525.Az

Regionların inkişafı dövlətimizin daim diqqət mərkəzindədir


 

Regionların inkişafı dövlətimizin daim diqqət mərkəzindədir<b style="color:red"></b>

Bu gün ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını tədricən azaltmaq, qeyri-neft sektorunun inkişafına nail olmaq və iqtisadiyyatı şaxələndirmək dövlətimizin qarşıya qoyduğu başlıca məqsədlərdən biridir.

Bu məqsədlə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə neft-qaz sektorundan əldə edilmiş gəlirlərdən səmərəli istifadə edərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, dayanıqlı və möhkəm iqtisadiyyata nail omaq üçün ciddi əməli tədbirlər görülür, əsaslı və köklü islahatlar həyata keçirilir.

Bu baxımdan Azərbaycan Respublikası regionlarının müvafiq dövrlər üzrə sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət proqramlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Belə ki, Dövlət proqramları əsasında həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün respublikamızın bütün regionlarında sosial-iqtisadi inkişafa, tərəqqiyə nail olunur. Bu isə ümumilikdə ölkə iqtisadiyyatının dayanıqlığının daha da artırılmasına xidmət etmiş olur.

Bunun nəticəsidir ki, bu gün respublikamızın ən ucqar yaşayış məntəqələrində yaşayan əhalinin dayanıqlı elektrik enerjisinə, təbii qaza, içməli suya olan tələbatının tam ödənilməsi ilə bağlı əsaslı işlər görülür, rahat və geniş yollar salınır, ölkə üzrə hər il yeni və müasir standartlara cavab verə biləcək səviyyədə təhsil ocaqları, səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri, idman kompleksləri tikilərək vətəndaşların istifadəsinə verilir.

Dövlətimizin yürütdüyü uğurlu sosial-iqtisadi siyasətin də məhz əsas məqsədi ölkəmizin hər bir bölgəsini sürətli və tarazlı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaq və nəticədə vətəndaş məmnunluğuna nail omaqdır.

Ümumikdə isə statistik göstəricilərə əsasən, Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ölkəmizdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən, qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye sahəsi üzrə 2,6 dəfə, kənd təsərrüfatı sahəsi üzrə isə 1,7 dəfə artım müşahidə edilmişdir.

Həmçinin, Dövlət proqramları çərçivəsində ölkə üzrə yoxsulluq və işsizlik səviyyəsinin aşağı salınması məqsədilə ölkəmizdə istər yerli, istərsə də xarici investorlar tərəfindən ölkə iqtisadiyyatına investisiya yatırımlarının artırılmasına nail olunması üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir, münbit investisiya mühiti yaradılır.

Bunun nəticəsidir ki, paytaxt və regionlarda istehsal və xidmət sahələri davamlı şəkildə inkişaf edir, yeni-yeni müəssisələr yaradılır. Bu isə öz növbəsində yeni iş yerlərinin artımına səbəb olur ki, bu da ölkə vətəndaşlarının yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət etmiş olur. Həmçinin, dövlət qayğısı olaraq iş əldə etməkdə çətinlik çəkən aztəminatlı vətəndaşlarımızın aylıq qazanc əldə etmələri və onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən maliyyələşən minlərlə ödənişli ictimai iş yerləri yaradılır.

Beləliklə, 2004-2018-ci illər ərzində Dövlət proqramları çərçivəsində həyata keçirilmiş bu kimi məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan artıq yeni iş yeri, 100 mindən çox yeni müəssisə yaradılmış, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə qədər enmişdir.

Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına nail olunması yollarından biri də ölkədə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsidir. Bu səbəbdən dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin inkişafı, həmçinin, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması əsas hədəflərdən biri hesab edilərək, kənd təsərrüfatı sahəsi üzrə istehsal imkanlarının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artımına nail olunması üçün çox ciddi islahatlar aparılır, şəffaflıqla, güzəştli kreditlərlə, subsidiyalarla bağlı yeni mexanizmlər hazırlanaraq tətbiq edilir.

İqtisadiyyatın dinamik inkişafının təmin edilməsi məqsədi ilə bu il ölkə başçısı cənab İlham Əliyev tərəfindən növbəti Fərmanla "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ı təsdiq edilmişdir.

Bugünədək əldə edilmiş nailiyyətlər, qazanılmış uğurlar bizə əsaslı ümid və əminlik verir ki, başlanılmış inkişaf tədbirlərinin məntiqi davamı olaraq növbəti illərdə də Dövlət proqramı çərçivəsində görüləcək genişmiqyaslı işlər regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli dərəcədə öz müsbət təsirini göstərməklə ölkə iqtisadiyyatının daha da dayanıqlı və dinamik inkişafına səbəb olacaqdır.

 





25.12.2019    çap et  çap et