525.Az

Ağıllı və şən quş - Fidan Malikin yazısı


 

Ağıllı və şən quş - <b style="color:red">Fidan Malikin yazısı </b>

Yəqin mənim kimi siz də, qarğaları sevən çox az insan olduğunu düşünürsünüz. Hətta bəlkə də heç olmadığını. İnsanların onları görən kimi çox tədirgin olduğunu. Bəlkə səslərindən, bəlkə də görünüşlərindən. Çünki nə səsləri qulağa, nə görünüşləri gözə, nə də adları dilə xoş gəlir. Bəlkə bu səbəbdəndir ki, qarğa hər zaman təmsillərdə, nağıllarda, rəvayətlərdə mənfi obraz kimi qələmə alınır. Lakin belə düşünməyən insanlar da var.

Şimali Amerikanın Alyaska ştatında qədim hindu xalqlarından olan insanlar üçün qarğa çox ağıllı və sevimli  bir quş kimi sayılır. Bir yaşlı hindunu dindirsəniz, qarğa haqqında bu sözləri deyər: "Onlar çox ağıllı və şən quşlardır".

Şimal ovçuları heç bir vaxt qarğaya tüfəngi tuşlamır. Üstün zəkasına görə ona bir insan qədər hörmət edir. Hətta ov zamanı onun köməyindən də istifadə edir. Payızda demək olar ki, bir çox köçəri quşlar uçub gedir və həmin insanlarla təkcə qarğalar qalır. Qarğalar hər zaman insanlara yaxın yerdə olur. Şimallıların itləri ilə oynayır. Sözün əsl mənasında, hətta zarafat belə edirlər. Qarğalar isə ovçuları gördükdə onların arxasıyca uçur, çünki orada onu yemin gözlədiyini bilir.

Qarğalar çox sadiq quşlardır. Əgər yoldaşlarından hər hansı biri zədə alarsa, digərləri o sağalana qədər onun ətrafından ayrılmır, onu yemləyib, qeydinə qalırlar.

Qarğalar öz əks cinslərinə qarşı da çox sadiq olur. Belə ki, bala qarğa yuvasından ayrıldıqdan sonra qarğa dəstəsinə qoşulur. Orada öz yarı tayını tapdıqdan sonra ömrünün sonuna qədər onunla yaşayır.

Qarğaların üç yüz il yaşaması, əlbəttə ki, bir mifdir. Bu unikal quşlar 15-20, yaxşı mühitdə isə 30-40 ilə qədər ömür sürür.

Çox möhkəm dimdikləri olmasına baxmayaraq, qarğalar yem əldə etmək üçün özlərinə alət hazırlamağı bacarırlar. Məsələn, əgər ağacın gövdəsindəki dəlikdən böcəyi çıxarmaq lazımdırsa, bunun üçün qarğa dimdiyini korlamır. Ətrafdan diş çöpünü xatırladan nazik bir çubuq taparaq ağacın gövdəsini eşir və öz yemini oradan çıxarır. Yaxud da  əgər qarğa qurumuş çörək taparsa, onu bərk halda yemir. Mütləq yaxınlıqdakı gölməçədə isladaraq yeyir.

Tokioda alimlər qarğaları araşdırarkən, onların qozu sındırmaq üçün işıqforun qırmızı işığı yanan zaman avtomobilin təkəri altına qoyduqlarını müşahidə etmişlər. Hətta avtomobilin yüngül və ağır olmasına belə diqqət etdiklərinə də. Çünki çəkidə ağır olan maşın qozu sındırmaq yerinə əzik-əzik edə bilər. Beləliklə, avtomobil yaşıl işıq yanarkən yola düşür, qozu sındırır. Yenidən qırmızı işıq yandığında kənarda gözləyən qarğalar uçub qozları dimdiklərinə alırlar.

Qarğalar çox yaxşı say bilir. əgər qarğaya yem dolu iki qab göstərsəniz, o, mütləq içində sayca çox olanı götürəcək.

Qarğaların çox iti yaddaşı var. Hətta onlara zərər vermək istəyən insanı xatırlayacaq qədər.

Çox tez-tez qarğaların itlər və pişiklərlə, vəhşi təbiətdə isə canavar və tülkülərlə oynadığını, acıqlandırdığını görmək olar. Kanadada və Şimali Amerikada yerli sakinlər üçün qarğaların uşaq kimi dəcəllik etməsi, oynaması, buzun üstündən sürüşməsi adi bir mənzərədir.

Beləcə, elmi araşdırmalarla və insanların müşahidəsi ilə qarğaların bir çox bu kimi məharətlərini, qəribə həyat tərzinin nümunələrini sadalamaq olar.

Sözsüz ki, qarğanın bəzən balaca quşların qənimi olması da danılmazdır. Onların yaşadıqları ərazidə çox nadir hallarda canlılara hücum etmək ehtimalı da var. Lakin bunun daha çox özünü müdafiə üçün etmələri ehtimal olunur.

Bu gün dünyada qarğa ölüm, pis xəbər təmsilçisi kimi qəbul edilsə də, qədim yunan mifologiyasında "ölümsüzlük" rəmzi kimi, sadiq yol yoldaşı kimi qəbul edilirdi. Skandinaviya xalqlarının mifologiyasında da qarğaların xüsusi yeri var.

Əlbəttə, şimal insanları kimi bizlər də bu quşları sevmək məcburiyyətində deyilik. Lakin bu ağıllı quşların təbiət üçün, xüsusən də insan yaşayan mühitdə faydalarını da inkar etmək haqsızlıq olar. Belə ki, xoşagəlməz görünüşlü bu quşlar ölüb qalmış gəmiricilərin, eləcə də digər heyvanların cəmdəklərilə qidalanaraq təbiətdə çox böyük təmizlik işi aparmış olurlar.

Odur ki, mənim kimi sizin də pəncərənizə və ya eyvanınıza qarğa qonarsa, yolunuzun üstünə qarğa çıxarsa, ona pis hadisənin xəbərçisi olan bədheybət quş kimi yox, yaşamaq haqqı olan bir canlı, eləcə də ətraf mühitin təmizləyiciləri kimi  baxa bilərsiz. Çünki həqiqətən də bu aləmdə heç bir canlı səbəbsiz yaradılmamışdır.

 





13.12.2019    çap et  çap et