525.Az

"Gözqamaşdırıcı zülmət"dəki suallar - Taleh Eminoğlu yazır


 

"Gözqamaşdırıcı zülmət"dəki suallar - <b style="color:red">Taleh Eminoğlu yazır </b>

1956-cı ildə İngiltərədə bir yazarlar konfransı təşkil edilmişdi. Konfransda ingilis şair Stefen Spender, filosof Jan-Pol Sartrdan kommunist rejim tərəfindən haqsız yerə mühakimə edilib həbs olunsa necə davranacağını soruşur; dostlarının azad edilməsi üçün kommunizmin mövcud etibarını zədələyərək gələcəyini təhlükəyə atacaq kampaniyaya başlayacaq, yoxsa siyasi rejimin rifahı üçün başına gələnləri və gələcəkləri qəbul edəcək?

Sartr düşünüb kampaniyanı rədd edəcəyini, yaşadıqlarıyla barışacağını demişdi, amma bu cavab Spenderi razı salmamışdı. O, cavabı bu cür gördüyünü demişdi: "Məncə, bu zaman atılacaq ən doğru addım günahsız yerə həbs edilən insanın tərəfini saxlamaqdır". Bu cavab isə Sartrı qane etməmişdi: "Amma məncə, müasir dünyada tək bir insana qarşı edilən haqsızlıq o qədər də əhəmiyyətli deyil".

Spenderin və Sartrın ətrafında müzakirə apardığı bu düşüncə macarıstanlı yazar və jurnalist Artur Kostlerin "Gözqamaşdırıcı zülmət" kitabındakı hadisələri xatırladır. Bu roman ilk dəfə 1940-cı ildə ingiliscə, 1946-cı ildə də fransızca çap edilib. Lakin çap olunana qədər romanın alman dilində olan ilk əlyazması "Rubaşov" itir. Yaxşı ki, "Günorta çağı zülmət" adlı ingiliscəyə tərcümə edilmiş variant hazır idi və elə bu nüsxə də dərc edilir.

Romandakı hadisələr SSRİ-də başlanmış repressiyalar zamanı 1938-ci ildə edam edilən SSRİ Elmlər Akademiyasının üzvü Nikolay Buxarinin faciəsindən yola çıxır. Kostler, Buxarin hadisəsinə istinad edərək, partiyaya son nəfəsinə qədər sadiq qalan, dövlətin rifahı üçün saxta izahatlara imza atmaqdan belə çəkinməyərək könüllü şəkildə ölümə gedən insanın obrazını yaradır. Lakin reallıqda Buxarin öz iradəsi ilə deyil, məcburi sürətdə izahatları imzalamışdı. Buna baxmayaraq, Artur Kostler intellektuallara üzərində mübahisə apara biləcəkləri mövzu verir: “Bir insan ideologiyasını müdafiə etmək üçün nələr edə və nələrindən keçə bilər?" Kostler "Yoqi və komisar" adlı əsərində də ortaya oxşar sualı atır və uzaqdakı ideal naminə hər şey etməyə hazır olan Komissar obrazı ilə mövcud reallığa və həqiqətə bağlı olan "Yoqi" xarakterini müqayisə edir.

Məşhur fransız filosof Merlo Ponti, Kostlerin bu əsərinə və hər kəsə ünvanladığı suala iki hissəli "Yoqi və proletar" adlı tənqidi yazısı ilə cavab verir. O, Kostlerə qarşı çıxmaq üçün "nə deməli" kimi bilinən ritorik qəlibdən istifadə edir: “Tutaq ki, SSRİ-də problemlər var idi, bəs Qərbin bundan sui-istifadə etməsinə nə deməli?"

Kostler, Pontinin bu tənqidi qarşısında özünü görməməzliyə vursa da, dostu Alber Kamü çox əsəbləşir. Fransız yazar, intellektual, ekzistensialist filosof və Jan-Pol Sartrın sevgilisi Simona de Bovuarın xatirələrində yazdığına görə, bir dəfə cazmen Boris Vianın evində verilən ziyafətə dəvətsiz təşrif buyuran Kamü, əsəbi şəkildə içəri girmiş, Merlo Pontiyə təhqirlər yağdırmış və gəldiyi sürətlə də çıxıb getmişdi. Sartr da məclisi tərk edib Kamünün ardınca getmişdi. Bu hadisə qarşılıqlı ittihamlar və küskünlüklə nəticələndi. Hətta Sartr və Kamü Kostlerin bu əsərindən qaynaqlanan problemə görə bir müddət küsülü qalmışdı.

Sartr, Bovuar, Kamü və Kostler arasında bir zamanlar möhkəm dostluq əlaqələri vardı. Sərxoş olana qədər içdikləri gecələrdə ehtirasla siyasi müzakirələr aparırdılar. 1946-cı ildə bu cür gecələrin birində rus mühacirlərin kafesində dostluq və siyasi sədaqət mövzusu haqqında söhbət edilirdi. Ortada cavabı axtarılan belə bir sual var idi: "Siyasi baxışlarınız fərqli olan bir insanla dostluq etmək mümkündürmü?" Kamü bu suala "hə" desə də, Kostler bunun mümkünsüzlüyünü vurğulayırdı. İçkinin təsirindən kövrələn Bovuar da Kamü ilə eyni fikirdə idi. O, təxmini olaraq belə cavab vermişdi: "Bəli, mümkündür, hətta biz bunun sübutuyuq və aramızdakı fikir ayrılıqlarına baxmayaraq, birlikdə olduğumuz üçün xoşbəxtik". Simona de Bovuarın bu fikri onları məmnun etmiş və suala verilən ən yaxşı cavab kimi qəbul edilmişdi.

Dostluq və siyasi sədaqət mövzusu 1947-ci ildə içki məclisində yenidən açıldı, amma söhbətin sonu bu dəfə keçən dəfəki kimi yaxşı nəticələnmədi. Kostler, xanımı ilə münasibətdə olduğunu bəhanə edərək Sartra hücum etdi. Bu hadisə onların dostluğunun qırılma nöqtəsi oldu. Kamü Kostleri sakitləşdirməyə çalışsa da, cavabında yumruq zərbəsi almışdı.

Bu qalmaqalın sonunda Sartr və Bovuar artıq Kostlerlə həmfikir idi: Siyasi baxışları fərqli olan insanlar dost ola bilməzdi. Sartr buna gülürdü: "Necə olur ki, fərqli fikirlərə sahib insanlar birlikdə film izləməyə gedir?" Stefen Spenderin yazdığına görə, Kostler 1950-ci ildə Sartra və Simona de Bovuara barışmağı, keçmişdəki dostluq əlaqələrini bərpa etmə təklif etsə də, onlar buna razı olmamışdı: "İllər əvvəl verdiyin sualın cavabı əslində, "yox" idi.

"Gözqamaşdırıcı zülmət" romanının SSRİ-də baş verən hadisələri, repressiyaları necə dilə gətirdiyini, reallığı nə qədər əks etdirdiyini demək çətin olsa da, bir şeyi çox yaxşı bilirik ki, bu kitab beş intellektualın dostluğunu parçaladı və Artur Kostler öz cəbhəsində tək qaldı.

 





14.12.2019    çap et  çap et