525.Az

Taleh Həmidin şeirləri


 

Taleh Həmidin <b style="color:red">şeirləri</b>

 

Ana itirəndə

 

Qoymayın təklənib tənha qalmağa,

Belə anda xatirələr səs edir.

Könül oxşamağa, hayan olmağa

Bir telefon zəngi – o da bəs edir.

 

Dərdini soruşun, halını sorun,

Niyə görmürsünüz ürəyi dolub?

Sorğu ilə, sualla siz onu yorun,

O, özü də bilmir ona nə olub.

 

Bir od zərrəsidir gözlərində yaş,

Baxmayın danışır, baxmayın gülür.

Başıma gəlibdir, bilirəm, qardaş,

Anası ölənin dünyası ölür...

 

Qəhərdən üşüyür ağızlarda dil,

Sınıq könüllərdə sınır səsimiz,

Əlli də, altmış da elə yaş deyil,

Ana itirəndə qocalırıq biz.

 

Xəyallar əlində əsir qalırıq,

Kösövü kül olan ocaq oluruq,

Ana itirəndə yetim qalırıq,

Ana itirəndə uşaq oluruq.

 

Bir ana şəkli də ovudur bizi,

Doğma da, uzaq da yaxına gəlir.

Qəfil ləpələnir ömrün dənizi,

İnsan dalğalarla baş-başa gəlir.

 

Qəhərdən üşüyür ağızlarda dil,

Sınıq könüllərdə sınır səsimiz,

Əlli də, altmış da elə yaş deyil,

Ana itirəndə qocalırıq biz...

İyul, 2013

 

Mən elə bilirdim

qocalmayacam

 

Düşünürdüm illər geri dönəcək,

Gənclik ulduz kimi göydən enəcək,

Nə alov sönəcək, nə od sönəcək,

Mən elə bilirdim qocalmayacam.

 

Könlümdə bir dəli eşqin həvəsi,

Dilimdə məhəbbət, sevgi nəğməsi,

Demə, yol gedirmiş vaxtın dəvəsi,

Mən elə bilirdim qocalmayacam.

 

Dostlar inciyirlər – görüşməyirəm,

Yaxşını, yamanı bölüşməyirəm,

Könüllər incidib, qəlbə dəyirəm,

Mən elə bilirdim qocalmayacam.

 

Qəfil xəşəm oldu sünbüllü zəmim,

Başımdan çəkilmir kədərim, qəmim.

Uşaqlıq dostlarım, gənclik həmdəmim,

Mən elə bilirdim qocalmayacam.

 

Köç etdi qardaşım, köç etdi bacım,

Bir əldən tutana qalıb əlacım.

Nələr pıçıldamır ağaran saçım –

Mən elə bilirdim qocalmayacam.

 

Ömür bir gizlicə pərvəriş etdi,

Taleh, cavanlığı qaçırdın getdi.

Dövrənə işıqlar saçırdın, getdi,

Sən elə bilirdin qocalmayacan?

 

Gəlməyəcəyik

 

Ulduzu göylərdən enən görmüşük,

Yanan ocaqları sönən görmüşük,

Biz hansı gedəni dönən görmüşük? –

Bir də bu dünyaya gəlməyəcəyik.

 

Ağın ağ rəngi var, qaranın qara,

Əbəs aldatmasın şirin xülyalar.

Gözlər dikilməsin sonsuz yollara,

Hər şeyin əvvəli, bir də sonu var.

Birin bir təkrarı, onun onu var,

Bir də bu dünyaya gəlməyəcəyik.

 

Eşqin alovunda biz kül olarıq,

Ömrün sehirində bir gül olarıq,

Deyirik, gülürük, nə qədər varıq,

Onsuz da yoxluğun üzü qaradı,

Bir də bu dünyaya gəlməyəcəyik.

İyul, 2013

 

Masazır gölü

 

Masazır gölü düşüncələrimdən

 

Gah dalğalı, gah ləpəli, gah da lal,

Gah mürgülü, gah yatağan, gah oyaq,

Göz işləyir, uçub gedir min xəyal,

Şair könlüm, sən sularda rəngə bax!

 

Yaman olur gözəllərin cilvəsi!

Sularında al günəşin közü var,

Qulağında qağayının gur səsi,

Gözlərində ulduzların gözü var.

 

Axşam düşür, ay sularda bərq vurur,

Səhər olur, al şəfəqlər daranır.

Bir də gördün ayna kimi durulur,

Bir də gördün öz-özünə bulanır.

 

Boz çöllərin əllərində piyalə,

Min illərdi içilməmiş qalır o.

Gah çəkilir, gah dartılır, gah gəlir,

Özü yığır yatağını salır o.

 

Bir üzü Novxanı, bir üzü Saray,

Bir üzü Masazır, bir üzü çöllər,

Ortaq olub gözəlliyə neçə pay,

Yol salır yanından obalar, ellər.

 

Yadıma kiminsə sözləri gəldi,

Təbiət diridi, təbiət ölü.

Yodu bir aləmdi, duzu gözəldi,

Bir sirri-xudadı Masazır gölü.

 

Bir də gördün dümağ olur qucağı,

Yay günündə qoynu qara bələnir.

Burda sönmür al günəşin ocağı,

Burda sular şəfəqlərdən  ələnir!

2013, Novxanı

 

Göldə səhər

 

Xəyal məni yenə  çəkib aparır,

Sular kükrəyirlər, sular daşırlar.

Nə söhbət qurtarır, nə söz qurtarır,

Ləpələr nə şirin pıçıldaşırlar.

 

Gölə səpildikcə qızıl şəfəqlər,

Qızılı rəng alır ağ qağayılar.

Burda uşaq kimi doğulur səhər,

Burda səhərlərin öz anası var.

 

Yarır buludları zərif üfüqlər,

Qızıl tarla kimi qızarır sular.

Necə mehribandı hər gələn səhər,

Üzü təbəssümlü, gözü gülümsər.

 

Bu şıltaq dalğalar özünü yorub,

Qaçıb sahillərdə dincələcəkdi.

Bir zülmət gecənin bətnindən doğub,

Ən şirin, ən kövrək gün güləcəkdi...

27 oktyabr 2013-cü il

 

Uçur, durnalar uçur...

 

Göylər naxış-naxış qanadlanıblar,

Harda üşüyüblər, harda yanıblar,

Yorğun buludlar da qanadlanıblar,

Uçur durnalar, uçur...

 

Göylər bilirmi ki, yolçusu kimdi,

Bulud bilirmi ki, isladır kimi,

Alır karvanına, çəkir içimi,

Uçur, durnalar uçur...

 

Bir qərib, bir uzaq nəğmə ucalır,

Kim gedir, nə gedir – həsrəti qalır,

Ürəkmi aparır, lələkmi salır,

Uçur, durnalar uçur...

 

Daş atma hər yetənə,

Gülü ək gülbitənə,

Bu vətəndən o vətənə

Uçur, durnalar uçur...

 

Yaşamaq

 

Dostum Seymur Quliyevə

 

Dedilər filankəs qəfildən öldü,

Dedim ki, təəccüblü nə var burada?

İnsan doğulandan əriyib gedir,

Yanır atəşlərdə, axır sularda.

 

Yol gəlir, yol gedir, o, dayanmayır:

Toya da gedəndə ölümə gedir,

Vaya da gedəndə ölümə gedir...

Eyş-işrət dalınca yollananda da

İnsan hardan bilsin zülmə gedir?

 

Əzəldən-axıra sevinən kimdi?

Arzular düşünür, xəyallar qurur.

Şirin də, acı da ömrə qənimdi,

İnsan qurduğunu özü uçurur.

 

Var gəzir, bilir ki, var qalan deyil,

Lüt gələn dünyadan lüt də gedəcək.

Əcəl – bir həqiqət, o, yalan deyil,

İnsanı öz nəfsi peşman edəcək.

 

Yarandım, kef çəkdim dünya qəmindən,

Adam var nə kədər, nə dərd bölüşür.

Şairin ölümü öz qələmindən,

Şahların ölümü tacından düşür.

 

Həqiqət gəzirik – həqiqət nədə?

Qazanır sonuncu zülmünü insan.

İçində mərhəmət gəzdirməsə də,

Yanında gəzdirir ölümünü insan.

 

Bizdən ən şirini istədi ölüm,

Gah enişdən çıxır, gah dikdən düşür.

Hər ömrün sonunda nöqtədi ölüm,

O, qaşın altında kirpikdən düşür.

 

Hərə qabağına çəkdikcə közü,

Şirindən bezardı baltutan barmaq.

Ölməyə nə var ki, asandır, düzü,

Yaşamaq çətindi, bircə yaşamaq.

09 sentyabr 2013-cü il,

Novxanı

 

Gəncədə Zeynal Xəlil küçəsi

 

Gəncəyə bir payız düşdü güzarım,

Səkidə söyüdlər nazlanırdılar.

Sarı işıqlardı, sarı xurmalar,

Mənə gəl-gəl deyib, nə yanırdılar!

Bir tərəfdə heyva, bir tərəfdə nar,

Kərpic hasarlardan yerə sallanır.

Nə bahar köç edir, nə də yarpaqlar,

Təbiət bir gizli eşqə aldanır.

 

Kəpəzin başına qar səpələnib,

Hacıkənddən əsən meh nə sərindi.

Küçələr qızılı tülə bələnib,

Meyvəli ağaclar toysuz gəlindi.

 

Bu küçə – Zeynal Xəlil küçəsi!

Gəlir qulağıma şairin səsi,

Alovlu ilhamı, coşqun nəğməsi.

O, burda doğulub, qonşu Ozanda,

O, burda yazıbdı ilk misraları,

Burda pərvazlanıb eşqi, ilqarı,

Xəzansız bir ömrün yaşıl baharı

Şair taleyinə yazılıb qalıb.

 

Kim deyir ki, şair yoxdu dünyada.

Aynabənd evlərdə yanan işıqlar,

O güllər, çiçəklər, o sarmaşıqlar

Şairin əbədi bir baharıdı,

Tükənməz eşqidi, arzularıdı.

 

Elinə məhəbbət yaşadır onu,

Saf eşqi, saf qəlbi ucaldır onu.

Nə ölüm sevinsin, nə hicran gülsün,

Gülsün məhəbbətlər ay işığında.

Şairi yaşayan, yaradan gördüm,

Gəncənin xəzansız yaraşığında.

 

Sərinlik, rahatlıq keçir içimdən,

Dağların havası axır sinəmə.

Vaxtsız bir ölümü qınayırdım mən,

Şair bu yerlərdə yaşayır demə...

08 sentyabr 2013-cü il,

Novxanı

 

 

Əgər barışsaq

 

Saçlarına səpələnən

Qar olsaydı,

Onu nəfəsimlə əridərdim mən.

Yanağına süzülən yaş

Qəmdən, qəhərdən olsaydı,

Səni uşaq kimi kiridərdim mən.

 

Saçlarına hopan ağlar

Toz olsaydı,

Onu kirpiyimlə süpürərdim mən.

Yollar ayrıcında çaşıb qalsaydın,

Bir vaxt evinizə ötürdüyümtək,

Səni o günlərə ötürərdim mən.

 

Orda danışardıq

– Nədən danışsaq.

Orda barışardıq,

– Əgər barışsaq...

09 sentyabr 2013-cü il,

Novxanı

 

Nə yaxşı şair yarandım

 

Qızındım ömrün fəsillərinə,

İçimdə sönsəm də, içimdə yandım.

Sənə minnətdaram, qismətim, sənə,

Nə yaxşı dünyada şair yarandım!

 

Arzu eləmədim büllur sarayı,

Kimsənin yığdığı sona qalmayıb.

Şairlik Tanrının vergisi, payı,

Şairlər sevgidən şair olmayıb.

 

Uğursuz sevgilər kimə nə verdi

Ömrə kədərdən, qəmdən savayı?

Hər günüm duyğulu, qayğılı keçdi,

Demirəm illərim uçdu havayı.

 

Əkdim sətir-sətir yazdığım anda,

Əkinçi torpağa tum əkən kimi.

Arılar çiçəkdə bal axtaranda,

Mən də dərd axtardım su çəkən kimi.

 

Qəmi qəm içində bələmək olur,

Ehtiyac əlimi min dəfə sıxdı.

Gələn gələcəkdi, neyləmək olur? –

Qismətim qarşıma bu donda çıxdı.

 

Ürəyim kökləndi xoş duyğularla,

Mənim söz bağıma gülşən dedilər.

Nadanlar sözümü qanmasalar da,

Ariflər sözümə “Əhsən!” dedilər.

 

Döndü yuxulara, döndü ömür-gün,

Canın ağrısını can özü bilər.

Gördülər yanıram el-oba üçün,

Şair olan gərək yana dedilər.

 

Alovum başımda, tüstüm içimdə,

Ömür etdim doğmalar, yadlar içində.

Demirəm yaşadım zülüm içində,

Deyirəm əridim odlar içində...

Sentyabr 2013-cü il

 

Ömrü bitirdim

 

Adını, ünvanını,

Yerini-yurdunu bilmədiyim gözəl,

Qəfildən nə şirin qəh-qəhə çəkdin.

Köksüm qubarlandı,

İtirdiyim gülüşləri

Qaytardın mənə.

 

Düz bir ömürdü gəzirəm o gülüşləri,

Onu harda itirmişdim, bilmirəm.

Küləklər qanadında,

Quşlar dimdiyindəmi

Gətirdi, bilmirəm...

 

Sən güldün, mən sevindim,

Gəldin, itirdiyimi  tapdım,

Getdin – tapdığımı itirdim...

Bir gülüşü gəzə-gəzə,

Düz bir ömrü bitirdim.

31 avqust, Novxanı

 

Mən uşaq olanda

 

Nağıllar şipşirin,

Dastanlar bal idi,

Ömür bir arzuydu,

Xoş xəyal idi –

Mən uşaq olanda.

 

Tər-təmiz göy üzündə

Gəzişən ağ buludlar

Bulud deyil,

Uçan xalça idi,

Gəzən şal idi –

Mən uşaq olanda.

 

Mənim gözümdə onda

Bir az böyük adamlar

Niyə qos-qoca,

Niyə hər şey tapmaca,

Hər şey bir sual idi –

Mən uşaq olanda?..

18 sentyabr 2013-cü il

 

Gəlməyə

 

Daha küçənizə gəlməyəcəyəm,

Daha səndən ötrü ölməyəcəyəm,

Baharın gəlişi, payızın köçü –

Heç nəyin fərqində olmayacağam.

 

Yadında qalıbmı dəniz sahili,

Qərib qağayının o hıçqırtısı,

Nələr söyləmirdi eşqimin dili: –

Gah bəmi, gəh zili, gah qışqırtısı.

 

Soyuq ömrümüzdən əsən küləklər

Suları titrədə, ya titrətməyə.

Ürək hökm eləyə, hissim yox deyə,

Taleh o yerlərə gələ-gəlməyə.

 

Dolanırıq biz

 

Saat əqrəbində ötür ömür, gün,

Saat dairəsində fırlanırıq biz.

Bizi fırlatsa da bu Yer kürəsi,

Yerin də başına dolanırıq biz.

 

O dərin dəryaya nahaq daş atdıq,

Çox da öyünməyək – qurduq, yaratdıq.

Biz hardan gəlirdik, haraya çatdıq? –

Allah ümidinə dolanırıq biz.

 

İlişib qalırıq haqda-nahaqda,

Yerimiz hardadır? – Başda-ayaqda,

Okeanlar, dəryalar durulaşmaqda,

Hələ təzə-təzə bulanırıq biz?

 

Ömür dediyimiz bu qeylü-qalda

Axır bir sevdadı, əzəl bir sevda.

Bir gün kül olacaq görəsən o da,

Nahaqdan odlara qalanırıq biz.

 

Taleh Həmiddən Taleh Həmidə

 

Ayaqların yeni-yeni yer tutur,

Şirin dilin təzə-təzə söz tutur,

Böyüyürsən asta-asta,

Baharım, yazım mənim.

Adımdan adına, soyumdan soyuna

Pay düşən payım mənim!

 

Səni sabahlar gözləyir,

Sabahların xeyir gəlsin!

Milyon səslər içində

Sözün, səsin yüksəlsin!

Dünya yoldu –

hamarı var, daşı var,

Bu insanlar axınında

Ariflər var, naşı var.

Yolların hamar da,

Daş da olacaq,

İnsanlar tapılacaq –

Səni bircə sözdən başa düşəcək,

İnsanlar da olacaq,

kal armuda çevrilib,

Boğazında qalacaq.

 

Dünya belə olubdu, belə qalacaq,

Dünya belə gəlibdi, belə olacaq.

Sən özün ol, özün ol, nəvəm mənim!

Səni dəyişməsin hər əsən rüzgar,

Külək olub əsmə,

Addımını atanda, yeriyəndə,

yüyürəndə –

Tələsmə!

 

Sənə atılan daşlar

Mənə atılacaqdı.

Dünyada sonuncu

Bir yaxşı qalsa,

Biri ayağından itələsə,

Biri qolundan tutacaqdı.

 

Dünya səbirliləri, həlimləri sevir.

Səbrin qalxanın olsun!

Yaxşılıqlar, mərdliklər

Sənin ünvanın olsun!

 

Mən belə köklədim öz ilqarımı,

Təkcə adımdan adına,

Soyumdan soyuna

Pay vermirəm,

Həm də sənə tapşırıram

Arzularımı.

Onlar gərəyin olsun,

Bir də onu deyirəm:

Tanrı köməyin olsun!

Oktyabr 2013-cü il. Novxanı

 

 





11.11.2013    çap et  çap et