525.Az

Tariximizin dərin qatları: Atropatena və Hun məfhumlarına dair mülahizələr


 

Tariximizin dərin qatları: Atropatena və Hun məfhumlarına dair mülahizələr<b style="color:red"></b>

Atropatena məfhumu haqqında həm onomastika, həm də toponimika alimləri müxtəlif vaxtlarda biri-birindən fərqli mülahizələr söyləyiblər. Qədim coğrafiyaçılar bu adı antroponim (şəxs adları) kimi açaraq Makedoniyalı İskəndərin Azərbaycanı istila etmiş Atropat adlı sərkərdəsinin şərəfinə adlandırılmasını iddia edirlər. Bu toponimi tədqiqatçı alimlər coğrafiya ilə tarixin bağlılığı əsasında yarandığını şərh edirlər. Həqiqətən də "Atropatena" məfhumunun latın mənşəli söz olmasını dilçi alimlər də təsdiqləyirlər. Bu səbəbdən də elmi mənbələrdə və dərs vəsaitlərində Atropatena antroponim kimi göstərilib.

Tanınmış alim M.H.Vəliyev (Baharlı) özünün "Azərbaycan" və "Azərbaycan əhalisi" əsərlərində tariximizin tədqiqində toponimlərin xüsusi əhəmiyyətindən geniş bəhs edir. Onun əsərlərində birinci dəfə olaraq Azərbaycanın antik dövr etnik tərkibi, ərazisində mövcud olmuş ayrı-ayrı etnosların təşəkkül tarixi, xalqımızın formalaşması və təşəkkülündə iştirak etmiş türk köklü etnoslar barədə ətraflı məlumatlar verilir. M.H.Vəliyev Azərbaycan ölkə adının mənşəyi haqqında verdiyi məlumatda bu məfhumu Atropatena məfhumu ilə müqayisəli şəkildə izah edir. Alim bu ölkə adının qədim dövrdən müasir dövrümüzə qədər yazılışlarını tədqiq edib, öyrənmişdir. O, Azərbaycan ölkə adı məfhumunu qədim yazılı mənbələrdə "Adərbadakan", "Adərbaycan", "Azərbaykan", "Azərbadğan", "Atonpadəgan", "Atropaten" (yunan dilində) kimi işlənməsini nəzərdən keçirərək, əsas komponentin "od" mənası verdiyini demiş və bütövlükdə Azərbaycan məfhumunun "Odlar diyarı" kimi bir məna daşıdığını göstərir.

Lakin burada çox maraqlı bir məqam var ki, ölkəmizin adı hansı səbəbdən latın mənşəli Atropatena ilə əlaqələndirilib? Əslində, Atropatena məfhumunun semantikasını öyrənərkən bu coğrafi adın tarixlə sıx bağlılığına diqqət yetirmək vacibdir. Latın dilində "atrox" - amansız, sərt, hətta barbar, "patria" isə "vətən, ölkə" mənasını bildirir. Sözü bütövlükdə latın dilindən tərcümə etsək, mənası "amansızların vətəni", "sərt adamlar diyarı" alınar. Bu isə xeyli dərəcədə təəccüblü nəticədir və əsaslı araşdırma tələb edir.

Gəlin tarixə nəzər salaq: mənbələrdə yazılır ki, Makedoniyalı İskəndər III Daraya qarşı Qavqamel döyüşündə (e.ə.01.10.331) midiyalıların (kadusilər, xəzərlər, albanlar, sakasenlər və digər tayfalar) qoşun hissələri Daranın ordusu tərkibində İskəndərin qoşunlarına qarşı süvari və oxatanlar kimi döyüşmüşlər. Midiyalı döyüşçülər qorxmadan makedoniyalıların sağ və sol cinahına hücum ediblər, sol cinahı yararaq, İskəndərin özünün olduğu hərbi düşərgəyə tərəf irəliləyiblər. Döyüş zamanı İsgəndərin nizami ordusu onların qarşısını kəsmiş, arxadan isə böyük bir qoşun hissəsi midiyalılara ağır zərbə endirmişdi. Buna baxmayaraq, onlar iranlılar kimi döyüş meydanından qaçmamış, düşmənə böyük tələfat verdirərək, son nəfəslərinə qədər döyüşmüşdülər. Görünür, midiyalılar Qavqamel döyüşündə bu qəhrəmanlıqları ilə makedoniyalılar üçün "düşmən" obrazında yadda qalıblar. Makedoniyalılar midiyalıların döyüşkənliyinə heyrət etmiş, onları "amansız", "barbar" (yunanca atrox, atro) adlandırmışlar (bu, əksər dünya xalqlarının hərb tarixində qəbul olunmuş bir yanaşmadır). Sonralar İskəndər hərbi yürüşlərində midiyalı döyüşçülərdən oxçular olaraq istifadə etmişdi. Zənnimcə, Midiyanı işğal etdikdən sonra öz xəritələrində yunan coğrafiyaçılar buranı "Atropat Midiyası" - "Atropatena" (barbarlar ölkəsi) kimi qeydə almışlar.

Fikrimcə, bu məfhumun seçilib işlənməsi anlayış latın, ingilis, fransız, rus və digər bu kimi dillərdə - fərqli yazılış və səslənmələrlə də olsa - "Hun" etnoniminin məcazi mənasının "barbarlar", "varvarlar" kimi verilməsi ilə də əlaqəlidir. Hunlar "Gün"ü özlərinə tanrı qəbul etmiş və ona inanc kimi sitayiş etmişlər. Ayrı-ayrı türk tayfalarının ləhcələrində isə bu söz gün, xun, hun, qun, kun, ğun, hətta yun kimi işlənmişdir. Lakin hunlardan - qədim türklərdən son dərəcə çəkinib ehtiyatlanan qərblilər bu sözü özlərinin "barbar, varvar" anlayışları ilə məcazi anlamda eyniləşdiriblər. Buradan yanaşmaqla Midiyanın cəsur əhalisinin onlar tərəfindən "barbarlığa" eyham vuran bir kəlmə ilə təqdim edildiyini müəyyən qədər anlamaq da olar. Deməli, yunan-makedoniyalıların Qavqamel döyüşündə qarşılaşıb heyrətə düşdükləri igid döyüşçülərlə sonradan qərbliləri dəhşətə salan qəhrəmanlar əslində, eyni bir etnosun nümayəndələri olublar. Avropalılardakı "hun qorxusu", hun dedikləri etnosun başçısı olan dahi sərkərdə Atillaya qarşı qəzəb və nifrət, ancaq həm də pərəstiş hissi onları bu məsələdə yunan-makedoniyalılar kimi davranmağa sövq edib. Nəticədə, faktiki türk olan tayfalar haqqında "barbar" mənası verən Hun məfhumunu işlədiblər.

Dünyanın ən məşhur sərkərdələrindən biri, "Avropanın İmperatoru" titulunu qazanmış böyük hökmdar Atilla (b. e 406-453) 434-cü ildə taxta çıxıb. O, hun adlansa da, əslində, türkdur. Avropa qitəsinin böyük bir qisminin hakimi olub və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirib. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma imperiyasını lərzəyə salan, diz çökdürən Atilla, avropalıların salnamələrində daha çox "qəddarlığı" ilə xatırlanır. Lakin onun gerçək məziyyətlərini anlayan və Atillanı məhəbbətlə yad edən xalqlar, o cümlədən, özünü Hunların övladı sayan macarlar ("Hunqariyalılar") tərəfindən əziz tutulur. Bu gün macarlar və türk xalqları arasında Atilla adı çox yayılıb.

Atillanın ordusunun özəyini Araldan Qara dənizədək yayılmış, həmçinin, Qafqazda yaşayan türklər, oğuz (Ox-uz) döyüşçüləri, yəni mahir oxçular təşkil edirdi. Bu gün ingilis dilində olan "hunt", "hunter" (ovçuluq etmək, ovçu) sözlərini də rahatca qədim hunlarla əlaqələndirmək olar. Onlar ox alətini ağcaqayından düzəldərmişlər. Heç də təsadüfi deyil ki, latın dilində "Acer tataricum" - Tatar ağcaqayını anlayışı var. Bu da sonradan yenə məkrli niyyətlə "tatar" adlandırılmış türklərlə sıx bağlı ifadədir.

Türk hökmranlığını Avropada davam etdirən Osmanlı imperatorluğu da Atillanın tarixi davamçısı rolunu oynamışdır. Balkanlardan Avstriyaya qədər Avropa ərazilərini fəth edən Osmanlı imperatorluğu Qərb dövlətlərini bərk narahat edirdi. Avropa maarifçiləri, əsasən də Fransız maarifçiləri türk hökmranlığına qarşı çirkin təbliğat apararaq onları varvarlar (barbarlar) adlandırır, "hunlar qədər qəddar və amansız" kimi qələmə verairdilər. Görünür, avropalıların "Hun İmperiyası" dedikləri türk dövlətinin tarixdə qoyduğu izləri silməyə gücləri çatmasa da, Atillanın imperatorluğunun süqutundan sonra onun mənsub olduğu xalqa qara yaxmağa çalışıblar.

Sonda bu nəticəni bölüşmək istərdim ki, vaxtilə yunan-makedoniyalıların "Atropat Midiyası", daha sonra avropalıların "Hunlar ölkəsi" deyə guya "barbarlar ölkəsi" kimi damğalamaq istədikləri bu doğma yurdumuz türk xalqlarının əzəli diyarlarından biri olub və bununla yenə də qürur duymaqdadır.

 

 





28.12.2019    çap et  çap et