525.Az

“Xanım Taksi” təqdim edildi - Fotolar


 

“Xanım Taksi” təqdim edildi <b style="color:red"> - Fotolar</b>

Dekabrın 29-da "Kitabevim.az" mağazasında yazıçı, jurnalist Azər Qismətin "Xanım Taksi" adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda tanınmış incəsənət və ədəbiyyat xadimləri, gənc yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı, yazıçı Kənan Hacı mərasimi giriş sözü ilə açaraq Azər Qismətin yaradıcılığı və  yeni kitabı haqqında məlumat verib. Qeyd edib ki, “Xanım Taksi" Biz Klub layihəsinin sayca 4-cü kitabıdır. Azər Qismət Azərbaycanda daha çox novella ustası kimi tanınır. "Xanım taksi" kitabındakı novellalarda müxtəlif insanların üzləşdiyi situasiyalar, həmin vəziyyətlərdən çıxmaq manevrləri incə yumorla təsvir edilib. Azər Qismət satirası hələ tələbəlik illərindən ssenari müəlllifi olduğu UŞU Şən və Hazırcavablar Klubundan geniş ictimaiyyətə təqdim edilməyə başlanıb. Onun novellaları əsasında telekanallarda səhnəciklər ifa edilib. Bu, müəllifin oxucularla 3-cü gorüşüdür. Onun "Duman" kitabı, "Çuğullar" romanı işıq üzü görüb.

Tədbirdə çıxış edən şair Əlisəmid Kür, Xalq artistləri İlham Namiq Kamal, Eldost Bayramlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi, yazıçılar Yaşar Bünyad, Mübariz Örən, Zahiq Sarıtorpaq, şairlər Ayaz Arabaçı, Seyran İsmayıl, Şahanə Müşfiq, İntiqam Yaşar, Gülnar Səma, Fuad Cəfərli, Azadə Hüseynova, Nəcibə İlkin, Aysel Xanlarqızı, media nümayəndələrindən Bəhruz Niftəliyev, Elnarə Dərziyeva, Vüsalə Səid, Vüsalə Məmmədova və başqaları çıxış edərək Azər Qismətin yaradıcılığı haqqında öz fikirlərini bölüşüb, ona uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən kitabın redaktoru Nicat Həşimzadə bildirib ki, keçən il bu gün Azər Qismətin sayca ikinci olan "Çuğullar" romanının təqdimatına toplaşmışdıq: "Bu gün müxtəlif janrlarda kitablar yazılır. Azər Qismətin belə müəlliflərdən fərqi odur ki, onun özünə məxsus üslubu var. Yaradıcı bir insan üçün öz dəsti-xəttinin olması çox önəmlidir. Bu kitabda mənə ən çox təsir edən hekayə "Məğlub itləri dənizdə yumazlar" oldu. Düşünürsən ki, tarix keçsə də insanın təbiəti eyni olaraq qalır. Bu hekayədə də aydın olur ki, insanlar bir ucuz xoşbəxtlikdən ötrü necə işlər görürlər".

Sonda kitabın müəllifi Azər Qismət tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Müəllif qeyd edib ki, ilin əvvəlində bir əsərini itirdiyi üçün ruh düşükünlüyü yaşayıb, lakin Nicat Həşimzadə və Nemət Mətininin təklifindən sonra hekəyələrdən ibarət kitab çıxarmaq qərarına gəlib. Müəllif kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azər Qismət hal-hazırda AzTv-nin Ədəbi-Dram departamentinin baş redaktoru kimi fəaliyyət göstərir. 2016-cı ildə 400 nəfərin qatıldığı hekayə müsabiqəsində 1-ci yer tutub. Rusiyanın "Sodrujestva" müsabiqəsində 2-ci yer tutmaqla, əsərləri həmin ölkənin almanaxına salınıb. Hekayə və novellaları Ukrayna, Belarus, İran, Çexiya, Yaponiyanın ədəbi portallarında dərc edilib.
Sonda yazıçı qonaqlar üçün kitablarını imzalayıb.

Şahanə MÜŞFİQ

Foto: Nofəl Ümid

 





30.12.2019    çap et  çap et