525.Az

Bakıda MDB ölkələri gənc şərqşünaslarının II qurultayı olacaq


 

Bakıda MDB ölkələri gənc şərqşünaslarının II qurultayı olacaq<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitutu, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, REA Gənc Alimlər Şurası ilə birlikdə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə noyabrın 11-14-də Bakıda MDB ölkələri gənc şərqşünaslarının II qurultayını keçirəcək.

“Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusuna həsr olunmuş qurultayın açılışı AMEA Əsas binasının dairəvi zalında olacaq. Daha sonra qurultayın işi “Hilton Bakı” mehmanxanasında dörd bölmədə (tarixi araşdırmalar; mənbəşünaslıq; filologiya; fəlsəfə və dinşünaslıq) davam edəcək.

Qurultayda 10 ölkədən 70-ə yaxın tədqiqatçı iştirak edəcək. Tədbirin iştirakçıları arasında gənc alimlərlə yanaşı, fəxri qonaq qismində postsovet məkanının tanınmış şərqşünasları, o cümlədən, Moskva, Sankt-Peterburq və Kiyev Şərqşünaslıq İnstitutlarının rəhbərləri də vardır.

Qurultay çərçivəsində Azərbaycan şərqşünaslığının dünya şərqşünaslıq elminə verdiyi töhfələrə dair dəyirmi masa keçiriləcək. Burada görkəmli Azərbaycan şərqşünaslarının – akademik Ziya Bünyadovun, professor Aida İmanquliyevanın və professor Rüstəm Əliyevin elmi fəaliyyəti haqqında ayrıca çıxışlar dinləniləcək.

Qeyd edək ki, qurultayda ediləcək məruzələrin tezisləri artıq SAM tərəfindən kitab şəklində çap olunmuşdur. Qurultaydan sonra isə məruzələrin tam mətninin nəşri nəzərdə tutulmuşdur.

Elmi müzakirələr başa çatdıqdan sonra qurultay iştirakçıları Qəbələ və Naxçıvana səfər edəcəklər.

KƏMALƏ

 





09.11.2013    çap et  çap et