525.Az

Azərbaycan səhiyyəsi tarixində parlaq imza - Yevsey Gindes


 

Azərbaycan səhiyyəsi tarixində parlaq imza - <b style="color:red">Yevsey Gindes</b>

XX əsrin əvvəllərində Azərbaycanın səhiyyə tarixində Yevsey Yakovleviç Gindesin adı keçir. Çoxları bəlkə də onu Cümhuriyyət naziri və yaxud da uşaq həkimi kimi tanıyır. Lakin onun həyat səhifələrini araşdırdıqca bu şəxsiyyətin zəngin və şərəfli həyat yolu keçdiyini, Azərbaycan səhiyyəsinin inkişafında vicdanla xidmət ediyini görmək olur.

Milliyyətcə yəhudi olan Yevsey Gindes təhsilini Kiyev Universitetinin tibb fakültəsində almışdı. Bakıya təyinatına qədər doktor Kiyev şəhərində yaşayır, Aleksandrovskaya xəstəxanasında çalışır, Kiyev Baktereoloji İnstitutunda tədqiqatlar aparır, elmi əsərlər nəşr etdirirdi. 1905-ci ildə Bakı neft sənayeçilərinin tibbi-sanitariya məsələlərinə həsr olunmuş qurultayında keçirilən Ümumrusiya müsabiqəsində qalib gələrək Bakıda - Qaraşəhərdə 150 çarpayılıq ilk uşaq xəstəxanasının müdiri təyin edilmişdi. Doktor Gindesin 1914-cü ilə qədər burada səylə çalışması və davamlı olaraq elmi-praktiki tədqiqatlar aparması nəticəsində uşaq xəstəxanası Qafqazın ilk pediatriya mərkəzinə çevrilmişdi.

Doktor Gindes Bakının sosial və iqlim şəraitində uşaq xəstəliklərinin xüsusiyyət və formalarını tədqiq edirdi. 1906-cı ildə Bakıda ilk dəfə məktəb şagirdləri üçün uşaq yay düşərgələri təşkil etmiş, fəhlə uşaqları üçün körpələr evi açmışdı. Əczaçılar xeyriyyəçilik fəaliyyəti ilə də fərqlənən doktor Gindesin "kasıblar üçün" möhürünü yaxşı tanıyırdılar - bu tip reseptlə dərman təyin edən doktor imkansız və yoxsulların hesabını şəxsən özü ödəyirdi. Çox güman ki, ehtiyacı olan ailələrin övladlarına pulsuz və təmənnasız xidmət göstərən, xeyriyyə əməlləri ilə şöhrət qazanan doktor Gindesin fəaliyyəti Bakı neft mədənçilərinin rəhbərliyinə xoş gəlmədiyindən, o, Qaraşəhər xəstəxanasının rəhbərliyindən uzaqlaşdırılmışdı. Xeyriyyəçi həkimin vəzifəsindən uzaqlaşdırılması şəhər ictimaiyyətinin geniş təbəqələri arasında narazılığa səbəb olmuşdu. Mətbuatda bu haqda geniş yazılar dərc olunur, həkimlər, valideynlər narazılıq edirdi: "Onun nəzarəti altında olan uşaqlar çox nadir hallarda dünyasını dəyişir", "Gindes öz nəfəsi ilə belə ən ümidsiz xəstəyə nicat verir", "Doktor istənilən uşaqla dil tapırdı və hər bir uşaq ona inanırdı". Məhz ictimaiyyətin və şəhərin aparıcı həkimlərinin kəskin narazılığından bir müddət sonra doktor Gindes yeni açılan şəhər uşaq xəstəxanasına rəhbər təyin edilmişdi. Xəstəxana Gindesin göstərişi ilə əsaslı təmir olunmuşdu. Burada uşaqların qidalanmasına xüsusilə diqqət yetirilirdi.

Y.Y.Gindes körpə uşaq ölümü ilə bağlı mübarizə üsulları aramış, xüsusi uşaq pəhrizini işləyib hazırlamış, Bayıl və Sabunçuda filialları olan süd məhsulları -"Bir damla süd" mətbəxini təşkil etmişdi. Bu mətbəxdən şəhərin bütün pulsuz uşaq müalicəxanalarına dietik qidalar çatdırılırdı. Mətbəxin fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə 1907-ci ildə onun sədrliyi ilə "Uşaq ölümü ilə mübarizə cəmiyyəti" yaradılmışdı. Cəmiyyət keçmiş Kamenistıy - indiki B.Səfəroğlu küçəsində yerləşirdi. Bu müalicəxananın əsas prinsipi uşaq ölümlərinə səbəb olacaq bütün vəziyyətlərlə mübarizə aparmaq, cinsindən, sosial vəziyyətindən, yaşından, dinindən asılı olmayaraq bütün uşaqların düzgün fiziki inkişafına yardım göstərmək idi. Bu məqsədlə də cəmiyyət yoxsul uşaqları qida və sığınacaqla təmin edir, evlərdə, xəstəxanalarda tibbi yardım göstərir, kimsəsizləri yetimxanalarda, sanatoriyalarda, sığınacaqlarda yerləşdirirdi. Eyni zamanda, cəmiyyət süd terapiyasını həyata keçirmək və bu məqsədlə də hər gün valideynlərə həkimlərin göstərişi və resepti ilə süd, ayran və digər ağartı məhsulları paylamaqla da məşğul idi. Paylanılan məhsulların bir porsiyası bazar qiymətlərindən 2-3 dəfə ucuz idi, yoxsullara isə tamamilə pulsuz verilirdi.

Y.Gindes 1918-ci ilin 26 dekabrından 1919-cu ilin 14 martına qədər Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Səhiyyəsi naziri vəzifəsini şərəflə daşımışdı. Onun bu vəzifəyə namizədliyi üzvü olduğu Slavyan-Rus Cəmiyyətindən irəli sürülmüşdü. Nazir olduğu qısa müddət ərzində doktor Gindes ölkədə bir neçə pulsuz xəstəxana açılmasına nail olmuşdu. Bu xəstəxanaların işində xəstə uşaqlara olan münasibət xüsusi önəm daşıyırdı. Burada himayədarlığa ehtiyacı olan uşaqlar müayinə olunur, ağır xəstələr müalicə almaq üçün yerləşdilir, sağalan digər uşaqlar isə ailələrinə qaytarılır və xəstəxana tərəfindən onlara subsidiyalar ayrılırdı. Uşaqlar istər fiziki, istərsə də mənəvi cəhətdən öz ailələrinin himayəsində qalırdı.

Mövcud olan çətin və ziddiyyətli şəraitdə doktor Gindes Uşaq Həkimləri Dərnəyini təsis etmişdi. Cəmiyyət pediatrların üzləşdikləri problemlər, uşaq xəstəliklərinin yayılması və profilaktikası istiqamətində bir sıra iclas keçirmişdi. Ölkə daxilində yayılan ağır yoluxucu xəstəliklər daha çox uşaqlar üçün təhlükə törədirdi. Bundan başqa, 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin türk-müsəlmanlara qarşı törətdiyi qırğınlar, sentyabr ayında Bakının alınması uğrunda baş verən döyüşlərdə valideynlərini itirmiş uşaqların taleyinə biganə yanaşmayan Gindes Uşaqlara Yardım Bürosuna sədr, Liza Muxtarova isə müavin vəzifəsinə seçilmişdi. Büro 1918-ci ilin sentyabrında Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyinin təklifi əsasında yaradılmışdı. Bakı şəhərində bu müsibətlərdən əziyyət çəkməyən uşaq demək olar ki, yox idi. Bu uşaqların xüsusi qayğıya ehtiyacı vardı. Doktor Gindes bütün bu məsuliyyəti öz üzərinə götürmüş və bütün gücünü sığınacaqların təşkilinə yönəltmişdi. İlk vaxtlar büronun nəzdində minə qədər uşağın yerləşə biləcəyi beş sığınacaq mövcud idi.

Yay aylarında Uşaqlara Yardım Bürosu doktor Gindesin təşkilatçılığı ilə "Nina" barjasını icarəyə götürmüş, dənizdə səyyar koloniya təşkil etmişdi. Bununla da yay boyunca vərəmdən əziyyət çəkən 130-dək uşağın səhhətinin yaxşılaşmasına şərait yaranmışdı.

Doktor Gindes Uşaqları Mühafizə Liqasının da rəhbəri idi. Müavini Eynülhəyat Yusifbəyli təyin olunmuşdu. Liqa 17 yaşınadək kimsəsiz uşaq və yeniyetmələrin cinayətkar aləmdən uzaqlaşdırılmasında, onların yenidən tərbiyələndirilməsində, cəmiyyət üçün faydalı vətəndaşlar yetişdirilməsində göstərdiyi mühüm xidmətləri ilə fərqlənirdi.

Mətbuatda tez-tez doktor Gindesin Bakıda yoluxucu xəstəliklərdən əziyyət çəkən uşaqlar haqqında yazıları dərc olunur, onlara yardım göstərilməsi məsələsi gündəmə gətirilirdi. Ümumiyyətlə, XX əsrin əvvəllərində Bakı şəhərinin sənaye şəhərlərinə xas olan bır sıra mənfi xüsusiyyətləri özündə daşıması, kasıb əhalinin yaşadığı mənzillərin sanitar-gigiyenik tələblərə cavab verməməsi və yarızirzəmi şəklində olması, rütubət, havanın ağır olması, sudan istifadədə məhdudiyyət, xüsusilə uşaqların müxtəlif yoluxucu və bağırsaq xəstəliklərinə tutulmasına zəmin yaradırdı. Bununla bağlı doktor Gindesi "Kaspi" qəzetinin buraxılışlarının birində geniş məqaləsi dərc olunmuşdu. Məqaləni çağırış kimi də qəbul etmək olar. Məqalədəki bəzi qeydləri diqqətə çatdırmaq istərdim: "Şəhərə şübhəsiz ki, uşaq xəstəxanası lazımdır və bu işin həyata keçirilməsi üçün addımlar da atılmışdır. Təəssüf ki, son ayların hadisələri bunu bir az əngəlləmişdir... Mən tabeliyimizdə olan nikahdankənar, atılmış uşaqların himayə edildiyi tərbiyə evlərinin yenidən təşkil olunmasını və xəstəxana kimi də fəaliyyət göstərməsini dəstəkləyirəm. Məsələ burasındadır ki, Bakıdakı tərbiyə evləri köhnə tiplidir və burada ilkin tibbi yardım göstərməyə belə şərait yoxdur. Burada uşaqlar böyümək üçün yox, ölmək üçün yaşayır. Kiçik yaşlarından daxil olan uşaqların tək-tükü vəziyyətdən çıxa bilir. Uşaq ölümləri burada kütləvilik təşkil edir..."

Yevsey Gindes sovet dövründə də fəaliyyətini davam etdirmişdi. 1918-ci ilin dekabr ayından 1919-cu ilin martına qədər Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Səhiyyəsi naziri olmuş Y.Gindes bioqrafiyasının bu səhifəsini gizlətmək məcburiyyətində qalmış, yalnız təmiz vicdanlı uşaq həkimi kimi qazandığı şöhrət və hörməti onu sovet dövrünün repressiyalarından yaxa qurtarmağa kömək etmişdi. İşinə hədsiz vicdan və məsuliyyətlə yanaşan Gindes Şamaxinkada yerləşən uşaq xəstəxanasının təşkilatçısı və 1922-ci ildən baş həkimi olmuşdur. 150-dən artıq elmi əsərin müəllifi olan Y.Gindes 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professorluğa kimi yüksəlmişdi. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışan Y.Gindes Azərbaycan SSR-in Əməkdar Həkimi fəxri adına da layiq görülmüşdü.

Yevsey Gindes 1954-cü ilin sentyabrın 5-də ömrünün böyük hissəsini bağladığı Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!

 





18.12.2019    çap et  çap et