525.Az

Musiqişünaslığa dair sanballı tədqiqat əsəri


 

Musiqişünaslığa dair sanballı tədqiqat əsəri<b style="color:red"></b>

Əməkdar incəsənət xadimi, əməkdar elm xadimi, sənətşünaslıq doktoru, Azərbaycan MEA-nın müxbir üzvü, "Humay" mükafatı laureatı Zemfira xanım Səfərovanın yeni monoqrafiyası işıq üzü görüb. "Muzıkalğnaə nauka Azerbaydcana" (XIII-XX veka) adlanan bu nəfis kitab rusdilli oxuculara Azərbaycanın qədim tarixə malik musiqi elmi haqqında zəngin, hərtərəfli məlumat təqdim edən unikal elmi tədqiqat kimi olduqca dəyərlidir.

Azərbaycan dilində ilk dəfə 1998-ci ildə, ikinci dəfə latın qrafikası ilə 2006-cı ildə nəşr edilmiş bu monoqrafiya görkəmli alimin 20 ildən artıq bir müddətdə apardığı elmi axtarışların nəticəsidir. Monoqrafiyanın məzmunu ilə yaxından tanış olduqda, bu cür fundamental tədqiqatın bircə müəllif tərəfindən aparılmasını və belə bir elmi səviyyədə başa çatdırılmasını elmdə əsl fədakarlıq kimi qimətləndirə bilərik.

Əslində Zemfira xanım elm fədaisi olduğunu çoxdan sübut etmiş bir musiqişünasdır. O, 50 ildən artıq bir dövrü əhatə edən elmi-yaradıcılıq fəaliyyətində sənətşünaslığın işlənilməmiş, öyrənilməmiş sahələrinə üz tutmuş, ən çətin mövzular üzərində çalışmışdır. Musiqi elmində keçilməmiş yollarla addımlamaq, tədqiqatçıdan yüksək peşəkar hazırlığın, elmi potensialın olmasını tələb edən məsələləri araşdırmaq Zemfira xanımın bir musiqişünas-alim kimi kredosuna çevrilmişdir. Alimin indiyə kimi musiqişünaslığa bəxş etdiyi dəyərli tədqiqatları yada salsaq, bunların əksəriyyətinin o vaxtadək musiqi elmində açılmamış səhifələr olduğunu görə bilərik.

Yenicə işıq üzü görmüş monoqrafiyaya daxil edilmiş tədqiqatlarla tanışlıq göstərir ki, burada Zemfira xanımın elmi fəaliyyətinin müxtəlif dövrlərində araşdırdığı mövzular öz əksini tapıb. Monoqrafiyanın əsas bölmələri yuxarıda qeyd etdiyimiz Azərbaycan dilində çıxmış nəşrdə yer almışdı. Rus dilində təqdim edilmiş yeni kitab isə həmin nəşrin sadəcə tərcüməsi deyildir, belə ki, Zemfira xanımın sonrakı illərdə apardığı yeni araşıdrmaların nəticələri də burada öz əksini tapıb. Yeni monoqrafiyaya alimin Fətullah Şirvani və onun "Musiqi məcəlləsi" haqqında tədqiqatı daxil edilib; kitabın Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" ilə Səfiyəddin Urməvinin "Kitabül-ədvar" risaləsinin müqayisəli təhlilini verən hissəsi, həmçinin cabbar Qaryağdıoğlunun yaradıcılıq fəaliyyətinə və Qara Qarayevə həsr olunmuş hissələri də yenidir. Beləliklə, söhbət "Azərbaycanın musiqi elmi"nin yeni, olduqca fundamental elmi problemləri araşdıran bölmələrlə zənginləşdirilmiş nəşrindən gedir.

Milli musiqimizin dahi klassiki Üzeyir Hacıbəylinin yaradıcılığı və elmi irsi; Qara Qarayevin estetik konsepsiyası və publisistikası; muğam sənətkarı Cabbar Qaryağdıoğlunun yaradıcılıq fəaliyyəti; Mir Möhsün Nəvvabın elmi və yaradıcılıq irsi; nəhayət, Azərbaycanın orta əsr musiqişünas-alimlərinin elmi irsi - bunlar ilk baxışda tamamilə müstəqil elmi problemlər dairəsini əhatə edən məsələlərdir. Lakin diqqətlə yanaşdıqda görürük ki, bu mövzuları bir-birinə bağlayan mühüm məqamlar vardır. Birincisi, monoqrafiyada müəllifin özü qeyd edir ki, onun Səfiyəddin Urməvi, Əbdülqadir Marağayi, Mir Möhsün Nəvvabla ilk tanışlığı məhz Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" kitabı vasitəsilə baş tutmuşdur. Urməvinin "Kitabül-ədvar"ı üzərində işinə də o, məhz Üzeyir bəy tərəfindən bu əsərin İstambuldan əldə edilmiş foto surətindən başlamışdır. İkincisi, qeyd etdiyimiz mövzulardan hər biri Azərbaycan musiqişünaslığının tarixində müstəsna əhəmiyyətə malik olan fenomenlərlə bağlıdır və xronoloji ardıcıllıqla düzsək, milli musiqi sənəti və elminin orta əsrlərdən bu günə kimi keçdiyi inkişaf yolunun köklü yeniliklər və islahatlarla səciyyələnən mühüm mərhələlərini təşkil edir. Zemfira xanımın alim kimi böyüklüyü də onda özünü göstərir ki, o, bu mövzuları bir ox ətrafında birləşdirərək, həm tarixi, həm nəzəri aspektdə təqdim etdiyi araşdırmaları ilə Azərbaycan musiqisinin qədim dövrdən bu gününə, şifahi ənənəli musiqi sənətindən müasir bəstəkar yaradıcılığına sanki bir körpü salmışdır. Bununla da o, təkcə görkəmli musiqişünas alim deyil, həm də ləyaqətli bir Azərbaycan ziyalısı olduğunu bir daha sübut etmişdir.

Zemfira xanımın Şərq aləminin Səfiyəddin Urməvi, Əbdülqadir Marağayi kimi nəhənglərinin Fikir aləmini, Musiqi aləmini, Elm aləmini açması, ən əsası - bunların Azərbaycana, Azərbaycan elminə və mədəniyyətinə məxsus olan mənəvi sərvət olduğunu dönə-dönə vurğulaması onun həm alim, həm də bir vətəndaş kimi çıxış etdiyi mövqeyi parlaq nümayiş etdirir. Adlarını çəkdiyimiz orta əsr musiqiçi-alimlərinin irsini araşdıran Qərb musiqişünaslarının tədqiqatlarına cavab olaraq, Zemfira xanım bu alimlərin Şərq musiqişünaslığı tarixində müstəsna rolunu açıqlamaqla, eyni zamanda onları məhz Azərbaycan musiqi elminin təmsilçisi kimi təqdim edir, sanki əsrlər arasındakı zaman sədlərini aradan götürərək, Səfiyəddin Urməvi, Əbdülqadir Marağayi və onların varislərinin, daha sonra Mir Möhsün Nəvvabın və Üzeyir Hacıbəylinin elmi irsinin, nəzəri konsepsiyalarının bir-birilə bağlılığını, bunlar arasındakı varislik əlaqələrini üzə çıxarmaqla, Azərbaycanın musiqi elmini uzun əsrlər boyu böyük təkamül keçmiş vahid proses kimi səciyyələndirir. Bununla da o, həmin elmi-mədəni irsin meydana gəlməsini şərtləndirən musiqi yaradıcılığının, musiqi ənənələrinin qədimliyini, zənginliyini və Azərbaycana məxsusluğunu bir daha sübut etmiş olur.

Yeni nəşr olunmuş monoqrafiya özündə tarixi və nəzəri aspektləri üzvi surətdə qovuşdurmaqla, Zemfira Səfərovanın bir musiqişünas kimi peşəkarlığının bir çox cəhətlərini əyani nümayiş etdirir. Burada o, həm musiqi tarixçisi, həm nəzəriyyəçi, həm etnomuzıkologiya və musiqi estetikasının problemləri,  folklorşünaslıq məsələləri ilə məşğul olan alim kimi çıxış edir. Rus dilində təqdim edilmiş monoqrafiyanın yayılacağı məkanı, əhatə edəcəyi oxucular dairəsini nəzərə alsaq, deyə bilərik ki, bu monoqrafiya Zemfira xanımın həm də bir musiqi maarifçisi və milli musiqi sənəti və elminin təbliğatçısı kimi apardığı fəaliyyəti səciyyələndirən bir nümunədir.

Yeni monoqrafiyada hissələr və fəsillər daxilində araşdırılan mözvulardan hərəsi ayrılıqda fundamental bir tədqiqatdır. Monoqrafiyanın həcmcə ən böyük bölməsi - dörd fəsildən ibarət olan Binrici hissə - Səfiyəddin Urməviyə həsr edilmişdir. Zemfira xanım Urməvinin irsini dərindən araşdırmaq, onun elmi-nəzəri və estetik konsepsiyasının sonrakı dövr üçün misilsiz əhəmiyyətini müəyyən etmək məqsədilə uzun illər boyu tədqiqat aparmışdır. O, Səfiyəddin Urməvinin Şərq musiqisi, musiqi elmi və estetikasının gələcək inkişafında mühüm rol oynamış, lakin bu vaxtadək doğma dilimizə tərcümə edilməmiş iki risaləsini - "Kitabül-ədvar" və "Şərəfiyyə"sini ərəb dilindən tərcümədə ilk dəfə olaraq fəsillərlə təhlil edib, bunları geniş şərhlərlə birlikdə təqdim etməklə Azərbaycan musiqişünaslığına parlaq səhifələrdən birini yazmışdır. Bu araşdırma prosesində o, Urməvi irsini müxtəlif zamanlarda öyrənməklə məşğul olan Şərq və Qərb alimlərinin əsərlərinin icmalını təqdim etmiş, R.D'Erlance, C.Farmer, K. de Vo və başqalarının müxtəlif dillərdə yazılmış elmi əsərlərinin tərcüməsini təqdim edərək, bunların geniş şərhini versmişdir.

İndiyə kimi orta əsr risalələri üzərində ciddi iş aparmış musiqişünasların barmaqla sayılacaq qədər az olması təkcə bu mənbələri əldə etməyin çətinliyindən irəli gəlmir. Bu materialı axtarıb tapmaq öz yerində, lakin bunu da nəzərə almaq lazımdır ki, orta əsr musiqiçilərinin risalələri üzərində işləyən alim güclü elmi potenisala malik olmalı, ən azı həmin dövrün ümumi mədəni ab-havası, musiqi sənəti və elmində yaranmış vəziyyəti, musiqi nəzəriyyəsi və təcrübəsinin inkişaf səviyyəsini bilməli, o zamanlar tətbiq edilən terminologiyanı dəqiq və düzgün şərh etməyi bacarmalıdır. Zemfira Səfərova məhz belə çoxcəhətli imkanlara malik bir alim olduğuna görə bu çətin və məsuliyyətli işi öz üzərinə götürmüş, əslində bir deyil, bəlkə uzun illər boyu onlarla musiqişünasın əməyi nəticəsində hasil olacaq son dərəcə məsuliyyətli və möhtəşəm bir işi təkbaşına, özü də ən yüksək səviyyədə yerinə yetirməklə musiqi elmində öz kəsərli sözünü demiş, öz şərəfli yerini tutmuşdur.

"Şərəfiyyə" risaləsini təhlil edən Zemfira Səfərova orta əsr mənbələrində rast gəlinən bəzi problemlərin şərhində, məsələn, musiqinin emosional təsir qüvvəsi, hər bir məqamın müəyyən bir şeir mətni ilə uyğunluğunun nəzərə alınması kimi məsələlərdə Səfiyəddin Urməvinin öz sələflərinin müddəalarına əsaslanmadan, tamamilə müstəqil surətdə öz müddəalarını irəli sürdüyünü qeyd edərək, bu barədə ingilis tədqiqatçısı C.Farmerin mülahizələrinin doğru olduğunu qeyd edir. Zemfira xanımın başqa tədqiqatlarında olduğu kimi, bu monoqrafiyasında da bir müəllif kimi başqa alimlər və onların tədqiqatlarına münasibəti olduqca təqdirəlayiqdir. Öz həmkarlarının qeyri-dəqiq məlumatlarını təkzib etdiyi zaman da Zemfira xanım elmi etika qaydalarına nəzakətlə riayət edir.

Monoqrafiyanın Əbdülqadir Marağayiyə həsr edilmiş üç fəsildən ibarət olan İkinci hissəsi də olduqca dəyərli elmi tədqiqatdır. Burada Marağayinin yaşayıb-yaratdığı dövr, həyat və yaradıcılığı, musiqi elminə gətirdiyi yeniliklər barədə ətraflı məlumat verilmiş, bəstələdiyi musiqi nümunələri və yazdığı şeirlər öz əksini tapmışdır. Zemfira xanımın Türkiyədən əldə etdiyi, Marağayinin qələminə məxsus olan beş musiqi əsəri monoqrafiyada ilk dəfə olaraq təhlil edilmiş, bunların not yazıları, mətni dəyərli şərhlərlə birlikdə təqdim edilmişdir.

  Monoqrafiyanın sonrakı hissələri Fətullah Şirvaninin fəaliyyəti  (Üçüncü hissə - iki fəsil) və Marağayidən sonra Azərbaycan musiqi elminin inkişafının geniş təhlilinə həsr edilmişdir. Burada ilk dəfə olaraq XV əsrin Fətullah Şirvani kimi görkəmli musiqişünas-alimini yetişdirmiş dövr səciyyələndirilir, onun "Musiqi məcəlləsi" adlı risaləsi fəsillərlə təhlil edilir.

Monoqrafiya müəllifinin özünün qeyd etdiyi kimi, Əbdülqadir Marağayi ilə tədqiqatın növbəti hissəsində yaradıcılıq fəaliyyəti araşdırılan Mir Möhsün Nəvvabın yaşayıb yaratdığı dövrü bir-birindən böyük bir zaman kəsiyi - beşəsrlik bir müddət ayırdığına görə, o, həmin dövrdə musiqi elminin inkişafının icmalını təqdim etməyi məqsədəuyğun hesab etmişdir. Şübhəsiz ki, bu, Zemfira xanımın Azərbaycan musiqi elminin inkişafında qırılmaz varislik əlaqələrini üzə çıxarmaq, bunu fasiləsiz inkişafda olan bir proses kimi səciyyələndirmək niyyətindən irəli gəlir, yəni tədqiqatın əsas məqsədlərindən biri ilə bağlıdır. Monoqrafiyanın iki fəsildən ibarət olan bu hissəsində (Dördüncü hissə) Əbdülqadir Marağayinin oğlu, fars dilində yazılmış "Nəqavətül-ədvar" risaləsinin müəllifi Əbdüləziz Çələbi və nəvəsi, "Məqasid-əl-ədvar" (fars dilində) risaləsinin müəllifi olan Mahmud Çələbi, həmin dövrün görkəmli musiqişünası, ərəb dilində yazılmış "Risaleyi-Fətxiyyə" və "Zeynul-Əlhan" risalələrinin müəllifi Mehmet Çələbi, fars dilində yazılmış "Risaleyi-musiqi"si ilə tanınmış Mirzəbəy kimi alimlərin fəaliyyəti şərh edilir; ayrıca fəsildə orta əsrə aid olan məşhur risalələrdən biri - Əbdülmömin Səfiyəddin tərəfindən fars dilində yazılmış "Behcətür-rüh" risaləsi təhlil edilir.

Bir musiqiçi və ensiklopedist alim kimi Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələrdən birini yazmış Mir Möhsün Nəvvaba monoqrafiyanın iki fəsildən ibarət olan Beşinci hissəsi həsr edilmişdir. Musiqi elmində öz dahi sələflərinin yolunu davam etdirərək, ilk dəfə ərəb əlifbası ilə Azərbaycan dilində "Vüzuhil-ərqam" adlı risalə yazan Nəvvabın bu əsəri monoqrafiyada müfəssəl təhlil edilmişdir.

Zemfira Səfərovanın monoqrafiyasında diqqəti cəlb edən və bu əsərin dəyərini daha da artıran cəhətlərdən biri bundan ibarətdir ki, nəhəng miqyaslı bir tədqiqatın müəllifi orta əsr mənbələrinin təhlilini verdiyi zaman bunlardan hər birinin şifrini də göstərməklə, dünyanın hansı kitabxanaları və fondlarında saxlanılması barədə dəqiq məlumat da təqdim etmişdir. Şübhəsiz ki, bu istiqamətdə hər hansı yeni tədqiqatların aparılacağı təqdirdə bu məlumat böyük əhəmiyyətə malikdir.

Monoqrafiyanın son üç hissəsi XX əsrdə Azərbaycan musiqi sənəti və elminin inkişafında yeni mərhələni müəyyən edən üç şəxsiyyətin yaradıcılıq fəaliyyətilə bağlıdır. Bunlardan biri milli muğam ifaçılığının korifeyi, görkəmli xanəndə və pedaqoq Cabbar Qaryağdıoğlu (Altıncı hissənin iki fəsli), ikincisi Şərq və Qərbin fərqli sistemlərini, musiqi təfəkkürünün iki fərqli tipini bir-birinə qovuşduran dahi klassik, bəstəkar, musiqişünas-alim, pedaqoq, publisist, maarifçi Üzeyir Hacıbəyli, üçüncüsü isə öz yaradıcılığı ilə milli bəstəkarlıq tarixində yeni mərhələni açmış olan, milli və dünya musiqisi ənənələrinin sintezini XX əsr musiqisinin nailiyyətləri səviyyəsində yeni müstəviyə çıxarıb, qarşıdakı inkişaf perspektivlərini genişləndirən Qara Qarayevdir.

Tədqiqatın Üzeyir Hacıbəyliyə həsr olunmuş Yeddinci hissəsi özlüyündə fundamental bir tədqiqat kimi dəyərlidir. Bu hissənin iki fəslində müəllif dahi sənətkarın yaradıcılığının estetik bünövrəsini və onun elmi irsində yer almış nəzəri problemləri açıqlayırsa, həmin hissənin üçüncü fəslində onun "Azərbaycan xalq musiqisinin əsasları" ilə Səfiyəddin Urməvinin "Kitabül-ədvar" risaləsinin müqayisəli təhlilini verməklə sanki orta əsrlərlə XX yüzillik arasında əlaqə yaradaraq, milli musiqi elminin inkişafı yolunda iki mühüm nöqtəni, iki məqamı bir daha səciyələndirir. Dahi Üzeyir Hacıbəyli öz musiqi-nəzəri konsepsiyasında Səfiyəddin Urməvinin davamçısı kimi çıxış edən, eyni zamanda XX əsr sənətkarı olaraq, araşdırdığı problemlərə müasir mövqedən yanaşaraq bu günün tələblərinə cavab verən risalə yaratmış bir musiqiçi-alim kimi qiymətləndirilir.

Monoqrafiyanın son, Səkkizinci hissəsindəki iki fəsildə XX əsrin dahi sənətkarı Qara Qarayevin musiqi-publisistik irsinin təhlil edilməsi, Azərbaycanın musiqi elminin, musiqi haqqında fikir tarixinin gəlib çıxdığı daha bir zirvə nöqtəsinin müəyyən edilməsi də tamamilə təbii və məqsədəuyğundur. Qara Qarayev xüsusi olaraq musiqi nəzəriyyəsi ilə məşğul olmasa da, görkəmli sənətkarın elmi-publisistik fəaliyyəti onu milli musiqimizin müxtəlif problemlərini irəli sürərək, ayrı-ayrı məqalə və çıxışlarında bunların həlli yollarını axtaran bir mütəfəkkir-alim hesab etməyə əsas verir. Məhz bu arqumenti əsas gətirən Zemfira Səfərova vaxtilə dahi sənətkarın qəzet və jurnallardakı yazıları, müxbirlərə verdiyi müsahibələri, mötəbər musiqi məclisləri və mədəni tədbirlərdəki çıxışlarını bir araya gətirərək, onun elmi- publisistik konsepsiyası şəklində səciyyələndirmişdir. Onun burada Qara Qarayev haqqında əksini tapmış müddəalarının monoqrafiyaya daxil edilməsi musiqi elmimizin tədqiqatda izlənilən tarixi xəttini tamamlayır.

Görkəmli alimimiz Zemfira Səfərova tərəfindən uzun illər boyu aparılmış araşdırmaların gözəl nəticəsi olan bu kitab fundamental, tamamlanmış, mükəmməl bir tədqiqatdır. Eyni zamanda bu monoqrafiyanın məziyyətlərindən birini də bunda görürəm ki, bu, musiqişünaslıqda gələcək araşdırmalar aparılması üçün gözəl imkanlar açan, musiqi elmimizin perspektivini müəyyən edən, yəni irəliyə, inkişafa yönəlmiş bir tədqiqatdır. Bu da monoqrafiya müəllifinin alim kimi uzaqgörənliyini bir daha təsdiq edir. Monoqrafiyada bu gün dünyaya səpələnmiş orta əsr mənbələrinin dəqiq koordinatlarının verilməsi, həmçinin müəllifin Azərbaycanın qədim musiqi terminlərinin lüğətini tərtib edərək, kitabın sonunda oxuculara təqdim etməsi də bunu təsdiq edir. Zemfira xanım miqyası və elmi əhəmiyyəti baxımından heç bir başqa tədqiqatla müqayisəsi mümkün olmayan bir elmi əsər yaratmaqla, milli musiqişünaslıqda mənbəşünaslığın əsasını qoymuş bir alim olaraq, musiqiyə və musiqi elminə aid qədim qaynaqlarla "davranma", bunlardan istifadə metodologiyasını da işləyib hazırlamışdır ki, gələcəkdə bu istiqamətdə araşdırmalar aparan tədqiqatçılar bundan bəhrələnə bilərlər. Gənc musiqişünaslara mənbələrlə necə işləməyin "açarını" təqdim edən Zemfira xanım həm də daim öz üzərində çalışmağın, hərtərəfli biliklər əldə etməyin necə vacib olduğunu açıqlamışdır.

Görkəmli musiqişünas-alimin başqa tədqiqatları kimi, bu monoqrafiyası da elmdə əsl fədakarlığın parlaq nümunəsidir və Zemfira Səfərovanı həm də bir Vətən təəssübkeşi kimi, öz xalqını sevən, Azərbaycana sədaqətli olan bir ziyalı-alim kimi səciyyələndirir.

 Düşünürəm ki, Zemfira Səfərovanın bütövlükdə elmi yaradıcılığı da, rus dilində nəşr edilmiş bu dəyərli monoqrafiyası da yeni araşdırmalara təkan verəcək, milli musiqişünaslığı, musiqi elmini inkişaf etdirəcək zəngin elmi baza əhəmiyyətinə malikdir.

Şəhla HƏSƏNOVA

Əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə elmlər doktoru, professor

 





09.11.2013    çap et  çap et