525.Az

İnsan ən səmərəli kapital və tükənməz sərvətdir


 

İnsan ən səmərəli kapital və tükənməz sərvətdir<b style="color:red"></b>

Bu günkü insan ibtidai icma quruluşu kimi sadə bir dövrdən müasir texnologiyalar cəmiyyəti kimi mürəkkəb bir yol keçib. Cəmiyyətdəki hər şey yaradıldığı gündən bir varlığa xidmət edir, onun arzu və məqsədləri üçün bir vasitə kimi istifadə edilir.Bu varlıq insan amilidir.

İnsanlar mövcud olduğu gündən indiyədək böyük dəyişikliklər edib, bir çox nailiyyətlər qazanıblar. Elə ibtidai icma quruluşunun insanları da inkişaflarına görə müxtəlif mərhələlərə bölünüb. Bu gün istifadə etdiyimiz və həyatımızı onlarsız təssəvvür etmədiyimiz  telefon, televizor, radio, kilometrlərlə məsafə olmasına baxmayaraq heç bir kabel və digər qurğu qoşulmadan səs və vizual effektləri anındaca bir yerdən başqa yerə ötürən kompüter, göydə içərisində insan daşıyan “uçan maşınlar” və s. kimi cihazları kəşf edən insandır. Bütün bunlar insanlar üçündür və onları icad edən də insanlardır.

İnsan kapitalı-insanın cəmiyyətdə özünü tam realizə etmək və cəmiyyətin imkanlarından istifadə etmək üçün insanın biliyinin , bacarığının , peşəkarlığının cəmi deməkdir. İlk dəfə bu termini Teodor Şuls işlədib. Sonradan davamçısı Hen Bekker tərəfindən inkişaf etdirilib. Bununla da isbat edilib ki, insan fəaliyyətinə effektli iqtisadi baxış çox vacibdir. Əvvəllər insan kapitalı dedikdə insana sərf olunan investisiya başa düşülürdü. Ötən əsrin ortalarından başlayaraq dünyada insanın inkişafı ilə bağlı tədqiqatların aparılması xaotik xarakter daşıyırdı. Əgər 1970-ci illərdən başlayaraq 90-cı illərə qədər dünyada inkişaf tempi deyəndə ölkələrdə adambaşına düşən gəlir səviyyəsi və rifah göstəriciləri əsas götürülürdüsə, ondan sonra daha fərqli yanaşmalar meydana çıxmağa başladı. Həmin yanaşmalar ötən əsrin sonlarından (1990) başlayaraq insan inkişafı konsepsiyası olaraq BMT-nin İnkişaf Proqramına (UNDP) daxil edildi. Həmin vaxtdan İnsan İnkişafı İndeksi(İİİ) əsasən 3 indikatora görə hesablandı: Əhalinin gözlənilən orta ömür müddəti(1), təhsil səviyyəsi(2) və layiqli yaşam üçün adambaşına düşən gəlir səviyyəsi (3).

Sonradan bu hesabatlara dair təkmilləşmə istiqamətində daha bir addım atılaraq təklif olundu ki, insan inkişaf indeksi göstəricilərinə cəmiyyət daxilində gəlirlərin necə ədalətlə bölünməsi, ekoloji təsirləri və s. də əlavə etmək lazımdır. Çünki ölkələrin elə iqtisadi resurslardan asılılığı ola bilər ki, bu iqtisadi artımı təmin edə bilər. Amma davamlı inkişafı istisna edə bilərlər. Layiqli yaşam üçün nəzərdə tutulan gəlir səviyyəsi yüksək ola bilər, amma gərək gözlənilən orta ömür müddəti qısa olsun. Yəni indikatorlar arasında davamlılıq və əlaqəlilik baxımından heç bir bağlılıq olmaya bilər. Ona görə, belə hesabatlar BMT-nin Davamlı İnsan İnkişafı Hesabatları adlandırılır. İndi artıq həmin İnkişaf Proqramı çoxlu sayda göstəriciləri nəzərə alaraq, hər il hesabatlar şəklində çap olunur. Bu hesabatlar müstəqil beynəlxalq ekspertlər tərəfindən hazırlanır. Bu göstəricilərə əsas olaraq ölkələrin həyat səviyyələri, cinayətkarlığın durumu, sağlamlıq, əhalinin mədəni inkişaf səviyyəsi, qərarların qəbulunda iştirak, sosial müdafiə haqqında məlumatlar daxildir.  Daha sonra bura insanın istehlak xərcləri, ailəsinə çəkilən xərc, təhsil, səhiyyə xərcləri, mədəni tələbləri aid edilməyə başlandı. Bu sahəyə dövlətin də xərcləri daxil edildi.

Azərbaycanın uğurlu iqtisadi islahatlar siyasəti bu gün imkan verir ki, əldə olunan gəlirləri biz humanitar sahələrə , təhsilə, səhiyyəyə, yeni texnologiyaların tətbiq olunmasına yönəldək. Gənclərimiz bilikli olmalı , dünyada gedən prosesləri izləməli , yeni texnologiyalara sahib çıxmalıdır. İnsan kapitalı inkişaf edən ölkələrin indiki durumunu müəyyən edən amildir.

Həmin ölkələr təbii resurslar hesabına yox , intellektual potensiala , yeni texnologiyaların icad olunmasına , tətbiqinə görə inkişaf edirlər. Bəziləri deyir ki, insan kapitalı yalnız təhsillə bağlıdır. Amma bu, düzgün deyil. Düzdür, insan kapitalı özünü daha çox təhsildə göstərir, lakin bu o demək deyil ki, o sırf təhsillə aiddir. Bunu sadə bir misalla izah etmək olar. Kimsə təhsilini müxtəlif səbəbdən davam etdirmək istəmir və onun rəssamlığa marağı daha çoxdur. O şəxs gələcəkdə bu sahədə pul qazanmaq istəyir. Deməli, həmin şəxsin az yaşlarında bu sahəyə sərf etdiyi hər bir saatı ona gələcəkdə gəlir gətirəcəksə , bu onun insan kapitalına qoyduğu sərmayədir. Hətta həmin şəxsin rəsm çəkmək üçün fırça, rəng, tablo alanda xərclədiyi pul da insan kapitalına yönəldilən sərmayədir. Düzdür, yaxşı olar ki, hər bir şəxs nə ilə məşğul olmasından asılı olmayaraq müvafiq sahə ilə bağlı təhsil alsın, amma təhsil almadan da müxtəlif sahələrdə  uğur qazanan minlərlə insan var.

Son illərin təkrarlanan ritorikasi belədir: “Biz təbii ehtiyatları insan ehtiyatlarına çevirməliyik” . Yəni bununla etiraf edilir ki, iqtisadiyyatda insan resursu hələ də prioritetə çevrilə bilməyib , neft sənayesinə qoyulan investisiya insana qoyulan  sərmayədən daha çoxdur. Dünyada yeni tendensiyalardan biri ondan ibarətdir ki, dövlətlər daha çox iqtisadiyyatda insanın yaratdığı dəyər və iqtisadiyyatın insana yönəlik investisiyasını prioritet sayır. Çünki təbii ehtiyatlar tükənən , insan isə tükənməz sərvətdir. Təbii ehtiyatlar istifadə olunduqca daha tez tükənir, insan isə istifadə olunduqca daha çox dəyər qazandırır.

  Minimal ehtiyacların təmin edilməsi zərurətindən alimin repetitorluq etməsi bu gün adi haldır. Bu çox təəssüfedici, acınacaqlı haldır. Əgər belə insanlara sərmayə yatırılsa onların potensialından daha çox istifadə etmək olar.  Hər cür maddi şəraiti olan Avropa universitetlərinin professorları müasir inkişaf tempi ilə ayaqlaşa bilmirlərsə, repetitorluq məcburiyyətində qalan bizim alimlər belə intensiv inkişafla necə ayaqlaşa bilər? “Bolonya prosesi” tələblərinə görə, sabah biz Avropa universitetlərinin professorları ilə eyni standartlarla işləməli, icbari şəkildə tələbə-müəllim mübadiləsi etməliyik. Universitetlərimizin beynəlxalq akkreditasiyadan keçməsi üçün müəllimlərimiz beynəlxalq attestasiyadan keçməli olacaqlar. Hansı müasir biliklə, ən yaxşı halda keçən əsrin 80-ci illərinin səviyyəsi iləmi? Bu gün alimin, ali məktəb müəlliminin aldığı cüzi məvacib real olaraq onun kompüter və internet xərcini belə ödəmir.İnsan potensialı təbii ki, belə şəraitdə inkişaf edə bilməz. Mövcud elmi potensialı qoruya bilməsək, gələcək nəsillər üçün yeni intellektual potensialı bəs kim yetişdirəcək? Lakin buna baxmayaraq ölkəmizdə dövlətin insan kapitalına qayğısı təqdirəlayiqdir. İnsan kapitalının reallaşdırılması üçün müvafiq infrastrukturun olması da vacibdir.Hazırda Azərbaycanda neftdən gələn gəlirlərin insan kapitalına yönəldilməsi prosesi baş verir. Bura  konkret olaraq yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, ölkə üzrə bütün kitabxanaların geniş çeşidli kitablarla təmin edilməsi, yeni təhsil standartlarının müəyyən edilməsi, daha bilikli və qabiliyyətli insanların təhsillərini xaricdə davam etdirilməsi üçün imkanlar yaradılması kimi mühüm göstəriciləri misal göstərmək olar.

Əslində, “insan kapitalı”nın formalaşdırılması prinsipinin dünyada geniş tətbiq olunduğu bir dövrdə bütün sahələrdə güclü milli kadr ehtiyatlarının düzgün idarə edilməsinin zəruriliyi və bu sahədə peşəkar insan potensialının hər bir ölkənin sərvəti hesab edilməsi faktdır. Bəllidir ki, insan inkişaf proseslərinin əsas subyekti olub və olmaqdadır. Davamlı iqtisadi inkişaf üçün insan potensialının yeni keyfiyyətdə inkişafı şərtdir. Ölkə Prezidenti İlham Əliyevin “qara qızıl”ın “insan qızılı”na transformasiyasına yönəlik strategiyası və bu istiqamətdə reallaşdırılan siyasət məhz qeyd edilən məsələnin çözülməsinə xidmət edir.  Azərbaycan qısa zamanda böyük miqyaslı infrastruktur, sənaye və sosial  layihələri həyata keçirib. BMT-nin İnkişaf Proqramının hesabatına  əsasən  169 ölkə arasında ölkəmiz son 5 il ərzində insan inkişafında ən mühüm müvəffəqiyyətlər əldə edib.  İnsan İnkisaf indeksinə görə 2005-ci ildə Azərbaycan 101-ci yerdən ,2010-cu ildə 67-ci yerə qədər yüksəlib. Hazırda Azərbaycanda insan potensialı və sosial kapitalı bir arada tutan konsepsiyanın konturları cızılıb, ölkənin inkişaf strategiyasında “həyat səviyyəsi” anlayışından “həyat keyfiyyəti” anlayışına keçidə rəvac verilib, gələcək tərəqqi proseslərini idarə edəcək kreativ zümrənin formalaşması üçün zəmin hazırlanıb. Bu sahədə ən önəmli məsələlərdən biri də müasir gəncliyin seçdiyi ixtisaslara əmək bazarında olan tələbatla bağlıdır.

  XXI əsrin əvvəllərində BMT ölkələrin inkişafının qiymətləndirilməsi üçün Texnoloji Nailiyyətlər İndeksini tətbiq etməyə başlayıb. Bu göstəriciyə əsasən dünya ölkələri dörd qrupa bölünür: liderlər, potensial liderlər, müasir texnologiyalardan fəal istifadə edənlər və geridə qalanlar. Azərbaycan bu göstəriciyə görə potensial liderlər sırasında yer alıb. Liderlər qrupunda cəmi 18 ölkənin olduğu nəzərə alınarsa, bu çox yaxşı göstəricidir. Azərbaycanın liderlər qrupuna keçmək üçün şansları az deyil və bunun üçün dövlət səviyyəsində çox iş görülür. Eyni zamanda, beynəlxalq təşkilatların təhlillərinə əsasən, Azərbaycan Respublikası 2010-cu ildən insan inkişafı sahəsində yüksək nəticələr əldə edən ölkələr qrupuna aid edilib.

Hər bir azərbaycanlı dərk etməlidir ki, ən vacib məsələ milli dəyərlər və milli mənafedir. Yalnız milli mənafeyi düşündüyümüz  zaman ölkənin inkişafından söhbət gedə bilər. Biz inanırıq ki, ölkədə gənclər siyasətinin düzgün aparılması , bu sahədə qanunların və sərəncamların qəbulu və icrası, azərbaycanlı gənclərin ölkənin ictimai siyasi həyatında fəal olması, dövlət və gənclərin effektiv iş birliyi , bu sahənin inkişafına gətirib çıxaracaq.

Samirə QULİYEVA

 





11.11.2013    çap et  çap et