525.Az

Azərbaycan kitabxanaşünaslığının patriarxı


 

Azərbaycan kitabxanaşünaslığının patriarxı<b style="color:red"></b>

Azərbaycan elmində məktəb yaradan, yeni cığır açan, böyük elmi kəşflər edən alimlər, ziyalılar çox olmuşdur və indi də vardır. Ancaq bütöv bir elm sahəsini yaradan, yarım əsrdən çox bir müddətdə onu ayaqda saxlayan, ayrıca bir elm sahəsinin inkişafı onun adı ilə bağlı olan, bütöv bir elm sahəsinin ağsaqqalı olan alimlərimiz isə çox azdır. Bəlkə bə barmaqla sayılası qədərdir. Məhz belə alimlərimizdən, ziyalılarımızdan biri də Azərbaycanda kitabxanaşünaslıq elminin yaradıcısı, respublikamızda kitabxanaçılıq təhsilinin təməlini yaradan alim, bütövlükdə Azərbaycan kitabxanaçılar ordusunun ağsaqqalı, patriarxı və müəllimi olan Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, "Şöhrət" və "Şərəf" ordenli, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Bakı Dövlət Universitetinin "Fəxri professoru", BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovdur. Böyük alimin özünün yazdığı kimi, bir vaxtlar "ayaqyalın" Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndindən Bakıya gələn gənc oğlan kitabxanaçılıq ixtisasını seçərkən heç təsəvvürünə belə gətirə bilməzdi ki, vaxt gələcək bu sahənin, bu elmin və bu ixtisasın yaradıcısı, ağsaqqalı və sözün əsl mənasında "patriarxı" olacaqdır.

Həmişə həyatda da, elmdə də yeni cığır açmaq və hər hansı bir elm sahəsinin təkamül tarixini yazmaq, formalaşdırmaq həm çox çətin və həm də çox şərəfli olur və bu yolu tutanlara şərəf və böyük uğur gətirir. Məhz Abuzər müəllim də çətinliklərdən qorxmayaraq bu yolu tutur və Azərbaycanda kitabxana işinin tarixi səlnaməsini yaratmağa başlayır və bu sahədə namizədlik və doktorluq dissertasiyası müdafiə edir, cild-cild kitablar yazır, tarix yaradanlardan olur. Azərbaycanda kitabxanaşünaslıq elminin təməlini qoyur, banisi olur, "Abuzər Xələfov Kitabxanaşünaslıq elmi məktəbini" yaradır. Bu gün 100 yaşlı Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4 kafedrasında, respublikamızın aparıcı kitabxanalarında çalışan 100-dən artıq elmi kadrların demək olar ki hamısı, o cümlədən, bu sətirlərin müəllifi də Abuzər Xələfov Elmi Məktəbinin yetişdirmələridirlər. Heç təsadüfi deyildir ki, bu gün Abuzər müəllimi böyük fəxrlə "müəllimlər müəllimi", "Alimlər müəllimi" adlandırırlar. Bu gün də o, BDU-nun ilk "Fəxri professoru" kimi, Azərbaycanda kitabxanaşünaslıq elminin inkişafına öz töhfələrini verməkdə davam edir, kitabxanaşünas, biblioqraf və kitabşünas elmi kadrlarının hazırlanması işlərinə böyük həvəslə rəhbərlik edir, alimlər ordusunun yetişməsi işində öz tələbələri ilə çiyin-çiyinə çalışmaqda davam edir, öz elmi bilik və bacarıqlarını gənclərə öyrədir.

Professor Abuzər Xələfov həm də Azərbaycanda kitabxanaçılıq təhsilinin də təşkilatçısı hesab olunur. Respublikamızda yeganə ali kitabxanaçılıq təhsili verən BDU-nun Kitabxanaçılıq və İnformasiya fakültəsinin 57 il bundan öncə Filologiya fakültəsinin nəzdində bir şöbədən müstəqil fakültəyə çevrilməsi təşəbbüsü də məhz Abuzər müəllimə məxsusdur və görkəmli alim 25 il böyük uğurla dekan kimi həmin fakültəyə rəhbərlik etmişdir. Bu vəzifədə də o, 10 minlərlə ali ixtisas təhsilli kitabxanaçı kadrlarının hazırlanması işlərində uğurla çalışaraq fəal təhsil təşkilatçısı olmuşdur. Bu gün həmin fakültənin 4 kafedrasında çalışan 100-ə yaxın alimin hamısı Abuzər müəllimin yetirmələridir.

Abuzər müəllim 1963-cü ildən bugünlərədək BDU-nun Kitabxanaşünaslıq kafedrasına rəhbərlik etmişdir. Onun rəhbərliyi və xeyir-duası ilə onlarla mütəxəssis dissertasiya müdafiə edərək elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Professor A.Xələfov kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində mütəxəssis, elmi-pedaqoji kadrların hazırlığında da əvəzsiz rol oynamışdır. Ümumiyyətlə, o, Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində xüsusi elmi məktəb yaratmış, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası və aktual problemləri ilə bağlı geniş tədqiqatlar aparan 1 elmlər doktoru və 10-dan çox elmlər namizədi (fəlsəfə doktoru) hazırlamışdır. Professor A.Xələfovun tanınmış yetirmələri sırasında 2 professor - Xəlil İsmayılov və bu sətrlərin müəllifi, dosent Elçin Əhmədov, dosent Knyaz Aslan, dosent Mehmanəli Məmmədov, dosent Pərviz Kazimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov və digər adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çoxlu sayda tanınmış alimlər vardır. Tanınmış alim, eyni zamanda, 25 nəfər elmlər namizədi və elmlər doktorunun hazırlanmasında elmi məsləhətçi və ya opponent kimi də xüsusi fəallıq göstərmişdir.

Professor Abuzər Xələfovun Azərbaycan kitabxanaşünaslığı tarixində ən böyük xidmətlərində biri və bəlkə də birincisi ilk dəfə olaraq Azərbaycanda kitabxana işinin tarixinin tədqiqindən ibarətdir. Qədim şumer tayfalarından başlamış, bu günümüzədək Azərbaycanda kitabxana işinin tarixini zərgər dəqiqliyi ilə araşdıran böyük alimin yazdığı çoxcildlik "Azərbaycanda kitabxana işinin tarixi" kitabı yarım əsrdən artıq bir müddətdə bütün kitabxana işçilərinin, kitabxanaşünaslıq sahəsinin bütün tədqiqatçılarının stolüstü kitabına çevrilmişdir və neçə-neçə əsrlər boyu bir neçə kitabxanaçılar nəslinin yetişməsində bu əsərlər öz əhəmiyyətli rolunu oynayacaq və müəllifinə şərəf və şöhrət gətirərək, onu tarixda yaşadacaqdır.

Bu gün milli mənəvi dəyərlərimizin saxlanc yeri, mənəviyyat məbədi hesab olunan Azərbaycan Milli Kitabxanasının tarixinin də ilk tədqiqatçısı məhz professor Abuzər Xələfov olmuşdur və onun "Azərbaycanda kitabxana işinin tarixi" çoxcildliyində Milli Kitabxananın təşkili üçün göstərilən səylər, həmin kitabxananın yaradılması və inkişafının sonrakı mərhələləri böyük fədakarlıqla tədqiq olunmuş və böyük sevgi ilə qələmə alınmışdır. Hətta 2013-cü ildə Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ərəfəsində Abuzər müəllimin "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası" adlı kitabı nəşr olunmuşdur.

Abuzər müəllim həm də dövrün, zamanın fövqündə gedən alimdir, müasir dövrdə kitabxanaşünaslığın qarşısında duran vəzifələrdən, informasiya cəmiyyətində kitabxanaların yeri və funksiyalarında bəhs edən "Kitabxana və cəmiyyət", "Kitabxanaların kompüterləşdirilməsinin əsasları" kimi elmi əsərlərin və monoqrafiyaların da müəllifidir. Yaşının kifayər qədər olmasına baxmayaraq, Abuzər müəllim bu gün də yazıb-yaradır və bu günlərdə ömrünün ən gözəl illərini həsr etdiyi və əbədi olaraq əhdi-peyman bağladığı Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində "Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının 100 illiyi" adlı 270 səhifəlik monoqrafiyası nəşr olunmuşdur.

Professor Abuzər Xələfovdan sonra Milli Kitabxananın tarixinin sonrakı inkişafı dövrlərini tədqiq edən bütün müəlliflər, o cümlədən, dosent Almaz Abbasova və bu sətirlərin müəllifi də öz əsərlərində Abuzər müəllimin tədqiqatlarına əsaslanmışlar və zənnimizcə, hələ bir çox onilliklər ərzində bu ənənə davam edəcəkdir.

Professor Abuzər Xələfov həm də böyük elm və təhsil təşkilatçısıdır və uzun illərdir ki (1972-ci ildən bugünədək), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq" bölməsinin sədridir, kitabxanaçılıq təhsili sahəsində bütün proqramların və digər elmi-metodik materialların hazırlanması işlərinə rəhbərlik etmişdir. Eyni zamanda, uzun müddətdir ki, Təhsil və Mədəniyyət nazirliklərinin Kitabxana şuralarının da üzvüdür və bu gün də bu istiqamətdə fəal çalışmaqdadır.

Abuzər müəllimi əbəs yerə bütün Azərbaycan kitabxanaçılarının ağsaqqalı adlandırmırlar, çünki bu gün ölkəmizin 10 mindən artıq kitabxanalarında çalışanların demək olar ki, böyük əksəriyyəti bu böyük alimin tələbələridirlər, onun xeyir-duası ilə həyata vəsiqə almışlar, elmimizin və mədəniyyətimizin inkişafı yolunda uğurla çalışırlar.

Abuzər müəllimin Azərbaycan Respublikasında təhsilin, elmin və mədəniyyətin inkişafındakı xidmətləri respublikamızın rəhbərliyi tərəfindən, o cümlədən, xalqımızın Ulu öndəri Heydər Əliyev tərəfindən və həm də onun elm, mədəniyyət, təhsil siyasətini böyük uğurla davam və inkişaf etdirən cənab Prezidentimiz İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirilmişdir. Görkəmli alim  Əməkdar mədəniyyət işçisi və Əməkdar elm xadimi fəxri adları ilə, "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif olunmuşdur, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsüdür.

Professor Abuzər Xələfovin 85 illik yubileyi təntənəli şəkildə bütün respublikamızda, o cümlədən, Milli Kitabxanada çox böyük təntənə ilə qeyd olunmuşdur və bu yubiley çərçivəsində keçirilən tədbirlərin birində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Abuzər müəllimi Azərbaycanın "Baş Kitabxanaçısı" adlandırmışdır. Məncə, ölkəmizin 20 minlik kitabxanaçılar ordusunun önündə gedən, hamımızın ağsaqqalı, Azərbaycan kitabxanaşünaslığının patriarxı tarix elmləri doktoru, professor Abuzər Xələfov bu adı ləyaqətlə daşımağa haqqı olan bir alimdir, ziyalıdır.

Mənə kitabxanaşünaslıq elminin sirlərini öyrədən və mənim bu səviyyəyə gəlib çıxmağımda böyük əməyi olan, mənim elmi rəhbərim gözəl insan və ziyalı, cəfakeş və təəssübkeş alim, yorulmaz tədqiqatçı olan professor Abuzər Xələfovun ad gününü təbrik edir və ona uzun və sağlam ömür və cansağlığı arzulayıram.

 

 





27.12.2019    çap et  çap et