525.Az

Mənim anam


 

Mənim anam<b style="color:red"></b>

Dünyaya göz açarkən bizə valideyn seçmək haqqı verilmir. Nə yaxşı ki, bu haqq bizə verilmir. Bəlkə də, verilsəydi, bu qədər düzgün, sevgi dolu bir insanı ANA olaraq seçə bilməzdik.

Təbii ki, hər kəsin anası ona görə ən yaxşı, ən əvəzedilməz varlıqdır. Mənim anam mənim üçün daha özəldir. Ömrünu yalnız düzgünlük və sədaqətə həsr edən, ətrafına ancaq sevgi saçan hər bir qadın, ana ayaqüstə alqışa layiqdir. Anam hər zaman mənim idealım, güclü gördüyüm, övladları üçün mümkünsüzü mümkün edən bir qadındır. O qədər gözəl analıq edib və edir ki, əsla başqa analara həsədlə baxmadıq. Hər zaman fəxrlə dedik ki, nə yaxşı bizim anamızsan. Ana kəlməsi o qədər güclu, həm də o qədər zərif kəlmədir ki, bu haqda danışdıqda belə kövrəlir, eyni zamanda qürurlanırsan.

Bu gün əməyinə dəyər biçilməsi mümkün olmayan insanın, ömrünün 36 ilini şərəflə bu peşəyə həsr edən Bəsti müəllimə Hüseynovanın ömrünün 57-ci ilidir. İllərdir, bu şərəfli peşədə külüng vuraraq, saysız-hesabsız fidanlar yetişdirir. Hər zaman şagirdlərinə yalnız müəllimə yox, həm  ana, həm də məsləhətçi olur. Hər çətinə düşəndə qaçaraq yanına gələn övladlarına əlindən gələn köməkliyi əsirgəmir. Bu illər ərzində haqqında saysız-hesabsız təşəkkürnamələr, məqalələr çap olundu. Ancaq o, hər zaman olduğu kimi, sadəliyini, təvazökarlığını qoruyub saxladı. İllərin sürətli ötüb keçməsinə rəğmən, hələ də sayılıb-seçilən və hörmətlə qarşılanan müəllimədir. Yetişdirdiyi şagirdləri baxmayaraq ki, müxtəlif nüfuzlu işlərdə çalışırlar, hər dəfə onunla məsləhətləşir, onunla fikir mübadiləsi edirlər.

Qaradağ rayonu, E.İsmayılov adına 253 saylı orta məktəbdə yenə də ilk günkü həyəcanla, həvəslə və qürurla körpə fidanlar yetişdirir. Ən çox sevdiyi və qürur duyduğu şagirdlərinin əldə etdiyi uğurları və nailiyyətləridir.

Çox böyük fəxrlə deyə bilərəm ki, mən sənin övladınam. Taleyin yaşatdığı çətinliklərə baxmayaraq, ayaqda durmağı bacardın, təkbaşına  alitəhsilli iki övlad yetişdirdin. Sənin istiqamət verdiyin yolunla davam edərək bu gün ən məsuliyyətli və şərəfli olan elm yolunda getməyim üçün sənə borcluyam.  Hər zaman var ol, hər zaman bu gün olduğu kimi, hamının hörmətlə, izzətlə, sevgi ilə qarşıladığı gözəl insan olaraq qal.  Bu gün əldə etdiklərimizə görə sənə borcluyuq, gözəl anam! Bildiyim tək bir həqiqət var: bu dünyada ən çox sənin övladın olmağı sevdim. Yaxşı ki doğulmusan, yaxşı ki varsan, yaxşı ki mənim ANAmsan...

Amidə İSAYEVA
AMEA Fizika İnstitutunun elmi işçisi

 





13.12.2019    çap et  çap et