525.Az

Siyavuş Novruzov: "Son 100 ilin 50 ili Heydər Əliyevin adı ilə bağlıdır"


 

Siyavuş Novruzov: "Son 100 ilin 50 ili Heydər Əliyevin adı ilə bağlıdır"<b style="color:red"></b>

Dünən Yeni Azərbaycan Partiyasının (YAP)  İcra  Katibliyində Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə YAP-ın icra katibinin müavini, Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı,  deputatlar, partiya üzvləri iştirak edib. Əvvəlcə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Siyavuş Novruzov bildirib ki, bu gün Ulu öndər Heydər Əliyevin anım günüdür: "Biz tarixə baxsaq, görərik ki, son 100 ilin 50 ili Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ümummilli lider hakimiyyətdə olanda həmişə xalqı, dövləti və azərbaycanlı olmağı ilə fəxr edib. Harada olmasından asılı olmayaraq, azərbaycanlı olmaq onun üçün çox əhəmiyyətli idi və gələcək nəsillərə də bu istiqamətdə həmişə öz tövsiyələrini, tapşırıqlarını verirdi. Bu tədbirdə də əsasən gənclər iştirak edirlər. Bu yaxınlarda cənab Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri oldu. Cənab Prezident orada gənclərlə görüşü zamanı onlara Azərbaycan tarixinin mükəmməl öyrənilməsinin, ölkəmizin hansı çətinliklərdən keçərək indiki vəziyyətə gəldiyini öyrənməyin vacib olduğunu bildirdi. Çünki tarixi öyrənmədən ondan dərs çıxarmaq çətin olur". Komitə sədri həmçinin bildirib ki, 20-ci əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur: "Həmin dövrdə baş verən hadisələr Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin 28 ildə 100 ilə bərabər inkişaf yolu keçdiyi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir". YAP İcra katibinin müavini deyib ki, gənclər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir: "Çünki Azərbaycanın xoşbəxt gələcəyi üçün Heydər Əliyev irsi mühüm rol oynayır".

YAP icra katibinin digər müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, Azərbaycan xalqı Heydər Əliyevi hər gün anır: "Bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır. Azərbaycan tarixində tarixi şəxsiyyət kimi rolu əvəzsizdir". M.Qurbanlı bildirib ki,  Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Azərbaycan az zaman içərisində bir çox sahədə ciddi nailiyyətlərə imza atıb: "Tarixi tarixdən ibrət almaq üçün oxumalıyıq. Ulu öndərin ibrətamiz addımlarını öyrənmək lazımdır".

Daha sonra tədbir çıxışlarla davam edib.

Kamil HƏMZƏOĞLU

 





13.12.2019    çap et  çap et