525.Az

Sistemli təhsil uzun müddət tələb edən prosesdir


 

Xalqın və ölkənin tərəqqqisinə xidmət edən təhsil böyük diqqət və qayğı tələb edir

Sistemli təhsil uzun müddət tələb edən prosesdir<b style="color:red"></b>

fəlsəfə elmləri doktoru, professor
[email protected]
www.raliyev.az

Məqaləni cəmiyyət üçün çox önəmli olan bir mövzunun təhlilinə cəhd kimi qiymətləndirmək olar. Azərbaycan xalqının inkişafı, sabahı məhz sözügedən mövzu ilə bağlıdır. Bu, son dövrdə Azərbaycan ictimaiyyətini maraqlandıran və narahat edən məsələdir. Əgər biz Azərbaycanın qüdrətli dövlət, xalqımızın dünyada sayılıb-seçilən xalq olmasını istəyiriksə, onda təhsilimizin yüksək səviyyədə inkişafı üçün səylərimizi birə-on artırmalıyıq.

Təhsilin hələ kiçik yaşlardan etibarən ölkə vətəndaşlarının düşüncəsinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini, onun ölkənin inkişafında və digər dövlətlərlə, xalqlarla münasibətlərinin yaranıb möhkəmlənməsində oynadığı xüsusi rolu nəzərə alaraq, Prezident İlham Əliyev oktyabrın sonunda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında xüsusi Sərəncam imzaladı.

Etiraf etməliyik ki, bugünkü təhsil uzun müddət ərzində ölkəmizdə elm-incəsənət-din üçbucağının tamhüquqlu elementi ola bilmədi. Üçbucağın birinci tərəfinin zəifliyi (hər bir ciddi elm keyfiyyətli təhsildən başlayır) ucbatından cəmiyyət həmişə əziyyət çəkib və çəkməkdə davam edir. Şahid olduqlarımız bir mühüm fikirlə razılaşmağa əsas verir ki, yetişən yeni nəslin ictimai şüurunun formalaşmasında təhsilin rolu istənilən səviyyədə deyil və o, tarixi irsimizi yad elementlərlə zənginləşdirir. İnsanların vahid təhsil məkanına sıx inteqrasiyası yolunda üzə çıxan bütün neqativ hallar məhz buradan qaynaqlanır. Artıq əxlaq və mənəviyyatın pozulmasının ciddi səbəblərinə çevrilmiş korrupsiya, rüşvətxorluq və  narkomaniyaya qarşı mübarizənin çətinliyini də onunla əlaqələndirmək səhv olmazdı.

Zənnimcə, dövlət başçısının imzaladığı sözügedən sərəncam təhsilə göstərilən dövlət qayğısının vacibliyindən xəbər verir və savadlı vətəndaş cəmiyyətinin formalaşmasında keyfiyyətli təhsilin mühümlüyünü bir daha gündəmə gətirir.

Çətin ki, savadsızlığın səviyyəsi yüksək olan bir cəmiyyətdə demokratiyanın sürətli inkişafından, geniş söz azadlığından, insan hüquqlarından asanlıqla danışmaq səmərəli effekt versin. Bu məqaləni yazmaqda məqsədim məhz həmin fikri oxucuya çatdırmaqdır. Təhsil inkişaf etmiş intellektin köməyilə açıq demokratik cəmiyyətin formalaşmasında dövlətin bütün digər tərəqqi tələb edən sahələrində imkanlarını genişləndirə və uğurlar əldə etməyə kömək kimi vacib amil ola bilər.

Bu gün kimsə inkar edə bilməz ki, vaxtilə Sovet İttifaqında bərqərar olmuş ibtidai, orta və ali təhsil sistemi uzun illər boyunca dünyada ən keyfiyyətlilərdən biri olub. Həmin illər Azərbaycanın tarixində uzunmüddətli mərhələ təşkil edir və bir sıra siyasi xarakterli neqativ elementlərin olmasına baxmayaraq, təhsil sahəsində baş vermiş köklü inkişaf, savadsızlığın tam ləğvi obyektiv qiymətləndirilməlidir. Belə ki, təhsilin pulsuz və təmənnasız olması, kütləvi xarakter daşıması və tamamlanmış sistem halında formalaşdırılması, təhsilin dünyəviliyinin təmin edilməsi məhz sovet dövrü ilə sıx bağlıdır. Əksər hallarda sözügedən sistem uşaqların, yeniyetmə və gənclərin  təhsil və məlumatlılıq səviyyəsinə, tərbiyəsinə müsbət təsir edəcək dərəcədə mühüm ictimai-sosial bir instituta çevrilmişdir.

Amma zaman dəyişir. Tarixin bizə hansı sürprizlər hazırladığını öncədən proqnozlaşdırmaq çətin və bəzən də ümumiyyətlə mümkün olmur. XX əsrin sonuncu on illiyində bir çox obyektiv və subyektiv  səbəblərdən SSRİ süquta uğradı. Onunla birgə möhkəm özüllü güclü təhsil sistemi demək olar ki, heç bir ciddi zərurət olmadan köklü "yenidənqurma" dövrünü yaşadı. Keçmiş sovet vətəndaşları isə təhsil sistemində sonradan acı nəticələr doğuracaq dəhşətli "inqilab"ı nəzərdən qaçırdılar. Bir sözlə, özündə guya yalnız imperiya sisteminə yarayan ateist görüşləri ehtiva edən elementləri əks etdirən pis və ya yaxşı nə varsa, hamısı birlikdə məhv edildi. Əslində bu, "kapitalizmə qalib gəlmiş ilk ölkə"də olan bir sıra mənfi hallara qarşı təbii daxili və emosional etirazın nəticəsi idi. Amma unutmayaq ki, həmin mənfi hallarla birgə uzun illərin sınağından çıxmış sovet təhsil sistemindən də demək olar ki, tamamilə imtina edildi. Necə deyərlər, "qurunun oduna yaş da yandı".

"İnqilab"ın bu sahədə nəticəsi özünü çox gözlətmədi. Təəssüfləndirici bir hal olsa da, etiraf etməliyik ki, bu gün hazırlıq və intellekt səviyyəsindən asılı olmayaraq, orta və ali məktəb müəllimlərinin çoxu hansı sistem əsasında fəaliyyət göstərdiklərini dəqiq bilmirlər. Bunun nəticəsi olaraq bəzən onlar şagird və tələbələrə zəruri olmayan əlavə məlumatlar verir,  təhsil üçün vacib olan bütöv bir metodologiyaya əsaslana bilmirlər. Bütövlük təşkil edən metodologiyanın yoxluğu ucbatından təhsil sahəsində olduqca acınacaqlı vəziyyət formalaşıb və bu artıq sistem formasını almaqdadır.

Əslində hazırda baş verənlər bir növ sistemsizliyin fəsadlarıdır və fərdi məsuliyyətin zəifləməsindən irəli gəlir. Vahid təhsil sisteminin olmaması son nəticədə məktəb və ali təhsil müəssisələrində korrupsiya və rüşvətxorluq hallarının çoxalmasına yol açır. Beləcə, on illər ərzində formalaşmış zəncirvari tərbiyə, təhsil və şəxsiyyətin, vətəndaşın formalaşması prosesi bir çox halda aralarında sıx əlaqə olmayan hissələrə parçalanır. Nə qədər ağrılı da olsa, qeyd etməliyik ki, şagird və tələbələrə müxtəlif fənlər vasitəsilə çatdırılan məlumatların mənimsənilməsi prosesi məntiqi baxımdan nəinki bir-birini  tamamlamır, əksinə, çox zaman bir-birilə ziddiyyət təşkil edir. Bu barədə mətbuatda kifayət qədər müzakirələr, tənqidi məqalələr özünə yer tapdığından problemin bu tərəfinə toxunmaq istəmirəm. Təhsildəki maddiyyatın (pullu təhsil, qiymət alqı-satqısı və s.) tərkibini də əlavə etsək, vəziyyətin nə qədər xoşagəlməz və zərərli olduğunu təsəvvür etmək o qədər də çətin deyil.

Nəticə göz qarşısındadır: təhsil sistemini bərpa etmək, korlanmış mühiti təmizləmək, saflaşdırmaq əvəzinə hamının gözü önündə uzun əsrlərin sınağından çıxmış mənəvi-etik və ailə dəyərlərimiz deformasiyaya uğrayır. Axı təhsil kampaniya xarakteri daşımır və tarixdə də heç vaxt belə olmayıb. Təhsil müxtəlif iddiaların təhlili və tətbiqi üçün laboratoriya xarakteri daşımamalıdır. Bu, uzunmüddətli bir sistemdir. Bu sistemdəki çatışmazlıqları aradan qaldırmaq üçün bizə on illərlə vaxt və səy göstərmək lazım gələcək.

Əcdadlarımızın bizə ötürdükləri qiymətli irs olan təhsil sistemi sahib olduğumuz ən yüksək dəyərlərin qorunub saxlanılması baxımından olduqca əhəmiyyətlidir. Ötən əsrin 90-cı illərinin və XXI əsrin əvvəllərinin yetirməsi olan gənc nəsil bu gün yeni təhsil "sistem"ində formalaşır və həyata vəsiqə alırlar. Azərbaycanın inkişafına öz töhfələrini vermiş dahi alimlər, istedadlı akademiklər elm uğrunda böyük xidmətlər göstərəndə gənc nəsil hələ dünyaya göz açmamışdı. Təhsildəki bəzi uğurları yeni sistemlə bağlamağa çalışan həmin gənclər olmadıqları vaxtda da bu təlim-tərbiyə prosesi inkişaf edib və mükəmməlləşib. Bütün bunları inkar etmək mümkünsüzdür. Düzdür, bu gün yeni nəsil böyüyüb boya-başa çatır, ən öndə gedən ali təhsil müəssisələrində (əsasən Avropa və ABŞ-da) təhsil alır, iş-güc, ailə sahibi olurlar, amma onların heç də hamısı cəmiyyətdə ixtisaslarına uyğun öz yerlərini müəyyənləşdirə bilmir. Çünki bir zamanlar mövcud olan təhsil sistemini dəyişərkən biz heç özümüz də dəqiq bilmirdik ki, sovet təhsil və tərbiyə sistemini nə ilə əvəz edirik. Əgər yeni sistem cəmiyyətə vətənpərvər və savadlı fərdlər bəxş etmirsə, o zaman onun ölkəyə nə faydası ola bilər?! Bütün bunlar olmadan heç bir cəmiyyət yüksək nailiyyətləri ilə tam əminliklə öyünə bilməz, sağlam durumlu cəmiyyət sayıla bilməz. Zənn edirəm ki, dediklərim çoxlarına məlum olan məlumatlardır.

Vəziyyət bu qədər acınacaqlıdırsa, o zaman nə etməli?! Əlimizi yanımıza salıb, oturub gözləyərək yalnız Allaha təvəkkülmü etməliyik?!

Bu gün təhsildəki şərh olunması çətinlik yaradan durum o həddə çatıb ki, artıq valideynlər də anlayırlar ki, övladlarının məktəbdə keçdikləri dərslər əksər hallarda heç nəyə yaramır. Ev tapşırıqları yalnız şagirdlər üçün əlavə yükdür və onlar övladlarımızın normal yaşayış, təhsil və istirahətinə mane olur. Lakin valideynlər mövcud vəziyyətə müdaxilə etməkdə acizdirlər. Bir çox məktəblərdə yaradılan valideyn komitələri bu gün məktəbləri təmir etmək, istilik sistemi ilə təmin etmək üçün vəsait toplamaqla məşğul olur və yalnız bu cür vasitələrlə övladlarının ümumi kütlə içərisində itib-batmamalarına gücləri çatan qədər kömək etməyə çalışırlar. Çünki mövcud sistem daxilində əllərindən başqa heç nə gəlmir...

Əmək haqlarının aşağı olmasında giley-güzar edən müəllimlərin həyat səviyyəsinin aşağı olması da bu sahəyə təsirsiz ötüşmür. Hamı yaxşı başa düşür ki, bugünkü əmək haqları müqabilində müəllimin şagirdə yüksək səviyyədə, vicdanla təhsil verməsini gözləmək və ya bunu israrla tələb etmək inandırıcı səslənmir. Mövcud şərtlər daxilində pedaqoqun maddi rifahını bir kənara qoyub yalnız onun vicdanına, mədəniyyətinə və vətənpərvərliyinə ümid bəsləmək bir qədər sadəlövhlük olardı. Üstəlik, nəzərə alsaq ki, müstəqillik əldə edilən vaxtdan sonrakı iyirmi il ərzində bu meyarlar artıq kifayət qədər deformasiyaya uğrayıb, o zaman yaranmış mənzərəni göz önündə canlandırmaq daha asan olar. Əksər müəllimlər və pedaqoqlar haqlı olaraq hesab edirlər ki, mövcud vəziyyəti kiçik cəhdlər və mütəmadi olaraq cüzi məbləğdə artırlan əmək haqları ilə düzəltmək mümkün deyil.

Mənə elə gəlir ki, bugünkü kapitalizm sisteminə gedən istiqamətə yönəldiyimiz bir dövrdə demək olar ki, ciddi maliyyə çətinliyi daşıyan, qazancı müqabilində özünü həyatın bir çox zövqlərindən məhrum etməyə məcbur olan müəllim şagirdə yüksək mənəvi-etik dəyərlər, vicdanın səsini eşitmək kimi vacib tərbiyə-təlim vasitəsini yetərincə aşılaya bilməz. Öz həyat tərzi, maddiyyata, mövcud mühitə münasibətilə müasir müəllim, çətin ki, şagirdə örnək ola bilsin. Dərk edirik ki, kamil insan idrakın, elmin, həyat təcrübəsinin gücündən bəhrələnməklə daim həqiqət axtarışındadır. Orta təhsil illəri insanın məhz belə bir yaş dövrünə təsadüf edir. O, həmin vaxt həyatda hələ kövrək addımlarını atır, yaxşı ilə pisi ayırd etməkdə, baş verən hadisələrin mahiyyətini düzgün aydınlaşdırmaqda, şübhələr və qeyri-müəyyənliklər məngənəsində qalaraq irəliləyə inkişafın istiqamətini müəyyənləşdirməkdə çətinlik çəkir. Çox vaxt həyatda onu əhatə edən insanların nümunəsində söz və əməlin ziddiyyətinin şahidi olur. Bu baxımdan, deyə bilərik ki, bu gün onlardan asılı olmayan səbəblər üzündən müəllimlərin dərs dedikləri şagirdlərə nümunə olmaq imkanını onların həyatında məhdudlaşdıran çoxlu amillər mövcuddur. Əslində övladlarımıza verilən təhsil zəmanətli kompas rolunu oynamalıdır. Gənclərin təhsil aldıqları məktəblərdə elə bir mənəvi-psixoloji iqlim və təlim-tərbiyə şəraiti hökm sürməlidir ki, uşaqlar şübhələrdən, mənəvi təlatümlərdən, sarsıntılardan bir qədər azad olsunlar, onlarda həyata və insanlara inam yaransın, müstəqil surətdə həqiqəti axtarıb tapmağın yollarını öyrənsinlər, mənəvi cəhətdən saf və əqidəli formalaşsınlar. Doğrunu tapmaq insanın mahiyyətini təşkil edən ən vacib amillərdəndir. Təsadüfi deyil ki, vaxtilə dahi yazıçılarımız məktəbi müqəddəs məbəd adlandırmışlar. Məktəb belə bir şərəfə yalnız biliklərin mənimsənildiyi müəssisə olduğu üçün deyil, hər şeydən əvvəl, mənəviyyatlı insanlar yetişdirməkdə mühüm rolu üçün layiq bilinibdir. Hər bir vətəndaşın həyatında müəyyən dəyişikliklər yaradan mühüm psixoloji-mənəvi məqamlar cəmiyyətdə qarşılıqlı münasibətlər elementlərini - tərbiyə (ailə), təhsil (məktəb və universitet) və mənəvi-etik dəyərləri müəyyənləşdirir. Bu üç element hər bir cəmiyyətin təməl daşlarındandır.

Bu, keçmişdə də belə olub, bu gün də belə olmalıdır. Dəyişən yalnız bizim bioloji, maddi varlığımızın şərtləridir. Buna görə də "Pul hər şeyi həll edir, kapital dünyanı İdarə edir, pulla hər şeyi satın almaq olar!" kimi kapitalizm sisteminə aid formul getdikcə gənc nəslin şüuruna daha çox təsir göstərir. Zaman öz-özlüyündə bu vacib işdə ciddi rol oynamır. Hamımız bilirik ki, insan vaxtın  meyarı ola bilməz. Bəşər övladı hələ ki, belə texniki-elmi imkanlara sahib deyil. Buna görə də insan sürətə dəyişən zamanla ayaqlaşmaq üçün hər bir şəxs həyatında vaxtaşırı yaxşılığa doğru həyatında, əqidəsində, baxışlarında mövcud elementləri saf-çürük etmək məcburiyyətində qalır. Bu təbii prosesdir. Amma çətin ki, bu cür dəyişikliklər bizim birgə yaşayışımızın, qarşılıqlı anlaşma və tələbatımızın formalaşmasına təsir göstərən və əsrlərlə yaşı olan, neçə-neçə nəsillərin sınağından çıxmış adətlərimiz, mənəvi-etik dəyərlərimizlə cilalanmış cəmiyyətdə müasir dəyişiklikləri şərtləndirə bilsin. Hər şey heç də göründüyü qədər sadə deyil. Axı hamı baş verənlərə eyni bucaqdan baxıb, eyni nöqteyi-nəzərdən qiymət vermir. Bu, sadə məntiqin əleyhinə olardı. Lakin təlim-tərbiyə prosesinə, necə deyərlər, bir gözlə baxmaq tələbini heç kəs inkar edə bilmız.

Bu məqamda dahi maarifçimiz Sabiri və onun dillər əzbəri olan "Oxutmuram! Əl çəkin!" şeirini xatırlamamaq mümkün deyil. Digər maarifpərvər yazıçımız Cəlil Məmmədquluzadə isə zamanında əsasını qoyduğu "Molla Nəsrəddin" satirik jurnalının hər nömrəsinin bir neçə səhifəsini məhz təhsil problemlərinə və yetişməkdə olan yeni nəslin tərbiyəsinə həsr edirdi. Tarixi keçmişimizin təhsillə bağlı səhifələrini vərəqlədikcə müxtəlif dövrlərdə, xüsusilə XIX-XX əsrlərdə bu sahədə irəliləyişlərin xeyli gücləndiyinin şahidi oluruq. O vaxtlar milli maarifçilik hərəkatının öncülləri olan Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev,  Nəriman Nərimanov və digər görkəmli şəxsiyyətlərin azərbaycanlı balaların mənəviyyatının sağlamlığı sahəsində gördükləri işlər, çəkdikləri zəhmət əsl fədakarlıq və vətənpərvərlik nümunəsi idi.

Düzdür, cəmiyyət bir nöqtədə qərarlaşmır. O, canlı orqanizmlərdən ibarət olduğu üçün daima fəaliyyətdə, inkişafdadır. Lakin təhsil varlığın digər seqmentlərindən fərqli olaraq dəqiq və uzun müddət dəyişməyən sabit qanunlar çərçivəsində inkişaf etmişdir və bu, əslində mühafizəkarlıq kimi başa düşülsə də, normal hal kimi qiymətləndirilməlidir. İnkişaf və yeniləşmə prosesi elə baş verməlidir ki, əcdadlarımızdan bizə əmanət qismində qalan dəyərlər yeniliklərin qurbanına çevrilməsinlər. Axı bu gün sahib olduqlarımız bizdən əvvəlki nəsillərə elə də asanlıqla başa gəlməyib. Heç şübhəsiz, müasir Azərbaycanımızın yaxın keçmişində mövcud olan sistemləşdirilmiş bilik və bacarıqların məcmusunu ifadə edən keyfiyyətli təhsil digər vacib bəşəri dəyərlər kimi birdən-birə formalaşmamışdır. Sosial-iqtisadi tələblərin yerinə yetirilməsində müəyyən bilik və həyati bacarıqların əldə olunmasının vacibliyi tədricən müxtəlif istiqamətlər üzrə xüsusi təlim verən məktəblərin təşkilinə gətirib çıxarmışdır. İxtisaslaşmış məktəblər yaradılmış, bu isə öz növbəsində vətəndaşlara vacib olan bir əmək və qazanc alətinə yiyələnmək imkanı vermişdir. Bu məktəblərdə həyata keçirilən təlimlər isə təlim-tərbiyə, yəni təhsil anlayışının yaranmasının əsasını qoyub. Bütövlükdə götürsək, bəşər sivilizasiyasının təşəkkülü, formalaşması və inkişafı bilavasitə təhsillə bağlıdır. Ayrı-ayrı dövrlərdə müxtəlif xalq və millətlərin, onların nümayəndələrinin yaratdığı pedaqoji fikirlər, ideya və konsepsiyalar bəşəri xarakter daşımaqla bütün millətlərə və xalqlara eyni dərəcədə açıq olmuş, dünyanı inkişafa doğru aparan tükənməz mənəvi sərvətə çevrilmişdir. Əgər sakinləri olduğumuz dünyanı obrazlı şəkildə qərinələr və əsrlərdən ibarət binaya bənzətsək, heç şübhəsiz, bu möhtəşəm binanın məhz təhsil adlanan möhkəm və etibarlı bünövrə üzərində qərar tutmasını heç kəs inkar edə bilməz. Digər xalqlarda olduğu kimi, bizdə də bu bünövrəni qurmaq üçün əcdadlarımız əsrlər boyu zəhmət çəkiblər. Bizim borcumuz sahib olduqlarımızın qədrini bilmək, onları qoruyub saxlamaqdır. Çox təəssüf ki, hazırkı nəslin bir çox nümayəndələri yad dəyərləri qəbul etmək və mənimsəmək baxımından daha fəal olduğundan Avropanın özündə belə saxta mədəniyyətin etalonu sayılan elementlərə aludə olur, gördükləri və eşitdiklərini saf-çürük etməkdə tənbəllik nümayiş etdirirlər.

Bu işdə biz böyüklərin üzərinə böyük məsuliyyət düşür. Əcdadlarımızdan bizə yadigar qalmış yüksək dəyərləri qoruyub saxlamaq, sonrakı nəsillərə ötürmək bizim mənəvi borcumuzdur. Həmin dəyərlər bir günə yaranıb formalaşmayıb, zamanın sınağından çıxaraq getdikcə daha da zənginləşib və mükəmməlləşib.

Amma bir məqamı unutmayaq ki, babalarımızdan bizə irs qalan dəyərlərin heç də hamısının dövrümüz üçün yararlı olduğunu desək, səhv edərik. Onlar da toxunulmazlıq hüququna sahib deyillər, islahata, dəyişikliyə və ya yüngül korrektəyə ehtiyac duyurlar. Bu, onları məntiqə, dövrümüzün  tələblərinə uyğunlaşdırmaq fikrinə maneə ola bilməz.

Nə ediriksə-edək, amma mənəvi-etik, dini-ailə dəyərlərinin əsas meyarlarına şübhə ilə yanaşmayaq. Əks təqdirdə dəyişən müasir dünyamızın müsbət tərəflərini düzgün şəkildə mənimsəyə bilməyəcəyik. Həmin dəyişikliklərin bizə yad əxlaqi-mənəvi dəyərləri üstün tutmağa gətirib çıxarmasına yol verməməliyik. Əxlaq qanunlar və ya dəyişən xarakterli maraqlar əsasında formalaşmır. O, bizim hər birimizin daxili aləmindədir. O, bizim həyatımızdan, imanımızdan, adət və ənənələrimizdən doğan qaydalarla tənzimlənir, daxili aləmimizdə özünə yer taparaq əməllərimiz meyarına çevrilir. Təhsil kimi əxlaq da bir dəqiqəlik məsələ deyil, kampaniya formasında tez dəyişmək, yeniləşmək iddiasına məruz qalmamalıdır. Onların transformasiyası üçün ciddi səbəblər qaçılmazdır. Əxlaq həcmli, geniş, sərhədsiz və hüdudsuz anlayışdır. Onun əsasında ilk növbədə yüksək səviyyəli  təhsil durur. Həmin təhsil sistemi isə beynəlxalq təcrübə və ümumbəşəri dəyərlərlə yanaşı, həm də zəngin mütərəqqi ənənələrə və milli-mənəvi özəlliklərə söykənir, ictimai həyatımızda qərarlaşır. Təhsil sistemində vahidlik və varisliyin olmasını mən inkişafımız bir neçə ən mühüm amillərindən biri, bəlkə də birinci hesab etdiyimi desəm, yanılmaram.

P.S. Mən bu mövzuya bir daha qayıtmamaq qərarı verdiyimdən rus dilinin tədrisi ilə bağlı fikirlərimi də oxuculara çatdırmaq istəyirəm. Bu gün rus dilinin tədrisinə qarşı çıxanların sayı getdikcə artır və həqiqətən də orta və ali məktəblərdə bu dilin tədrisinə ayrılan saatlar azaldılmışdır. Rus dilinin öyrənilməsinə qarşı çıxanların ən böyük səhvi ondan ibarətdir ki, bu insanlar dili millət və dövlət anlamı ilə qarışdırırlar. Biz ingilis dilini ingilislərə, alman dilini almanlara görə öyrənmirik. Xarici dili öyrənməyin nə qədər vacib olduğunu sübut etmək cəhdlərinə ehtiyac hiss etmirəm. Amma rus dilinə qarşı münasibəti neqativ, əsası olmayan bir səhv fikir kimi qiymətləndirirəm.

Dil ümumbəşəri xarakter daşıyır. İmperiyalara, müstəmləkələrə olan neqativ düşmən münasibət dilə aid edilə bilməz. Belə olmasaydı, bütün Afrika və Latın Amerikası xalqları ingilis, ispan və fransız dillərinə nifrətlə yanaşar və onları öyrənib dövlət dili kimi qəbul etməzdilər. Əsrlərlə İngiltərənin əsarətində yaşamış milyard nəfərdən çox əhalisi olan Hindistanda ingilis dili dövlət dili statusu daşıyır. Amma hətta irqi mənsubiyyətinə görə bu dil hindlilər üçün tamamilə yad və çətin tələffüz edilən dildir. Belə misalların sayı çoxdur.

Odur ki, rus dilinə olan münasibətin pozitiv istiqamətə yönəlməsi yalnız və yalnız xalqımızın mənafeyinə xidmət edəcəyinə əminliyimi bildirmək istəyirəm. Bu dil vasitəsilə təkcə Rusiya, Orta Asiya deyil, həm də Şərqi Avropa ölkələri ilə əlaqə yaratmaq imkanımızı çox genişləndiririk. Nə isə, bu, mənim dəyişməz fikrimdir və onu həmişə müdafiə etməyə çalışmışam. Dil ünsiyyət vasitəsidir. Özünü vacib bir alətdən məhrum etməyin faydasını sübut etməyə çalışanların heç bir tutarlı əsasları, faktları, sübutları yoxdur.

Bu məsələ xüsusi müzakirə obyekti olduğundan hələ ki, dediklərimlə kifayətlənirəm.

 





09.11.2013    çap et  çap et