525.Az

Rasimi "ortastatistik"liyə yuvarladan "qüvvə" - Şahanə Müşfiq yazır


 

Rasimi "ortastatistik"liyə yuvarladan "qüvvə" - <b style="color:red">Şahanə Müşfiq yazır </b> Uşaqlığıma geri dönmək istədikdə qulaqlarımda cingildəyən ilk cümlə "mama, ata maaş alanda bunu alarıq (onu edərik)?" sualıdır.

Elə bilərsiniz, bu, bizim üçün travmadır, xeyr, əksinə, həmişə anamın bizə öyrətdiyi bu cümləylə qürur duymuşam. Çünki bu cümlə bir növ bizim tərbiyəmizin əlifbası olub, bizi varlıqla yanaşı, yoxluğun da olduğu, hətta bəzən ancaq yoxluğun olduğu o çətin həyata hazırlayan açar rolunu oynayıb.

90-ların əksər uşağı kimi biz də gözümüzü yenicə müstəqillik əldə edən bir dövlətin həm siyasi, həm də iqtisadi qarışıqlıq, hərc-mərclik, yoxsulluq dövrünə açmışdıq. Aylarla maaşlar verilmir, adicə çörək üçün saatlarla növbə gözlənilirdi.

Yataqxanadakı bircə otağa sığındığımız həmin zamanlarda bizdən bir qapı sağda ingilis dili müəllimi olan qadın iki uşağıyla qalırdı (bir müddət öncə rəhmətə gedib!). Yoldaşı Qarabağda döyüşürdü, sonra bir müddət də xidmətini davam etdirmişdi. Onun uşaqları bizdən cəmi 2-3 yaş böyük idi. Mənim yadıma gəlmir, amma anam danışır ki, biz lap balaca olduğumuz vaxtlarda həyətə o vaxtlar "xoruz", "şirinquş" dediyimiz şirnilərdən satan gəlibmiş. "Şirinquş"un da qiyməti o vaxtın puluyla 250 manat (indiki 5 qəpik). Qonşu uşaqları sevimli "şirinquş"larını almaq üçün növbəyə düzülürlər. Həmin qonşumuzun balaca oğluyla qızı da analarının üstünə qaçıb, "şirinquş" istədiklərini deyirlər (biz lap balaca olduğumuz üçün hələ onda "şirinquş" yeyə bilmirikmiş). Anaları isə "pulum yoxdur, olanda alaram" deyir. Uşaqlar ağlayırlar, amma ana dediyindən dönmür. Balacaların ağlamağına dözə bilməyən anam deyir ki, istəyirsən mən alım. Qonşu isə cavab verir: "Yəni mənim 250 manat verib uşağıma “şirinquş” almağa pulum yoxdur? Əlbəttə ki, var. Amma almıram. Qoy uşaq indidən "var"la "yox"u anlasın. Bu gün hər kiçik istəyini yerinə yetirsəm, sabah böyük tələblərini eləməyə gücüm çatmasa, ona "yoxdu"nu anlatmaq mümkün olmayacaq"

Biz nisbətən böyüdükdə, nəsə istəmək yaşımıza çatanda isə anamdan eşitdiyimiz cümlə bu olardı "atan maaş alanda..." Bu cümləylə anam həm bizə yoxluq anlayışını aşılayır, həm səbri, gözləməyi öyrədir, həm də atamı övladlarının qarşısında pis vəziyyətdə qalmaqdan, utanmaqdan xilas edirdi. O, bizi elə öyrətmişdi ki, bugünkü gündə belə biz atamıza "bunu istəyirik" demirik, deməmişik. İstəklərimizi anamıza bildirmişik. O da ya bizə vəziyyəti başa salıb, ya da atamla aramızda əlaqəçi olub.

Bütün bunları tanınmış aktyor Taleh Yüzbəyovun dekabrın 21-i internetdə yayımlanan "Ortastatistik Rasim" filminə baxarkən yenidən xatırladım. Pulsuzluq üzündən övladının ad gününə istədiyi hədiyyəni ala bilməyən Rasim hamımızın tanıdığı, ətrafında, qohum-qonşusunda, ailəsinin içində gördüyü obrazdır. Bəlkə də filmin az zamanda bu qədər çox baxılmasının və sevilməsinin səbəbi də budur. Ümumiyyətlə, Talehin böyük ustalıqla qazandığı uğurdur cəmiyyətdə hər kəsin tanıdığı, bəzən özünü, bəzən dost-tanışını gördüyü obrazları ekran önünə gətirmək.

Filmin nəzəri cəhətləri, texniki məslələri haqqında danışmağı mütəxəssislərin öhdəsinə buraxıb, bu yazımda diqqəti Rasimin arvadının üzərinə çəkmək istəyirəm. Yazının sərlövhəsində də, elə içərisində də siz o qadını "həyat yoldaşı" adlandırmağıma rast gəlməyəcəksiniz. Çünki elə bir qadın Rasimin həyatına yoldaş deyil, onu "ortastatistik" edən başlıca qüvvədir. Kəmalə Onurun böyük ustalıqla canlandırdığı qadın bir saatlıq filmin və Rasimin həyatının ən həlledici qüvvəsidir. Ananın ver(mə)diyi tərbiyənin nəticəsidir ki, 12 yaşlı oğlan atasının dediyi "yoxdur" kəlməsini başa düşmür, başa düşmək istəmir. Ananın öyrətmədiyi kəlmədir çünki bu. Qadın həyat yoldaşının vəziyyətini anlamır, övladına da anlatmırsa, Rasimin "ortastatistik" olması qaçınılmazdır.

Əgər Rasim oğluyla üz-üzə gəlməyə, ona "yoxdur"u anladarkən məğlubiyyətə uğramağa və oğlunun istədiyi o bahalıqda hədiyyədən ötrü qapı-qapı gəzməyə, sonda isə özünü alçaltmaq müqabilində oğurluq etməyə məcbur qalırsa, yenə də günahkar qadındır. Əgər oğlu o cür bahalı hədiyyəni atasından istəyərkən anası ərinin üzünə durub "ürəyimə damıb ki, pulunu bu gün ala bilməyəcəksən" deyə rişxənd etmək əvəzinə, ailənin və atanın vəziyyətini oğluna başa salmağa cəhd göstərsəydi, nə uşaq bu cür israr edəcəkdi, nə də Rasim oğurluq.

Maraqlıdır ki, bu obraz da bizə yad deyil. Yoxdurmu aza qane olmayıb ərini qapı-qapı borc dalınca gəzdirən, o borc istədiklərinin qarşısında alçalmağına, əyilməyinə, utanmağına yol açan qadınlar?! Arvadının, övladının tələblərini yerinə yetirmək üçün ya kişi başqalarının, bəzən isə özündən də aşağıların qarşısında əyilir, utanır, rəzil duruma düşür, ya da qadın övladını da götürüb evi tərk edir.

İlk növbədə varla yoxu qanan ananın övladının Rasimin oğlu kimi o bahalıqda hədiyyə istəməyə ürəyi gəlməz. Əgər gəlirsə, demək ki, hardasa boşluq və o boşluğu yaradan qadın var!

 

 





26.12.2019    çap et  çap et