525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>

Doğum günü ərəfəsində cənab Prezidentin yerli jurnalistlərə müsahibəsi diqqətçəkən, təqdirəlayiq addım idi və böyük maraqla qarşılandı.

Ölkə ictimaiyyətini maraqlandıran, demək olar, bütün məsələlərlə bağlı suallar dövlət başçısı səviyyəsində ətraflı və müfəssəl şəkildə cavablandırıldı. Ölkə rəhbərinin ayrı-ayrı vaxtlarda tezis kimi səsləndirdiyi fikirlər bu dəfə tam dolğunluğu ilə, daha geniş çalarla diqqətə çatdırıldı. Müsahibənin formatı və vaxt genişliyi imkan verdi ki, ictimaiyyət bütün məsələlər barədə Prezidentin mövqeyi ilə daha ətraflı tanış olsun.

Əminəm ki, yaxın aylarda mətbuatımız Prezidentin bu müsahibədə səsləndirdiyi müxtəlif aspektli fikirlərin təhlilinə geniş yer ayıracaq.

Belə müsahibələrin ənənəyə çevrilməsi müsbət tendensiya olmaqla yanaşı, fikrimcə, həm də ölkə mətbuatının nüfuz və məsuliyyətinin artmasına da şərait yaradacaq.

*** 

"Məhsul batdı"

(İlqar Həsənovun şifahi yaradıcılığından bir alınma)

Sovet vaxtı taxılçılıq rayonlarından birinə yeni katib gəlir. Tapşırıq verir ki, mütəxəssisləri yığıb taxıl yığımı ilə bağlı iclas keçirsinlər. Katib kreativliyini göstərmək üçün taxılçılıqda səriştəsi olan sadə kəndliyə də söz verir:

- Yoldaş katib, məhsulun bol olması üçün gərək axşam möhkəm yağış yağa, səhər də yaxşı gün çıxa. Axşam gərək möhkəm yağış yağa, səhər güclü gün çıxa. Axşam gərək...

Kəndli fasilə vermədən bu sözləri təkrarlayır. Katibin hövsələsi daralır:

- Ə, bir dayan! Ə, bir kəs!

Kəndli tövrünü pozmadan cavab verir:

- Yoldaş katib, dayandısa, kəsdisə, MƏHSUL BATDI... :)

***

Hamı bir-birinə oxşayır.

***

Ağac əkmək savab işdir, gərəkli və xeyirxah əməldir.

Şair də yaxşı deyib:

"İstəsən elliklə, istəsən də tək. Təki sən ağac ək!.."

***

Nəsimidən üzü bəri nəsilləri birləşdirən “Azercell”!

***

Aeroportumuzda dincəlmək, yuxulamaq, hətta yatmaq üçün hər cür şərait var. Kreativ yataq - düzdür, bir az tabuta da oxşayır, cansıxıcı olur örtəndə...

***

Gəldik Alma-Ataya. Qazaxıstan yazıçılarının 85 illik yubileyinə. Yaz havasıdır. Qar var, amma köhnəlib. :)

***

Qazaxlar bacanağa baja, stop - dayana toxta deyirlər.

***

Oljas Süleymenov çıxışında mədəniyyətə, ədəbiyyata önəm verməyin vacibliyindən danışdı: "Mədəniyyət olmasa, fizika, riyaziyyat , texnologiya xilas yolu olmayacaq. Bəşəriyyətin sabahı yalnız mədəni texnologiyalarla mümkündür".

Təəssüf ki, informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı axınında yazıçı harayı zəif pıçıltıya bənzəyirdi.

***

Yazıçılara dua edir: qonorarları bol olsun...

***

Yazıçılar da oxumağa keçəcəklər. Bob Dilan kimi...

***

Deyir, tamahkarla saxtakar tez anlaşır.

***

Xanbibi Esenkaraqızı qazax şairidir. Deyir, Xanbibi "xanın xanımı" deməkdir.

***

Hiss edirdim ki, gün belə yekunlaşacaq. Çapan və Dombrayla :)

***

Deyir, yeni ilimiz qarsız olacaq.

***

Nəticəyə təsir etməyəcəksə, danışmağın mənası varmı?!.

***

Yəqin, deyiblər qocasan, səndən deputat olmaz! Düşüb depressiyaya.  :)

***

Sonda hamı tək qalır.

***

Pul olanda bütün şəhərlər Kiyevdir!..

***

Hamı hər şeyi görür və bilir!

***

Telefonu söndürüb qeybə çəkilmək...

***

Zəng vurub deyir ki, bəs, bizdə bir istedad var, nə vaxt gəlsin yanınıza?! Deyirəm, mən bu illərdə özünə istedad, dahi deyənləri çox görmüşəm, tələsməyin, yanvarda gələr . Deyir, yox e, bu, gerçək istedaddır. Şeir yazır, poeması da var!

Dedim poeması varsa, hazır "dahidir"! :)

***

Özünü aciz hiss etmək. Heç nəyi dəyişdirə bilməmək, gücü çatmamaq. Heç arzu da etməmək...

***

Hər aşiqin bir dövranı var, yoxsa hər aşığın?! Hansı doğrudur?!

***

Aşağıda yenə göz gözü seçir,

Yuxarı qalxdıqca qatı dumandır...

***

"Niyə düşmən kəsilmişik

Hamı qardaş olsa da?!"

Yarım əsrdən çoxdur, Ramiz Rövşənin şeirləri ən müxtəlif sənət sahiblərinin, onun poeziyasını sevənlərin dilindən bir-birindən tam fərqli şəkildə səslənir. Ramiz Rövşən poeziyasına hərənin öz baxışı və təbii ki, bu baxışdan doğan öz ifa tərzi var. Heydər Əliyev sarayında keçirilən "Qəfil gün doğsa bir gecə" adlı möhtəşəm konsertdəki təxminən iki min nəfərə yaxın tamaşaçı Ramiz Rövşən sözünün sehrinə düşmüşdü. Ola bilsin, dəvət olunanlar da vardı, amma bu insanların hamısı Ramiz Rövşən şeirinin işığına toplaşmışdı.

Bu konsertdə Ramiz Rövşən poeziyası bir başqa aurada təqdim olundu. Ola bilər, bu, kiminə təzə, kiminə də şairin söz dünyasına indiyəcən gördüklərindən tam fərqli yanaşma təsiri bağışladı. Amma bütün hallarda böyük, möhtəşəm salondakı iki minə yaxın insanı Onun sirli-sehirli poeziyası bir yerə yığmışdı.

"Hicaz" qrupunun bədii rəhbəri Eyvaz Həşimovun, "Savalan" qrupunun bədii rəhbəri İffət Əsgərovun bəstələdiyi mahnılar Ramiz Rövşən yaradıcılığına yeni baxış idi. Xalq artisti Nəzakət Teymurovanın içdən, ürəkdən gələn ifasında sənətkar kimi peşəkarlıqdan başqa, həm də onun Ramiz Rövşən poeziyasına xüsusi sevgisi və rəğbəti duyulurdu. Əməkdar artist Ehtiram Hüseynovun ifalarında Ramiz Rövşən poeziyasına müraciət etməsini çox görmüşəm. O, həmişə Ramiz Rövşən yaradıcılığına məxsusi sevgisiylə seçilib və mahnıları hər zaman zövq verib. Təəssüf ki, bu konsertdə Ehtiramın xəstəhal olduğu hiss edilirdi. Amma sağlamlığındakı problemə rəğmən konsertdə sona kimi ifa etdiyi gözəl mahnılarla o sevginin daha bir nümunəsini göstərdi.

Belə bir konsert proqramının ərsəyə gəlməsinə görə, rejissor Mir Sahib Ağazadənin böyük zəhmətini isə ayrıca qeyd etmək lazımdır. Təsadüfi deyildi ki, konsertin sonunda çıxış edən Ramiz Rövşən mərhum rejissor Vaqif İbrahimoğlunu xatırladı. Ötən əsrin 90-cı illərində Vaqif İbrahimoğlu rəhbəri olduğu "YUĞ" teatrında şairin şeirlərindən ibarət qeyri-adi tamaşalar səhnələşdirmişdi. Konsertin rejissoru Mir Sahibin quruluşunda da "YUĞ" estetikası hiss edilirdi. İki saat ərzində məhz səhnədəki dinamikanın, hərəkətliliyin sayəsində darıxmaq olmadı. Fərqli janrlarda rəngarəng musiqi nömrələri gecəyə bir ayrı sehr qatdı. Həm xalq musiqisi, həm muğam, həm rep və rok çalarlı elementləri, tamaşa estetikası Mir Sahib Ağazadənin yozumunda həllini çox gözəl tapmışdı.

Bu konsert proqramı bir yandan, əvvəldə dediyimiz kimi, Ramiz Rövşən şeirlərinin bir ayrı formada təqdimatı, bir yandan da fərqli düşüncəyə sahib insanların təxminən yarım əsrdən bəri öz ürəklərində qoruyub saxladıqları ədəbiyyat, söz sevgisinin təntənəsi idi. Fikrimcə, son illər Azərbaycanda sözün, şeirin belə fərqli təqdimatı olmayıb, ən azından, mənim yadıma gəlmir. Uzağa getməyək, təxminən bir il-ilyarım qabaq belə möhtəşəm salonda belə bir tədbirin keçirilməsi real görünmürdü. Bu mənada, indi şairin səhnədən, ifaçıların dilindən səslənən bu misraları bir başqa anlam ifadə edirdi:

Xarabadı bu ev-eşik,
Daş üstə daş olsa da.
Niyə düşmən kəsilmişik
Hamı qardaş olsa da?

Ya da:

İt olub hürmədik Aya,
Yıxdı bizi abır-həya,
Qoyun olmaya-olmaya
Qoyun olmaq çətin şeymiş.

Və yaxud da ki:

Ağrımaz bir ağrımızla,
İşi yoxdu ağlımızla,
Ağzımızla-burnumuzla,
Başımızı qatan güzgü.

Ramiz Rövşən poeziyasının bu nümunələrinin indi o möhtəşəm salonda səslənməsi həm də bu gün cəmiyyətdə yaranmış müəyyən nəfəs genişliyinin təcəssümü idi və müsbət ovqat, xoş duyğular yaradırdı.

Bəzən səhnədə ifa vaxtı müğənnilərin dilindən şairin şeirlərindəki müəyyən söz və misralar tam aydın başa düşülməyəndə o şeirləri zaldakı tamaşaçılar öz-özlərinə pıçıldayırdılar. Mən son illər heç bir şairə insanların bu qədər böyük sevgisinin şahidi olmamışdım. Bu böyük sevgiyə görə Ramiz Rövşəni təbrik edirəm!..

***

Çingiz Əlioğlu müsahibəsində qadın yazarları tənqid etmişdi. Məndən də münasibət soruşdular: "Qadınlar arasında ciddi yazarlar varmı". Belə cavab verdim:

- Əlbəttə, var. Dəfələrlə demişəm, Afaq Məsud, İradə Tuncay dünya səviyyəli ciddi yazarlardır. İndi gənclərin də arasında ciddi imzalar var. Onların adını çəkmirəm ki, göz dəyməsin. Çingiz müəllimə də cansağlığı arzulayıram. Öpürəm onu! Elə qadın yazarlarımızı da.

***

Əbdürrəhim bəy Haqverdiyevi yaxşı oxumamışıq. Gələn il 150 illik yubileyidir. UNESCO qeyd edəcək. Yenidən oxumaq, yaxşı tanımaq və tanıtdırmaq vacibdir.

***

Doğru xəbəri, obyektiv rəyi mətbuat deməlidir...

***

Normal adam tapmaq çətindir. Hərənin ilməsi bir yerdən qaçır.

***

Özünü normal, adi adam hiss etməyin səadəti və rahatlığı...

***

Deyir, icra başçılarının bir az fısı yatar. "Fısı yatar" ifadəsi ilişdi beynimə: "fıs" nədir, necə yaranır ki?!. :)

***

Bu günlər çoxlu tədbirlər fonunda Mayakovskini tez-tez xatırlayıram. Onun iclaslar barədə məşhur şeiri orta və yaşlı nəslin yaxşı yadında olar. Necəydi?!

***

Bakı Kitab Mərkəzində Qazet.az saytının təqdimatında olduq. Yeni media qurumuna həmkarımız Aynur Kərimova rəhbərlik edəcək. Çıxış etdik, uğurlar dilədik: "Azadlığınız... azalmasın, arzularınız sozalmasın!"

***

Şadlıq evlərində siqaret çəkilməyə başlanmasını demokratiyanın, azadlığın və insan hüquqlarının təntənəsi saymaq olar. Bu məsələdə xaricilərin bizə həsəd aparmasını görmək isə xüsusi zövq verir. :)

***

Boş-bekar qalanda hamı mənasız işlərlə məşğul olur :)

***

Dekabrda hava hərdən
Meyllənər qışa doğru.
Bazar günü xiridarlar
Tələsərlər XAŞa doğru. :)

(Ardını xaşpərəstlər davam etdirə bilərlər. :)

***

20-20 olanda kim udur?! Bankir?!. :)

 

 





26.12.2019    çap et  çap et