525.Az

Fəxrəddin Meydanlı: "Tanrı verir taleyi"...


 

Fəxrəddin Meydanlı: "Tanrı verir taleyi"...<b style="color:red"></b>

Qabaqlar elə bilirdim ki, ədəbi aləmdə Meydanlı kimi tanınmış Fəxrəddin müəllim təxəllüsünü ötən əsrin səksəninci illərinin sonlarında ictimai-siyasi həyatın qaynar mərkəzinə, nifrət və məhəbbətin ortaq dünyasına çevrilmiş ünvandan - Bakının məşhur Azadlıq meydanından götürüb. Ancaq sonralar öyrəndim ki, meydanlılar bu meydanın heç izi-tozu olmayanda meydanda at oynadıblar. Onlara ulularından yadigar qalmış Meydanlı Ucar rayonundakı Boyat kəndinin Təzədöyənlər, Aynalılar-Qaytaranlılar, Zamanlılar kimi tarixi dəngələrindən - məhəllələrindəndir ki, onun da tanınmış nümayəndələrindən biri öz könül dünyasını ömür ağacının iki budağı arasında qurmuş Fəxrəddin Meydanlıdır.

Bu budaqların biri poeziya budağıdır, o biri də iqtisadiyyat budağı.

Poeziyanı ona görə önə çəkirəm ki, Fəxrəddin müəllimin şairliyi iqtisadçılığından xeyli qabaq - hələ məktəbliykən gənc ədəbiyyat müəlliməsinə sevgi ilə başlanıb və bir də ayılıb ki, bu ilk platonik məhəbbət dodaqlarında çəmən çiçəkləritək ətirli misralara çevrilir.

İllər keçəcək və o, həmin misraları yenidən xatırlamağa çalışıb deyəcəkdi: "Müəlliməmiz çox istedadlı pedaqoq idi. Ədəbiyyatı bizə elə sevdirirdi ki! Əslində mənim ona sevgim də ədəbiyyata, şeirə sevgi idi".

Az sonra onun poetik sözə sevgisinin üst qatını qədim yurd yerlərimizə, Boyat tarixinə dərin maraq və vurğunluq hissi bəzəyib. Fəxrəddin müəllim doğma kəndindən danışanda elə bilirsən ki, hazırca diplomlu diyarşünasdır. Kəndin yolunu-yolağasını, bağlarını-bostanlarını, toponimlərdə əbədiləşmiş Teymurdüşən, Həsən ocağı, Əbləsənbatan kimi dəngələrini elə təsvir edir ki, sanki bu aran kəndində yayda göydən od yağmır, kolların-kolpanların dibində ilanlar mələmir, həyətlərdə ağcaqanad, hünü, mığmığa gözə dürtülmür...

Bir insan və şair kimi Fəxrəddin Meydanlının təbiəti və yaradıcılığının bu xüsusiyyəti onun qələm dostlarının da nəzərindən qaçmayıb. Onlardan biri - "Vətən" deyəndə xəyalları nura boyanan, könlünə-ruhuna təravət çilənən qocaman yazıçı-publisist Nahid Hacızadə Fəxrəddin müəllimi şair etmiş incə mətləblərə toxunaraq yazır ki, "O, barlı-bərəkəti, sazlı-sözlü üfüqləri bir-birinə gəl-gəl deyən Şirvan torpağında dünyaya göz açıb. Beşiyinə ana laylası ilə birgə şöhrətli Aşıq Şakir, Aşıq Pənah sazının, sorağı eldən-elə yayılan ustad Həsrət Hüseynovun qara zurnasının səsi axıb.

Uşaqlıq illərindən kitablara könül verib, nağılları, dastanları sevib... İllər bir-birini əvəz etdikcə həssas qəlbi söz üstünə köklənib, hisslərini, arzusunu şeirə çevirib".

 

Ürəyimdə yerin var,

Xalıda naxış kimi.

Gözüm yol çəkər, axar,

Həsrətli baxış kimi.

 

Nə payız, qış, yay, bahar,

Əsər xəzri, gilavar.

Misralarım damcılar,

Çiskinli yağış kimi...

 

Fəxrəddin Meydanlının insanların qəlbinə və ruhuna yağan misraları, bu misraların əmələ gətirdiyi şeir yağışı könüllərdə yeni duyğular cücərdir, gözəl arzular-diləklər göyərdir. Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli yazır: "Fəxrəddin Meydanlınıın şeirlərini götürdüm, neçə gün bu şeirlərlə üz-üzə qaldım, bu şeirlərlə dostluq etdim, bu şeirlərdə çırpınan bir ürəyin odunu, yanğısını, gözəllik duyğusunu hiss etdim".

Söz sənətinin nüfuzlu bilicisinin Meydanlı şeirlərindən aldığı bu təəssürat diqqəti yenidən belə bir həqiqətə cəlb edir ki, insana ünvanlanan, ona hörmət və məhəbbətlə süslənən, onun arzularına işıq tutan poeziya həmişə oxunacaq və seviləcək. Çünki insan bütün dövrlərdə, hətta özünün ən bəxtəvər çağlarında da sevgiyə və xeyirxahlığa, nəcibliyə və nikbinliyə ehtiyac duyur.

Fəxrəddin Meydanlının poeziyası barəsində onun qələm dostlarının, mədəniyyət və incəsənətimizin tanınmış nümayəndələrinin, o cümlədən fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmovun, yazıçı-publisist Məmməd Orucun, bəstəkar Ruhəngiz Qasımovanın, şairlərdən Oqtay Rzanın, Qəşəm Nəcəfzadənin, Əli Vəkilin və digərlərinin rəyləri də bu fikrin leytmotivi kimi səslənir. Prezident təqaüdçüsü, şair İlyas Tapdığın dili ilə desək, Fəxrəddin Meydanlının "yığcam və mənalı sevgi və həyati şeirləri, bitkin fikirli cütlükləri, dördlükləri, bayatıları, dini mövzuda şeirləri, deyişmə, qoşma və gəraylıları orijinal deyim tərzinə, bədii tapıntısına görə diqqəti çəkir, insanın qəlbində nikbin ovqat yaradır".

 

Yaz çağı günəşin zərrəsi kimi

Hopaydım ruhuna, isindirəydim.

Sənin həyatını, könül mülkünü

Baharın özütək bəzəndirəydim.

 

İnsanı, onun iç dünyasını baharlı-bəhərli görmək istəyən F.Meydanlının şeirlərinin dili sadə və rəvandır, bu şeirlərdə ifadə edilən fikirlər isə mücərrəd ibarələr düyünü deyil. Necə deyərlər, ərişi əriş, arğacı arğac yerindədir. Zənnimcə, bu, Fəxrəddin müəllimin ixtisası ilə də bağlı ola bilər. İqtisadçı kimi o, konkret rəqəmlərlə işləyir. Rəqəm isə kimin nə və necə düşündüyündən asılı olmayaraq, dəyişmir, dönə-dönə təkrar edilsə və toplananların yerini dəyişsə də "cəmi:" sözünün qarşısında aydın və dəqiq oxunan "portretini" olduğu kimi saxlayır. F.Meydanlının bədii təfəkkürünün məhsullarında müşahidə edilən bu dəqiqlik, görünür, onun təsvir və bənzətmələrinin, bədii ümumiləşdirmələri və obrazlı deyimlərinin sərhədlərini də müəyyənləşdirir.

Şaqraq gülüş qəlbimə Təpər verir, can verir. Eşqə düşmüş könlümə Tükənməz ilham verir. Bütün sevənlərin gözlərindən oxunan sevincin, dilindən qopan nidanın aydın və dəqiq çəkilmiş "şəkli"...

Buradaca bir haşiyə çıxmaq istəyirəm. Keçmiş sovet dönəmində Azərbaycan Yazıçılar İttifaqının üzvləri olan qələm sahibləri özlərinin, ailələrinin maddi ehtiyacını, güzəranmı nəşr olunan bədii əsərləri üçün aldıqları qonorarla, yaxud da ədəbi-bədii qəzet və jurnallarda, nəşriyyatlarda, mədəniyyət və incəsənət təşkilatlarında çalışmaqla təmin edirdilər.

Fəxrəddin Meydanlı isə həmişə istehsalat adamı olub. Əmək fəaliyyətinə elə Boyat kəndinin özündəcə kolxozçu kimi başlayıb, təhsilini Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) qiyabiçi tələbəsi kimi davam etdirərkən keçmiş Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin müəssisələrində bir sıra fəhlə peşələrinə yiyələnib. Ordu sıralarında xidmət edib və yenidən Yerli Sənaye Nazirliyinə qayıdıb. İqtisadçı mühəndis kimi böyük təcrübə toplayıb. Sonra ölkənin Maliyyə Nazirliyində çalışıb, Dövlət Sosial Müdafiə Fondunun əmək pensiyaları şöbəsinə rəhbərlik edib. Yüksək ixtisaslı və nüfuzlu iqtisadçı kimi yetişib, həmişə də insanlara gərək olmağa çalışıb. Üzlərini belə görmədiyi adamların - pensiya hüququ pozulmuşların müraciətlərini diqqətlə araşdırıb, onların pensiyalarının yenidən hesablanmasına və bu zaman vətəndaşların halal-hümmət pensiyasına göz dikən məmurların cəzalandırılmasına nail olub. Hətta bir əmrlə on iki məmurun "kitabım" birdən bağlatdırıb və sübut edib ki, pensiya işi ilə əlləri və ürəkləri təmiz mütəxəssislər məşğul olmalıdırlar.

Altıncı ildir ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsində məsul vəzifədə çalışır, ailəsinin güzəranını yenə də iqtisadçı olaraq təmin edir və əvvəlkitək bədii yaradıcılığını da davam etdirir.

Azərbaycan yazıçılar, jurnalistlər və aşıqlar birliklərinin üzvü Fəxrəddin Meydanlı "Sevdalı könüllər", "Azərbaycan torpağı - gözəlliklər diyarı", "Sevənlər qocalmır" şeirlər kitablarının, qəzet və jurnallarda dərc edilmiş onlarla publisistik yazının müəllifidir.

Lirika və publisistika F.Meydanlı ilhamının bir-birinə tən gələn və bir-birini tamamlayan qoşa qanadıdır. Onun lirikasının baş qəhrəmanı doğma Vətənimiz Azərbaycandırsa, publisistikasının baş qəhrəmanları da bu Vətənin şöhrətli övladlarıdır. F.Meydanlı publisistik yazılarında məşhur sənət adamlarını - maestro Niyazini, Xan Şuşinskini, Firəngiz Əlizadəni, Emin Sabitoğlunu, Aşıq Şakiri, Zülfiyyə Eldarqızını, söz sənətinin və ədəbi-bədii fikrin görkəmli nümayəndələrini - Qəzənfər Paşayevi, Tofiq Bayramı, Zəlimxan Yaqubu, Ağacavad Əlizadəni, İlyas Tapdığı, Paşa Qəlbinuru, Yasif Nəsirlini, nüfuzlu iqtisadçı-alim Süleyman Qasımovu və başqalarını özünün tanıdığı və duyduğu şəkildə təqdim edib və onların hər biri barəsində yeni söz, yeni fikir söyləməyə nail olub.

Bir dəfə Fəxrəddin müəllimdən soruşdum ki, hansı çətindir: yazmaq, yoxsa yazmamaq?

Cavab verdi ki, məncə dünyada ən çətin iş yazmamaqdır. Yaza biləsən və yazmaq istəyəsən, amma nəyə görəsə yazmayasan, - bax, bu əsl işgəncədir, adamın dincliyini əlindən alıb, onu cin atına mindirən işdir.

Güldüm.

- Daha bunun nəyi iş oldu?! De ki, yazmamaq - vaxt itirməkdir, vaxtın qədrini bilməməkdir...

Sözümü kəsdi:

- Nahaq gülürsən, - dedi, - h

ər sükutun içində qulaqları deşən bir haray, yaxud könül oxşayan bir pıçıltı varsa, yazmamağın, fəaliyyətsizliyin də "içində" cəhənnəm əzabı var. İlham pərisini buxovlamaq olmaz. O pərinin çiynimə qonduğunu duyan kimi oturub şeirlərimi, esselərimi, portret oçerklərimi yazıram. Yaşımın elə vaxtıdır ki, böyük Səməd Vurğunun "Uzadaq ömrünü hər bir anın da" misrasını unuda bilmirəm. Poeziya və publisistika - mənim həyat tərzimdir, düşüncələrimin bədii ifadəsidir. Əvvəllər bəzən yazı masasının arxasında əyləşib, qələmi götürəndə, bir sual mənə rahatlıq vermirdi, elə bil kimsə deyirdi ki, niyə yazırsan? O vaxt hətta bir uşaq sadəlövhlüyü ilə yazmışdım:

Bir payız səhəri pəncərəmdəki açan tək çiçəkdən yazım-yazmayım?! Talada, yamacda, çəmənlikdəki Otdan, biçənəkdən yazım-yazmayım?! Bir müddət keçdi, şeirlərim bəstəkarların diqqətini cəlb etdi, mahnılar bəstələndi. O mahnıları Yalçın Rzazadə, Mələkxanım Əyyubova, Gülüstan Əliyeva, Gülyaz Məmmədova, Nüşabə Ələsgərli, Nazənin, Mənzurə Musayeva, Şəmsiyyə Əliqızı kimi müğənnilər ifa etdilər. Gördüm ki, camaat da zümzümə edir həmin mahnıları, misralarımı dilinə gətirir. Deməli, şeirlərimin ruhu, mənim düşüncələrim, duyğularım başqaları üçün də doğmadır ki, ürəklərdə əks-sədaya çevrilir! Bu, məni narahat edən sualın cavabı idi... Fəxrəddin Meydanlının şeirlərinin birində belə misralar var:

 

Kəfkirimiz qazanda,

Aşın vaxtı azanda,

Tanrı verir taleyi,

Yazan da O, pozan da.

 

Tanrı Fəxrəddin müəllimə gözəl tale verib. Ona şair və publisist taleyi, üstəlik bir iqtisadçı taleyi verib. Düşünmək, sevinmək, hərdən alışıb yanmaq, dağ çaylan kimi kükrəyib coşmaq, bəzən də limanda mürgü döyən və "gözləri" mayak işığından qamaşan sular kimi yaşamaq taleyi verib.

Tanrı kimə nə verdiyini və kimin nəyə layiq olduğunu yaxşı bilir...

Ələkbər ABASOV - ŞƏHRİLİ,

Əməkdar jurnalist

 





09.11.2013    çap et  çap et