525.Az

"Muğamat var olan yerdə"


 

GÖRKƏMLİ XANƏNDƏ HACIBABA HÜSEYNOV YAD EDİLİB

"Muğamat var olan yerdə"<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü ilə "Muğamat var olan yerdə" adlı tədbir keçirilib. Tədbir görkəmli muğam ustası, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılıq yoluna nəzər salınıb, muğam sənətinin inkişafındakı xidmətləri vurğulanıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov çıxış edərək deyib ki, tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər planı çərçivəsində hazırlanıb.

Bildirilib ki, muğam sənətinin inkişafında müstəsna xidmətləri olan Hacıbaba Hüseynov özünəməxsus səs tembrinə və texnikaya malik sənətkarlardan hesab edilir. Onun muğam məktəbinin təkmilləşməsindəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Onun yaratdığı çoxsaylı təsniflər musiqi irsimizə daxil olaraq muğam ifaçılığında geniş yayılıb. Görkəmli xanəndə muğamın "Üşşaq" və "Hüseyni", "Novruz-rəvəndə", digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Diqqətə çatdırılıb ki, xanəndənin təşəbbüsü ilə "Bayatı-şiraz" muğamının "Dilruba" şöbəsi dərsliyə əlavə olunub. Xalq yaradıcılığına da böyük diqqət yetirən xanəndə Azərbaycanın müxtəlif bölgələrində, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib.

Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrarlayaraq muğamın incəliklərini öyrənib. Sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib və ona xalqın böyük sevgisini qazandırıb. Onun yazdığı qəzəllər bu gün də xanəndələr tərəfindən ən çox müraciət olunan nümunələr sırasındadır.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müdiri və tələbələrinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Hacıbaba Hüseynova məxsus qəzəllər və təsniflər səsləndirilib.

Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.

 





13.12.2019    çap et  çap et