525.Az

Anama məktublar- Beşinci məktub


 

Anama məktublar- <b style="color:red">Beşinci məktub</b>

Külək zəif alovları söndürüb güclüləri daha da alovlandırdığı kimi ayrılıq da zəif məhəbbətləri söndürür, güclüləri daha da alovlandırır.

V. Belinski

Salam Ana!

Gözümün nuru, dizimin təpəri, sözümün əzəli, sonu!

Salam Ana!

Ruhumun harayı, yaddaşımın yaşıdı, xatirələrimin mayası.

Salam Ana!

İlk və son məhəbbətim, əbədi cazibəm, taleyimin yol yoldaşı.

Salam Anacan! Çoxdandır yazışmırıq, hal-əhval tutmuruq, görüşmürük. Dilim qurusun, axı biz xəyalən hər an, hər dəqiqə bir yerdəyik. Arzularım, duyğularım, hiss və həyəcanlarım ruhən hər vaxt sənə ünvanlanır, sənə qovuşur. Sadəcə, bir müddətdir ki, yazılı məktub göndərə bilməmişəm. İndi isə yazıram. Axı, sənə demişdim ki, bu məktublar bir ömür boyu sürəcək. Hiss edirəm ki, sən də darıxıbsan yeni məktublarımçün. Axı, bu məktublar mən özüməm. Bu ağ vərəqlərə mən özümü hopdurub sənə göndərirəm...

Çox xahiş edirəm, bu məktubumu doğum gününün təbriki   kimi qəbul et. Axı sənin doğum günündür, Anacan! Sən doğulan gün. 11 noyabr 1931-ci il. Qubadlıda, kəndimizdə hava necəydi, qarlı-yağışlıydı, günlü-günəşliydi, bilmirəm. Bircə onu bilirəm ki, sən doğulan gün, dünyanın ən xoş, ən gözəl, ən uğurlu günüydü. Axı, sən doğulmuşdun. Sən doğulan gün müqəddəs olmayıb, necə olmalıydı? Sənin kimi müqəddəs, xeyirxah, saleh insanın  doğum günü necə ola bilər? Eşq olsun o günə, o saata ki, sən doğulubsan! O yerə, o yurda ki, sən ilk qədəmlərini orada atıbsan! Bu gün o ucqar Qədili kəndi get-gedə mənimçün daha müqəddəs ünvana çevrilir. Axı, sən orada doğulubsan... Xoşbəxtlikdən mən də-  özü də bir evdə, bir otaqda. Çox vaxt düşünürəm, Anacan, sən xəstə olanda səni götürüb o kəndə aparsaydım, o dağların, qayaların qucağına qaytarsaydım, oranın havasını, suyunu dadsaydın, bəlkə də səni yaşada  bilərdim. Bütün ehtimallar kimi bu niskil də məni göynədir, mənim niskilli Anam!

Anacan!

Sən dünyanı dəyişən  gündən körpə uşaq anasını axtaran kimi səni axtarıram, Şəfiqəni. Hər dəfə dəli bir ümidlə ziyarətinə gəlirəm, səni görmək, səninlə üz-üzə, nəfəs-nəfəsə dayanmaq arzusu sönməz  bir istək kimi məni heç vaxt tərk etmir. Doğum günün ərəfəsində, ümumiyyətlə, qərarsızlaşmışam. İtiyi itmiş kimi dolaşıram, səni görmək ümidim kükrəyir, qəlbim ümid dolu bir niskillə süslənir. Heyhat, xəyalın da bir hüdudu, arzunun da bir sərhədi var. Nə etmək, duyğulu adamınkı qalıb içini didməyə.

Ötən cümə axşamı yenə də adəti üzrə gəlmişdim ziyarətinə. Yunis də gəlmişdi... Ona dedim ki, mən bura ağlamağa gəlmişəm, mənə fikir vermə...

Anacan! Ola bilsin hər kəs, doğmaların, yaxınların hər kəs səni bir cür sevir, mən də səni belə sevirəm, mənim  sevimli Anam! Göz yaşlarımı qəbul et. Bu da ad gününə hədiyyə. Bu da bir cür sənə qovuşmaq vasitəsidir, mənim cazibəm, mənim qiblə Anam!

Deyirlər, kişi ağlamaz... Nə bilim? Amma bilsəm ki, göz yaşları sənə qovuşmaq üçün körpü olacaq, bir anlıq da olsa, kirimərəm.  Bilsəm ki, göz yaşlarımı ayağımın altına qoyub boylansam, səni görərəm, ömür boyu məni saxlamaqmı olar? Bir halda ki, göz yaşımı bir çələng kimi ad günündə sənə hədiyyə edə bilərəm, ondan imtina etməkmi olar?.. Həsrətin ən böyük hədiyyəsi göz yaşları deyilmi?! Nə isə...

Başdaşına baxıram-şəklinlə, bu gözəl, ilahi çöhrənlə üz-üzəyəm. Göz yaşlarıma bələnmiş solğun təbəssümümlə səni oxşayıram. Çox qəribədir, Anacan, doğum günü ərəfəsində bu nə kədərdir, bu nə hüzndür, bu nə sarsıntıdır məni bürüyüb? Sənin üçün ürəyim niyə belə şiddətlə vurur, səninçün niyə belə qərarsız darıxıram, sənə niyə belə can atıram?..  Yox... yox... Adi günlərdə də bir an unutmuram səni. Sən yaddaşımın əbədi yol yoldaşı, xatirələrimin  mayasısan. Amma bu doğum günü ərəfəsində nə əndişələrdir mən yaşayıram? Bəlkə, doğum günü ölüm gününü, başqa sözlə, ölümü, yoxluğu adama daha çox təlqin edir? Bəlkə kədər, qüssə yükünün çoxluğu bundan qaynaqlanır? Nə  bilim?...Bəlkə  də, sənin doğum gününlə doğulan bu niskilimin bir ayrı səbəbi  var? Axı, sən sağlığında  özünə heç vaxt ad günü keçirməmisən. İndi sən olmayan bir zamanda sənin doğum günün haqqında fikirləşmək, səni bu münasibətlə qutlamaq istəyi ona görə belə niskilə çevrilir?.. Nə bilim, ya elə, ya belə, hər halda, çox istərdim sən də bu doğum günündə iştirak edəsən, bizimlə bir yerdə deyib-güləsən, o nurani sifətindəki sevinc payını bizimlə bölüşəsən...

Heç özümü bağışlaya bilmirəm, sən sağkən  niyə sənə heç olmasa bircə dəfə ad günü keçirmədim, niyə  sənin adına heç olmasa, sadə, xudmani bir məclis düzənləmədim?.. Düzdür, özün qoymurdun, özün razı olmurdun, qətiyyətlə qadağan edirdin. Amma özün oğul-uşağın, qohum-əqrəbanın, mənim, atamın doğum günlərini əzbər bilərdin, hələ desən, hamıya zəng edib hamının doğum gününü bir-bir yadımıza salardın. Özün isə heç vaxt buna razı olmazdın. Çox qəribədir, bəlkə  elə buna görə sənin dünyada olmadığın bir vaxtda mən ürəkdən istəyirəm ki, bu günü qeyd edək. Burda bir təmtəraq, bir təsəxxüs yoxdur. Amma nə qədər acı olsa da, nə qədər çətin olsa da, Anacan, sənsiz səni anmalıyıq, doğum günündə ailən-uşaqların, nəvələrin, nəticələrin, bir sözlə, sevdiklərin, hamımız sənin doğum gününün işığına yığışmalıyıq. Sən sağlığında olduğun kimi, yenə də bizi – ailəni bir yerə cəm eləmək gücündəsən. Sən-evimizin yaraşığı, gözümüzün işığı Anam, ümid yerimiz, söykənəcəyimiz, arxamız, dirəyimiz Anam! Cismani yoxluğunla da hamımızı birləşdirən, oğul-uşağına pasiban Anam! Bizi hifz edən, qoruyucu mələyimiz Anam! O günü qeyd edirik, mən də, o biri övladların da, sənsizli günlərin cəfasını, itiyini yaşayan Əli İldırımoğlu da... Nə qədər acı olsa da, nə qədər mükəddər, nə qədər faciəvi olsa da... Nə qədər əziz gün olsa da, acı xatirələrlə yaşayırıq... F.Nitşe deyir ki, ruh dərd çəkməyi xoşlayır. Razıyam...

Bu gün sənin doğum günündür, Anacan! Mən Allahın qəzavu-qədərini qəbul edirəm. Biz bu dünyadan nə zamansa köçəcəyik. Vaxtı Allah bilir... Kimi tez, kimi gec... Sən isə bizi qabaqladın, sanki bizə gələn qada-bəlanı da özünlə götürüb apardın, bizi bizimlə  qoyub getdin. Amma inan ki, biz səndən heç ayrılmamışıq. Çox qəribədir, Anacan, biz səndən cismən ayrılandan sonra daha yaxın olmuşuq. Görünür, doğmalıq daha çox ruhi yaxınlıqdadır! Bu da yəqin Allahın buyruğudur. Bu dünyada sən cismən bizimlə olanda da sən bir an yadımdan çıxmadın. Amma hal-hazırda, biz ayrı-ayrı dünyalarda olduğumuz halda daha yaxınıq, daha baş-başayıq, Əziz Anam! Bir yerdə olanda bu fani dünyanın gündəlik qayğılarıyla yüklənəndə, bəlkə, səni ani də olsa unutmuşam. İndi isə heç yadımdan çıxırsanmı? Gecəm-gündüzüm, səhərim-axşamım səninlədir... Çox qəribədir, demək insanı ayrılıq daha da yaxınlaşdırırmış. Görünür, insan cismən uzaqlaşdıqca mənən, ruhən daha da yaxınlaşır, bütövləşir. Yəqin ruhun əbədiliyini, cazibə qüvvəsinin sonsuzluğunu və tükənməzliyini elə bu məntiqdə axtarmaq lazımdır. Mən səni unuda bilmərəm, Anacan! Zaman keçdikcə bu bağlılıq, bu məhəbbət daha da alovlanır. Bilmirəm, deyirlər ki, hər şeyin zamana ehtiyacı var, zaman bütün dərdlərin dərmanıdır, nə bilim, torpağın üzü  soyuqdur... Unudacaqsan... Yaxşı, niyə unuda bilmirəm, niyə bu ilahi məhəbbət günü-gündən kükrəyir?..  Onun cavabını verə bilərəm. Bu cavab sən özünsən, Anacan! Saf, təmiz, insanlığındır, bu cavab bizə, övladlarına sonsuz məhəbbətindir... Hamıya-yada, doğmaya isti, mehriban münasibətlərindir bu cavab. İnsanların  çoxunda belə təmiz, ülvi hislər olur. Amma bir şey bilirəm ki, səndən yoxdur... Zaman keçdikcə sənin yerin daha çox görünür. Demə, bəşəri, müqəddəs, halal insanların yeri bu dünyada olmayanda daha çox görünürmüş. Sənin kimi, Anacan!

Əziz Anam! Çarəsiz adam nə edə bilər?... Narahat gündüzlərini, nigaran gecələrini necə keçirə bilər?.. Nədən təsəlli tapar, nədən ovunar?.. Hər şey- səni mənə xatırladan hər şey, səndən soraq verən hər əşya, sənli günləri çözələyən hər əlamət təsəlli yüküm, ümid dayanacağımdır. Sənin o müqəddəs iyini yaşadan yaylıqların. Deyirlər ki, vəfat etmiş adamın əşyalarını kasıb-kusuba, kimsəsizlərə paylayarlar. Mənim buna əlim gəlmədi. Eybi yox, qoy başqa pal-paltarlarını versinlər, – dedim, – Ana! Sən onsuz da binədən kasıb-kusub, yetim-yesir pasibanı olubsan. Amma yaylıqlarını saxladım. İndi onlar mənim ən əziz saxlancım, ən zəngin xəzinəm, var-dövlətimdir. Sənin  yadigarlarındır. Onları bir-bir götürüb yastığımın altına qoyuram. Bu ətir, iy qalır axı, sənin ətrin-iyin. Məni bu iy qidalandırır, təravətləndirir, yaşadır.  Məhəmməd Peyğəmbərin gözəl bir kəlamı var: “Övlad qoxusu, cənnət qoxusu”. Mən buradakı övlad sözünü ana sözü ilə əvəz eləsəm, sevgili Peyğəmbərimiz də inciməz. Axı, anaların şərəfinə ən müqəddəs və zərif ifadələri O söyləyib.

Can Anam!  O gözəl, tükənməz ətrin bu gün mənə hopub. Mənə süni ətir-filan nə lazım?.. Mən sənin iyinə, cənnət iyinə bələnmişəm, əziz Anam! Sənin saflığın, mərdliyin, sadə, səmimi,aydın, ləkəsiz, şəffaf şəxsiyyətin bu qoxuda necə də təcəssüm edir! Bu qoxuda sənin böyük ürəyin çırpınır. Məndəki ürək də elə sənin ürəyindir, Anacan! Sən mənə təkcə iyini yadigar qoymamısan, ürəyini də ərməğan edibsən. Mən çox şeydə tapıram ki, bizim ürəklərimiz birdir-hamını bağışlamaq xislətində, imdad istəyənin harayına yetmək, xeyirxahlıq, yaxşılıq eləmək, əl tutmaqda, ən əsas isə dediyim kimi bağışlamaqda... Mən elə bilirdim ki, hər dəfə sənin qəbrini ziyarətə gələndə orada kömək etdiyin, əl tutduğun, xeyirxahlıq etdiyin, yandığın adamları görəcəm... Görmədim, görmürəm... Görünür, belə də olmalıdır... Amma yox... Yaxşılığın əvəzi də olmalıdır. Sevgi, məhəbbət əlamətlərdə, əməllərdə də görünməlidir. Nə olar, Anacan, mən öz əvəzimə də, onların əvəzinə də sənin ruhun şad olsun deyə, hər şeyi etməyə çalışıram. Bütün  bu qayğılar, bu çabalar səni yaşatmaq arzusudur, Anacan, səni yaşatmaq istəyirəm, bu namərd dünyada unudulmaqdan qorumaq istəyirəm.

Amma əziz Anam! Bir şeyi məndən əsirgəyirsən – yuxularıma girmirsən. Səni yuxuda görmək arzusuyla yaylıqlarını qucaqlayıb yatıram. Gəlmirsən yuxularıma. Bəzi dini ehkamlara görə, o dünyadakılar kiminsə yuxusuna girmək üçün nələrisə xərcləməlidirlər. Başqa biriləri deyir ki, bu dünyadan köçənlər kimləri çox istəyirlərsə, onların yuxusuna girmirlər. Eləsə, niyə babam sənin yuxuna girirdi?.. Nə bilim, Ana, bəlkə sənin yanında günahkaram, ona görə mənim yuxuma girmirsən?.. Eləsə, yalvarıram, Ana, keç günahımdan, gir yuxularıma!.. Heç olmasa bircə dəfə!..

Dedim ki, bu məktub sənin doğum gününə hədiyyədir. Məqsədim bu məktubla sənin doğum gününü təbrik etməkdir. Bu da bir xatirə, bu da bir yaddaşdır. Bəlkə də bir təsəlli, təskinlikdir, özünüovutmadır. Bəlkə də bir etirafdır?! Bilmirəm. Doğum günündə bir qayda olaraq insanlar bir-birini məktubla təbrik edir, açıqlamalar göndərir. Amma mən sənə heç vaxt təbrik məktubu yazmamışam. Odur ki, istədim bu məktubu sənin doğum gününə hədiyyə eləyim.. Bəlkə də gecikmişəm. Bəlkə də... Axı bu məktubları, bu təbrikləri mən sənə daha çox öncələrdə, lap əvvəllərdə də yaza bilərdim... Nə bilim? Eləsə, onda etiraf kimi qəbul elə bu məktubumu. Bilirəm, Anacan, bilirəm ki, qəbul edəcəksən təbriklərimi... Axı, sən məni duyursan, eşidirsən!.. Başqa cür ola  bilməz axı!.. Deyirlər, ruhlar bu dünyaya gəlir, müəyyən müddətdə qalır, insanları eşidirlər. Nəsə, bütün bunlara inanmaq istəyirəm...

Anacan, doğum günündə nə deyə bilərəm sənə?.. Doğum  gününün təbriki nə olur?.. Can sağlığı, uzun ömür və sair və ilaxır... Mən sənə nə arzulaya bilərəm?.. Mən sənə ruhun şad olsun, əbədi dünyanda rahat ol, – deyə bilərəm. Bir də ki, görüşməyimizə olan inamımı sənə çatdıra bilərəm. Görüşəcəyik, Ana, gec-tezi var. Görüşəcəyik, yəqin ki... Mən səni cənnətdə görürəm. Sən də cənnətdə deyilsənsə, onda daha kim ordadır?..

Anacan, bu gün sənin doğum günündür, sənə nə hədiyyə verə bilərəm?.. Mənim sənə hədiyyəm qəlbimdir. Qəlbinə bənzəyən qəlbim. Sənə verdiyim qəlbimi yenidən verirəm. Bu gün sənə hədiyyə etmək üçün məndə bundan qiymətli heç nə yoxdur.

Gözümün ışığı, evimin yaraşığı Anam! Bu doğum günündə bir daha mənə agah olur ki, əslində məni yer üzündə tək bir qadın təmənnasız sevib, o da sənsən, Anacan! Bəli, analar öz məhəbbəti üçün əvəz istəmir. Bəlkə, elə buna görə də gecə-gündüz səni axtarıram, Anacan! İtmiş məhəbbətimi axtarıram. Narahat olma, Anacan, bu məhəbbətə layiq olmağa çalışıram. Zaman keçdikcə səni daha çox sevirəm, səni özümdə daha çox hiss edirəm. Sənə olan sevgim, istəyim, məhəbbətim, get-gedə sanki əqidəyə, etiqada, imana çevrilir. Şübhəsiz, bəlkə bu sevgini, bu məhəbbəti sənə bütün mahiyyətilə çatdıra bilmirəm. Yenə də bağışla, etiqadın, imanın təsviri üçün, çatdırılması üçün söz kifayət etmir?!. Əqidə əqidədir, iman imandır. Bunu sən yəqin ki, təsvirsiz də, təfsirsiz də başa düşürsən, duyursan, mənim duyğulu Anam! Zəif-güclü, hər bir halda, bu doğum günündə hislərimi, duyğularımı, sevgimi, məhəbbətimi bu məktuba büküb sənə göndərirəm. Doğum günün mübarək! Təbrikimi qəbul et, gecikmiş etiraf kimi olsa, belə...

Sənin Yusifin

 





11.11.2013    çap et  çap et