525.Az

Sənətkar qüdrəti - İlham Rəhimlinin resenziyası


 

Sənətkar qüdrəti - <b style="color:red">İlham Rəhimlinin resenziyası </b>

Tip-xarakter, koloritli obraz yaratmaqda Cəfər Cabbarlı əvəzolunmaz dramaturqdur, qüdrətli ustad sənətkardır.

Ədibin pyeslərində baş qəhrəmanlardan əlavə, Hacı Əhməd, Ocaqqulu, Şərif, Mirzə Səməndər ("Almaz"), İmamyar, Əmirqulu ("Yaşar"), Balaxan ("Aydın"), Əmiraslan bəy Salamov ("1905-ci ildə"), Altunbay ("Od gəlini") və bu kimi xarakterik tip-personajlar da var. Bu obrazların tarixdə qalan maraqlı və cazibəli, möhtəşəm və qüdrətli ifaçıları olub. Dramaturqun koloritli və orijinal səhnə surətləri arasında "Yaşar" dramındakı İmamyar xüsusi yer tutur. İmamyar rolunun Milli Dram Teatrında Rza Təhmasib və Kazım Ziya (1932-ci il), Kazım Ziya və İsmayıl Osmanlı (1947-ci il), Gənc Tamaşaçılar Teatrında Yusif Vəliyev (1954-cü il), Gəncə teatrında Kazım Ziya və Əmir Dadaşlı (1935-ci il), İsmayıl Talıblı və Sadıq Həsənzadə (Həsən Qara. 1946-cı il), Ələddin Abbasov (1970-ci il), Naxçıvan teatrında Səməd Mövləvi (1943-cü il), İbrahim Həmzəyev (1967-ci il), İrəvan teatrında Əli Zeynalov (1935-ci il), Vidadi Əliyev (1973-cü il) Tiflis Teatrında İbrahim İsfahanlı və Muqu Zamanov (1934-cü il) kimi ifaçıları olub. Mən bu tamaşaların heç birini görməmişəm. Ancaq həmin yaradıcılıq işləri barədə mətbuatda dərc edilmiş növcud materialları, ayrı-ayrı aktyorlar barədə yazılmış portret-oçerkləri, monoqrafiyaları oxumuşam. Təbii ki, bu imamyarlar rejissor yozumuna, aktyor yanaşmalarına, ifa tərzlərinə görə bir-birindən fərqlənirlər. 2019-cu il noyabr ayının 30-da İmamyar obrazının ifaçıları siyahısına daha bir aktyor daxil olub: Milli Dram Teatrının aparıcı sənətkarlarından olan, Xalq artisti Nurəddin Mehdixanlı.

"Yaşar" dramını Akademik teatrda tamaşaya sənət ocağının bədii rəhbəri Azər Paşa Nemət hazırlayıb. Təzə quruluşun yeniliyi, orijinallığı, eləcə də mənə mübahisəli görünən bəzi cəhətləri barədə danışmaq fikrində deyiləm. Bu, başqa bir yazının mövzusudur. İndi isə tamaşanın daha parlaq aktyor ifasından söhbət açmaq istəyirəm. Yeri gəlmişkən deyim ki, tamaşada xeyli aktyor uğuru var və xüsusən kütləvi səhnələrdə aktyorların ansambl vəhdəti və ifaların əlvanlığı, xarakterik rəng çalarları ürəkaçandır.

Nurəddin bütün aktyor imkanları ilə ilk növbədə romantk teatr estetikasının qüdrətli təmsilçilərindən biridir. Bunula belə, aktyor kifayət qədər lirik-psixoli obrazlara da səhnə həyatı verib. Son səkkiz ildə isə Nurəddin teatrda Xan ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Burqomistr ("Yaşlı xanımın gəlişi", Fridrix Dürrenmatt), İgidov ("Oliqarx", Əfqan), Krepp ("Kreppin son lent yazısı", Samuel Bekket), Kişi ("21.15 qatarı", Toyqun Orbay), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Qonaq ("Cəhənnəm sakinləri", Elçin), Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Fazil Küleyni ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə) kimi mürəkkəb, satirik, psixoloji, dramatik-fəlsəfi, satirik ironiyalı, fəci çalarlı obrazlar oynayıb. Oynayıb sözü bəlkə də fikrimi tam ifadə etmir; aktyor bu personajların hamısında ecazkar və füsunkar səhnə uğuru qazanıb. Təbii ki, İmamyar rolunda əldə etdiyi sənət uğurları aktyorun yaradıcılıq salnaməsində bir özgə naxışdır, bir özgə sənət incisidir, bir özgə yaradıcılıq qələbəsidir.

Aktyorun İmamyarı ilk növbədə səhnə yozumunun orijinallığı ilə yadda qalır ki, bu da rejissorla aktyorun anlaşıqlı yaradıcılıq axtarışlarının bəhrəsidir. Bu bəhrənin zinəti, incəliyi, mürəkkəbliyi, psixoloji təqdimat dürüstlüyü, tip-xarakter vüsəti, onun təqdimat və forma prinsiplərinin müasirliyi, məkan-zaman xronotopu dairəsindəki cazibədarlığı sırf aktyor istedadının, ustad peşəkarlığının, sənətkar qüdrətinin ifadəsidir. Onu qeyd edim ki, "Ölülər", "Almaz", "Cəhənnəm sakinləri", "Yaşar" tamaşalarında aktyorun möhtəşəm sənət uğurları bir də onu göstərir ki, səhnə ustası Nurəddin və rejissor Azər Paşa ruhən, düşüncə tərzinə görə, çağdaş teatr estetikasını dərindən duymaq baxımından doğma, həmfikir sənətkarlardır. Həmin doğmalığın hər yeni bəhrəsi sənət nailiyyətidir, hər iki səhnə ustasının yaradıcılıq tacıdır.

Aktyorun İmamyarı əvvəlki ifaçılardan, əsasən, nə ilə fərqlənir?

Nurəddinin İmamyarı ağıllıdır, tədbirlidir, mürəkkəb vəziyyətlərdən ustalıqla çıxmağı bacarandır. Əqidəlidir və bu əqidəsinə sadiqliyinə görə də apardığı gizli və açıq mübarizədə qətiyyətlidir, inadcıldır, məqsədyönlüdür. Həmçinin, iblisdir, yırtıcıdır, haqqı uğrunda kimsəyə aman verməyən kəmfürsətdir. Hardasa, azacıq da olsa, "ayağını tapdalayanlara" qarşı kinli-küdurətlidir, intiqamında dönməzdir, inadcıldır, fürsətgirdir.

Cəfər Cabbarlı dramaturgiyasında tipik obrazların maraqlı və bir neçə məna daşıyan, çoxqatlı fikir ifadə edən deyimləri var. İmamyar da hansısa ikibaşlı bir fikir barədə öz qənaətini izhar edir və sonra da üzünü Yaşara tutub ona xitabən soruşur: "Elə deyil, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?" Tamaşa boyu dəfələrlə səslənən bu cümləni aktyor hər dəfə fərqli psixoloji ovqatda söyləyir. Belə anlarda Nurəddinin sözün dəyişən ahəngi ilə dərin psixoloji fikrə vurğu vurmazı aktyorun səslə oynamaq bacarığının çoxqatlı imkanlarını apaydın koloritdə, dərin fikir yükündə tamaşaçılara çatdırır.

Tamaşada İmamyarın mizanları bəzi səhnələrdə ikinci, hətta ümumi, yəni arxa planda, səhnənin dərinliyində verilib. Həmin anlarda aktyorun sözü yoxdur, İmamyar pusquyla izlədiyi hadisələrə psixoloji münasibət bildirir. Bu münasibət onun növbəti planına, düşmənlərinə həmləsinin gizli yollarına rəvac verir. Dediyim epizodları Nurəddin yalnız hərəkətləri, projektorun bəzən gur, bəzən öləzimiş işığı altında ifadəli baxışları, dəyişən sifət cizgiləri və əsasən çevik hərəkət plastikası ilə oynayır. Ön səhnədə gedən dialoqlara (Məsələn, Yaşar - Toğrul, Yaşar - Yaqut, Toğrul - Türkan, Türkan - Yaşar və s.) İmamyar - Nurəddin hərəkət dialoqu ilə qoşulur. Heyranlıq doğuran odur ki, Mehdixanlı hərəkət dialoqu ilə paralel və bəzən ahəngdar vəhdətdə hərəkət monoloqunu da məharətlə icra edir. Bu hərəkət dialoq və monoloqları tamaşaçıya İmamyarın psixoloji dünyasının bir aləm mürəkkəb fikir və mahiyyətini bəyan edir. Tamaşaçı bu möhtəşəm bədii-estetik hərəkətlərdə aktyor əzəmətinin, aktyor nəhəngliyinin cazibəli və dramatik-psixoloji ifadəsini görür.

Nurəddin öz obrazı üçün çox ifadəli və xarakterik yeriş tapıb. Bu yerişin ritmi obrazın psixoloji gərginliyinə, dramatik dəyişməsinə, dialoqa girdiyi obrazlarla apardığı söhbətin mahiyyətinə, daxili enerjisinin çevikliyinə uyğun olaraq dəyişir. Hər dəyişmədə isə poetik bir ifa vüsəti var. İmamyar gah guya ağır eşidir, prokurorun (Elşən Rüstəmov) dediklərini başa düşmür. Gah axsayır və əlində əsa var. "Axsayan" İmamyar ön planda müdrik, xeyirxah qocadır, ikinci planda isə ovunu bərədə vurmağa hazır olan əzazil və amansız intiqamçıdır. İmamyar, vəziyyətdən asılı olaraq, bir anın içində düşməni Yaşarın (Elnar Qarayev) üstünə qırğı kimi şığıyır. Şığıyır və bu şığımaqda, nəhayət, ovunun qurduğu tora düşüdüyünə daxili inamı var. Bununla cani-dildən qürrələnir. Su bəndinə qoyulmuş dinamitin partlayışına görə qalxan hay-küyə camaatın yığışdığı epizodda Nurəddin İmamyarı üç planda oynayır: İmamyar qalibdir, ovu tora düşüb (var gücü ilə əsasını Yaşarın boğazına dayayıb başını qaldırıb söz demək üçün ona aman vermir); İmamyar guya tutduğu adamın Yaşar olduğuna təəccüb edir (bunu kütlə üçün oynayır); daxilən sevinclidir və bu sevinc daha gizli qatda hiss olunur. Tamaşaçı həmin planı İmamyarın qıyqacı baxışla və "gizli" təbəssümlə Türbəti (İlyas Əhmədov) süzdüyü, şax duruşla yeridiyi məqamda daha canlı və daha ifadəli bədiiliklə duyur. Aktyorun sənətkarlığının vüsəti orasındadır ki, bu üç planın hər birini tamamilə fərqli ritm-plastika cazibəsində oynayır.

Nurəddin Mehdixanlı İmamyar rolunda "Yaşar" tamaşasının ən çevik və dinamik tip-xarakterini təqdim edir. Aktyor daxilən o qədər enerjilidir ki, onun psixoloji və ifa ritmi yöndaşlarına da güclü şəkildə sirayət edir. Öz oyununu həmin ritmdə kökləyib ifasına psixoloji dramatik ahəng verməkdə daha inandırıcı və mənalı təsir bağışlayan Türbət obrazının ifaçısı İlyas Əhmədovun real, canlı və təbii oyunudur. İmamyarın dialoqları əsasən Türbətlə, Yaqutla (Rada Nəsibova), Toğrulla (Rəşad Bəxtiyarov), Niyazla (Əli Nur) və daha mürəkkəb psixoloji çalarda Yaşarladır (Elnar Qarayev). Təəssüf ki, bacarığına və daxili imkanlarına inamımız olan Yaşar rolunun ifaçısı Elnar həmkarı Nurəddin Mehdixanlı ilə olan səhnələrində gücsüz görünür. Halbuki tamaşanın ideyasını müəyyənləşdirən mübarizələrin əks qütblərinin birinin önündə İmamyar və digərində isə Yaşar durur. Yaşarın mübarizəsinin dramatizmi daha güclü təqdim edilərdisə, onda pyesin və tamaşanın ideya gücünü müəyyənləşdirən İmamyar və Yaşar konfliktinin "gizlin", "qapalı" mahiyyəti Cəfər Cabbarlı dramaturgiyasının əsl vüsətini daha parlaqlıqla səciyyələndirmiş olardı.

Mövzusundan, janrından, psixoloji tutumundan asılı olmayaraq, Nurəddin Mehdixanlı oynadığı obrazlar üçün yeni ifadə vasitələri tapmaqda və onu inamla sınaqdan çıxarmaqda cəsarətlidir, qətiyyətlidir. "Yaşar" tamaşasındakı İmamyar rolunda bu cəsarət və qətiyyətin yeni və parlaq sənət nümunəsini bütün əzəməti və dəyəri, gözəlliyi və füsunkarlığı ilə bir daha  gördük.

 





20.12.2019    çap et  çap et