525.Az

Universitet yaşa dolduqca cavanlaşmalıdır


 

Universitet yaşa dolduqca cavanlaşmalıdır  <b style="color:red"></b>

Universitetə daxil olanda mənim 17, Universitetin 39 yaşı varıydı. O zaman mən gənc, Universitet isə “kişi” yaşında idi. İndi 79 yaşımda Universitetin 100 illik yubleyində iştirak edirəm.

Əgər nəzərə alsaq ki, nəsillər 20-25 ildən bir dəyişir, onda mən Universitetin yetişdirdiyi dördüncü nəsil fizikəm. BDU-nun bugünkü rektoru Elcin Babayev isə Universitetin yetişdirdiyi beşinci nəsl fizikdir. Yüz il öncə parlament Universiteti təsis edəndə bir çox parlament üzvləri bunun əleyhinə getdilər, bu səbəbdən ki, dərs deyə biləcək müəllimlərimiz yoxdur.  Bu günə şükür, günlərə  görə Allahıma minnətdarlıq edirəm.

İllər keçdi, BDU inkişaf etdi, laboratoriyalarla zənginləşdi, kadr potensialı artdı, şöhrətləndi, təhsil müəssisəsindən elm-təhsil ocağına çevrildi.

BDU yaşa dolduqca, mən də universitetdə təhsil və elm pillələri ilə yavaş-yavaş qalxırdım. Əvvəlcə təyinatla Universitetdə saxlanıldım – sonra bu təhsil ocağının aspirantı, müəllimi, dosenti, professoru oldum. BDU-nun idarə edilməsində həm dekan müavini, həm də prorektor kimi çalışdım. Tədqiqatçı alim kimi Danimarkada (1974), Finlandiyada (1979) uzun müddətli, Moskva, Leninqrad, Kiyev, Karl Marks Ştatında (ADR) və digər elmi mərkəzlərdə aylarla  ixtisasartırma kurslarında oldum. Yüzə yaxın beynəlxalq, ümumittifaq, respublika  səviyyəli konfranslarda universitemizi təmsil etdim. Bu gün BDU-nun 100 illik  yubileyində ilk yadıma düşən bunlar oldu.
100 illik yubileyin iştirakçısı olaraq  Universitetin  50 illik yubleyində iştirakımı yaxşı xatırlayıram. O zaman BDU-nun rektoru dəyərli təhsil təşkilatçısı dos. Mehdi Əliyev idi. Yubileydə unikal hadisə ilə qarşılaşdım: Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev Universitetin yubiley tədbirinə gəlmişdi və laborotoriyaları gəzirdi. Fizika fakültəsinin laboratoriyalarını gəzərkən mənim qurğuma da (qurğu işıq verirdiyi üçün uzaqdan cəlbedici idi) yaxınlaşdı, bir neçə sual verdi, onun əhəmiyyətini və tətbiqini soruşdu və uğurlar dilədi. Bu mənim ulu öndər Heydər Əliyevlə ilk görüşüm idi. 
Yeri gəlmişkən, ikinci unikal hadisə ilə Helsinki Universitetində qarşılaşdım. 1979-cu  il noyabrın 9-da professor Mauri Luukkala mənim işlədiyim laboratoriyaya bəstəboy bir adamla girdi və onlar düz mənim yanıma gəldilər. Luukkala ilk öncə məni təqdim etdi və dedi ki, SSRİ -dən gəlibdir. Sonra qonağı təqdim etdi və dedi ki, professor Allan MacLeod Cormack sabah Nobel mükafatı almaq üçün Stolkholma gedəcək, bu gün yolüstü bizə baş çəkir. Luukkala yeni nəticələrlə bağlı professora məlumat verməyimi xahiş etdi. Mən aparılan tədqiqatın mahiyyətini danışdım. Dedim ki, fotoakustik siqnal bərk cismin strukuruna həssasdır, strukturu dəyişməklə siqnalı dəyişmək mümkündür və bəzi nəticələri göstərdim. Bir neçə gündən sonra Luukkala məni çağırıb, bir məktubun surətini verdi və dedi ki, prof. Allan Cormack elmi nəticələrin surətini istəyir. Məktub məndə qalsın, surətini isə sən götür. O məktubu indi də arxivimdə saxlayıram…
Universitetdə işlədiyim müddətdə BDU-ya bir sıra alimlər rektorluq etmişdir: Ş.Mehdiyev (1958-1965), M.Əliyev (1965-1970), F.Bağırzadə (1970-1987), Y.C.Məmmədov (1987-1989), M.Qasımov (1990-1992), F.Səməndərov (1990-1994), M.Ələsgərov (1994-1996), M.Mərdanov (1996-1998), A.Məhərrəmov (1999-2018).  2019-cu ilin martından BDU-nun rektoru Elçin Babayevdir. Ölənlərə Allah rəhmət eləsin. Yaşayanlara can sağlığı arzu edirəm.
M.Əliyev və Y.Məmmədovun rektorluğu mənim yaddaşımda siliməz izlər buraxıbdır. Ona görə ki, onlar özləri üçün yox, Universitet üçün çalışıblar. Yaddaşın belə selektiv xüsusiyyəti var: millətə qulluq edənləri yadda saxlayır, özünə (fərdlərə) qulluq edənləri isə saxlamır. Çünki fərd öləndir, xalq ölməzdir. Deməli, ölməzə (xalqa)  qulluq etməkdə rəhmət vardır…
           1970-ci ilin birinci yarısı idi. Cavan müəllim idim.  Elmi rütbəm də yox idi. Daşkənddə Elektronika ilə bağlı Ümumittifaq konfransında çıxış etməliydim. Fakültə Elmi Şurasının iclasında, Mehdi müəllimə ərizə ilə ayaqüstü yanaşdım. Ərizəmi aldı və üzərinə rus dilində yazdı: “təyyarə ilə getməsi təmin edilsin”. Belə münasibəti görmək ahıl yaşında da hər professora nəsib olmaz. Prof.Y. Məmmədov rektor olmamışdan qabaq, uzun müddət BDU-nun elmi işlər üzrə prorektoru olmuşdu. Bu dövrdə Universitet elmi çox inkişaf etmişdir. O, tədqiqatçı alimlərə hər cür dəstək verirdi. Çünki özü görkəmli alim idi.
“Amorf Təbəqələr” elmi tədqiqat laboratoriyası açmaq istəyəndə, ondan gözlədiyimdən də çox dəstək aldım. Nəticədə 1980-90-cı illərdə Mikroelektronikanın problemləri üzrə Moskva ətrafında yerləşən Zelenoqrad şəhərinin institutları ilə həm elmi, həm də təsərrüfat müqavilələri əsasında sıx əməkdaşlıq edirdik. Elmi nəticələrimiz nəinki Elektron Sənaye Nazirliyinin jurnallarında, həm də Elmlər Akademiyasının “Radiotexnika və Elektronika”, “Mikroelektronika” kimi samballı jurnallarında çap olunurdu.  Bəlkə də bu jurnallarda Azərbaycandan çap olunan ilklər biz idik. Qeyd edim ki, Mikroelektronikanın inkişafı radioelektron aparatlarını üç ölçülü fəzadan (həcmdən) ikiölçülü fəzaya (səthə) keçirərək növbəti sənaye inqilabı etdi. Misal üçün, karobka tipli televizorları müstəvi tipli TV-lərə çevirdi. Uzun müddət keçməsinə baxmayaraq, Nanoelektronika hələ də gözlənilən ümidləri təəssüf ki, doğrultmur. Prof.Y.Məmmədov ilə bağlı xoş bir əhvalatı xatırlayiram. Hər həftənin bazar günü evdən gələn məktubları almaq üçün Danimarkadakı səfirliyimizə gedərdim. 1974-cü ilin dekabr ayı idi. Səfirliyin giriş qapısında bəstəboy  bir nəfər yaxınlaşdı dedi ki, rus dilindən iki məqaləni danimarka dilinə çevirmişəm. İstərdim ki, səfirliyin tərcüməçiləri bunu redaktə etsinlər. Məqaləyə baxdım: bizim Universitetimizin prorektoru Yəhya Məmmədovun  bir il öncə “Sibir riyaziyyat jurnalında” çap olunmuş məqalələri idi. Mən bu adamı səfirliyin tərcümə şöbəsinə apardım və tərcüməçilərlə tanış etdim. Onlardan razılıq aldım. Həmin həftə bu hadisəni sevincini yaşadım. Deməli, bizim alimlərin də elmi əsərləri sərhədləri aşa bilirmiş.

Elmlər Akademiyasının müxbir üzvü F.Bağırzadə universitetə 17 il rəhbərlik etdi. Yadda qalan bir şey etmədi. Amma çox şey edə bilərdi, çünki zaman onun zamanı idi. Yaradıcılıqla da arası yox idi. Əsas işi qəbulu yola vermək idi.

Haşiyə: Rzabala Fərəcov BDU-nun professoru, riyaziyyatçı, texnika elmləri doktoru idi. Bir dəfə Rzabala müəllimi qəbula saxlayırlar. O, obyektiv və vicdanla imtahan götürür, heç kimin tapşırığına baxmır. Axşam nəticələrin müzakirəsi zamanı məsul katib rektora şikayətlənir ki, bəs Rzabala müəllim işləri korladı, tapşırığımıza baxmadı. Səhərisi gün müəllimləri növbəti imtahana göndərəndə rektor Rzabala müəllimi misal göstərir və onu beş dəqiqə tərifləyir. Sonra məsul katib müəllimləri auiditoriyalara paylayır. Rzabala müəllim isə heç yerə göndərilmir. O, məsul katibə yaxınlaşır və soruşur ki, bəs, mən harda imtahan götürəcəyəm?  Məsul katib cavab verir ki, siz dünən çox əziyyət çəkmisiniz, bu gün gedin, istirahət edin. Beləliklə, Rzabala müəllim ram edilir və bu hadisə təhsil tariximizə “Rzabala sindromu” kimi daxil olur. Allah ona rəhmət eləsin. Beləliklə, müəllimlər mübarizə aparmaq əvəzinə düz yoldan əyri yola keçirdilər.

1980-cı ildə SSRİ Ali və Orta ixtisas təhsili naziri V.Yelyutinin çox məxfi 15 avqust 109 ss №-li əmri BDU-nun xüsusi şöbəsinə daxil olur. O zaman BDU- da bu şöbənin rəisi Sovet İttifaqı qəhrəmanı, polkovnik Məlik Məhərrəmov idi. Nazirin imzaladığı əmr Sov. İKP MK SB və SSRİ Nazirlər Sovetinin 30.06.1980-ci il tarixli birgə məxfi qərarı əsasında hazırlanmışdı. Qərara əsasən Azərbaycan Dövlət Universitetinə ( dos. Ş. Əsgərovun şəxsində) “SBİS (Çox Böyük İnteqral Sxem ) istehsalında ion-plazma texnologiyasının elmi əsasının hazırlanması” kimi şərəfli bir iş həvalə edilirdi. Ancaq rektor bu işə dəstək vermədi və şərait yaratmadı. Dövləti əhəmiyyəti olan qapalı (və ya gizli) bir laboratoriyanın yaranmasına imkan vermədi. Rəhmətlik Məlik müəllimin dediyinə görə, rektor təhlükəsiz xitmətinin Universitetə gəlib-getməsindən ehtiyat edirmiş. O, hesab edib ki, təhlükəsiz xidmətinin əməkdaşları Universitetə nə qədər az gələrlərsə, bir o qədər yaxşıdır. Çünki Universitet dəhlizlərində qəbulla bağlı söhbətlər, lətifələr,  tanışlıq, yerliçilik kimi anormal söhbətləri tez-tez eşitmək olurdu. Bu misaldan da görünür ki, dördüncü nəsil Universitet alimi dövlətin tapşırıqlarını həll edə bilmək iqtidarında idi. Digər nəticə bundan ibarətdir ki, şəxsi mənafe, dövləti mənafeni bəzən üstələyirdi.

Məntiqə görə universitetlər yaşa dolduqca, qüsurları azalmalıdır. Universitetin standarları təkmilləşməlidir. Ancaq 1960-cı illərdən başlayaraq SSRİ məkanında universitetlərdə anormallıqlar (rüşvətlə tələbə qəbulu, tapşırıqla qiymət yazmaq praktikası) yayılırdı. Bu xəstəliyin qarşısını almaq üçün bəzi rektorlar çox ciddi və güzəştə getməyən müəllimləri məsul katib təyin edirdi. Onlar başa düşürdülər ki,  rüşvəti universitetə buraxmaq olmaz, çünki xəstəlikdir. Misal üçün, Mehdi müəllimin zamanında Zal Xeirov, Şəmsəddin Həmidov kimi müəllimlər qəbula saxlanılırdı və ya bu işdə kristallik nüfuzlu Rəhmi Həsənov kimi alimlərlə məsləhətləşərdi. Zaman dəyişdikcə dünyagörüş də dəyişdi. Bəzi alimlər qəbulu “xırmana” (ifadə rəhmətlik Məmmədxan müəllimindir) çevirdilər.

Universitetin ən üzün müddətli (19 il) rektoru Abel Məhərrəmov olmuşdur. Bunun yaxşı və ya pis hal olduğunu bilmək üçün, əvvəlcə bəşəri təcrübəyə müraciət edək. Bir təhsil bilicisindən eşitdiyimi haşiyə şəklində sizlərə çatdırıram.

Haşiyə: Fərdi psixologiyanın banisi, Vyana Universitetinin psixologiya fakültəsinin dekanı Alfred Adler rektora müracət edir: “təcili məni dekan vəzifəsindən azad edin. Mən bu vəzifəyə yavaş-yavaş öyrəşirəm. İki ildən sonra siz məni azad edə bilməyəcəksiniz. Məni bu gün azad edin”.

Vəzifə sərt və pozulmaz prinsipləri olmayan normal, xoş xasiyyətli insanı, xoşagəlməz insana çevirə bilər. Rektor vəzifəsi də yaxşı vəzifədir. Müşahidələr göstərir ki, uzun zaman keçdikcə rektorların çoxunun psixologiyasında mənfi tərəfə meyillənmə baş verir. Əgər rektorluğun ilk illərində onlar (əlbəttə ki, istisnalar da ola bilər) ictimai mənafeyə uygun qərarlar qəbul edirsə, rektorluğun sonrakı dönəmlərində qəbul etdiyi qərarlar şəxsi mənafe uyğun verilir. Bu düşüncə ilə, illər öncə belə bir fikir də söyləmişdim: “fərdlər düzgün qərarlar qəbul etməklə şəxsiyyətlərə, dövlətlər düzgün qərarlar qəbul etməklə, qüdrətli dövlətə çevrilirlər”. İstərdim ki, idarəedənlər bu faktoru nəzərə alsınlar. Nəzərə alsınlar ki, vəzifənin (rektorluğun) birinci dönəmində onlar Vətənə, yəni ictimai mənafeyə qulluq edirlər. Sonrakı dönəmlərdə onların bəziləri özlərinə işləyirlər. Əgər hansı bir rektor deyirsə ki: “elə edəcəm müəllimlər tələbələrin qabağına qaçacaqlar”, bilin ki, bu rektor fəaliyyətinin ikinci fazasını yaşayır və kamilliyin itirir. Çünki, təhsil prosesinin aktiv tərəfi, subyekti, idarəedəni müəllimlərdir, tələbələr isə beş ildən bir dəyişən obyektlərdir. (Necə ki, uçuş prosesinin subyekti təyyarəni idarə edə pilotlar, obyekti isə sərnişinlərdir. Sərnişini pilotdan necə üstün tutmaq olar). Bu mənada müəllimlərin nüfuzu yüksək olmalıdır. Əks halda bilik müəllimdən tələbəyə axmaz. Bu yerdə vurğulamaq istəyirəm ki, rektorların fəaliyyəti bütün sivil dünyada olduğu kimi qanunla tənzimlənməlidir.  Bu yerdə ikinci bir haşiyə çıxmağa da məcburam.

Haşiyə: Osmanlı Sultanı İkinci Mahmud günlərin birində bir məktəbi ziyarət edir. Padşah sinfə girəndə xoca dərsini verirdi. Xoca gələn zatın padşah olduğunu anladı və dərsini davam etdi. Dərs bitdikdən sonra çocuqları sinifdən çıxarıb padşahı salamlayaraq təzimatda bulundu.

- Mənə layiq olan hörməti niyə öncədən göstərmədin?

- Padşahım, tələbələr dünyada xocadan daha böyük adam olduğunu bilməzlər. Əgər təzimatımı onların yanında etsəydim, onlar, deməli xocadan da böyük adam varmış, deyər və məni saymazlar, mən də onları bu ölkəyə layiq övladlar olaraq yetişdirə bilmərəm. Xocanın bu sözlərindən məmnun olan ikinci Mahmud bu müəllimi ihsanda bulundu.

Nə hadisə baş verdi? Əvvəlcə Padşah şəxsi mənafe düşüncəsi ilə hadisəyə qiymət verdi. Təzimat tələb etdi. Xocanın izahatından sonra ictimai mənafe düşüncəsinə sahib olub, xocanı mükafatlandırdı. Bu misaldan da görünür ki, rektor müəllimin hörmətini uca tutmalıdır. Əgər rektor tələbələri sevirsə, onlara  ucuz və keyfiyyətli yemək təşkil edə bilər və ya isti yataqxana ilə təmin edə bilər, sağlamlıqlarını qoruya bilər v. s.

Vəzifənin insanı necə korlaması haqda Universitetin dosenti N.Məmmədov “Mənim paradiqmam” məqaləsində yazır: “Vaxtilə uzun illər dekan, kafedra müdiri işləmiş prof. A. İbrahimov günlərin birində lapdan sıçrayıb gedir rektorun qəbuluna. Rektorun köməkçisindən xahiş edir ki, onu bir dəqiqəlik Abel müəllimin yanına buraxsın, vacib deyiləsi sözü var. Köməkçi də deyir ki, gözləmə otağı adamla doludur, mümkün deyil. Professor təkid edir ki, mənim sözüm hamının sözündən önəmlidir. Köməkçi görür mümkün deyil, girir rektorun yanına və onu məsələdən hali edir. Rektor deyir ki, qoy gəlsin dəhlizə açılan qapının qabağına. Elə də olur. Rektor qapını açıb deyir, xeyir ola, Ağavəli, müəllim? O da deyir ki, sadəcə gəlmişəm deyim ki, sizə mən qurban olum! Vəssalam”. Alim etikasını yerə vuran belə professoru gülərüzlə yola salmazlar.   Dəyərli bir fikirdə deyilir ki, an, tarixi dəyişə bilər. Universitetdə baş verən qusurlar həm də zamanla bağlıdır. Əgər bu 19 ildə BDU-da 4 (və ya 5) dəfə rektor dəyişəydi, şübhəsiz ki, Universitet daha çox inkişaf edərdi, qüsurları isə daha az olardı. Yadımdadır, parlamentdə Təhsil qanununun müzakirəsi zamanı, Abel müəllim rektorların beş ildən bir seçilməsi maddəsini ciddi müdafiə etdi. Son 35 ildə rektorlar  5 ildən bir dəyişsəydi, indi BDU tamam başqa bir universitet olardı, dünyanın 500 universitetləri sırasında yer tutardı. Axı, bugünkü universitet müəllimlərinin çoxu 4-cü və 5-ci nəsil universitet məzunlarıdır. Sadə həqiqət bundan ibarətdir ki, Universiteti işıqlı bir məkana çevirmək üçün rektorlar uzun müddət vəsifədə qalmamalıdırlar.

Sevindirici haldır ki, bu gün dövlətimizə, millətimizə sədaqətlə qulluq edən rektorlarımız çoxdur. Bu rektorlar universitetlərin millətin gələcək taleyində oynadığı rolu dəqiq bildikləri üçün özlərini universitetlərə qurban verirlər, universiteti özlərinə yox. Onları cəmiyyətimiz yaxşı tanıyır.  Çox təəssüf ki, belə rektorları qorumaq əvəzinə, onlara çamur atanlar da az deyildi. Düşünürəm ki, hər bir məmur, ziyalı, universitet müəllimi, gələcəyi görə bilən dəyərli rektorlara dəstək verməlidirlər, onları qorumalıdırlar. Bu bayram günlərində rektorlarla bərabər, bizlərə dərs deyən ikinci və üçüncü nəsil Universitet məzunları olan əziz müəllimlərimi minnətdarlıq hissi ilə yad edirəm. Onlara Allahdan rəhmət diləyirəm. Mehdi müəllimin, Mədət müəllimin, Rəhim müəllimin, Kəriş müəllimin, Qafar müəllimin qayğıkeş müəllim-tələbə münasibətlərini, mühazirələrini yaddan çıxarmaq mümkün deyil. İndi BDU-nun hesabına ölkədə fiziklər ordusu yaranıb. Qeyd edim ki, 100 il oncə Azərbaycanda ali savadlı bir-iki fizik olubdu. Onların bir də Həsən bəy Zərdabinin yaxın qohumu Məlikov soyadlı biri idi. Onların içərisində dünya şöhrətli alimlərimiz də var. BDU-nun yubiley günündə kimya fakültəsinin məzunu Abbas Çayxorski yadıma düşdü. A. Çayxorski, Universitetin dünya şöhrətli məzunu Ulu Öndər Heydər Əliyev və Kərim Kərimovdan sonra SSRİ dövlətində böyük görəv sahibi olan üçüncü azərbaycanlıdır. 1969-cu ildə A.Çayxorski «Atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının» rəhbəri təyin olunur və SSRİ dağılana kimi bu komisiyaya rəhbərlik edir. Müəllimlərimizi düşünərkən, yadıma qürurverici bir hadisə  də düşdü. Nobel mükafatı laureatı akad. Qinzbur “fizikanın 6 perespektiv istiqamətləri” haqqında BDU-da müahizdə oxuyurdu. Mühazirənin başlanğıcında akademik gördü ki, dos.Rəhmi Həsənov ikinci sırada oturub. Mühazirəni kəsdi və aşağı düşdü. Gəlib Rəhmi müəllimin əlindən tutaraq səhnəyə apardı və özü üçün nəzərdə tutulmuş stolda əyləşdirdi. Belə müəllimləri necə yaddan çıxarmaq olar?  Başqa bir hadisə də yadıma düşdü: 1984-cü ilin fevral ayı idi. “Yarımkeçiricilərdə səth hadisələrinin fizikası” adlı konfransda  iştirak etmək üçün Kiyevə getmişdim. Qeydiyyat zamanı qeydiyyatı aparan xanım familyamı soruşdu. Cavab verdim. Qız sevincək soruşdu: “Yarımkeçricilərdə  kinetik efeklər” kitabının müəllifi Əsgərov sizsiz?  Dedim, yox, mən deyiləm, amma professor Əsgərovla bir fakültədə işləyirik. Nə sözünüz varsa, deyin, mən çatdıraram. Bakıya qayıdanda sevincimi Bəhram müəllimlə bir daha bölüşdüm.

25-26 noyabrda Heydər Əliyev Mərkəzində BDU-nun 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xaricdə işləyən məzunlar doğma Universitetə gəldilər, çıxış etdilər və

bu təntənəyə sevindilər. Universitetin yubileyi ümumxalq bayramı kimi qeyd edildi. Deyim ki, Universitetin əvvəllər də yubileyləri olub, ancaq belə təntənəli, ümumxalq bayramı səviyyəsində olmayıb, o tədbirləri şəxsi məqsədlərə yönəltmək istəyənlər olub.  Universitetlərin divarları arasında boya-başa catan, hər cür dövlət təltifləri olan bir professor kimi,  mən bu tədbirlərə dəvət almamışam. 100 illik yubiley tədbirləri isə rektor Elçin Babayevin səyləri ilə rəngarəng, orijinal təşkil edilmişdi və yubiley təntənəli keçdi. Tədbirinin ikinci günü (26 noyabr) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yubileydə iştirak etdi. Cənab Prezident çıxışında həm dünyada və ölkədə gedən proseslərdən danışdı, həm də təhsildə olan uğurlarla bərabər problemlərdən də söz açdı. Bugünkü dünyanın tələblərinə uygun yeni ixtisasların öyrəniməsinin vacibliyini vurğuladı.  Ölkə Prezidentinin çıxışını diqqətlə dinlədim, onun təhsil və tərbiyə ilə bağlı dəyərli fikirlərinin bəzilərini diqqətinizə çatdırıram:

“Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil”;

“Əgər bilik olmasa diplom heç nədir”;

“Milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyyə alan gənclər müstəqil Azərbaycanı gələcəyə inamla aparacaqlar”;

“İndiki dövrdə bilik, savad gənclərin təminatlı gələcəyini müəyyən edən əsas amildir”.



Sağımda və solumda əziz tələbələrimdir

Günün ikinci yarısında “İnternational conference integration of science and education” - adlanan konfransda iştirak etdim. Konfransda 11 məruzə dinlənildi. Məruzəçilər əsasən xarici qonaqlar idi. Konfransın ikinci hissəsində mən də məruzə etməklə mükafatlandırıldım. Məruzəm: “The unity of Education and Science within Natural and Technical Sciences at Baku State University”- adlanırdı. BDU kollektivi içərisindən məruzəçi kimi seçilməyimi özümə qarşı böyük etimad hesab edirəm və bu etimadı dövlət təltifi qədər yüksək qiymətləndirirəm. Məruzəmdə təhsil, elm və texnologiyanın vəhdəti slaydlar vasitəsi ilə təqdim edilirdi.  Məruzədə  vurğulanırdı ki, iqtisadi inkişafa təsir edən ən güclü faktor texnologiyadır. Texnologiyadan asılı olaraq tərəqqinin iki yolu var: birinci yol Sinqapur və  ya Cənubi Koreya yoludur. Texnologiyanı xaricdən almaq, daxildə hüququn aliliyini təmin etməklə, rəqabət mühiti yaratmaq zəruridir. Bu halda elmdən çox, mükəmməl təhsilə ehtiyac böyükdür. İkinci yol, Qərb dövlətlərinin seçdiyi yoldur: elmə böyük pul (UDM-un 5%-i qədər) xərcləmək, yüksək texnologiya yaradıb tətbiq etmək və tərəqqi etmək. Bu halda həm güclü təhsilə, həm də güclü elmə ehtiyac böyükdür.
İnsan ömrümün limiti var və bu gün Allaha bəllidir. Universitetin ömrünün limiti isə bizim əlimizdədir. İnkişaf qurban tələb edir. Nəyi nəyə qurban vermək?- dövrün əsas məsələsidir. Əgər biz özümüzü Universitetə qurban versək, o çox yaşayacaq. Yox, əgər Universiteti özümüzə qurban versək, o xəstəhal mövcud olacaq, amma tərəqqi etməyəcək. Bu, dövrün tələb etdiyi sadə həqiqətdir. Biz müvəqqətini (özümüzü) yox, daimi dəyərləri (universiteti) qorumalıyıq.  Bu dediklərim direktor və orta məktəbə də aiddir.  Bu il 162 nömrəli məktəbdə baş vermiş faciəni yada salın. Cəmiyyət Elinanın bədbəx taleyini ümumi sözlərlə müzakirə etdi. Hər səviyyədə idarəedənlər direktoru müdafiə etdilər. Hesab edirəm ki, bu səhv mövqe idi. Məktəb gözdən düşdü və müdafiəsiz qaldı. Biz fərdi yox, məktəbi müdafiə etməliydik, çünki, fərd doğulandır, öləndir, amma məktəb ölməzdir. Hamımız məktəbi, universiteti  müdafiə etsək çox problemlər həllin tapar. Universitetin son 50 illik tarixini, əvvəlki 50 illə müqayisə etsək,  maraqlı mənzərənin şahidi oluruq. Birinci 50 ildə Universitetdə istisna olmadan bütün məsələlərin həllində ictimai mənafe şəxsi mənafedən çox-çox yüksəkdə durub.   İkinci 50 ildə isə uzun müddət rektorluq etmiş rektorların dövründə düşüncədə inversiya baş verib. Nəticədə, bütün məsələlərin həllində şəxsi mənafe ictimai mənafeni çox yerdə üstələdi.

BDU-da fəaliyyətim çoxcəhətli olubdu. İdeal sayıla biləcək müəllimlərdən dərs almış bir Universitet müəllimi kimi yüzlərlə diplom işlərinə, 20-dən çox namizədlik və doktorluq dissertasiyalarına rəhbərlik etdim. Katod tozlanması, Şottki diodları mövzularının ölkəmizdə əsasını qoydum və nəticələr 300 yaxın elmi məqalələr əks olunub. Pedaqoqika, təhsilin fəlsəfəsi və sosial fizika sahələrində də tədqiqatlar apardım. ADİU-nun rektoru təklifimlə UNEC-də “Ekonofizika Tədqiqat Mərkəzini” yaratdı.   

BDU-nun qayğısı sayəsində bu yaşa çatdım  və 61 ildir ki, mənalı ömür yaşayıram. Hər bir müəllim kimi, mənim də BDU-ya bir minnətdarlıq borcum var. Bu borcu ödəmək niyyəti ilə 2018-ci ildə ABŞ-da və ölkə daxilində çap olunmuş elmi və elmi-publisistik məqalələrimi bir yerə toplayıb kitab halında çap etdim. Kitabda 2018-ci ildə ABŞ-ın “Management studies”, “Philosophy Study”,” World Economy” və “Materials Physics and Chemistry” jurnallarında çap olunmuş məqalələr yer alıb. Topluda “Alim əməyinin qiymətləndirməsinin fəlsəfəsi”, “Elmdə siyasət, siyasətdə elm” adlı məqalələr də yer alıb. Bu məqalələr toplusu vasitəsi ilə doğma Universitetin 100 illik yubleyini təbrik edirəm.

Biz indi sürətlə dəyişən dövrdə yaşayırıq. Dövrümüz texnoloji sinqulyarlıq erasına daxil olub. Əvvəlki nəsillərdən fərqli olaraq biz, öz yaratdığımız əşyaların əhatəsində yaşayırıq. Əgər orta əsrlərdə iki böyük ixtiranın arasında yüz illərlə zaman məsafəsi var idisə, indi bu zaman məsafəsi 100 dəfələrlə azalıbdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bizim dövlətin gələcək taleyi, gənclərə nəyi və necə öyrətməmizdən asılı olacaq”. Bu yubiley günlərində BDU-nun mükafat almış və almamış bütün əməkdaşlarını yubiley münasibəti ilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, BDU dünyanın qabaqcıl universitetlərindən biri olsun. Bu işdə Universitetimizin gənc rektoru, beşinci nəsil BDU məzunu Elçin Babayevə uğurlar arzulayıram. Arzu edirəm ki, o da rektor Mehdi Əliyev kimi dəyərli rektor ömrü yaşasın. Atalar demis, alim olmaq asan, insan olmaq çətindir. 

 





16.12.2019    çap et  çap et