525.Az

Gözoxşayan güllər: onlar haqda nə bilirik?


 

Gözoxşayan güllər: onlar haqda nə bilirik?<b style="color:red"></b>

Təbiətin nadir incilərindən sayılan güllər ilk dəfə 4 min il əvvəl Misirdə yetişdirilib. Güllər çox həssas və zərif olduğundan onlara qulluq da incəlik tələb edir. Həm gözoxşayan rəngləri, həm bihuş edən ətirləri ilə insanların rəğbətini qazanan güllərin yüzlərlə növü mövcuddur. Onların hər birinin özünəməxsus mənası var. Gülləri əkib, becərmək, onlara qayğı göstərmək çox çətindir. Hərəsinin ayrı bir tələbi, ayrı bir becərilmə forması olduğundan bəzən işıq, bəzənsə su, yaxud isti otaq şəraiti onlara zərər verə bilər.

Güllər ölkəmizdə becərilməkdən əlavə, buraya adətən Türkiyə, İran və Hollandiyadan gətirilir. Onların yetişdirilməsi, uzun müddət yaşaması üçün əlavə gübrələr, dərmanlar vurulur. Bu səbəbdən də  əksər güllərin təbii ətri yox olur. Süni formada yetişdirilən bu güllər əsasən uzaq məsafəyə tab gətirsin, solmasın deyə onlara cürbəcür qatqı maddələri vurulur. Həmçinin rənginin dəyişməsi, ağ ləçəklər başqa rəng alsın deyə, becərmədə boyalardan istifadə edilir. Güllərlə  uzun müddət  təmasda olan insanlar sanki onların dilini öyrənir, nəyə ehtiyacı olduğunu duya bilir, onlarla xoş ünsiyyət qururlar.

Güllərin ifadə etdiyi mənalar haqqında gülçü Əlövsət Nuriyev məlumat verdi. Onun sozlərinə görə, qədim zamanlardan zanbaq ən sevilən güllərdən biri olub. Bu gül həyat, sevgi, ölümsüzlük rəmzi  sayılıb. Zanbaqlar Hollandiyaya XVI əsrdə Türkiyədən aparılıb. Çox qiymətli hesab olunan zanbaqlar gündə 2 sm-ə qədər böyüyə bilir. Qırmızı qızılgül sevgi, həyat, razılıq almaq kimi mənaları ifadə edir. Vaxtaşırı su verildikdə və normal otaq temperaturunda saxlandıqda uzun müddət qala bilir. Xrizantema dostluğu bildirir, əsasən qış fəslində açır.Onu da qeyd edək ki, xrizantema insanda allergiya yarada bilən çox həssas bitkilər sırasındadır. Gepsafil adlı xirda dizayn gülləri də var ki, bunlar adətən həm buketlerdə dekor məqsədilə, baş bəzəyində öz gözəlliyi ilə göz oxşayır.

Başqa bir mütəxəssis Əhməd Abbasovun verdiyi məlumata görə, dibçək güllərindən quzmaniya, spasafilum, antilum kimilərini ev şəraitində, otağın günəş görən hissəsində yerləşdirmək, vaxtaşırı sulamaqla qulluq etmək lazımdır. Uzun müddət baxımsız qaldıqda onlara təkrar əvvəlki vəziyyətinə qaytarmaq çox çətindir. Bir həftə diqqətdən kənar qoymaq onların məhv olmasına kifayət edir. Bundan başqa evdə artıq 10 günə yaxındır saxladığınız hər hansı bir gülün solmasının qarşısını almaq üçün su ilə dolu vannada gülləri üstü örtülənə qədər 10-15 dəqiqə saxlasanız, yaxud güldanın dibinə bir neçə balaca qənd atsanız, onların ömrü uzun olar. Qərənfil vaxilə ən məşhur güllərdən olub, sevgini, ehtirası ifadə edib. 1990-cı il 20 Yanvar hadisələrindən sonra isə qərənfili artıq dəfn mərasimləri üçün almağa başlayıblar. Sarı rəngli güllərin mənası ayrılıq, nifrət hesab olunsa da, onların da öz gözəlliyi var, hərdən xoş emosiyalar oyadır.

Başqa ölkələrdən gətirilən gülləri ölkə ərazisində becərmək çox çətindir. Çünki bunları əkdikdə uyğunlaşdığı mühit, şərait olmadığından hər beş koldan cəmi bir-ikisi sağlam qalır. Bu, güllərin tərkibinə vurulan gübrələrlə də çox əlaqəlidir.

Heç bir musiqi, heç bir əyləncə növü insanı canlı təbiət qədər sakitləşdirə, onun gözünü, ruhunu gözəl güllər qədər oxşaya bilməz. Odur ki, gərək güllərdən ayrı qalmayaq, gülləri də özümüzdən ayrı salmayaq.

Kəmalə YUSİBOVA

 





11.11.2013    çap et  çap et