525.Az

Əsrarəngiz din və mənəviyyat abidəsi – Zərdüşt təlimi “Avesta” (davamı)


 

Əsrarəngiz din və mənəviyyat abidəsi – Zərdüşt təlimi “Avesta” <b style="color:red">(davamı)</b>

Xanlar HƏMİD  

“Avesta” ya görə kainat üç min il ancaq ruhi aləm kimi mövcud oldu. Yəni maddi olan heç bir şey yox idi: Yalnız üç min ildən sonra Ahura Məzda kainatı – planetləri, ulduzları və başqa göy cisimlərini yaratdı və onlara hərəkət verdi.

İndi isə ilk insanın yaradılması haqqında. Zərdüştə görə, Ahura Məzda özünü şeytana qarşı gücləndirmək üçün canlı yaratmaq qərarına gəldi. Lakin ilk insandan çox-çox əvvəl o, mələkləri yaratdı, kainatın idarə olunmasını onlara tapşırdı. Əlbəttə, bitkilər yaradılandan sonra ilk heyvan olaraq Qao – öküz (fars d. Qaf, talış d. Qo, kilək d. Qaf, mazandaran d. Qu, hind sanskrit d. Qo, rus d. bık, karova) və Mərt – kişi (Fars d. mərd, talış d. merd, gilək d. mürd, mazandaran d. mərdi, rus d. mujçina) yaratdı. Lakin Qoo və Mərt Ənhra Man tərəfindən öldürüldü. “Avesta”ya görə, ilk insanın uzunluğu və eni bərabər olmuşdur. Ənhra Man iki başlanğıcı yaradan Zurvandan – güc, qüdrət sahibi olan əbədi zamandan  möhlət istəmiş və Zurvan ona doqquz min il möhlət vermişdi. Ənhra Man da bu möhlətdən istifadə edib Ahura Məzdanın bütün yaratdıqlarını məhv etmək istəyirdi və buna görə də Tanrı ilə mübarizəyə başladı. Lakin tanrı tərəfində təkrarən Mərtyə (kişi) və Mərtyənaq (qadın) yaradıldı. Əlbəttə, Ahura Məzda onları Hindistandan Orta Asiyaya, Çin sərhədindən Qafqaz dağları və Dəclə, Fərat çayları sahillərinədək olan ariya torpağından yaratdı. Bu “Avesta”da təsdiqlənir. Zərdüştə görə yaradılan ilk insanlar heyvanlardan fərqlənsələr də bəsit ağıla malik idilər. Buna görə də şeytana uyduqları üçün cəhənnəmə düşdülər. Lakin Ahura Məzda Mərtyə və Mərtyənaqı təkrarən yeni həyata qovuşdurmaq üçün cəhənnəmdən çıxartdı və əlli ildən sonra onlar evləndilər. Birinci doğulan əkiz uşaqlarını yedilər. Sonra oğlan və qız olmaqla yeddi əkiz uşaqları oldu. Onlar yüz ilə qədər yaşadılar. Nəsilləri artdı, dünyanı bürüdü. Zərdüştə görə, bütün xalqlar bu iki insandan yaranmışdır.

Zərdüştün nəsil şəcərəsi belədir. Mərt, Mərtyə, Siyamak, Fravak, Xaoşyanq, Taxma Urupi, Yima – Cəmşid, Atviya, Traytaon, Cajri, Aria, Manicehrq, – Arianın qız nəvəsi Durospov, Airik, Niyazem, Vaedişt, Spitama, Hardvar, Arecadharşn, Paetrasp, Cixnuyş, Haedcadasp, Uruqdhasp, Padipaqtapasp, Poruşasp, Zərdüşt.

Zərdüştlə yeni era başlandı. Xeyir və Şər ayrıldı. Ariyalıların tarixindən məlumdur ki, onlar yarımköçəri həyat sürmüşlər və onların təsərrüfatlarında əsas rolu heyvandarlıq oynayırdı. Əsas ev heyvanları iribuynuzlu mal-qara inək və öküz idi ki “Avesta”da Qao adlandırılır. Qoyuna pəs, qoyunlara pəson (fars, gilək, mazandaran dillərində müvafiq olaraq qusufənd, qusefənd, qosfənd, talış dilində pəs, pəson) keçiyə az (müvafiq dillərdə boz, buz, bez, biz) itə spə, itlərə spon (talış d. spə, spon, müvafiq dillərdə səq, sıq, sək, rus dilində sobaka) suya ov (talış d. ov, müvafiq dillərdə ab, ob, o, u, rus dilində vada) evə dam (rus dilində dom, müvafiq dillərdə xanə, xana, sere, talış dilində kum, kə, kəbə) deyilir ki, indi də Zərdüştün Nəqşi Rüstəmdə olan məbədi Kəbəyi Zərdüşt – Zərdüşt evi, Yəzddə olan, atəşevi də atəşqədə adlanır. Qədim ariya dilində astra – ulduz, va, vo, vaiti – külək, yel, qar, sə, sa – baş və digər rast gəldiyimiz sözlər var ki, indi də onlar talış dilində eyni mənanı bildirir. Fars dilində ulduz – setore, külək – bad, qar – bərf, baş – sər kimi işlənir. “Avesta”da vərəzona – vərəsə, mahra – məntər, dua, tiş – tij, zainti – zənd ifadələri olduğu kimi talış dilində işlənir. Zainti rus dilində znanya, Harahvoiti – Qarlı Hara (talış d. Haravoa), asta – sümük (talış d. astə, rus d. kost), paiti – ata (talış d. pə, rus d. papa, fars d. pedər), asmo – asiman, göy (talış d. osman, fars d. asiman, rus d. neba), Paradata – sülalə adı (talış d. doğru olan ata yolu), Puruşaspa (talış d. Pərəşəaspo – uçan atlı), Viştaspa (talış d. Vitəaspo – yürüyən atlı) kimi başa düşülməlidir. Maraqlıdır Zərdüştün anasının adı Dohdo, arvadının adı isə Hvov idi. Bəzən Hvov farsca xavər, talışca hov, hova sözlər ilə eyniləşdirilib bacı mənasında işləndiyi bildirilir. Adəmin Həvvası da onun qabırğasından yaradılıb, deyirlər. Bizə elə gəlir ki, hvov xeyir suyu deməkdir. Həm də Zərdüşt dinində ilk qadının ilk kişinin qabırğasından əmələ gəldiyi təsdiqlənmir. Dohdo sözünü izah etmək üçün elə bir çətinliyimiz olmadı. Çünki indi də cənub bölgəsində anaya hörmət mənasında talış dilində Dodo və yaxud İnə deyilir.

Doh – ağac, do – bar verən deməkdir. Yəni bar verən ağac. Zərdüştün qızlarının adı Frini, Triti və Poruçistadır. Frinin talış dilində bacarıqlı, Triti – Titi, – təmiz, Poruçista – Poreşışta, – lələyi yuyulmuş, rus d. çistaya kimi anlaşılmalıdır. Oğlanların adları Urvatat Nara, Hvara – Çitra, və İsat – vastra idi.

Qatlar “Avesta”nın ürəyidir desək, səhv etmərik. “Avesta”da Qatlara Qaha deyilir ki, tərcümələrdə dini nəğmələr kimi verilmişdir. Tərcümə düz olsa da, Qatların ruhunu əks etsə də, əslində Qaha – Qa, Qo – güşə, ha – cəm şəkilçisi yerində işlənir, yəni guşələr. Talış dilində qo, qah, Azərbaycan dilində gah – guşə deməkdir ki, muğamımızın kökündə, mayasında belə o vardır. Güman edirik ki, üç min ildən yuxarı tarixi olan Qatlar ilk muğamlar idi ki, maqlar oxuyardı. Məsələn, Çahargah, Segah, Dugah, Xanəgah, Digah, Səcdəgah, Pənahgah və sairə Qatlar çox qədim dövrlərə aid olub dini mahiyyət daşıyan, ilhamla oxunan on yeddi poetik nəğmədən ibarət olub ən çox məbədlərdə oxunardı. Onlarda olan dərin məna, xüsusi avazla, gözəl səslə oxunma, əlbəttə, dinləyən insanlara öz dərin təsirini göstərərdi. Bu nəğmələr Zərdüşt peyğəmbərin tək Allah olan Ahura Məzdaya müraciətidir ki, bədii dildə ifadə olunmuşdur. Qatlar beş qrupda birləşdirilmişdir. Təbii ki, bu qruplaşdırmada Qatların xarakterik xüsusiyyətləri nəzərə alınmışdır.

Ahunavaiti Qatı yeddi nəğmədən ibarətdir. “Avesta”da Ahunavaiti Qaha kimi verilmiş və həcminə görə ən böyük həcmli güşəgir ki, tanrıya həsr olunmuşdur. Bu nəğmələrlə insanlar sanki tanrı ilə rabitə yaradır, onun böyüklüyünü, ədalətini vəsf edir və istəklərini izhar edirlər. Ahunavaiti (talış d. Ahunavote) Tanrıya xitab, Tanrıya deyilən Qaha – guşə, muğam guşəsi kimi xarakterizə olunmalıdır. Bu Qatda Ahura Məzdanın öz yaratdıqlarına gözəl həyat, işıqlı gələcək verəcəyindən bəhs edilir ki, bu da sonralar yaranmış bütün dinlərə öz təsirini göstərmiş və dini kitablarda öz əksini tapmışdır.

Uştavaiti Qatı dörd nəğmədən ibarətdir ki, “Avesta”da Uştavaiti Qaha kimi verilmişdir. Doğru olana, gözəl mühitə, alicənab dövrana, yüksək insanlığa, insani keyfiyyətlərə, xeyirxahlığa həsr olunmuş nəğmələr guşəsidir ki, əlbəttə, muğam üstə oxunmuşdur.

Spəntə Mainyu Qatı dörd nəğmədən ibarətdir. “Avesta”da Spəntə Mainyu Qaha kimi verilmiş və kifayət qədər iri həcmli guşədir ki, Ağ və yaxud Müqəddəs ruha həsr olunmuş nəğmədir. Spəntə (mazandaran dil. espe) Ağ və yaxud Müqəddəs, Main – ruh, mayadır ki, bu Qat tanrı ruhuna həsr edilən nəğmədir, himndir.

Vohuxşahra Qatı bir nəğmədən ibarətdir ki, insanlara gözəl həyat bəxş edən, onları hidayət və himayə edən xeyirxah tanrı hakimiyyətini, ümumiyyətlə xeyirxah və ədalətli hakimiyyəti vəsf edən bir nəğmə, bir himn, bir guşədir.”Avesta”da Vohuxşahra Qaha kimi verilmişdir. Vohu – Tanrı, xşahra – hakimiyyət, Qaha guşədir. Yəni xeyirxah Tanrı hakimiyyəti haqqında nəğmə. Xşahra – hakimiyyət sözündən sonralar şah sözü əmələ gəlmişdir.

Vahiştaişti Qatı bir nəğmədən ibarətdir ki, “Avesta”da Vahiştaişti Qaha kimi verilmişdir. Edilən tərcümələrə görə xeyirxahlığa, yaxşılığa doğru çalışmaq, hərəkət etmək kimi anlaşılır. Əslində Vahiştaişti (talış d. Vəşt) cənnət, Qaha guşə deməkdir. Cənnətə həsr olunmuş nəğmə, cənnəti vəsf edən nəğmə kimi başa düşülməlidir. Unutmaq lazım deyil ki, müasir fars dilində cənnətə beheşt deyilir. Bəzən Vahişta, sözündən əvvəl aşa – həqiqət sözü işlənir və birlikdə mənaları Aşa – Vahişta Həqiqi cənnət anlamını verir. Talış dilində Həşə Vəşt kimi işlənir. Zərdüşt dinində ilk dəfə olaraq Xeyir və Şər ayrıldı. Xeyirxah doğru əməllə məşğul olanlara Vahişta – Cənnət vəd edilir. Yəni insanlar savab qazanıb Cənnətə gedə bilərlər.

“Avesta” da cəhənnəmə duzahu deyilir. Farsca cəhənnəmə dozax deyilir. Əslində “duzahu” sözünün kökündə du – yalan sözü dayanıb ki, indi belə talış dilində yalan deməkdir. Ümumiyyətlə “duzahu” yalan, hiylə kimi tərcümə olunur. Necə ki, Zərdüşt savab qazananlara cənnət vəd edirdi, gunah edənlərin, yalançıların, hiylə satanların cəhənnəmə düşəcəyini bildirirdi. Həm də insanların cənnətə, cəhənnəmə düşməmişdən əvvəl imtahandan keçəcəyini bildirirdi. Qatlar 11, 12, 14, 15, 16 və 19 hecalı şeirlərdən ibarətdir.

Cənnət və cəhənnəmə düşmə, axırzaman, yer üzündə həyatın sonuclanması kimi yəhudi, xristian və islam dinində verilən konsepsiya nisbətən oxşardır və sonluq heç də ürək açan görünmür. Ahura Məzdanın təlimində də insanların savab və günahlarının hesablandığı bildiriblər. Lakin Zərdüşt ondan sonra daha üç Səoşontın (başa çatdıran, xilaskar) gələcəyini bildirir. Bu xilaskarlar İblislə mübarizə edəcəklər. Sonda Sraoşa Sr-oj (sirləri açan) günahkarları dindirəcək. Bütün savab sakinləri  cənnətə gedəcək. Günahkarlar cəhənnəmə göndəriləcək. Cəhənnəmə göndərilənlər əridilmiş metal suyundan keçəcək. Sonda bütün insanlar – hər kəs süd gölündə çimib təmizlənəcək. Bundan sonra Səoşyant tərəfindən İblis məhv ediləcək və cəhənnəm dağıdılacaq. Yalan və Şər aradan qalxacaq. Bəşəriyyət işıqlı gələcəyinə Ahura Məzdaya tapınmaqla gedəcək. Bununla insanlığın tarixində yeni era başlayacaq.

Eramızdan əvvəl 670 – 550-ci illərdə mövcud olmuş Midiya dövləti haqqında Herodot yazır, – Bütün mühakimələrə görə ari onların öz adıdır. Müqəddəs yazılarda Midiya ölkəsinə Ariya ölkəsi deyilir ki, bu “Avesta” dilində Ariyanam Dahyunam adlanır. Ariya – nam (talış, fars, gilək dil.) ad, dahyu – dih (talış d. kənd, deh – fars, gilək d. kənd) anlamında işlənir. Ariyanam Dahyunam Ariya kəndi, Ariya ölkəsi kimi tərcümə olunmalıdır. Midiya dilinin varisləri, kimi talış, kürd, gilək, təbəri, tat  və digər dillər qalıb.

 





11.11.2013    çap et  çap et