525.Az

Dünya türkologiyasında müstəsna imza - Əhməd Cəfəroğlu


 

Dünya türkologiyasında müstəsna imza - <b style="color:red">Əhməd Cəfəroğlu</b>

Tanınmış dilçi və türkoloq alim İstanbul Universiteti Ədəbiyyat fakültəsi Yeni türk filologiyası kafedrasının professoru Əhməd Cəfəroğlu 17 aprel 1899-cu ildə Gəncədə doğulub. Kiçik yaşlarında (3 yaşında) atasını itirən Ə.Cəfəroğlu anası Gövhər xanımın və onun qohumlarının himayəsində böyüyür.

1905-ci ildə erməni-müsəlman davasında ailəsi ilə birlikdə Səmərqəndə köçməyə məcbur olan Əhməd Cəfəroğlu ilk təhsilini burada alır (1908). 1909-cu ildə Gəncəyə qayıdan Əhməd Cəfəroğlu 1909-1916-cı illərdə Gəncə gimnaziyasında təhsilini davam etdirir. Ali təhsil almaq məqsədilə Kiyevə gedən Əhməd Cəfəroğlu Kiyev Ali Ticarət İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olsa da, burada cəmi 18 ay oxuyur və təhsilini yarımçıq qoyaraq Gəncəyə qayıdır.

Əhməd Cəfəroğlu könüllü olaraq Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusuna yazılır və 1918-ci il sentyabrın 15-də Bakının daşnak və bolşevik işğalından azad edilməsində kiçik zabit kimi iştirak edir.

1919-cu ildə Əhməd Cəfəroğlu Bakı Universitetinin Tarix-filologiya fakültəsinə (Şərqşünaslıq) daxil olur, lakin burada da təhsili yarımçıq qalır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ə.Cəfəroğlu əvvəlcə Gürcüstana, oradan da Türkiyəyə gedir.

Təhsilini davam etdirmək üçün İstanbul Universitetinin Dil-ədəbiyyat fakültəsinə daxil olan Əhməd Cəfəroğlu məşhur türkoloq Mehmet Fuad Köprülüdən dərs alır və 1925-ci ildə universiteti bitirir. Az bir müddət İlahiyyat fakültəsinin kitabxanasında işləməklə bərabər, Türkiyyat Araşdırmaları İnstitutunda da çalışan Ə.Cəfəroğlu 1925-ci ilin sonlarında Almaniya Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi bu ölkəyə gedir. O, burada əvvəlcə Berlin, sonra isə Breslau Universitetində türkologiya üzrə təhsil alır. V.Banq Kaup, A.Fon Le Koç, Vasmer və Vestermanın tələbəsi olaraq bir semestr Berlin Universitetində, F.Gize, Karl Brokelman, Diels, Kosçimeder və Şaderin tələbəsi olaraq beş semestr Breslau Universitetində türkologiya sahəsində təhsil almışdır (1929).

15 may 1929-cu ildə Ə.Cəfəroğlu Breslau Universitetində məşhur şərqşünas Fridrix Gizenin rəhbərliyi altında yazdığı "Gəncə dialektində 75 Azərbaycan bayatı-türküsü - Bir dil araşdırması ilə" (MSOS, XXXII, 1929-Berlin) mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə edir və filologiya elmləri doktoru elmi dərəcəsi alır. Ə.Cəfəroğlunun bu əsəri daha sonra kitab şəklində Berlində nəşr olunur (yanvar, 1930).

Ə.Cəfəroğlu 1929-cu ildə Türkiyəyə qayıdır, eyni ildə İstanbul Universiteti Türk dili və ədəbiyyatı kafedrasında dosent olaraq çalışır. 1938-ci ildə həmin kafedranın professoru olur. M.F.Köpürlünün siyasətə qoşularaq universitetdən ayrılmasından sonra Türk dili və ədəbiyyatı kafedrasının müdiri olur. Bu kafedra daha sonra Əski Türk dili və Yeni Türk dili adları ilə iki kafedraya bölünür. Ə.Cəfəroğlu Yeni Türk dili kafedrasının müdiri olur və 1973-cü ilə qədər bu vəzifədə çalışır.

Ə.Cəfəroğlu türkologiyada sanballı tədqiqatları ilə tanınan alim, xüsusilə, türk dillərinin dialekt və etimologiyasına aid 350-dən artıq elmi məqalənin və araşdırmanın müəllifidir. O, bu çalışmaları ilə bir çox beynəlxalq mükafatlara layiq görülmüş, bir çox tanınmış beynəlxalq elmi təşkilatlara üzv seçilmişdir.

25 sentyabr 1937-ci ildə Polşa Şərqşünaslar Cəmiyyətinə (Polskie Towazystwo Oryentalistyczne) üzv, 1938-ci ildə Polşa Elmlər Akademiyasına müxbir üzv, 1944-cü ildə Macarıstan Elmlər Akademiyasına üzv, 1949-cu ildə Beynəlxalq Onomastika Cəmiyyətinin Türkiyə nümayəndəsi seçilir. 1953-cü ildə Azad Ukrayna Universiteti tərəfindən Ona fəxri doktor adı verilərək Ukrayna Elmlər Akademiyasına müxbir üzv seçirlər. 1953-cü ildə Ural-Altay Cəmiyyətinə üzv, Buenos-Ayresdəki "Turan" cəmiyyətinə fəxri üzv seçilir. 13 aprel 1953-cü ildə İspaniya Höküməti tərəfindən "De Alfonso X El Sabio" nişanı ilə təltif edilir. 1956-cı ildə Latın Linqivistika Cəmiyyətinin Türkiyə təmsilçisi seçilən Ə.Cəfəroğlu qurulduğu tarixdən Türk Dil Qurumunun üzvü olur.

O, eyni zamanda, Avropanın aparıcı universitetlərində türk dilinə və türkologiyaya dair mühazirələr oxuyur. Belə ki, bir müddət Roma universitetində də çalışır, dünyanın ən məşhur elmi cəmiyyətlərinin, akademiyalarının üzvü olur, türkoloji dilçiliklə bağlı maraqlı mühazirələrlə çıxış edir.

Ə.Cəfəroğlu Azərbaycanı dünyaya tanıtmaq üçün İstanbulda "Azərbaycan Yurd Bilgisi" jurnalını da nəşr edir. O, Avropada və xüsusilə Türkiyədə azərbaycanşünaslıq elminin təməlini qoyanlardan biri olur. Adıçəkilən dərgidə Ə.Cəfəroğlunun 40-a yaxın məqaləsi çap olunur. Ə.Cəfəroğlu, həmçinin, müxtəlif illərdə "Türk amacı" dərgisinin, "Türk dili və ədəbiyyatı" məcmuəsinin redaktoru olur. Bu dərgilərdən başqa TM, TDAY, TKA, Bollettino, Annali, Eİ, Onoma, Orbis, Oriens, RO, RİEB, MSOS, UAJb, No və bir çox beynəlxalq səviyyəli jurnallarda məqalələri nəşr olunmuşdur. O, türk dili tarixi, əski türk şivələri, türk onomastikası, Azərbaycan dili, ədəbiyyat və dialektologiya, Anadolu türkcəsi və dialektologiyası, Türk xalqları və digər mövzularda araşdırmalar aparmış, məqalələr yazmışdır.

Ə.Cəfəroğlu 1927-1928-ci illərdə "Yeni Qafqazya" və "Azəri türk" dərgilərində "Əhməd", "Uran" imzaları yazılar dərc etdirmişdir. Həmçinin, "Türk kültürü" dərgisindəki bəzi yazılarını Dr.Cəfər Əhmədoğlu, Dr.Əhməd Muxtar və Dr.Əhməd Samaslı imzaları ilə yazmışdır.

Ə.Cəfəroğlu özündən sonrakı nəslə müəllimlik edən bir dilçi alim nəsli yetişdirmişdir. Bu alimlər Türkiyə universitetlərində dil və ədəbiyyat kafedralarını qurdular və bu gün də bir hissəsi həmin kafedralara rəhbərlik edirlər. Rus, alman, fransız dillərini bilən Ə.Cəfəroğlu bir çox beynəlxalq elmi təşkilatların üzvü seçilmiş, 1966-cı ildən təqaüdə çıxana qədər İstanbul Universiteti Ədəbiyyat fakültəsi Türkiyat Araşdırmaları İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Ə.Cəfəroğlu 25-dən çox kitabın, hər biri öz sahəsində orijinal dəyər daşıyan 380-ə yaxın elmi məqalənin müəllifidir. Türkologiyanın çox fərqli sahələrində daima öncü araşdırmalar aparmış, Türkiyədə yeni elm sahələrini yaratmış və onun yayılmasına səbəb olmuşdu. Ə.Cəfəroğlunun çalışdığı sahələr və həmin sahələrdə yazdığı başlıca əsərləri qeyd etmək istərdik.

Türk dil tarixi: Başlanğıcdan çağatay türkcəsinin ortalarına qədər (XVI əsr) türkcəni təhlil edən əsəri əvvəlcə "Türk dili tarixi qeydləri I" (I hissə, İstanbul 1943) və "Türk dili tarixi qeydləri II" (II hissə, İstanbul 1947) başlığı ilə yayımlanmışdır. Əsərin genişləndirilmiş ikinci nəşri "Türk dili tarixi I" (İstanbul 1958) və "Türk dili tarixi II" (1964) adı ilə nəşr olunmuşdur. Üçüncü nəşrə isə indeks əlavə edilmişdir (İstanbul 1970, 1974). Dördüncü nəşri ölümündən sonra bir cild şəklində nəşr olunmuşdur (İstanbul 1984).

Azərbaycan türkcəsi: Azərbaycan türkcəsinin Ə.Cəfəroğlu üçün xüsusi yeri olmuşdur. Doktorluq dissertasiyasını Gəncə dialekti ilə bağlı yazdığı üçün ("Gəncə dialektində Azərbaycan bayatısının dil baxımından təhlili") sonralar da bu sahədə bir çox kitab və məqalə qələmə almışdır. "Azərbaycan türkcəsi sözlüyü" adlı hələ də çap olunmamış bir əsəri də vardır. Bundan başqa, "Philologiae Turcicae Fundamenta" əsərinin "Azərbaycan dili" (G.Dörferlə birlikdə) və "Azərbaycan ədəbiyyatı" hissələrini də yazmışdır.

Lüğətçilik: Türk lüğətçiliyini Mahmud Kaşğaridən başlayaraq Anadolu türkcəsinin son dövrlərinə qədər geniş şəkildə incələyən Ə.Cəfəroğlu, xüsusilə qıpçaq və çağatay lüğətçilik məktəbi haqqında araşdırmalarını "Türk dili tarixi" əsərində toplamışdır. Həmçinin, 1934-1936-cı illərdə çap etdirdiyi "Uyğur sözlüyü" adlı əsərini daha sonra genişləndirərək "Əski uyğur türkcəsi sözlüyü" (İstanbul, 1968) adı ilə yenidən nəşr etmişdir. Ə.Cəfəroğlunun lüğətçiliklə bağlı digər bir araşdırması da Əbu Hayyanın "Kitabül-idrak li-lisanil-ətrak" adlı qıpçaqlara aid əsərinin iki nüsxəsinə əsaslanan lüğətidir (İstanbul, 1931). Həmçinin, ilk türk leksikoqrafı Mahmud Kaşğari haqqında olan "Kaşğari Mahmud" (İstanbul, 1938) adlı əsər yazmışdır.

Dialektoloji araşdırmaları: Ə.Cəfəroğlunun 25 ildən çox müddətdə demək olar ki, bütün Anadolunu gəzərək topladığı mətnləri "Anadolu dialektlərindən seçmələr" ümumi başlığı altında doqquz kitab şəklində nəşr etmişdir: "Anadolu dialektologiyası araşdırmaları I" (İstanbul, 1940), "Anadolu dialektologiyası araşdırmaları II" (İstanbul, 1941), "Şərq bölgələrimizin dialektlərindən seçmələr I" (İstanbul, 1942), "Anadolu dialektlərindən seçmələr" (İstanbul, 1943), "Sivas və Tokat bölgələrinin dialektlərindən seçmələr" (İstanbul, 1944), "Cənub-şərq bölgələrimizin dialektlərindən seçmələr" (İstanbul, 1945), "Şimal-şərq bölgələrimizin dialektlərindən seçmələr" (İstanbul, 1946), "Orta Anadolu dialektlərindən dərləmələr" (İstanbul, 1948), "Anadolu bölgəsi dialektlərindən dərləmələr" (İstanbul, 1951). Bu mövzularda yazdığı məqalələri 10-cu cildi əhatə edəcək həcmdədir. Bütün bu çalışmalarında 41 vilayət və 5 rayonun dialekt materiallarını toplamışdır. Həmçinin, doktorant və tələbələrinin elmi işlərində qalan bölgələrin dialekt xüsusiyyətlərinin araşdırılmasına önəm vermişdir.

Ə.Cəfəroğlunun digər araşdırma sahələrinə göytürk və uyğur dövrü araşdırmaları, monqolca araşdırmaları, qrammatik araşdırmalar, gizli dil, onomastika, insan adları (antroponimlər), növ adları elmi (eponomi), yer adları elmi (toponimlər), qövm adları elmi (etnonimlər), üslub araşdırmaları və s. qeyd edə bilərik. 

Ə.Cəfəroğlunun əsərlərinin 1959-cu ilə qədərki siyahısı doğumunun 60-cı ildönümü münasibətilə Yanos Ekkman tərəfindən (J.Eckman. Ahmet Caferoğlunun Eserleri, Doğumunun 60. yıl dönümü munasibetiyle. TDED. Cilt IX. 1959), 1969-cu ilə qədərki siyahısı isə doğumunun 70-ci ildönümü münasibətilə Osman Fikri Sərtqaya tərəfindən hazırlanmışdır (Osman Fikri Sertkaya. Ahmet Caferoğlunun Hayatı ve Eserleri. Doğumunun 70. yıl dönümü munasibeti ile. 1969). Ə.Cəfəroğlu 1975-ci il yanvarın 6-da İstanbulda vəfat etmişdir.

Əhməd Cəfəroğlunun Azərbaycan elmi-ədəbi ictimaiyyətin tanıdılması sahəsində ilk ciddi addım professor Vilayət Quliyevin 1991-ci ilin martında "Ədəbiyyat qəzeti"ndə dərc edilmiş iri həcmli "Görkəmli türkoloq Əhməd Cəfəroğlu" adlıməqaləsi oldu.

Ə.Cəfəroğlunun elmi irsi, araşdırmaları ölkəmizdə hər zaman tədqiqatçıların marağını cəlb edib. Əhməd Cəfəroğlunun Azərbaycanda ilk və hələlik yeganə kitabı - "Seçilmiş əsərləri" böyük alimin anadan olmasının 100 illiyi münasibətilə Bakı Slavyan Universitetində çap olunub. Qeyd edək ki, BSU-nun "Filoloqun kitabxanası - 100, Türkologiya" seriyasında nəşr olunan bu kitabın redaktoru akademik Kamal Abdulla, tərtibçisi isə professor Vilayət Quliyevdir (Kitabın Türkiyə türkcəsindən Azərbaycan dilinə uyğunlaşdıran, müqəddimə, izah və şərhlərin müəllifi də V.Quliyevdir).

Tarixçi alim Zaur Qasımov "European Journal of Turkish Studies" jurnalında Ə.Cəfəroğlu haqda ingilis dilində "Dilçi alim Əhməd Cəfəroğlunun həyatı və araşdırmaları (1899-1975) ("Science transfer to Turkey. The Life and Work of the Linguist Ahmet Caferoglu (1899-1976)" adlı sanballı bir məqalə dərc etdirib. Ə.Cəfəroğlunun 120 illiyi münasibətilə "Literaturnıy Azerbaydjan" jurnalının yanvar (2020) sayında ölkəmizin Macarıstandakı səfiri, dilçi alim Vilayət Quliyevin" Ot Qəndjido Altaə..." yazısı nəşr olunacaq. Həmçinin, Bakı Slavyan Universitetində kafedra müdiri Şəlalə Həsənova "Azərbaycan Yurd Bilgisi" dərgisində ədəbiyyat məsələləri" adlı namizədlik dissertasiyası müdafiə edilmişdir.

Sevindirici haldır ki, uzun illər İstanbul Universitetinin professoru və Türkiyyat İnstitutunun rəhbəri vəzifəsində çalışmış Əhməd Cəfəroğlunun 120 illiyi münasibətlə cari ilin dekabrında İstanbul Universitetində həm vətənimizin adını daşıyan kitabxananın və "Əhməd Cəfəroğlu auditoriyası"nın açılışı olub. Ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev İstanbul Universitetinin "Əhməd Cəfəroğlu kitabxanası"na öz şəxsi kitabxanasından 150 adda 160 cilddən ibarət kitab hədiyyə edib.

Kitablar arasında Azərbaycan dili və ədəbiyyatına, çağdaş türkologiyanın problemlərinə, dilçilik və mədəniyyət məsələlərinə, türk xalqlarının müştərək tarixinə, macar türkologiyasına dair əsərlər üstünlük təşkil edir. Bu diqqətəlayiq addıma görə İstanbul Universiteti tük dili və ədəbiyyatı fakültəsinin dekanı, professor Hayatı Dəvəli səfir Vilayət Quliyevə minnətdarlığını bildirərək onun təşəbbüsünün digər azərbaycanlı və türk alimlər tərəfindən də dəstəklənəcəyinə və İstanbul Universitetində zəngin bir Əhməd Cəfəroğlu kitabxanasının qurulacağına ümid bəslədiyini bildirib.

 





30.12.2019    çap et  çap et