525.Az

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası - Sonuncu hissə


 

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası - <b style="color:red">Sonuncu hissə </b>

(Əvvəli ötən şənbə sayımızda)

Lənət təhlükəsi təkcə siyasi xadimləri deyil, elm adamlarını, var-dövlət sahiblərini də izləyir. İngilis arxeoloqu Hauard Karter XX əsrin ilk iki onilliyində Qədim Misir tarixinin öyrənilməsinə böyük töhfələr vermiş, onun kəşf etdikləri bu qədim ölkənin mədəniyyətinin qiymətli abidələrinə çevrilmişdir. O, 1902-ci ildə qadın faraon  Hatşepsutun və faraon IV Tutmosun qəbirlərini tapmışdı. Qraf Karnarvonun köməkliyi ilə 1922-ci ildə isə Misirdə qazıntı apararaq, Tutanxamonun qəbrini açmışdı. Orada çox qiymətli artefaktlar tapılmışdı. Faraonun tabutu bütöv qızıldan idi. Mumiyasının maskası yarımqiymətli daşlarla bəzədilmiş mükəmməl sənət əsəri idi. Bu qəbir açılarkən divardakı yazıda bunu edənlərin lənətlənəcəyi xəbərdarlığına Karter məhəl qoymamışdı. Lakin tezliklə bu lənət öz dəhşətli icrasına başlamışdı. Lord Karnarvon qəbir açıldıqdan bir neçə ay sonra ölmüşdü, ağcaqanad sancmasından o, infeksiyaya məruz qalmışdı. Onun qardaşı da az sonra həyatdan getmişdi. Karterin köməkçisi və katibi də dünyanı tərk etmişdi. Bütövlükdə qəbirin açılmasında iştirak edən 26 nəfər qısa müddətdə həyatdan getmişdi. Təkcə Karter divarda yazılan xəbərdarlığıa inanmayıb, onu xurafat adlandırırdı. Kəşfindən 17 il sonra, 1939-cu ildə özü də vəfat etdi. Bu vaxt onun 65 yaşı var idi.

ABŞ-dakı maqnat Rokfellerlər ailəsi də lənətə tuş gəlmişdi. Nəslin patriarxı Con Devison Rokfelleri "quldur baron", "hiyləgər neft satıcısı" adlandırırdılar. ABŞ Ali Məhkəməsi onun "Standart Oyl" şirkətini 1911-ci ildə qanunsuz elan etmişdi. Con D. Rokfellerin nəvəsi və 15 il ərzində Nyu-York ştatının qubernatoru, prezidentliyə üç dəfə uğursuz namizəd olan və qısa müddətdə vitse-prezident işləmiş Nelson Rokfellerin 23 yaşlı oğlu Maykl atasının yeni açdığı muzeyə artefakt, ağacdan yonulmuş fiqurları toplamaq üçün 1961-ci ildə Yeni Qvineyaya yollanmış, onların qayığı aşmış, o, sahilə doğru 12 mil üzsə də, itkin düşmüşdü. Mülahizələrə görə, o, yerli tayfaların kannibalizm mərasiminin qurbanı olmşdu. Mayklın əkiz bacısının həyatı viran qalmışdı və əkizlərin ölümü ata Nelson Rokfellerə güclü təsir göstərdi və o, 1979-cu ildə 71 yaşında öldü. Mayklın yoxa çıxmasından on il öncə Con D.Rokfellerin nəvə qohumu olan Unifed Rokfeller İmeni Rokfellerlərə vurulan yarlığa və onların həyat tərzinə dözə bilmədiyindən, bu qadının və onun iki qızının meyitlərini  özlərinin qarajındakı maşınlarda tapmışdılar. Doğrudan da ailə üzvləri üçün nəslin şöhrəti və taleyi ağır bir yük idi. Axı Rokfeller ailəsini Amerika tarixində ən zərərli, şər ailə kimi tanıyırdılar.

Yunan milyarderi Aristotel Onassisin də ailəsinə faciələr hücum çəkmişdi. 24 yaşlı oğlu təyyarə qəzasında həlak olmuş, bir qədər sonra özü də ölmüşdü. Qızı da həyatdan tez getmiş, bütün var-dövlət qızının övladı olan üç yaşlı qızcığaza qalmışdı. Bəzi mülahizələrə görə, Onasssis ABŞ prezidenti Con Kennedinin dul arvadı Jaklinə evləndiyinə görə Kennedilər ailəsinin daşıdığı lənət ona da keçmişdi.

Kennedilər isə çox sayda faciələri yaşamalı olmuşdu. 1963-cü ilin noyabrında ABŞ prezidenti Con Kennedi Dallasda qətlə yetirilmişdi. Beş il sonra onun prezidentliyə namizədlik uğrunda mübarizə aparan qardaşı Robert Kennedi Los-Ancelesdəki "Ambassador" otelində güllə atəşi ilə öldürülmüşdü. Sonralar Con Kennedinin yeganə oğlu da arvadı ilə birlikdə təyyarə qəzasında həlak olmuşdu. Mərhum prezidentin qızı Kerolayn təkcə sağ qalmışdır və o, Barak Obamanın prezidentliyi dövründə Yaponiyada ABŞ-ın səfiri işləmişdi.

1971-ci ildən Pakistanın baş naziri işləmiş Zülfüqar Əli-xan Bhutto 1977-ci ildə dövlət çevrilişi nəticəsində vəzifəsindən getməklə yanaşı həbs olunmuş, məhkəməyə verilərək, hökm əsasında 1979-cu ildə edam edilmişdi. Bir çox dövlətlərin, o cümlədən, ABŞ-ın və SSRİ-nin dövlət rəhbərləri edam hökmünün ləğvini xahiş etsələr də, Bhutto dar ağacından asılmışdı. Harvard və Oksford universitetlərində təhsil almış qızı Benazir Bhutto sonralar ölkənin baş naziri vəzifəsinə yüksəlmişdi. Lakin qızın öz qardaşı Murtaza ilə baxışlarının qütbləşməsi, onların düşmənçiliyinə çevrilmişdi. Benazir baş nazir olarkən Murtaza polislərlə toqquşmada öldürülmüşdü. Şayiələrə görə, onun öldürülməsi barədə bacısının özü göstəriş veribmiş. Müsəlman ölkəsində ilk baş nazir olan bu qadın sonralar dövlət çevrilişi ilə vəzifəsindən getmişdi. Yenidən seçki kampaniyasına qatıldıqda, 2007-ci ildə seçkiqabağı mitinqi tərk edəndə, tərəfdarlarına əl etmək üçün avtomobildən çıxan vaxt, sui-qəsdçilər tərəfindən öldürülmüşdü.

Hindistanın baş naziri İndira Qandi də lənətə tuş gəlmişdi. Onun atası görkəmli siyasi xadim Cavahirləl Nehru idi. Nehru İngiltərədə təhsil almış, 7 il orada yaşamışdı. Vətənə döndükdən sonra Mahatma Qandi hərəkatına qoşulmuş, bütövlükdə 10 il müddətinə həbsdə saxlanmışdı. 1929-cu ildən Hindistan Milli Konqressinin prezidenti olmuş, 1947-ci ildə müstəqil Hindistanın baş naziri seçilməklə, 1964-cü ildəki vəfatına qədər həmin vəzifəni daşımışdı. Nehrunun Hindistanda Böyük Britaniyanın sonuncu vitse-kralı olan lord Maunbettenin xanımı ilə intim yaxınlıq etməsi barədə geniş yayılmış söhbətlər onun ölkədəki nüfuzuna ləkə vurmuşdu.  Ümumiyyətlə, onun ailə həyatını xoşbəxt saymaq olmazdı. O, 1916-cı ildə Kamala Kaul adlı qıza evlənmişdi, onların İndira adlı təkcə bir qızları sağ qalmışdı. Nehrunun özünün etiraf etdiyi kimi, o, arvadına həmişə yuxarıdan aşağı baxmışdı. Kamala öz nikahından 20 il sonra, 36 yaşında ölmüşdü. Bu vaxt onların qızı İndiranın 19 yaşı var idi.

Anasını itrdiyindən İndira daim atasına bağlı idi. Nehrunun "Ümumdünya tarixinə baxış" adlı üçcildlik kitabı da məhz onun məhbəsdən qızına yazdığı məktublardan ibarətdir. 1942-ci ildə 25 yaşında olan İndira Firuz Qandiyə ərə getmişdi. Onların iki oğlu olmuşdu. Lakin Firuz nisbətən tez, 1960-cı ildə həyatdan getmişdi, oğlanları anadan olandan sonra arvadı ilə onun münasibəti soyumuş, onlar bir-birindən ayrı yaşamağa başlamışdılar. O, əvvəlcə jurnalist işləmiş, sonralar siyasi fəaliyyətlə məşğul olmuşdu. Onların kiçik oğlu Sancayın Hindistan Milli Konqressinin prezidenti kimi anasını əvəz edəcəyi gözlənirdi, lakin 1980-ci ildə özünün idarə etdiyi təyyarə qəzaya uğrayanda həlak olmuşdu. Bundan bir gün əvvəl onun arvadı ərinin anasından xahiş etmişdi ki, ona təyyarə sürməyi qadağan etsin.

İndira Qandi atasının ölümündən iki il sonra baş nazir seçilmişdi. 1975-ci ildə ölkədəki siyasi vəziyyəti qaydaya qoymaq üçün fövqaladə vəziyyət elan etdi. Sonralar seçkilərdə uduzduğuna görə bir müddət vəzifəsindən uzaqlaşmışdı, lakin 1980-ci ildə baş nazirlinə qayıtmışdı. Sikxlərin muxtariyyətə nail olmaq uğrunda mübarizəsini boğmaq üçün həmin il sikxlərin müqəddəs saydıqları Qızıl Məbədə hücum göstərişi vermiş, bu vaxt 450 nəfər sikx həlak olmuşdu. Atası Nehrunun sağlığından, 1960-cı illərdən ona yoqa müəllimliyi edən quru Brahmaçari İndiranın həyatında xüsusi yer tuturdu. O, sadəcə yoqa məşqçisi olsa da, baş nazir olanda da İndiranın üzərində böyük nüfuza malik idi, hətta nazirlərin təyin edilməsi prosesinə qarışırdı. Brahmaçari yeganə adam idi ki, İndiranın otağına tək girə bilərdi, bu dövrdə yeganə kişi idi ki, onunla əlaqə saxlayırdı. Ona görə də həmin qurumu Hindistanın Rasputini adlandırdılar və bu, İndira Qandinin nüfuzuna olduqca pis təsir göstərirdi. Atasının ledi Maunbettenlə yaxınlığına göstərilən mənfi reaksiya İndiranın Brahmaçari ilə xoşa gəlməyən münasibəti ilə müqayisədə kölgədə qalırdı. 1984-cü ilin noyabrında Hindistanın ilk qadın baş naziri özünün sikx mənşəli iki mühafizəçisi tərəfindən qətlə yetirildi.

İndiranın böyük oğlu, siyasətə əvvəllər marağı olmayan, yalnız kiçik qardaşının ölümündən sonra təkidlə siyasi fəaliyyətlə məşğul olan Raciv Qandi anasının yerinə baş nazir vəzifəsinə keçdi. O, uğurlu tədbirləri ilə ölkədə yaxşı nüfuz qazandı.  Lakin nəticə etibarilə o da sui-qəsdin qurbanı oldu. 1989-cu ildə yenidən seçilmək cəhdi uğursuz olduqda, o, siyasətdən geri çəkilmək qərarına gəlmişdi. Lakin 1991-ci ildə qətlə yetirildi, bir qadın ona yaxınlaşıb, ayağının altına partlayıcı maddə atdı. Onun arvadı, mənşəcə italyan olan Sonia 1998-ci ildən Hindistan Milli Konqressinin prezidenti olmuşdu və dörd dəfə dalbadal bu vəzifəyə seçilmişdi. Lakin qayınanasının və ərinin qətllərindən nəticə çıxararaq, bu qadın lənət zərbələrinin qorxusundan baş nazir vəzifəsini tutmaqdan imtina etmişdi.

İrandakı qiyam nəticəsində hakimiyyətə gəlmiş Pəhləvi sülaləsinin də ömrü az olmuş, bədbəxtliklərdən yayına bilməmişdir. 1925-ci ildə Qacar sülaləsinin sonuncu gənc nümayəndəsi Əhməd şah devrilmiş, Rza Pəhləvi şah elan edilmiş və yeni sülalə yaranmışdı. O, sülaləni iranlıların yazısının adı olan Pəhləvi adlandırmışdı, baxmayaraq ki, özü azsavadlı idi. Buna qədər, 1921-ci ildə o, qiyama uğurla başçılıq etmiş, iki il müdafiə naziri olmuş, sonrakı iki ili isə baş nazir işləmişdi. Şah kimi, o, Nadir şahın 1739-cu ildə Hindistandan Koxi-nur brilyantı ilə birlikdə qarət şəklində gətirdiyi "Tovuz quşu Taxtı"na əyləşmişdi. Belə fərziyyə vardır ki, işğal yolu ilə əldə edilən taxt onun lənətə gəlməsinə səbəb olmuşdu.  II Dünya müharibəsi dövründə, şah alman natsistlərinə rəğbət bəslədiyindən 1941-ci ildə Britaniya və Sovet qoşunları İranı işğal etdikdən sonra o, oğlunun xeyrinə taxt- tacdan getməyə məcbur edilmişdi. Cənubi Afrika Respublikasında sürgün həyatı yaşamış, 1944-cü ildə orada ölmüşdü. Gənc oğlu Məhəmməd Rza Pəhləvi şah kimi çətinliklərlə üzləşmiş, 1953-cü ildə baş nazir Müsəddiqin tərəfdarları tərəfindən ölkəni tərk etməyə məcbur edilmiş, bir il sonra, Müsəddiq devrildikdə hakimiyyətə qayıtmışdı. 1979-cu ildə Xomeyni inqilabının qələbəsi ərəfəsində ölkəni tərk etmiş, qısa müddətdə Mərakeşdə, Meksikada və Panamada yaşamış, 1980-ci ildə axırıncı sığınacaq yeri olan Misirdə ölmüşdü. Pəhləvi sülaləsi cəmi 54 il ömür sürmüşdü.

Məhəmməd Rza Pəhləvi Misir şahının qızı Favziyyəyə evlənmiş, arvadı onu 1948-ci ildə tərk etmişdi. İkinci arvadı olan Sürəyya da on il sonra eyni hərəkəti etmişdi. Bu arvadları ona varis doğmamışdı. 1959-cu ildə evləndiyi, ordu kapitanının qızı Fərəh Diba bir il sonra ona vəliəhd kimi oğul doğmuşdu. Onun adını atanın şərəfinə Rza, sonralar doğulmuş kiçik oğlunu isə əvvəllər ölmüş qardaşının şərəfinə Əlirza qoymuşdu. Fərəhdən olan övladları - əvvəlcə, 21 il sürgündə yaşayan printsessa qızı Leyla 2001-ci ildə, 10 il sonra isə kiçik oğlu Əlirza özlərini intihar etməklə həyatdan getmişdilər. Rza adlı böyük oğlu sağ qalmışdır, Amerika Birləşmiş Ştatlarında üç qızı ilə birlikdə yaşayır. O, sülalənin varis printsi elan edilməklə, İranda monarxiyanı bərpa etmək və şah olmaq arzusu ilə yaşayır.

Lənət seçdiyi adamı və ya nəsli heç də diqqətindən kənara buraxmır, anbaan izləyir və əlverişli fürsət düşən kimi öz ağır zərbəsini əsirgəmir. Tüdor sülaləsinin və digər misal göstərilən ailələrin bədbəxtlikləri, bütövlükdə taleləri bu prinsipi bütünlüklə təsdiq edir. Qədim yunanlar insan həyatında baş verən dolambacları, qismətin mühüm rol oynadığını nəzərə alaraq taleyi, fatumu, roku (keçilməz maneələrlə üzləşməyi) hətta allahlardan da yuxarı tuturdular. Tale, onlara görə ilahi qüvvələrdən də qüdrətli idi. Lənətə gəlmə isə taleyin tərkib hissəsi kimi insanın qarşılaşdığı və dəf edə bilmədiyi çətin əngəllərdən və maneələrdən biridir. Qoy insanlar heç olmazsa bu məsələdə tarixin çox saydakı dərslərindən ibrət götürsünlər, öz ədalətsiz, bəzən hətta insanlığa zidd olan dəhşətli hərəkətləri hesabına üzərlərinə lənət damğası qonmasından qorunsunlar.   

SON

 





17.12.2019    çap et  çap et