525.Az

Əli İldırımoğlu yaradıcılığı yeni tədqiqat işığında


 

Əli İldırımoğlu yaradıcılığı yeni tədqiqat işığında<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Dil daima canlıdır - diridir, yaşayır. Bu milli xəzinədən yararlanmaq və yaşatmaq xalqın müqəddəs borcudur. Dil insanlara və yalnız insan cəmiyyətinə xidmət göstərmişdir. Min illər keçmiş, əsrlərdən əsrlərə inkişaf etmiş və formalaşmışdır. Belə ki, Azərbaycan dili başqa türk dillərindən fərqli olaraq fonetik xüsusiyyətlərini III-VII əsrlərdə kamilləşdirmişdir, bu əsrlər alban dilinin mövcudluğu dövrüdür. Musa Kalankatlının yazdığına görə, alban dilində yazılı ədəbiyyat qalmamışdır, səbəbkarı isə alban kilsəsinə yiyələnmiş erməni kilsə başçısı sandıqlara doldurub Tərtər çaya atmışdır. Mən bu tarixi faktı onun üçün xatırlatmağı lazım bildim ki, dövrlər fırlandı, zamanın gərdişi təzələndi və Azərbaycan dili öz kökünü qorudu, onun çalarları, lüğət tərkibi daha da zənginləşdi, ədəbi dili inkişafa doğru irəlilədi, necə ki, çağdaş dil dolğunluğu və bütövlüyündə qondarma erməni dili bizim dilimizə yalnız həsəd apara bilir. Şübhəsiz, dili yaşadan, zənginləşdirən və nəsildən-nəslə ötürən şifahi və yazılı ədəbiyyatdır, konkret desək, nəsr və poeziyadır. Xalqdan aldığı dili xalqına bədii sözün vasitəsilə əbədiləşdirməkdir. Bu proses elə də sadə yolla getmir, söz sənətkarlarının qələmində öz üslubunu yaradır. Nəsrdə isə bu iki baxımdan maraq doğurur: fərdi üslub (deyim tərzi) və ümumi üslub. Birincisi, yazıçının xalq danışıq dilinə, onun haradasa ölmüş sözlərinə, ifadə və təsvir vasitələrin, daha doğrusu, söz yaradıcılığına yiyələnməsidir. İkincisi, savadlığına, intellektuallığına, lap dilçi olmağına ədəbi dil təsirindən çıxmamasıdır. Nəsrin - fövqəlliyi oxucu fikrinə və ürəyinə yol tapması məhz yazıçı dilidir, inkarolunmaz həqiqətdir. Dünya ədəbiyyatında Balzakın, Tolstoyun, Kuprinin, Drayzerin, Aytmatovun, Heminqueyin, Qorkinin dili və üslubu necə də poetikdir. Mən bu siyahıya məmnunluqla Mixail Şoloxovu da daxil edərdim. Azərbaycan ədəbiyyatında (nəsrdə) S.Rəhimovun, İ.Əfəndiyevin, İ.Şıxlının, Ənvər Məmmədxanlının, Əyyub Abbasovun və başqalarının nəsr dilini fərqləndirərdim. Eləcə də Əli İldırımoğlunun roman dili və üslub orijinallığını. Tədqiqatçı və bədii söz təfəkkürünə malik Loğman Rəşidzadənin Əli İldırımoğlu nəsrinin milli-mənəvi özünüdərk zəminində dili və üslubunu fərdi araşdırıcılıq səriştəsilə oxuculara çatdırması monoqrafiyada geniş vüsət almışdır. Əlbəttə, bu mürəkkəb mövzuya girişən tədqiqatçının özü iki cəhəti (xüsusiyyəti) özündə ehtiva etməlidir: birincisi, bədii sözə, koloritli dilə və yazıçı üslubunun bədii-fəlsəfi düşüncənin dərkinə, başqa sözlə, dil təfəkkürünə! Tədqiqatdan onu hasil edirsən ki, Əli İldırımoğlu nəsr əsərlərində oxucularına təqdim etdiyi hadisələrə sənət meyarı ilə, zərgər dəqiqliyi ilə və bədii prinsip ölçüləri ilə yanaşmışdır, bununla o, dilimizin yayım hüdudlarını əyaniləşdirmişdir. L.Rəşidzadə yalnız öz müşahidələrinə deyil, ədibdən yazan tədqiqatçıların fikirlərinə istinadən də qənaətini ifadə edir: "Poetik fakt Əli İldırımoğlu yaradıcılığının ən işıqlı cəhətlərindəndir. Ə.İldırımoğlu yaradıcılığına müraciət edən mütəxəssislərin dəfələrlə qeyd etdiyi kimi, bu dil sadə olduğu qədər mürəkkəb, obrazlı və məntiqlidir. Hər ifadəsi, hər sözü, hər cümləsi obrazlı düşüncə tərzinin məhsulu olan yazıçının dili sanki xalq ensklopediyasıdır. Əli müəllim çoxlarının unutduğu, yaddan çıxartdığı ifadələri, kəlmələri yenidən həyata qaytarır, onları yaddaşımızın canlı atributuna çevirir" - yazır.

Əli İldırımoğlunun dili və bədii üslubu haqqında tanınmış alim Qurban Bayramovun fikri maraqlıdır: "Əli İldırımoğlunun yazıçı təfəkküründə də xalq yaradıcılığında olan aforizmlə düşünmə qabiliyyəti, nəsrində aydın, səlis, mənalı təhkiyə üslubu var. "Aqibət"də bədii mətnin səthiliyi yoxdur, sadəliyi, anlaşıqlığı, estetik təsirliyi var. Əsərin sujetinə, kompozisiyasına daxil olan hər bir hadisənin bədii-estetik, məna - mahiyyət kodu vardır. Ümumiyyətlə, canlı-cansız təbiət detallarını əsərdə hadisələrin iştirakçısına çevirmək üsulu, onları simvollaşdırma yolu ilə şaxələndirmək modern romançılığın poetikasının əsas xüsusiyyətlərindəndir". Məncə, Q.Bayramovun bu aspektdə yanaşmasının özünün tənqidçi üslubu kimi qiymətləndirərdim. Bu kontekstdə fikrim odur ki, ədəbiyyatşünas - tənqidçi şəxslər gücü çatan işdən yapışmalıdır, özünü zora salmamalıdır!

Loğman Rəşidzadə yanaşmasında bir orijinal tutacaq da diqqətdən yayınma-mışdır: nəsrdə bədii zaman və bədii məkan. Düzü, xeyli aparılmış tədqiqatları fikrimdən keçirdim, lakin bu tədqiqat formuləsinə təsadüf etmədim. Tənqidçi Əli İldırımoğlunda bu məsələdə "çoxspektrik və ekskluzivlik"in  özünə yer almasına professional baxışdan qiymət vermişdir: "Onun əsərlərində zaman təkcə məkan və hərəkət anlayışları ilə bərabərləşmir, həm də idrakın ən mühüm stadiyaları ilə reallaşır. Digər tərəfdən, zaman bu əsərlərdə insanın gerçəklik haqqındakı ən əsas təsəvvürləri ilə yanaşı, varlığın, həyatın mənası, insan fəaliyyətinin həm idrakı, həm də rasional cəhətdən araşdırılması üçün kifayət qədər material verir" - tezisi nəzəri mühakimənin dəqiqliyi ilə üst-üstə düşür.

Əli İldırımoğlunun nəsr dilində simvollar (rəmzlər), assosasiyalar, habelə dilin leksik, linqvistik tərkibləri janrın tələblərini daha da zənginləşdirir, bütövləşdirir. Xalqın yaddaşından axıb gələn, zaman-zaman durulan, büllurlaşan dil xəzinəsi ədibin məxsusi bədii üsluba malikliyinin nümunəsidir. Bu fərdi baxışımdan deyərdim ki, vətən dilçilərimiz standartçılıqdan, yersiz ənənəçilikdən, tanışçılıq azarından qurtula bilməmişlər, indiyə qədər zəngin dil dəyərlərini nəsrində yaşadan ədibimizə müraciət etməmişlər, fikrimcə, bu bəlanın başlıca səbəbi bir sıra dilçi alimlərin mövzu seçimində mütaliyə yoxsulluğudur; gərək oxuyasan ki yazıçının qədrini biləsən. Halbuki ədəbiyyatşünaslar bu xəzinəni duymuşlar, dəfələrlə müraciət etmişlər. Akademik Nizami Cəfərovun aşağıdakı fikrinə tamamilə şərikəm. Yazır ki: "Əli İldırımoğlunun - "Köhnə kişi"nin dili - üslubu, ümumən yaradıcılığı bir də ona görə əlamətdardır ki, Azərbaycan xalqının yaratdığı ən möhtəşəm epos-dastanları: "Dədə Qorqud"u, "Koroğlu"nu, "Qaçaq Nəbi"ni yada salır. Və heç bir şübhə yeri qalmır ki, vaxtilə həmin epos - dastanların müəllifi olmuş milli yaradıcı ruh bu gün də tarixdə olduğu qədər canlıdır".

Yazıçı Əli İldırımoğlunun yaradıcılıq palitrasına ekskursiya bir daha göstərir ki, ədib yalnız öz yaradıcılıq laboratoriyası ilə məhdudlaşmır bu gün də. Onun nəsri çağdaş Azərbaycan ədəbiyyatına təsiri yetərincədir, milli-mənəvi özünüdərk rəmzi deyil, realdır, onun şüaları qatı buz örtüyünü əritmək gücündədir, bütövlükdə cəmiyyətin inkişafına nüfuz edir, öz yerini tutur. Və milli ədəbiyyatımızın inkişafında yerini qoruyur, bu, təbii ki, yazıçı xoşbəxtliyidir.

Adətən, tənqidçi-ədəbiyyatşünas sözünü deyir, bəzən özü "sıxışdırma"ya məruz qalır, görünür, belə səbəblərdəndir, arxa plana keçir, bəzən elə bir cümlə ilə əməyi qiymətləndirilir. Necə deyərlər, "mukafatı"nı alır. Bunu mən ədalətsizlik hesab etməkdə güman ki, yanılmaram. Tənqidçi təkcə təfəkkürü ilə yox, içində qoruduğu hisslərini belə xərcləyib söz adamını oxuculara təqdim edir, kütləviləşdirir. Söhbət, əlbəttə, sifarişlə deyil, səmimiyyətlə, zəruriyyətlə, daxili ehtiyacla qələmə alınan tənqiddən gedir. Tənqidçi eyni zamanda, bədii mədəniyyətin daşıyıcısı və təbliğatçısıdır, bir əsərin janrından asılı olmayaraq sosial şüurun qeyri-bədii sahələrinə də toxunur, qarşılıqlı münasibətlərə yol açır. Sosial və insan varlığının mühüm problemlərinə bədii əsərlərin kontekstində qiymət verir. Ona görə də bədii yaradıcılıq tarixən ədəbi tənqidin obyekti olmuş, inkişafının müxtəlif mərhələlərində, istiqamətlərində öz sözünü demişdir. Müxtəlif meyarlarla yanaşmasını da inkar etməmişdir. Ədəbiyyata qneseolo-ji planda üz tutmuş, idrakın (biliyin) predmeti, oxucu zövqünün müəyyən pilləsi kimi yanaşmışdır. Mən bu ekskursiyama istedadlı və zəhmətsevər, inadkar və təmkinli, sözə və fikrə hörmətlə bəsləyən Loğman Rəşidzadənin "Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk" adlı fundamental tədqiqat əsərini oxuyub nöqtəsini qoyandan sonra gəldim. "İtirdiyim" vaxta da mən baş əydim. Son dərəcə aydın, labirintdən uzaq, tənqidi macəraçılığıdan kənar bir monoqrafiyanı mənimsəyə bildim. Qəribə bir mənzərə də qarşıma çıxdı: payızın bir səhərli günündə (06.11.2019), hansı ki, doqquzuncu mərtəbədən laylı pəncərəm zeytun bağına açılır. Sübh çağının boz çiskinliyi, dan yerinin sac kimi qızartısı, zeytun ağaclarının bir-birinə sıxlaşmış yarpaqlarından gün işartısının sızması. Bu hərarət mənə çatırdı, təbiətin gözəlliyi duyğularımda toxdayırdı. Mən əsəri idrak etmək gücündəymişəm...

 





25.12.2019    çap et  çap et