525.Az

Tağı Tağıyevin sənət inciləri "Xalq Əmanəti"ndə - Fotolar


 

GÖRKƏMLİ RƏSSAMIN YARADICILIQ YOLUNU ƏKS ETDİRƏN BƏDİİ ALBOM VƏ SƏRGİ “XALQ BANK”IN LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ UĞURLA TƏQDİM OLUNDU

Tağı Tağıyevin sənət inciləri "Xalq Əmanəti"ndə - <b style="color:red">Fotolar </b>

Artıq 10 ilə yaxındır ki, Azərbaycanda özünün ictimai-mədəni miqyas və əhəmiyyəti baxımından misilsiz bir yaradıcı silsilə - “Xalq Bank”ın həyata keçirdiyi "Xalq Əmanəti" layihəsi gerçəkləşdirilir.

Bu layihə xalqımızın zəngin mədəni irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsi amalına xidmət edir. Bu məqsədlə üç dildə - Azərbaycan, ingilis və rus dillərində - mətnləri əks etdirən, son dərəcə gözəl tərtibatlı kitablar və bədii albomlar nəşr olunur. Həmin nəşrlərdə görkəmli şairlərimizin yaradıcılığının ən yaxşı nümunələri, eləcə də milli təsviri sənətimizin inkişaf yolunda parlaq izlər qoymuş rəssamlarımızın irsindən örnəklər öz əksini tapır. Üstəlik, bu nəfis nəşrlər ölkənin təhsil və mədəniyyət müəssisələrinə, fondlara, dövlət idarələrinə, xaricdəki nümayəndəliklərimizə, kitabxana və muzeylərə, sənət bilicilərinə təmənnasız təqdim edilir.

"Xalq Əmanəti" layihəsi çərçivəsində indiyədək məşhur fırça ustaları Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Nadir Əbdürrəhmanov, Xalidə Səfərova, Mahmud Tağıyev, Vəcihə Səmədova, Ələkbər Rzaquliyev, Kamal Əhməd, Fazil Əliyev, Gennadi Brijatyuk, Rza Məmmədov və Qorxmaz Sücəddinovun, şəhid heykəltəraş Samir Kaçayevin yaradıcılığına dair nəşrlər hazırlanıb və sərgilər təşkil edilib. Həmçinin, görkəmli şairlərimizdən Məmməd Araz, Hüseyn Arif, Mikayıl Müşfiq və Xəlil Rza Ulutürkün seçilmiş şeirləri sanballı kitablar halında nəşr olunub. Üçcildlik "Aşıq ədəbiyyatı antologiyası" və Mirzə Şəfi Vazehin bütün şeirlərindən ibarət qiymətli toplu da (Azərbaycan, alman və rus dillərində) ilk dəfə məhz "Xalq Əmanəti" kimi işıq üzü görüb. Layihə çərçivəsində Azərbaycan alimlərinin nailiyyətlərinə də diqqət ayrılıb və görkəmli numizmat-alim, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabının nəşri bunun parlaq təzahürüdür.

Bu dəfə isə “Xalq Bank” ölkənin mədəni ictimaiyyətini, elm, sənət və mətbuat xadimlərini, iş adamlarını Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi Tağı Tağıyevin yaradıcılığına həsr olunmuş təqdimatda bir araya gətirdi. Dekabrın 20-də Bankın əsas binasındakı göz oxşayan qalereyada  "Tağı Tağıyev: Rəngkarlıq və qrafika"  bədii albomunun təqdimatı və rəssamın irsini əks etdirən sərginin açılışı oldu.

Tanınmış teleaparıcı, Əməkdar artist Dilarə Səlim mərasimi açaraq iştirakçıları salamladıqdan sonra bu nəcib missiyasını yüksək qiymətləndirdi, layihə üzrə görülən müstəsna önəmə malik işlər barədə səmimi düşüncələrini bölüşdü. Aparıcı qeyd etdi ki, təqdimatına toplaşdığımız "Tağı Tağıyev: Rəngkarlıq və qrafika" bədii albomu layihənin artıq 19-cu nəşrdir və bu rəqəm özü də layihə ilə bağlı olduqca peşəkar səviyyəli, geniş təşkilati işlər, dərin və əhatəli araşdırmalar aparıldığından xəbər verir.

Bu günlərdə 92 yaşı tamam olan görkəmli heykəltəraş, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov T.Tağıyevi dərin həyəcanla xatırlayaraq, onu unudulmaz insan və nadir istedada malik sənətkar kimi xarakterizə etdi, bir vaxt eyni binada yaşamalarını, az qala hər gün görüşmələrini məmnunluqla yada saldı. Zamanın sınağından uğurla çıxa bilən sənət əsərlərinin əbədi həyat qazandığını vurğulayan Ö.Eldarov bu təqdimat mərasimini Azərbaycan incəsənətinin növbəti bayramı kimi qiymətləndirərək hər kəsi ürəkdən təbrik etdi və "Xalq Əmanəti"nə yeni uğurlar dilədi.

Bədii alboma giriş məqaləsi yazmış sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova nəşr üzərində iş barədə söz açarkən, bu prosesdə ona yaxından dəstək verdikləri, elmi araşdırmalarına ciddi köməklik göstərdikləri üçün T.Tağıyevin ailə üzvlərinə minnətdarlığını bildirdi. Ş.Məlikova diqqətə çatdırdı ki, bədii alboma sənətkarın təkcə ölkə muzeylərindəki və öz emalatxanasındakı deyil, xarici muzeylərdə, şəxsi kolleksiyalarda yer alan əsərlərinin də illüstrasiyaları daxil edilib. Sənətşünas vurğuladı ki, "Xalq Əmanəti"nin təşkilatçıları, layihənin yaradıcı heyəti T.Tağıyev irsinin burada mümkün qədər hərtərəfli işıqlandırılması, layiqincə təqdim olunması  üçün böyük əzmlə çalışıb.

Sənətsevərlərə məlumdur ki, T.Tağıyevin yaradıcılığında portretlər xüsusi yer tutur və o, bu janrın bir çox təkrarsız nümunələrinin müəllifidir. Rəssamın doğmalarından İlham İsmayılov bununla bağlı maraqlı bir məqamı iştirakçılarla bölüşərək dedi ki, vaxtilə sinif yoldaşlarını məşhur "Koroğlu" rəsminin müəllifi ilə yaxın qohum olduğuna heç cür inandıra bilmirmiş. Nəhayət, onları T.Tağıyevin keçmiş Lenin Muzeyində (indiki Muzey Mərkəzi) açılmış fərdi sərgisinə aparmaqla inandıra bilib və sənətkarın yaradıcılıq qüdrəti hər kəsi heyran qoyub. Sənətkarın oğlu Əkrəm Tağıyev təqdim olunan əsərlərin bədii xüsusiyyətləri barədə düşüncələrini paylaşdı. O, T.Tağıyev irsinə göstərilən diqqət və ehtiram üçün ailə üzvləri adından təşkilatçılara, layihənin yaradıcı heyətinə, həmçinin, çıxışçılara və iştirakçılara minnətdarlığını ifadə etdi.

Tanınmış bəstəkar, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Aydın Əzimov qeyd etdi ki, layihə üzrə hazırlanan nəşrlər və təşkil edilən sərgilər hər cəhətdən yüksək peşəkarlıq və mahir təşkilatçılıq örnəkləridir. A.Əzimov Xalq rəssamı T.Tağıyevi qeyri-adi istedada, orijinal üsluba, tamamilə fərqli müşahidə və duyum qabiliyyətinə malik olan, milli incəsənət xəzinəmizə nadir incilər bəxş etmiş fırça ustası kimi səciyyələndirdi.

Gənc rəssam Rüstəm Hüseynov bədii albom və sərgi haqqında yüksək fikirlər söylədi, T.Tağıyevin öz dövrünün ən xarakterik və aktual cizgilərini əsərlərində məharətlə əks etdirdiyini, bu əsərlər vasitəsi ilə gənc rəssamların ondan çox şey öyrəndiklərini diqqətə çatdırdı.

“Xalq Bank”ın Reklam və ictimai əlaqələr şöbəsinin rəhbəri Elşən Eynullayevin sözlərinə görə, "Xalq Əmanəti" layihəsinin yaradıcı heyətini iş prosesində daha da həvəsləndirən ən vacib cəhətlərdən biri rəssamlığın mahiyyət etibarilə son dərəcə maraqlı taleyə malik olmasıdır: "Yaradılmış əsərlər müxtəlif kolleksiyalarda yer alaraq öz ömrünü yaşayır. Beləliklə, onlar müəyyən mənada gözdən uzaq düşmüş olur. Bizim yaradıcı heyətin işi məhz onları axtarıb taparaq təbliğ etməyə, ölkə və dünya mədəni ictimaiyyətinin diqqət mərkəzinə çıxarmağa yönəlib".

Xalq rəssamı Tağı Tağıyevin əsərlərindən ibarət ekspozisiya dekabrın 21-dən etibarən "Xalq Bank"ın əsas binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 22L) nümayiş olunur. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür və giriş sərbəstdir.

 





30.12.2019    çap et  çap et