525.Az

Zori Balayanın Vladimir Putinə ünvanlanmış Açıq məktubuna aid qeydlər


 

 Zori Balayanın Vladimir Putinə ünvanlanmış <b style="color:red">Açıq məktubuna aid qeydlər</b>

Azərbaycanın Xalq yazıçısı
Azərbaycan PEN-klubunun
prezidenti

Yetərincə səciyyəvi “Açıq məktub” tarixin dərslərindən bixəbərlik haqqında Klyuçevskinin fikrinə istinadən başlayır. Və yalnız buna görə də epiqraf kimi başqa bir sitat gətirmək istərdik, – Jül Lemetr, tarixin yaradılmasından bəhs edərək deyirdi ki, “Bütün insanlar bu prosesə qatılır, deməli, hər kəs heç olmasa ən cüzi ölçüdə onun gözəlliyinə yardım göstərməli və həddən ziyada eybəcər olmasına yol verməməlidir”.

İndi “Qarabağ problemi – Rusiyanın problemidir” adlanan məktubun məğzi haqqında. Çox mübahisəli sərlövhədir ki, çoxları da onu təkzib edə bilərdi, axı beynəlxalq birlik artıq həmin problemi bir çərək əsrdir ki, ilk növbədə, Azərbaycanın və Ermənistanın qənaətlərini nəzərə almaqla çözməyə cəhd edir. Lakin nə qədər paradoksal və inanılmaz görünsə də, mən problemi ilk növbədə Rusiyaya aid edən Balayanın qənaətilə razılaşmaq istəyirəm. Məsələ ondadır ki, Dağlıq Qarabağda qarşıdurma fəal mərhələsinə səksən səkkizinci ildə keçmişdi, məhz bu məqamdan bir zaman vahid – bütöv ölkənin parçalanma problemləri ortaya çıxmışdır. İndi artıq arxayınçılıqla unudulmuşdur ki, hələ o vaxt, səksən səkkizinci ildə, SSRİ Ali Sovetinin Rəyasət Heyəti bu məsələni nəzərdən keçirmiş və sərhədlərin dəyişdirilməsinin qeyri-mümkünlüyü barədə birmənalı qərara gəlmişdir.

İndi bu qərar rahatca unudulmuş, yada düşən bircə Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qatılması haqqında 5 iyul 1921-ci il tarixli guya Stalinin “sırıdığı” qərardır. Amma Dağlıq Qarabağ problemi ondan ibarət idi ki, məhz bundan etibarən böyük ölkənin və birbaşa nəticədə Rusiyanın özünün dağılması başlandı. Əgər müttəfiq respublikanın tərkibindəki muxtar vilayətin ayrılmasına yol verilirsə, niyə də digər müttəfiq ya muxtar respublikalar, müxtəlif milli qurumlar öz müqəddəratını həll edə bilməsin? Abxaziya, Osetiya, Dnestryanı bölgənin problemləri körükləndi. Hətta İnquşetiya və Çeçenistan bir-birindən qopmağa girəvə tapdılar, hərçənd bunlar iki sıx qohum xalqlardı. Elə həmin vədələrdə Tatarıstanda, Başqırdıstanda, Krımda separatist hərəkatlar baş qaldırdılar. Orta Asiyada qanlı iğtişaşlar baş verdi. Ən dəhşətlisi odur ki, Rusiya indiyədək Boris Yeltsinin rus xalqına, onun dövlətçiliyinə bunca ziyan vurmuş siyasətinin bəhrələrini biçməkdədir.

Yeltsinin “Nə qədər bağımsızlıq götürə bilirsiz – götürün” şüarı iki Çeçenistan müharibəsinə gətirib çıxartdı və onlar hələ də sona yetməyib. Volqoqradda baş vermiş son partlayışlar da Dağlıq Qarabağdan başlanmış həmin qanlı parçalanmanın nəticəsidir. Ona görə də Balayan burada haqlıdır. Bu bəla Rusiyanın ən dəhşətli və ən qanlı probleminə çevrilmişdir ki, iyirmi ildən artıqdır həll edilməmiş qalır. Məhz Dağlıq Qarabağın öz müqəddəratını həll etmək cəhdindən oxşar proseslər başqa müttəfiq respublikalarda da başlanmış, Yuqoslaviyada başlanan faciəvi parçalanma amansız vətəndaş müharibəsini alışdırmış, Rusiyanın milli-inzibati subyektləri öz baxımsızlığını car etməyə çalışmış, müqəddəratını müəyyənləşdirməyə cəhd göstərmişlər. Bu məsələni Çeçenistanda hərbi zor işlətməklə çözmək cəhdi indiyədək bitməmiş Qafqaz müharibəsinə səbəb oldu. “Nord-Ost” faciəsi, Beslan, Budyonovsk və Kizlyar qırğınları – həmin kütləvi qarşıdurmanın bilavasitə nəticələridir. Dağlıq Qarabağ bir növ dünya məkanlarına siqnal oldu. Əgər kimlərəsə bu rəvadırsa, niyə də başqaları üçün yasaq olsun? Budur, baxın, artıq Şotlandiya və Kataloniya, Şimali İtaliya və Korsika da öz müqəddəratlarını həll etməyi tələb edirlər. Abxaziya, Cənubi Osetiya, Kosovo artıq öz müstəqilliyini elan etmişlər və ilaxır. Axı bütün bu mərəkələr Dağlıq Qarabağ qarşıdurmasından dolayısı nəşət tapmışdır. Bəlkə də rəhmətlik Sobçak, Dağlıq Qarabağ problemi ən əvvəl Rusiyanın problemidi – deyəndə haqlıymış, yəni beləliklə bütün qalan milli təsisatlar öz müqəddəratının müəyyənləşdirilməsini, ölkənin tərkibindən çıxmasını tələb edəcəklər.

İndi Balayan yazdığı müqavilələr haqqında. O, ixtisasca həkimdir, mənim ixtisasım beynəlxalq hüquqdur, odur ki, Balayanın sicilləmələrini mənimçün yalnız oxumaq deyil, həm də diqqətlə incələmək maraqlıdır.

Gülüstan müqaviləsi Napoleonun Rusiyaya təcavüzündən dərhal sonra imzalanmışdı, – o zaman ingilislər Rusiyaya, onun öz qatı düşmənlərilə mübarizədə hər cürə dəstək göstərməyi qərara almışdılar. Məhz o məqam idi ki, İngiltərənin İrandakı səfiri cənab Qor Ousli növbəti müharibəni uduzmuş İran və Rusiya arasında həmin müqavilənin təcili bağlanılması üzrə konkret göstərişlər almışdı. Çox maraqlıdır ki, indiyədək heç kəs müqavilənin özünün yalnız beş il sonra – 1818-ci ildə (!) üzə çıxarılmasını dilə gətirməmişdir.

Bununla bağlı V.Bartold yazırdı: “Azərbaycan anlayışı məhz ona görə qəbul edilmişdir ki, İran Azərbaycanı (Güney Azərbaycan) və bu ərazinin (Quzey Azərbaycan) bütöv bir vəhdət təşkil edəcəkləri nəzərdə tutulurdu, çünki onlar əhali tərkibi baxımından çox böyük oxşarlığa malikdirlər”.

Bununla yanaşı, müqavilədə aydınca qeyd olunmuşdu ki, Rusiya tərkibinə Dağıstan, Kartli, Kaxeti, Meqreliya, İmereti, Quriya, Abxaziya və aşağıdakı xanlıqlar – Bakı, Qarabağ, Gəncə, Şamaxı, Şəki, Dərbənd, Quba və qismən Talış xanlıqları qatılırdı. Həmçinin müqavilə mətnində guya Rusiyaya verilən erməni torpaqları ya Ermənistanın bir qisminin verilməsi haqqında bir kəlmə də yoxdur, baxmayaraq ki, “əlində qələm bu müqaviləni öyrənən” Balayan bu gün bunu israr edir.

Türkmənçay müqaviləsində isə erməni əhalisi haqqında xüsusi maddə peyda olur, – İran erməni əhalisinin Rusiya hüdudlarına köçürülməsinə MANEÇİLİK TÖRƏTMƏYƏCƏYİNİ vəd edir. Həmçinin, bütün adı çəkilən xanlıqların Rusiyaya qatılmasının təsdiqlənməsilə yanaşı, İrəvan və Naxçıvan xanlıqları da buraya əlavə olunur. Əsas maddələrdən biri də Rusiyanın Xəzər dənizində hərbi donanma saxlamağa müstəsna hüquqa malik olmasının tanınması idi.

Bu müqavilələr Sovet İttifaqının lap dağılması məqamınadək qüvvədə qalırdı; ardınca Xəzəryanı məkanda eyni zamanda beş müstəqil dövlət yarandı və hər biri öz donanmasına malik olmaq, müstəqil dövlətin beynəlxalq hüquqi statusuna uyğun olaraq öz dəniz sərhədlərini cizgiləmək haqqını qazandı. Bu fakt nahaq yerə Balayanı bunca narahat edir, axı məhz SSRİ-nin dağılmasından sonra onun məkanında dabanbasma beş müstəqil dövlət yarandı və heç kim Estoniyanın yaxud Latviyanın Baltik dənizində özlərinin hərbi-dəniz eskadralarını saxlamasını danmır.

İndi Zori Balayanın yazdığı “həyasızcasına verilən Qarabağ” haqqında. Bu qərar 1921-ci ilin 5 iyulunda qəbul olunmuşdu.

Qeyd edək ki, Balayan öz naməsində hər dəfə vurğulayır ki, bu əməli Stalin törətmişdir. Bu gün Stalini “əcinnələşdirmək” xüsusi dəbə çevrilmişdir, amma gəlin məsələni daha müfəssəl araşdıraq. Onu da nəzərə alaq ki, milliyyətcə gürcü Stalin dəfələrlə Bakıda olmuş və sözügedən problemin önəmliliyini yaxşıca təsəvvür edirdi.

Di gəl, bu məsələ barədə hər nə yazırlarsa, ağ yalandır. Sənədlər, protokollar saxlanılır. İyulun 3-də, 4-də Dağlıq Qarabağı həqiqətən də Ermənistana calamaq istəyirmişlər, lakin ayın 5-də Qafqaz bürosunun iclasında çıxış edən ORCONİKİDZE və NAZARETYAN əvvəlki qərara təzədən baxılması məsələsini qaldırırlar. Fikir verin, gürcü və erməni! Qərarda “müsəlmanlar və ermənilər arasında milli əmin-amanlığın zəruriyyəti”, həmçinin “Yuxarı və Aşağı Qarabağın iqtisadi ilgiləri və onun Azərbaycanla daimi əlaqəsi” vurğulanır. İclasda RK(b)P Mərkəzi Komitəsinin təmsilçisi Stalindən başqa, Kirov, Fiqatner, Oraxelaşvili, Orconikidze, Maxaradze, Myasnikov, Nazaretyan, Nərimanov və dəvət olunmuş Azərbaycanın xarici işlər xalq komissarı Hüseynov iştirak etmişlər.

Ən çox heyrət doğuran odur ki, Dağlıq Qarabağ haqqında məhz belə məzmunlu qərarı vəcdlə Anastas Mikoyan da dəstəkləmişdir, onu da qərəzçilikdə suçlamaq çətindir.

Diqqətəlayiqdir ki, 1922-ci ildən 1936-cı ilədək Azərbaycan da, Ermənistan da Zaqafqaziya Sovet Sosialist Respublikasının tərkibindəydilər. Və Ermənistan tərəfi bir dəfə də olsun Dağlıq Qarabağın Ermənistana qatılması haqqında məsələ qaldırmamışdı. Axı formal baxımdan Zaqfederasiya vahid dövlət təsisatı idi.

Və iyirminci illərdə hələ bütün məsələlər üzrə polemikaya yol verilirdi, buna da otuz yeddinci ildə son qoyuldu. Qeyd edim ki, Zaqfederasiyaya Orconikidze (22-26), Oraxelaşvili – (26-29), Krinitski (29-30), Lominadze (30), Kartvelişvili (30-31), yenə də Oraxelaşvili (31-32) və nəhayət, Beriya (32-37) rəhbərlik etmişlər. Bütün üç respublikanın hər birində sayca azərbaycanlılar, müsəlman əhalisi qat-qat gürcü, erməni sakinlərdən artıq olsa da, lakin bircə müsəlman da federasiyanın başçısı olmamış, bütün birinci katiblər də milli bölgünü düzgün saymış, şübhə altına almamış, o cümlədən erməni rəhbərləri də.

“Azərbaycan” anlayışının guya yerli-dibli yox olduğu haqqında söyləmələr də heyrət doğurur; halbuki eyni səpkili məfhumları hələ Bartold dilə gətirirdi; 1918-ci ildə Şərqdə ilk Demokratik cümhuriyyət heç də bölşeviklər tərəfindən qurulmamışdı. Və hələ o vaxtlarda Azərbaycanın sərhədləri Dağlıq Qarabağ vilayəti və Zəngəzur qatılmaqla müəyyənləşdirilirdi. Bəs bu ərazidə az qala min il boyu yaranan müsəlman dövlətləri necə olsun? Yoxsa bunlar da “pantürkist tədqiqatçıların” uydurmalarıdır? Bəs bu yerlərin yetişdirdiyi ulu şairlər, musiqiçilər, memarlar, rəssamlar naməlum müəlliflərin “qaravəlliləri” sayılırmı?

Və Şirvanşahlar, Səfəvilər, Atabəylər dövlətləri Azərbaycan tarixçilərinin sadəcə təxəyyül məhsuludurmu? Maraqlıdır ki, həmin dövrü araşdıran Amerika tədqiqatçıları qeyd edirlər ki, on beşinci yüzillikdə yalnız Şirvan və Şəki xanlığı öz nisbi müstəqilliyini qoruyub saxlayırdılar; Qafqaz ötəsinin qalan torpaqlarında “türk ordaları (“Orda” – burada “güruh” mənasında işlədilmişdir – Ç.A.) şəriksiz meydan oxuyurdular”. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinə “orda” kəlməsinin şamil edilməsi çox da xoşuma gəlməsə də, tarixi gerçəkliklərdən xəbər verir. Mənşəcə azəri türklərdən olan İran hökmdarları Nadirqulu xan Əfşarı (XVIII əsr) və Ağa Məhəmməd şah Qacarı (XIX əsr) da qeyd etməliyik; onların türk soylu olduğunu bu gün hətta Balayanın tərəfdarları da inkar etmir.

Amerikalı tarixçi Riçard Xorosanyan yazır ki, “Azərbaycan” adı fars kəlməsinin ərəbləşdirilmiş şəklidir və eramızdan əvvəl 320-ci ildə yaradılmış müstəqil Atropatena dövlətilə bağlıdır; ardınca Mid-in-Atrupatkan yaxud Midiya Atropatova şəklini almış, daha sonra “Azərbaycan”a çevrilmişdir. Maraqlıdır, tədqiqatçı Atkin bildirir ki, “Azərbaycan” adı Şərqi Qafqazın bütün müsəlman xanlıqlarına şamil edilirmiş. Gülüstan və Türkmənçay müqavilələrini xatırlasaq, görərik ki, Rusiyanın tərkibinə məhz gürcü torpaqları və müsəlman xanlıqları qatılmış və həmin sərhədlərdə Balayanın göstərdiyi erməni knyazlıqları (məliklikləri) xatırlanmır.

“Açıq məktub” müəllifinin Azərbaycan haqqında, qonşuları barədə yazdıqları qəribə təsir bağışlayır: “Bu gün İranı ən çox narahat edən” Xəzər dənizindəki “Azərbaycan bayrağıdır”. Yaxud Azərbaycanın timsalında guya Rusiyanın “əzəli-əbədi düşməni” olması haqqında tezisi. Dönük keşiş Qaponun rolu həmişə ikrah hissi doğurmuşdur. Amma Balayanın “pantürkist Türkiyə tərəfindən talan olunan” müsəlman Suriyasına məhəbbət bəsləməsi xüsusən əyanidir. Və burada tarixi Ermənistandan, Qış sarayının alınmasına bir neçə gün qalmış Rusiya qoşunlarının çıxarılmasını (ermənilər öz müqəddəratını özləri həll etsinlər deyə) tələb edən Leninin üstünə bütün günahları yıxmaq lazım deyil. Və Leninin günahı deyil ki, talan edilmiş, az qala yarısı işğal altında qalmış Türkiyə öz qüvvələrini səfərbər etməyi bacarmış, Ermənistanla savaşda zəfər çalmış, bir sıra əraziləri – Qars, Ərdahan, Sarıqamış qatılmaqla qaytarmış, Türkmənçay müqaviləsilə Rusiya tərkibinə verilmiş həmin obaları geri almışdır.

Burada erməni xalqını milli fəlakət həddinə sürükləmiş daşnak partiyasının tarixi günahından danışmaq daha vacib olardı; eləcə də bolşevik partiyasının həqiqi xidmətlərindəndir ki, iyirminci illərdə faktiki olaraq erməni dövlətçiliyini xilas və bərpa etmişdir.

Türkiyənin Rusiyadakı səfiri general Əli Cəbsoyun söyləmələrinə gəldikdə, burada da həqiqət tam deyilmir. Mustafa Kamal Türkiyəsi və sovet hökuməti arasında danışıqlar artıq elə şəraitdə aparılırdı ki, Ermənistan Türkiyəyə qarşı savaşda tam məğlubiyyətdən XİLAS edilməli idi və həqiqətən də bolşeviklər bu ərazinin qalıqlarını Moskva müqaviləsini razılaşdırmaqla xilas edirdilər; Cəbsoy yazırdı ki, “bugünkü durumun gerçəklikləri elə apaydınca göz qabağındadır ki, hər iki tərəf onlara diqqət yetirməyə bilməz”.

Məhz o zaman Naxçıvan Respublikasının yaradılması haqqında qərar qəbul edilmiş, Rusiya və Türkiyə onun mövcudluğuna təminat vermişdilər. Azərbaycanın ərazisi isə tərkibinə Dağlıq Qarabağ qatılması şərtilə müəyyənləşdirilmişdi.

Balayan bu əraziyə tarixi hüquqları barədə yazır. Atropatenaya yaxud Midiyaya istinad etməyək. Gəlin 1823-cü ildə general Yermolovun sərəncamıyla həqiqi dövlət müşaviri Mogilevski tərəfindən hazırlanmış Qarabağ əyalətinin vergi reyestrinə nəzər salaq.

Axı Balayan məhz on doqquzuncu əsrdə Rusiya – İran arasında bağlanmış iki məlum müqavilə dövrünə istinad edir. Adı çəkilən sənəddə göstərilir ki, həmin dövrdə Qarabağda bir Şuşa şəhəri, altı yüz kənd – onlardan dörd yüz əllisi (!) Azərbaycan, yüz əllisi erməni məskənləri idi. Əhalinin sayı doxsan min nəfərmiş. Azərbaycan tatarları (o vaxt belə adlanırmışlar) on beş min yeddi yüz iyirmi doqquz ailə, erməni ailələrinin sayı dörd min üç yüz altmış altı nəfər idi. Şuşada o zaman min yüz on bir azərbaycanlı ailəsi, dörd yüz bir erməni ailəsi yaşayırmış.

Erməni mənşəli Amerika tədqiqatçısı Corc Burnutyan bildirir ki, 1836-cı ildə Peterburqda dərc edilən rəsmi məlumata görə, Dağlıq Qarabağda on doqquz min erməni və otuz beş min türk yaşayırdı. Maraqlıdır ki, bir çox tədqiqatçılar, o cümlədən erməni müəllifləri də əhali siyahıya alınmasının qışda və yayda keçirilməsinin fərqinə varmağın vacibliyini vurğulayırdılar; köçəri yaxud yarıköçəri soydaşlarımızın dağlara, yaylaqlara köçməsinin nəzərə alınmasını xatırladırdılar. Rusiya araşdırıcısı Yamskov göstərirdi ki, Dağlıq Qarabağ əhalisi 1845-ci ildə otuz min nəfər erməni və altmış iki min müsəlmanlardan ibarət idi, müsəlmanların səksən faizi köçəri həyat sürürdü.

Rusiyanın İrandakı səfiri Qriboyedov erməni arxiyepiskopu Nersesin məlumatına əsaslanaraq Türkmənçay müqaviləsindən sonra Arazın bu tayına səkkiz mindən artıq erməni ailəsinin köçürülməsini bildirirdi.

Olmaya arxiyepiskopun şəhadəti də cənab Balayan üçün əhəmiyyət kəsb etmir?

1888-ci ildə Tiflisdə nəşr edilmiş “Qafqaz diyarının etnoqrafik oçerkləri”ndə bildirilirdi ki, “Qafqaz ermənilərinin hamısı diyarın yerli sakinlərinə mənsub deyil. Qafqazda rus hakimiyyəti bərqərar olandan sonra onun himayəsilə İran və Türkiyə erməniləri dəfələrlə (buraya) köçürülmüşlər”.

Qraf Paskeviçə göndərilən raportunda səfir Qriboyedov yazırdı: “Hər şey mənasızcasına başdansovdu və bağışlanmaz şəkildə görülmüşdür. Ermənilər əksər qismilə müsəlman mülkədarlarının torpaqlarında məskunlaşdırılmışlar... Köçənlər özləri basırıqda ola-ola müsəlmanları sıxışdırır, onlar da get-gedə əməlli-başlı hiddətlənirlər”.

Bu olaylar dərhal Türkmənçay sazişi bağlanandan sonra baş vermiş və bu barədə qəsdən törədilmiş xalq qiyamı nəticəsində faciəvi tərzdə həlak olmuş Qriboyedovun nəşr olunmuş qeydlərində oxumaq olar.

İndi artıq yaxşı məlumdur ki, Rusiya səfirliyinə basqının səbəbi erməni xadimlərinin fitnəkar hərəkətləri olmuşdur.

Siz fikir verdinizsə, mən Azərbaycan tarixçiləri ya siyasətçilərinin bircə söyləməsinə də istinad etmədim. Misal gətirdiklərim yalnız erməni, Amerika və Rusiya araşdırmalarındandır. Amma bu da kifayətdir ki, Dağlıq Qarabağ mövzusu ətrafında alver aparılmasın. Lakin bu gün bu keçmişə üz tutmalar hər halda çox da məhsuldar görünmür. Kosovoda nəinki serblərin tarixi məbədləri vardı, bu vilayət Serblərin mədəniyyət beşiyi sayılırdı. Bu gün isə bura alban əhalisi üstünlük təşkil edən müstəqil dövlətdir. Yaxud Kordova əmirliyi – İstanbul (Konstantinopol) istisna olmaqla qalan Avropa mərkəzləri orta əsrlər zülmətində sıxıldığı əyyamda, sivil dünyanın ən mötəbər dövlətlərindən sayılan Kordova...

Ərəb təsirindən orada yadigar qalan dəbdəbəli məscidlər və imarətlər olsa da, nə ərəblərin, nə onların sivilizasiyasının izi, sorağı var. Rekonkista təkcə dövlətin özünü darmadağın etməmiş, həm də ərəbləri də Afrikaya sıxışdırmışdır. Zamanlar dəyişir, xalqlar qürbətə üz tutur, reallıq başqalaşır.

Kifayətdir ki, bir dövlətə nəzər salıb, onun əhalisinin dəyişməsini, mədəniyyətinin gəlişməsini, etnik tərkibinin başqalaşmasını, yerli sakinlərin gəlmələrlə qaynayıb-qarışmasını izləyəsən.

Bu gün belə araşdırmalara qatılmaq maraqlı olsa da, bunlardan öz iddialarını təsdiqləmək niyyətilə faydalanmaq cəhdi sadəcə baş tutan deyil.

Qəribədir ki, bir çərək yüzillik ərzində qondarma Dağlıq Qarabağ qurumunu heç bir dövlət tanımayıb. Heç bir ölkə, həmçinin Ermənistan özü də. İyirmi beş ildir ki, Dağlıq Qarabağ vətəndaşları başqa ölkələrin pasportlarını almağa məcburdular ki, harasa müalicəyə, istirahətə ya ezamiyyətə yollana bilsinlər. Sülh yoluyla tənzimlənmənin heç olmasa ağlabatan cizgiləri sezilən kimi, dərhal bu tünük körpüləri alt-üst edən növbəti fitnəkar bir yazı meydana çıxır.

Cənab Balayan! Ədəbiyyatın amalı dağıtmaq yox, yaratmaqdır. Biz yüksək əxlaqi dəyərləri təlqin etməliyik, elə dəyərlər ki, onlar üçün bu qədər ahu-zar edirsiniz. Belə pafosnan vəsf etdiyiniz Xristian məzhəbinin məğzinə varın. Mən hətta demirəm ki, öz düşmənlərinə məhəbbət bəslə (Həzrət İsanın çağırışlarından – red.). Amma ən əvvəl özgə xalqına məhəbbətlə köklənin. Başa düşürəm öz qonşularınız türklərə, azərbaycanlılara bunca nifrət bəsləməyinizin səbəbini. Lakin öz xalqınızı bunca sevmədiyinizi anlamıram. Dostoyevski hesab edirdi ki, bəşəriyyətin bütün günahlarını Servantesin bircə “Don Kixot” kitabı yuya bilər. Siz isə öz epistolyar və jurnalist sicilləmələrinizlə var qüvvənizlə başqa bir həqiqəti sübut etməyə can atırsınız. Bircə fitnəkar məqalə növbəti dəfə bir xalqı o birisinə qarşı qənim edə bilər.

Haçanadək? Nə qədər olar? İyirmi beş il boyu qanlar axır, düşmənçilik, qarşıdurma davam edir. Bəlkə dayanmaq vaxtıdır? Bəlkə bəsdir? Öz xalqınızın iqbalını necə görürsünüz? Doğma Qarabağın aqibətini? Qonşularla əbədi, sonu bilinməyən müharibədəmi?

Sizi əhatə edənlərin hamısına qarşı nifrət bəsləməkdəmi? Və bu nə qədər davam edəcək? Məhz sizin kimi “qələm sahibləri”nin sayəsində iki xalq bir-birinə qarşı amansız cəngə qalxmışdır.

Bərəkallah xidmətlərinizə. Azərbaycanlılara, türklərə qarşı ardıcıl nifrət körüklənməsində tayınız-bərabəriniz yoxdur. Lakin erməni xalqı öz seçimini etməlidir. İyirmi birinci yüzillikdə əbədi qarşıdurmaya onun haqqı yoxdur. İndi başqa zəmanədir, başqa əxlaqi davranış düşüncələrə hakim olur. Mən hər cürə millətçilərə – istər özümüzünkü, istər özgəsi olsun – nifrət bəsləyirəm. Hər hansı millətin balası qətlə yetirilirsə bu, vəhşilikdir, heç cür bəraət qazandırılası olmayan vəhşilik!

Sizin çılğın çıxışlarınızın ardınca hər iki tərəfdən minlərlə uşaq, qadın, ağsaqqal, ağbirçək qətlə yetirilmişdir. Soruşmaq istəmirəm – xəcil olmursunuzmu? Bilirəm ki, haqlı olduğunuza şübhə etmirsiniz. Amma inanıram ki, əvvəl-axır ölkələrimizdə, Qafqazda özümüzün bir Simon Vizentalı qabağa çıxacaq və hər hansı millətdən olan qatilləri arayıb tapacaq, cinayətlərini faş edəcək. Onda nə siz, nə də başqa havadarlar və mərdimazarlar məsuliyyətdən qaça bilməyəcəklər.

Və nəhayət, məktubunuz haqqında. Burada erməni xalqına nəsə gözükölgəlik gətirən, alçaldıcı çalar var. Sanki tutaşmış, vuruşmuş iki oğlan uşağının biri özgə dayını köməyə çağırır.

Axı sizin prezidentiniz aləmə car çəkmişdi ki, Qarabağ artıq qonşu respublikanın ərazisinin beşdə bir hissəsini zəbt etmiş, hərbi əməliyyat davam edərsə, qalanını da basmarlaya bilər.

Bir tərəfdən Serj Azatoviçin bu lovğalığı, digər tərəfdən də sizin “Açıq məktub”unuz.

Bəlkə qonşularla dalaşmaqdan, sonra da “dayını” haraylamaqdan daha yaxşısı dinc oturmaqdır? Bəlkə qonşularla sadəcə dil tapıb dostluq etmək daha yaxşıdır?

Yoxsa arası kəsilməyən kin-küdurət və düşmənçilik durumu sizə daha xoşdur?

Daha bir məqam. Sizin tərcümeyi-halınızda və Ermənistan prezidentinin tərcümeyi-halında Azərbaycan Respublikasında doğulduğunuz göstərilir. Bunun sizin hamınızı necə haldan çıxardığını təsəvvür edirəm. Amma neyləyəsən, tarixi həqiqət budur. Və bu həqiqət isə sizin nifrətinizdən, yaxud qonşulara qərəzli münasibətinizdən asılı deyil.

 





08.11.2013    çap et  çap et