birindən maraqlı məqalələrdə çıxış etməsi barədə ətraflı məlumat verilmişdi. C.Hacıbəylinin imzaları arasında "Dağıstani" imzası da göstərilmişdi. Hətta onun vaxtı ilə redaktoru olduğu "Azərbaycan" qəzetinin 1919-cu ildə çap olunmuş nömrələrinin birində dərc etdirdiyi "Yol təəssüratı-Tiflis" sərlövhəli yazıya Ceyhun Dağıstani imzası qoyması barədə məlumat verilmişdir.

Xatırlamaq istərdik ki, fransız jurnalında məqalənin dərc olunduğu tarix Ceyhun Hacıbəylinin Bakı milyonçusu Murtuza Muxtarovun maliyyə yardımı ilə Fransanın məşhur Sarbon Universitetinin hüquq fakültəsində təhsil almağa göndərildiyi vaxta təsadüf etmişdir.

Hələ bu səfərə qədər musiqi təhsili almaq məqsədilə Fransada olması, orta məktəbdə oxuyarkən fransız dilini mükəmməl öyrənməsi və nəhayət, jurnalistlik peşəsinə sadiqlik həmyerlimizin fransız mətbuatında çıxış etməsinə böyük həvəs oyatmışdır.

Məqalənin ruhu, yazı üslubu, toxunulan məsələ və nəhayət, imza bu yazının məhz Ceyhun Hacıbəylinin qələminin məhsulu olmasını birmənalı təsdiq edir.

Yazının tam tərcüməsini verməzdən əvvəl bir mühüm məsələyə də toxunmaq istərdik. Məqalə "Qafqaz müsəlmanlarında təhsil" sərlövhəsi altında verilsə də, orada söhbət yalnız Azərbaycandakı təhsildən gedir.

Məqalənin fransız dilindən tərcüməsini oxuculara təqdim edirəm.

Əsgər ƏLİYEV
Filologiya üzrə fəlsəfə elmləri doktoru 

Qafqaz müsəlmanlarında təhsil 

Qafqaz müsəlmanları (burada azərbaycanlılar nəzərdə tutulur - Ə.Ə.) Rusiyanın müxtəlif bölgələrində yaşayan bütün digər müsəlmanlar arasında təhsil almağa daha çox səy göstərirlər. Baxmayaraq ki, təhsilin təşkili onlarda bir o qədər də ürəkaçan deyil.

Amma son illərlə müqayisədə bu sahəyə bir qədər diqqət sayəsində vəziyyət yaxşılaşıb. Yeni məktəblərin fəaliyyətə başlaması müsəlmanların şüurunda əməlli-başlı dəyişiklik yaradıb. Dünən dindarların təhriki ilə bu məktəblərə "küfr" mərkəzi kimi baxan Qafqazın bütün şəhərlərindəki müsəlmanlar indi hər vəchlə uşaqlarını yeni açılan məktəblərə göndərməyə cəhd edirlər.

Göstərdiyimiz bir neçə rəqəm kamil inkişafın sürətini göstərməyə imkan verəcəkdir.

Bakı müsəlmanların daha sıx yaşadığı mərkəz olmaqla Rusiyanın çox mühüm şəhəridir. 1897-ci ildə keçirilmiş siyahıyaalmaya görə Bakı quberniyasında müsəlmanların sayı 676.243 nəfər və yaxud ümumi əhalinin 82 faizini təşkil edib. Bu gün onların sayı 800.000 nəfərə çatıb. Bu rəqəmin 66 faizini kəndlilər təşkil edib. Onların da əksəriyyəti köçəri həyat keçirərək, maldarlıqla məşğul olurdular. Həmin statistik məlumata görə yazmağı və oxumağı bacaran müsəlmanlar arasında 100 nəfərdən 3,9 faizi kişilərin, 100 nəfərdən 0,27 faizi isə qadınların payına düşürdü. Onların da əksəriyyəti şəhər sakinləri idi. Əyalətdə yaşayan müsəlmanlar arasında oxuyub və yazmağı bacaranları barmaqla saymaq olurdu. Kişilər arasında hər 100 nəfərdən 1,9 faizi, qadınlar arasında isə 0,6 faizi, daha doğrusu, 265 min qadından yalnız 177-si oxumağı və yazmağı bacarırdı.

1900-cü ildə Bakıda yalnız bir kollec fəaliyyət göstərirdi. Orada 55 müsəlman uşağı təhsil alırdı. Onlar kollecdəki ümumi şagirdlərin 3 faizini təşkil edirdi. 1908-ci ildə onların sayı 120 nəfərə, yəni 10 faizə çatdı.

1900-cü ildə Bakıdakı realnı məktəbdə müsəlman uşaqlarının sayı 70, ümumi şagird kontingentinin 10,3 faizini, 1908-ci ildə onların sayı 223 nəfərə çataraq 21,1 faiz təşkil etmişdir.

Hiss olunacaq dərəcədə nəzərə çarpan bu artım əsasən şəhər məktəblərini əhatə edirdi. 1900-cü ildə şəhər məktəblərində müsəlman şagirdlərinin sayı 319 nəfərə çatmışdı. Bu isə özlüyündə təhsil alan ümumi şagirdlərin 38 faizini təşkil edirdi. 1908-ci ildə onların sayı artaraq 633 nəfərə çatdı.

1900-cü ildə ibtidai məktəblərdə rəsmi olaraq 1300 müsəlman uşaq təhsil alırdısa, 1908-ci ildə onların sayı 2675 nəfər təşkil edirdi.

Qızların təhsilinə müsəlman ailələri bu məsələyə hərəsi bir cür yanaşırdı. Bəzi ailələr öz qızlarını böyük həvəslə göndərirdilərsə, digərləri qatı xurafatın hökm sürdüyü ailələr isə bunu Qurandan irəli gələn qanunlara qarşı getmək kimi dəyərləndirdiklərindən qızlara təhsil verməkdən boyun qaçırırdılar. Elə buna görə də qızların təhsili məsələsi ləng həyata keçirdi. Digər tərəfdən isə qadınların təhsilinin tezliklə baş tutmaması onların çadralarının atmasından asılı idi. Buna baxmayaraq, təhsilli ailələrdə müsəlmanlar öz qızlarına zəruri təhsil vermək istəklərini hər vəchlə həyata keçirməyə çalışırdılar. Bakıda artıq səkkiz və ya on il olar ki, tanınmış məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev tərəfindən əsası qoyulan və maliyyələşdirilən xüsusi qız məktəbi fəaliyyətə başlayıb. Hazırda bu gün məktəbdə 200 qız uşağı təhsil alır. Məktəbdə dörd sinif mövcuddur. Burada elementar elmlər, türk və rus dilləri, habelə, din, musiqi, kiçik fiziki işlər tədris edilirdi. Bu il müsəlmanların xahişi ilə bələdiyyə idarəsi gənc müsəlman uşaqları üçün 90 şagird yeri olan daha bir yeni məktəb açdı.

Məktəbin direktoru vəzifəsinə tanınmış vətənpərvər, mərhum Həsən bəy Məlikovun həyat yoldaşı Hənifə xaım Məlikova təyin edildi.

Qızların təhsil almalarına qarşı çıxan köhnəpərəst fikirli müsəlmanların hücumlarından yayınmaq, xoşagəlməz hadisələrdən uzaq olmaq üçün məktəb bir qədər ehtiyatla fəaliyyətə başladı. Heç kimin gözləmədiyi vəziyyət yarandı. Müsəlmanlar məktəbin açılışına nəinki etiraz etdilər, əksinə, uşaqlarını böyük həvəslə məktəbə göndərməyə başladılar. Belə təşəbbüsün parlaq gələcəyi, yaxşı nəticə verəcəyi heç bir şübhə doğurmurdu. "Kaspi" qəzeti bu barədə yazırdı: "Şəhərin yuxarı məhəlləsinin sakini olan müsəlmanlar daha iki qız məktəbinin açılması xahişi ilə bələdiyyə idarəsinə müraciət etmək məqsədilə bir yerə toplaşdılar".

Bu il məktəbdə yer olmadığından çox sayda uşaq kənarda qaldı. Təhsil şurası yeni məktəblərin açılması üçün müəyyən məbləğin ayrılması məsələsini bələdiyyə idarəsi qarşısında qaldırdı.

Bu gün hətta əyalətlərdə belə qızlar üçün məktəblər açılır.

Bakıda dövlət hesabına fəaliyyət göstərən məktəblərə gəldikdə, ilk qızlar kolleci 1900-cü ildə fəaliyyətə başladı. Hazırda müsəlman qızlar səkkiz kollecdə təhsil alırlar. Müqəddəs Nina tipli məktəblərin (ikinci dərəcəli proqramlar üzrə) sayı artıq 15-ə çatıb.

İbtidai təhsil verən qızlar məktəbində müsəlman qızların sayı 122 nəfərdən ibarətdir. Bu isə ümumilikdə qızlar məktəbində təhsil alanların 3 faizini təşkil edirdi. Müsəlman oğlanların sayı isə 33 faizdən yuxarı idi. Buna bugün fəaliyyət göstərən məktəblər müsəlman ailələrə sözün yaxşı mənasında müəyyən müsbət təsirlər göstərirdi.

1909-cu ildə Bakı quberniyasında 9 tələbənin təhsil aldığı 8 mədrəsə olduğu halda, 3127 şagirdin oxuduğu 115 məktəb var idi. Bu isə 2765 şagirdi olan ibtidai məktəblərdəki şagirdlərin sayından bir qədər artıq idi. Bu bir həqiqətdir ki, belə məktəblərin əksəriyyəti cahil və avam müəllimlərin - axundların sayəsində deyil, mütərrəqi fikirli, hərtərəfli biliyə malik müəllimlərin sayəsində inkişaf edirdi. Xoşbəxtlikdən, çoxusu Türkiyədə təhsil almış savadlı insanların çalışdığı yeni məktəblər açılmağa başlayıb. Onlar təhsili yeni üsulla, müasir dövrün tələblərinə uyğun idarə edirdilər. Molla və axundların savadsızlığı nəticəsində primitiv məktəblər bağlanmağa və öz yerini dindən, xurafatdan uzaq müasir tipli məktəblər verməyə başladı.

Dövlət məktəbləri ilə yanaşı, xeyriyyə cəmiyyətləri tərəfindən Bakıda və digər yerlərdə yeni təhsil ocaqları fəaliyyət göstərirdi. Onların arasında "Nəşr-Maarif" cəmiyyətinin 300 şagirdi olan, "Səadət" və "Nur" məktəbləri, həmçinin, fars uşaqları üçün nəzərdə tutulan "İttihad" daha çox populyar idi. Onlar ibtidai və ikinci dərəcəli məktəblər arasında mövcud olan proqramlardan istifadə etməklə özləri üçün ortalıq bir proqram tərtib etmişdilər. Bunun sayəsində də belə məktəblərdə 1000 və yaxud 1200 şagird oxuyurdu.

Əhalisinin əksəriyyəti gürcülərdən, ruslardan və ermənilərdən ibarət olan Tiflisdə 275 min nəfər yaşayırdı. O qədər də çox olmayan müsəlmanların sayı 13 min idi. 1908-ci ilin sonunda aparılan statistik məlumata görə şəhərin dörd kollecində oxuyan şagirdlərin sayı 2990-a çatırdı. Onlardan 114-ü müsəlman idi. Realnı məktəbdə təhsil alan 675 şagirddən 9-u, beş qız kollecində və Müqəddəs Nina məktəbindəki 3721 şagirddən yalnız 30-u müsəlman qız idi.

Tiflisdəki texniki məktəblərdə və hətta Müəllimlər İnstitutunda təhsil alanlar arasında bir nəfər də olsun müsəlman oğlan yox idi. Amma gənc qızlar institutundakı 248 şagirddən doqquzu müsəlman qız idi. Geodeziya məktəbindəki 98 tələbə arasında yalnız bir müsəlman var idi. Kadet korpusunda 381 şagirdin 24-ü, hərbi məktəbdə təhsil alan 414 uşaqdan 20-si, ibtidai məktəblərdəki 6072 nəfərdən yalnız 3-ü müsəlman uşaq idi.

Beləliklə, Tiflis məktəblərində oxuyan 17422 şagird arasında 217 uşaq müsəlman ailəsini təmsil edirdi. Onlardan 178-i oğlan və 39-u qız idi. 

DAĞISTANİ
Fransız dilindən Əsgər ƏLİYEV çevirib

 





12.12.2019    çap et  çap et