525.Az

Pərvin Gənc Ədiblər Məktəbinin qonağı olub (Fotolar)


 

Pərvin Gənc Ədiblər Məktəbinin qonağı olub <b style="color:red">(Fotolar)</b>

 Gənc Ədiblər Məktəbinin sonuncu görüşündən xeyli vaxt keçib. Eminin və mənim facebook ünvanımıza, mobil telefonumuza gələn ismarıcların əksəriyyəti eynidir: “Ədiblərin görüşü nə vaxtdı?”.

Nəhayət, gözlənilən gün gəlib çatır. 6 noyabr. Görüş yerimiz də dəyişmir: Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubu. Bu dəfəki qonağımız I Gənc Ədiblər Məktəbinin (GƏM) məzunu, “Milli Kitab”, “Qızıl Kəlmə” və “Beynəlxalq Rəsul Rza”  mükafatlarının qalibi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, ədəbiyyat aləminə qədəm qoyduğu ilk gündən ədəbi mühitin diqqətini və rəğbətini qazanmış, istedadlı gənc nasir   Pərvindir. Pərvin xanım gəlişi ilə yenicə yaranmış məktəbimizin tarixində bir ilkə imza atır: O, fevral ayından  fəaliyyətə başlayan məktəbimizin ilk xanım qonağıdır.

Gənc yazarın görüşünə paytaxt Bakıdan, Ağdamdan, Qazaxdan, Tovuzdan, Salyandan və  digər bölgələrdən gələnlər var. Gələnlərdən bir daha aydın olur ki, Pərvin xanım son illərdə mətbuatda bir-birindən maraqlı esseləri, orijinal süjetli, ibrətamiz hekayələri, dərin ədəbi məzmunlu  müsahibələri və ədəbiyyat söhbətləri ilə geniş oxucu auditoriyasının marağını və rəğbətini qazana bilib. O “525-ci qəzet”də “Pərvinin həmsöhbəti”, “Dahilərin qadınları”, “Yüz gözəl sevgi şeiri” kimi layihələri ilə oxucuların görüşünə gəlir. Azərbaycan dilində “Qar yağacaq”, “Balerina” kitabları, Türkiyə türkcəsində İmdat Avşarın tərcüməsində Xalq yazıçısı Anarın ön sözü ilə “Balerin” adlı hekayələr toplusu çap olunub. Əsərləri bir sıra dünya dillərinə  tərcümə edilib, nüfuzlu jurnallarda və almanaxlarda işıq üzü görüb.  Gənc olmasına baxmayaraq zəhməti və istedadı ilə uğurlara imza atan Pərvinin GƏM-in yetirmələrini ədəbiyyata daha ruhlandıracağı, onları bambaşqa bir ovqata kökləyəcəyi tədbirin ilk anlarından duyulur.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi Rəşad Məcid Pərvinin olduqca zəhmətkeş, özünə qarşı tələbkar, son dərəcə məsuliyyətli, iradəli, inadkar, səbirli olduğunu önə çəkərək maraqlı bir fikir söyləyir: “Elif Şəfəq istedad və zəhmətin bölgüsünü belə aparır: on yeddi faiz istedad, səksən üç faiz zəhmət. Məncə, ən aşağısı əlli-əlliyədir. Bir dəfə bununla bağlı  İlqar Fəhmi dedi ki, bir faiz istedad, doxsan doqquz faiz zəhmətdən asılıdır. Bu mənada Pərvinin ən üstün cəhəti istedadı ilə yanaşı, həm də zəhmətkeş olmasıdır. Onun qədər əziyyətə qatlaşan, inadkar, təmkinli, öyrənməkdən  yorulmayan gənclərə çox az rast gəlmişəm”.

R.Məcid sonra Pərvinin “Yüz gözəl sevgi şeiri” layihəsi çərçivəsində qələmə aldığı esselərinin bədii keyfiyyətlərindən söhbət açır. Bu esselərin Azərbaycan poeziyası tarixində mühüm hadisə olduğunu vurğulayaraq həmin layihənin kitab şəklində çap olunacağını bildirir: “Bəlkə də, dünyada ilk dəfə olacaq ki, yüz sevgi şeiri haqqında bir müəllifin müxtəlif ovqat yazılarından ibarət kitab işıq üzü görəcək”. 

Çıxışı zamanı R.Məcid ədəbiyyat aləmində yenicə addımlar atan gənclərə tövsiyələr verməyi də unutmur: “Yazıçılar Birliyi və “525-ci qəzet” olaraq gənclərə həmişə kömək etmişik. Kimsə vaxtından əvvəl ulduz xəstəliyinə tutulursa, artıq özünü dahi kimi qələmə verirsə, o adamların gələcək ədəbi fəaliyyəti yarımçıq qalır və uğursuz olur. Yazıçılıq bir-iki günlük iş deyil. Bu, uzun və çətin prosesdir. Bütün ömrü boyu çalışmaq, öyrənməkdir. Bəzən hətta çox istedadlı adamın da özünü necə məhv etməsini müşahidə etmişik. Arzu edirəm ki, siz vaxtından əvvəl ulduz xəstəliyinə tutulmayasınız...”

Sonra söz alan gənc yazar Pərvin GƏM-in qonağı olmaqdan məmnunluq duyduğunu bildirir. Bundan da böyük tələbə auditoriyaları qarşısında dərslər deməsinə baxmayaraq həyəcanının səbəbini tapmağa çalışır. Və evrika! – “Bəlkə də, bu, yazıçıların, şairlərin necə olduqlarını, fərqli, həssas baxışlarını bildiyimə görədir. Bilirəm ki, yazıçı, şair müşahidəçidir. Əgər pencəyin düyməsi əyri durubsa, onu görür, hansısa sözü səhv deyirsənsə, hiss edir. Mətbuatda “GƏM üzvləri ilə ustad dərsi keçiriləcək...” xəbərini oxuyanda xeyli sıxıldım.  Biz bu gün sadəcə, tanış ola bilərik sizlərlə. Heç bir ustad dərsindən söhbət gedə bilməz. Bir-birimizdən öyrənirik”.

Sonra o, insanın özü haqqında danışması üçün onun müəyyən bir mərtəbəyə çatmalı olduğunu deyir. Və sanki bəzi sualları qabaqlamaq üçün yaradıcılıq yolu haqqında bir qədər danışır: “İlk dəfə auditoriyaya tələbə kimi daxil olanda universitet müəllimi olmağı arzulamışdım. Bakalavrı bitirdikdən sonra qarşıma məqsəd qoydum ki, mütləq magistraturaya daxil olmalıyam və şükür ki, alındı. Magistrlik işimlə bağlı olaraq “Azərbaycan” jurnalına məqalə vermək üçün Azərbaycan Yazıçılar Birliyinə gəldim.  Və burada GƏM haqqında məlumat aldım. Gənclərin Yazıçılar Birliyinə üzv qəbul olunması, təqaüd alması barədə eşidəndə təəccüblənmişdim. Kənardan mənə çox sərt görünürdü bura. Amma sonralar özüm də gördüm ki, yaşından asılı olmayaraq hər bir istedadlı adama şans verilir, şərait yaradılır AYB-də. Əgər GƏM-ə gəlib çıxmasaydım, yəqin ki, mən heç çap olunmayacaqdım. Üzv olduqdan sonra müxtəlif tədbirlərdə iştirak etdim, ustad dərslərini dinlədim. Burada gördüyüm mühit mənə müqayisə etmək imkanları verdi. Gənc Ədiblər Məktəbinin bir çox üzvləri “525-ci qəzet”də çap olunmağa başladı, mən də həmçinin. GƏM-i 50 nəfər bitirib diplom aldı. İndi üzdə olmayanlar arasında bizdən də istedadlıları vardı bəlkə, amma yazmaq, yazıçılıq  bir taledir. Bu iş iradə, dözüm tələb edir. Kimsə zəhmətə tab gətirə bilmədi, kimsə tez məşhur olmaq istədi, asan yol seçdi”.

Pərvin xanım son dövrlərdə gənclərin tez arxayınlaşması, ulduz xəstəliyinə tutulması haqda da maraqlı fikirlər səsləndirir: “ Gənclik illərində “mən” duyğusu çox təhlükəlidir. Əlbəttə, yaşlı adamların da “məndən yoxdur” deməsini, primitiv təkəbbürünü çox görürük. Amma hələ heç nə etməmiş gəncin belə danışması daha bağışlanmazdı məncə. Yazılarımız, oxuduqlarımız, savadımız isə bizim xidmətimiz deyil. Bu, ilk növbədə Allahın lütfüdür, daha sonra valideynlərimizin əməyi və tərbiyəsidir, müəllimlərimizin fədakarlığıdır, qarşımıza çıxan insanların, mühitin təsiridir”.

Çağdaş ədəbi mühit və müasir nəsr, poeziya haqda qeyri-adi mülahizələri ilə auditoriyanı ələ alan gənc yazar çıxışını emosional ovqatla bitirir: “Yaradıcılıqdan hər cür zövq almaq mümkündür. Ancaq mənə görə real həyat sevinclərini yaradıcılığa qurban vermək olmaz. İkisini də paralel yaşamağa çalışmaq lazımdır. Yay aylarında anama aid bir hekayə dolaşırdı beynimdə və təkliyə çəkilib yazmaq istəyirdim. Amma bir kiçik hadisə fikirlərimi tamam qarışdırdı. Uşaq olanda anam hər gün səhər tezdən işə getməzdən əvvəl otağıma gələr, məni hansısa bir sualla, ya da  otaqdakı şkafdan nəsə götürməklə yuxudan oyadardı. Gedəndən sonra isə ətri yadımda qalardı, burnumdan getməzdi. Artıq çoxdandır ki, uşaq deyiləm. Amma bu yay bağda olanda  yenə səhər tezdən anam otağıma gəlib yuxudan oyatdı məni. Bəlkə adidən adi bir hadisə ilə bütün uşaqlığım, o qoxu, balaca otağım, hamısı yadıma düşdü. Düşünürəm ki,  bu zövqü anam haqda yazdığım hansı əsərdən, hansı hekayədən ala bilərəm ki?! Nazim Hikmətin misraları var: “Əfkarlıyım, əfkarlıyım, əlini ver, nərdə əlin?” Əgər o əl yoxdusa, nə yazmağın, nə məşhurlaşmağın, nə də sevilən yazar olmağın da heç bir mənası yoxdur. O əl bizi sevənlərin, doğmalarımızın əlidir...”

Bu kiçik hadisə məclisin aurasını tamam dəyişir. Gözlər dolur, hamı kövrəlir. Bu çıxış mənə Orxan Pamukun “Nobel nitqi”ni xatırladır. Orxan Pamuk da uzun bir yaradıcılıq yolundan sonra Nobel mükafatını alanda atasının yanında olmağını çox istəyirdi. Çünki hələ ilk qələm təcrübələrindən ona dəstək olan atası oğlunun  bir gün məşhur yazıçı olacağına inanır, “Bir gün paşa olacaqsan” deyirdi. Həmin gün Orxan Pamuk ədəbiyyat üzrə ən ünlü mükafata layiq görülsə də, hətta bir əlindən qızı Röya tutsa belə, bir əli boş qalmışdı. O boş yer atasının olmayan əlinin yeri idi...

Emosional facebook statusları ilə aləmi bir-birinə qatan GƏM-in koordinatoru, şair Emin Pirinin üzərinə məsuliyyətli bir iş düşmüşdü – tədbir iştirakçılarını hisslərdən uzaqlaşdırmaq: “ Biz adətən yaşlı nəslin nümayəndələri ilə görüşlər keçirirdik. Ancaq bu gün gənc bir yazarla görüş keçirdik. Pərvin xanımı bu ilin ən uğurlu gənci saymaq olar. Artıq o, həm ölkə daxilində, həm də beynəlxalq mükafatlara layiq görülüb. Mən əvvəl düşünürdüm ki, o, sakitcə yazısını yazır və mükafat alır. İndiki çıxışını gördükdən sonra anladım ki, Pərvin xanım nə qədər səmimi, emosional imiş. Və mənə maraqlıdır ki, o, necə sakit qala bilir... Mən daha çox şeiri xoşlayıram. Pərvin xanımın xoşuma gələn əsəri “Balerina” kinopovestidir. Bu əsərin az qala hər cümləsi  gözəl bir şeirdir. “Balerina”nı həm də gözəl poeziya nümunəsi saymaq olar. Və mən inanmıram ki, belə əsər yazan bir adam şeir yazmasın...”

Eminin belə xoş sözlərindən sonra Pərvin xanım da öz növbəsində borclu qalmır. Yazıçılıq kimi təşkilatçılığın da istedad tələb etdiyini, bügünkü görüşün təşkili üçün ona təşəkkürünü bildirir. Sonra isə Eminin sualını cavablandırır: “Əvvəllər şeirlər yazmağım da olub. Şeirlərimin  çap olunmasını lazım bilməmişəm nədənsə. “Balerina”dakı poetik ovqat haqda müşahidə dəqiqdir. Bu əsəri yazanda beynimə ayrı-ayrı misralar gəlirdi və həmin vaxt çoxlu şeir oxuyurdum”.

Deyəsən, dostlarımız hələ də qonağın sözlərinin təsirindən çıxa bilməyiblər. Mən də fürsətdən istifadə edib, fikirlərimi bölüşürəm. Bilirsiniz ki, həmişə belə sual olub, qadınlar daha çox yaradıcıdır, yoxsa kişilər? Dünyaca məşhur rəssamların, rejissorların, yazıçıların əksəriyyəti kişilərdir. Qadınlar isə azlıq təşkil edir bu sahədə. Və belə fikir söyləyirlər ki, ona görə azlıq təşkil edir ki, kişilər on iki saat kürəklərini kresloya söykəyib işləyirlər, ancaq qadınların buna səbri çatmır.

Digər məsələ isə budur ki, bəzən mətni iki qrupa bölürlər: istedadla yazılmış mətnlər və mütaliədən yaranan mətnlər. Bəlkə də, yanılıram, ancaq mənə elə gəlir ki, dünyada bütün yaxşı mətnlərin hamısı istedadla yazılıb. Kitabınızı oxuyanda mənə elə gəldi ki, bunların çoxu yaşanmış hadisələrdir. Siz yaşananları yazmaq və ya qurmaq məsələsinə necə baxırsınız?

Gənc yazar bu sualı dolğun cavablandırır: “Kresloya söykənib yazmağın vacib şərti tənbəlliyə qalib gəlməkdir. Qadın yazar üçün əsas olan qızıl ortanı tutmaq, balansı saxlamağı bacarmaqdır. Yəni, həm doğmalarını fikirləşməli, evin qayğısına qalmalı və gündəlik işləri yerinə yetirməlisən, həm də düşünməli, oxumalı, yazmalısan. Yaradıcılıq ovqatım daha çox gecələr yarandığından  yeganə problemim yuxusuzluqdur.  Heç vaxt doğmalarımı incitmək, onları diqqətdən kənar saxlamaq hesabına yaradıcılığa vaxt ayırmıram. Çünki əgər yanındakı, bir adam rahatsızdısa, yüz oxucunu sevindirməyin mənasızdır”. Daha sonra Pərvin xanım yaradıcı insan üçün doğmalarının onu başa düşməsinin vacibliyini vurğulayır: “Məsələn, Nazim Hikmət haqqında yazanda özüm də anlamırdım ki, niyə elə ağlayırdım. Sadəcə, idarə edə bilmirdim özümü. Başa düşməyən insan deyərdi ki, ağlama, yazma, at hər şeyi kənara. Lakin başa düşən adam bilir ki, sənə bu anda ağlamaq lazımdır.

Yaşananı yazmaq, yaxud qurmaq məsələsinə gəldikdə isə, məncə. yazılanların hamısı heç də həyatda olan, yəni avtobioqrafik məsələlər deyil. Amma  əsas olan yazdığını duyaraq, içindən keçirərək ortaya çıxarmağındır.  Bir dəfə muğam dinləyirdim və düşünürdüm ki, xanəndənin səsi yerində, bütün qaydalara da riayət etməyə çalışır, xaric oxumur, bəs onda burada nə çatışmır? Başa düşdüm ki, ruh idi çatışmayan. Xanəndənin səsi ürəyindən, içindən yox, boğazından gəlir. Yazıçılıqda da belədi, oxucunu ağlatmaq istədiyin yerdə, vecsizsənsə, nəsə qurursansa, bu saxtakarlıqdı, sadəcə... Və oxucu bunu tutur “.

Nəhayət, tədbir iştirakçıları aktivləşirlər. Pərvinin maraqlı çıxışının aurasından ayrıla bilməyən gənclər yazıçıya bir-birindən maraqlı suallar ünvanlayırlar. Qazax elindən bizə salam gətirən Taleh Mənsur qonağımızın özünü bir sözlə necə ifadə edəcəyini soruşur. Qonağımız isə bir sözlə yalnız “Pərvin” deyir, zamanla, yaşadıqca adlarımızın sadəcə,  isim yox, həm də sifətimiz olduğunu,  yəni necəliyimizi ifadə elədiyini söyləyir.

Söz düşmüşkən, Rəşad müəllim gözəl şairimiz Ramiz Rövşənin poemasından sitat çəkir: “Bu dünyada hər şeyin adı öz canından çıxır, ölənəcən ətimizlə, qanımızla yedirdirik adımızı”. Daha sonra isə insanın öz adını həyatıyla, gördüyü işlərlə doldurduğunu əlavə edir.

Nicat Zal Qaraxanlının “Hansı əsərinizi zirvə hesab edirsiniz və həmin əsərinizin tənqidçilərin diqqətindən kənar qaldığını düşünürsünüz” sualını gənc yazar təvazökarlıqla belə cavablandırır: “Yazdıqlarım haqqında “zirvə” sözünü işlədə bilmərəm. Hələ yolun başlanğıcındayam, nə zirvə? Həm də “zirvə” qorxulu sözdü, çünki ordan üzüaşağı enmək var. Ədəbi tənqidin diqqəti sarıdan isə şikayətim yoxdur. Yazılarım haqda təhlil də, tənqid də olub. Məncə, ədəbi tənqidimiz gənclərə qarşı kifayət qədər diqqətlidir. Vaqif Yusifli, Əsəd Cahangir ədəbi tənqidçilər haqqında yazıb. Həmçinin gənc tənqidçi Elnarə Akimova da yazılarımla bağlı məqalə yazıb...”

Pərvin xanımın “bəzən yazanda əlimi klaviaturadan çəkirəm” deməsi yaman müzakirələrə səbəb olur. Gənc şairə Ramilə Qardaşxanqızı yazardan bunun yazıya qarşı haqsızlıq olub, olmadığını soruşur.

Qonağımız rus yazıçısı Pavel Sanayev nümunəsində bu sualı aydınlaşdırır: “Yəqin çağdaş dövrdə uğur qazanmağın, məşhurlaşmağın  bir yolu da çox açıq yazmaqdır, bunu bilirəm. Özü də bu təkcə bizdə yox, bütün dünyada belədir. İndinin oxucusu yazıçının hər şeyi açıq deməsini istəyir. Məsələn, Rusiyada son illərdə sürətlə məşhurlaşan yazıçı var, Pavel Sanayev. Ortabab bir yazıçı, rejissordur.

“Poxoronite menə za plintusom”

əsəri ilə bütün ölkəni bir-birinə vurdu. Səbəb yazıçının öz şəxsi həyatında baş verənləri bütün açıqlığı ilə yazması idi. Pavel Sanayev ağır uşaqlığını yazıb – buna görə də geniş oxucu marağına səbəb olub. Amma mən belə yolla məşhurlaşmaq istəmirəm. Bilmirəm, bəlkə də, hansısa mənada qüsurdur, lakin beləyəm və bunu “müalicə etmək” çətin olar”.

Gənc şairə Arzu Hüseyn isə müzakirədən birbaşa məsləhətə keçir: “Siz əlinizi yazıdan çəkəndə sanki hansısa hissləri öldürürsünüz. Əlinizi çəkəndə hansısa fikrin qatili olursunuz. Əlinizi heç vaxt yazıdan çəkməyin”.

Pərvin xanım mübahisələrə son qoyan sakit bir cavab verir: “Qəhrəmanım əsəbləşib söyüş söymək istəyəndə əlimi çəkirəm, çünki o yazını atam da oxuyur...”

Dərs vaxtı nə qədər yaxın münasibətlər olsa belə, müəllim və tələbə arasında həmişə bir sədd olur. Pərvin xanımın tələbələri, bəlkə də, bura dərs vaxtlarında soruşa bilmədikləri sualların cavabını tapmaq üçün gəlmişdilər. Axı, bu görüş Pərvin müəllimə ilə yox, yazar Pərvinlə idi. Tələbələrdən ilk sual Xədicə xanımdan gəlir. O, müəlliməsinin gözəlliyi nədə görməsi ilə maraqlanır.

Pərvin gözəlliyi yaşamaqda gördüyünü, yaxınlarını sevindirməyin ən böyük sevinc olduğunu deyir: “Bütün fəaliyyətim doğmalarımı, məni sevən insanları sevindirmək üçündür. Məndən ötrü gözəllik o insanların xoşbəxt simasıdır...”

Söhbət məşhurluğa və mükafatlara gəlib çatanda qonağımız əsas şərtin yazmaq, işləmək olduğunu, müsabiqələrin insana əlavə istedad vermədiyini deyir. Tanınmaq məsələsində isə müsabiqələr ətrafında gedən qalmaqallara qoşulmaq istəmədiyini, bu yolla qazanılan məşhurluğun ona lazım olmadığını deyir.

Rəfiqə Erkinin “planlı şəkildə hər həftə nəsə yazmaq çətin deyil ki” sualına qonağımız maraqlı bir cavab verir: “Təzə-təzə yazmağa başlayandan sən ilhamı, fikri, düşüncəni gözləyirsən. Amma zamanla, peşəkarlıq artdıqca, o fikrin ağla gəlməsi, yazı ovqatını “çağırmaq” bir təcrübəyə çevrilir. Həm də yazdığım mövzuya köklənə bilirəm. Bir növ blokadaya salıram beynimi. Deyək ki, Nizaminin qəzəlindən yazmalıyamsa, həmin həftə Nizaminin yaradıcılığına köklənirəm, özümü həmin auraya salıram. Onun kitabları stolumun üstə olur, əsərlərini, eyni zamanda haqqında yazılmış məqalələri oxuyuram, Üzeyir Hacıbəylinin romanslarını dinləyirəm. Və beynimdə yazı üçün münbit bir şərait yaranır. Əsas sirlərdən biri də yazının açarını tapmaqdır”.

Müəlliməyə daha bir tələbə sualı gəlir. Səbinə xanım müəlliməsinin əsərlərini oxuyub mənəvi cəhətdən qidalandığını deyir və onun yazıçı olaraq kimdən bəhrələndiyini bilmək istəyir. Gənc yazar təkcə yazıçılardan yox, eyni zamanda rejissorlardan, bəstəkarlardan, rəssamlardan da təsirləndiyini vurğulayır: “Şairlərdən ən çox Nazim Hikmət, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşəni xoşlayıram. Anar müəllimin bütün nəsri, publisistikası, Yusif Səmədoğlunun “Qətl günü” romanı, Elçinin Bakı-Abşeron hekayələri mənə xeyli təsir edib. Çoxdur bəyəndiyim, oxuduğum sənətkarlar. Hamısından danışıb intellekt nümayişinə çevirmək istəmirəm cavabımı...”

Tədbir zamanı qonağımız “Samir üçün” hekayəsinin sirrini bizimlə bölüşür: “Qardaşımın adı Samirdir və bu hekayənin də yaranma tarixçəsi var. Bir dəfə mən “Qar yağacaq” hekayəmi evdə oxuyanda qardaşım dedi ki, bu əsərdə anamdan  yazmısan. Və etiraz etdi ki, hamıya hekayə yazırsan, ancaq mənim haqqımda heç nə yazmamısan. Qarşıdan onun otuz illik yubileyi gəlirdi, bu hekayəni də yubileyi  münasibətiylə yazmışam. Amma avtobioqrafik hekayə deyil bu. Yəni Samirin ölkəni tərk eləmək fikri olmayıb”.

Yazarın ölməzliyi haqda suala qonağımız təvazökarlıqla bunun tale işi olduğunu vurğulayaraq cavab verir: “Ədəbiyyat sadəcə, özümü ifadə etmək üçündür. Nə isə əldə etmək üçün vasitə deyil. Heç bir böyüklüyə, ölməzliyə iddiam yoxdur. Ölməzlik isə müəyyən mənada taledir. İzəddin Həsənoğlu ölməzliyi Azərbaycan dilində ilk qəzəl yazması ilə qazanıb. Ancaq yəqin ki, ondan əvvəl də ana dilində yazanlar olub. Sadəcə, bizə gəlib çatmayıb o əsərlər. Və bundan sonra min il də şeirlər yazılsa, hətta o dövrə aid kimsə araşdırma aparıb Həsənoğlunun ilk olmadığını sübut eləsə də, yenə onu ədəbiyyat tarixindən heç kəs silə bilməyəcək. Ölməzliyi hesablanmış, xüsusi bir yolla qazanmaq mümkün deyil”.

Son olaraq Elmin Nuri “Siz Azərbaycanı hansı rəngdə görürsünüz?” – deyə soruşur. Gözlənilməz sualdan ani olaraq fikrə gedən Pərvin xanım məclisin son akkordunu vurur: “Bu yaxınlarda eşitdim ki, bir nəfər Azərbaycanın yeni himnini yazıb. Qəribə hiss keçirdim. Üzeyir Hacıbəyovdan sonra yeni himn yazmağa hansı məntiqlə, hansı yanaşma ilə cəhd etmək olar?! Ona görə sualınıza cavab olaraq demək istəyirəm ki,  Məmməd Əmin Rəsulzadədən sonra yeni rəng düşünməyə ehtiyac yoxdur. Rənglərimiz var artıq: göy, qırmızı və yaşıl”.

Zalı bürüyən gurultulu alqışlardan aydın duyulur ki, Pərvin xanımın bu həssas cavabı tədbir iştirakçılarının ürəyincədir.

Rəşad müəllim yekun olaraq yenə gənc ədiblərə öz tövsiyələrini verir: “Bugünkü görüşdən böyük zövq aldım. Yəqin Pərvini dinləyəndə bir daha əmin oldunuz ki, bütün bu uğurların bir açarı var – istedadla yanaşı məsuliyyət və zəhmət. Bir adam uzun müddət yorulmadan çalışırsa, o hətta ən ədalətsiz cəmiyyətdə belə öz dəyərini alır”.

Bununla da tədbirin birinci hissəsi başa çatır.

İkinci hissədə Emil Rasimoğlu, İntiqam Yaşar, Vəfa Qafarova, Rəfiqə Erkin, Ruslan Mollayev, Elşad Barat, Rüfət Axundlu, Ramilə Qardaşxanqızı, Gülnar Səma və digərləri şeirlərini oxuyurlar, GƏM üzvləri şeirlər haqqında fikirlərini bölüşürlər. 

 





09.11.2013    çap et  çap et