525.Az

B12 əskikliyi və ya unutmaq... - Türkan Turan yazır


 

B12 əskikliyi və ya unutmaq... - <b style="color:red">Türkan Turan yazır</b>

İki gün əvvəl komputerimdə bir yazı axtarırdım. Nə vaxt və hansı məqsədlə yaratdığımı unutduğum şifrəli qovluqlardan biri açıldı.

İçərisində günü, ayı, ili, hətta saatına qədər qeyd etdiyim və internet üzərindən göndərdiyim məktublar çıxdı. O an dəyərli Ramiz Rövşənin “Köhnə məktublar” şeirinin aşağıdakı bəndini dilimdə dolaşdırmağa başladım.

Bu nə sevgi məktubudu, İlahi,
İndiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı, İlahi,
Yaddan çıxıb sifəti də, üzü də!

Vaxt ayıraraq bir neçəsini oxumağa başladım. Gözlərimə inana bilmirdim. Bu yazılanların müəllifi mən idim? Bu sətirləri hansısa şəxsə mən toxumuşdum? Bəlkə də yazdığım sözlərin çoxu bundan əvvəl heç vaxt eyni cümlədə yan-yana gəlməmişdi. Yaxşı, görəsən, belə dopdolu məktub yazan dönəmlərdə sevginin hansı həddini yaşayırmışam? Necə olur ki, bu cür misralar həsr edilən şəxsin adının nə olduğunu sətrləri oxuduqca xatırlayıram?! Nə üzünü, nə gözlərinin rəngini yadıma sala bilirəm. Yazdığım bütün məktublarda səsindən, qoxusundan, həsrətindən, onun üçün necə darıxmağımdan danışdığım adamın varlığını təsadüfən barmağım toxunaraq açılan qovluqdan öyrənirəm. Görəsən, onu hansısa palazın altına, hansısa divarın küncünə süpürüb yığmağıma səbəb nə idi? Nə etmişdi ki, varlığını ölüm kimi unutmuşam?! Halbuki az qalsın hər məktubun sonunda “səni həmişə sevəcəm, heç vaxt unutmayacam” demişəm. Aman Allahım, necə də ürküdücüdür. İnsan nə qədər unutqan olarmış. Sözlər necə də etibarsız olurmuş. Unutmaq dəhşətli qavramdır. Bunun bir daha şahidi oldum. Zaman içində nələr baş vermir. Dünənə qədər ayağını qucaqlayıb, “getmə” deyib yalvardığımız, yollarına sərildiyimiz insanların bu gün adını belə xatırlamırıq. Ondan ötrü divanə olmağımız, dəlicəsinə sevməyimiz belə illuziya kimi görünür. Yeni öyrənmişəm, B12 əskikliyi insanlarda unutqanlıq yaradırmış. Amma bunu yaxşı xatırlayıram. Kimisə unutmağımın səbəbi heç vaxt vitamin əskikliyi ucbatından olmayıb. Riyakarlıqları, artıq sevgi, dəyər görəndə havalanmaqlarına görə olub.

Bütün kişilər eyni deyil...

Rəfiqəm sevgilisi ilə mütəmadi problemlər yaşayırdı. Addım atdıqca qarşı tərəf qaçırdı, ona yaxın olmaq istədikcə geri çəkilirdi. Həmişə belə davam etmirdi. Yaxşı anlar da olurdu. Məsələn, bir saat xoşbəxtlikdən özünü fəzada hiss edərkən, geri qalan 23 saatı yerin dibinə girmiş kimi nəfəssiz, havasız hiss edirdi. Ortada heç nə olmurdu, amma sevgilisi qarışqadan fil düzəltməkdə usta idi. Bir gün sözləri çəp gəldi, üç gün danışmadılar. İçindəki həsrət anbaan böyüdü. Axırda dayana bilməyib mesaj yazdı. Yarım saat sonra cavab gəldi: “Sənə istədiyini verə bilməyəcəm. Yaxşısı budur ayrılaq”.

Ürəyinin səsi sanki sümüklərini bir-bir qırırmış kimi qulağında eşidildi. Belə cavab gözləmirdi. Çünki onun istəyi azacıq diqqət və qayğı idi.

Baş verənlərə baxmayaraq, rəfiqəm münasibətin bitdiyini qəbul etmək istəmirdi. Onu ya ölsə, ya da yaddaşını itirsə, unudacağını deyirdi. Özünü israrla sevildiyinə inandırırdı. Dəli kimi suallar verir, “sevməyən insan onu edərdi, bunu edərdi” deyə-deyə keçmişi eşələyib ortalığa tökməyə başlayırdı. Özünü daşa, divara vura-vura hər xırdalığı düşünürdü. İşlərin bu həddə necə çatdığını fikirləşirdi. Ən gözəl anlarını gözündə canlandırırdı. Hətta bunları bir az da şişirdərək edirdi. Ayrılığın altında başqa səbəblər axtarırdı. Sonra onu yenidən qaytaracağına inanıb təkrar hərəkətə keçərək görüşmək istəmişdi. Nəticə əldə edə bilməyib virus kimi yayılan kəlimələrə o da yoluxmuşdu: “bütün kişilər eynidir” deyib, qəlbinin qapısını hər kəsə bağlı elan etmişdi. Təbii ki, hirsi bir müddət sonra keçdi və o da unudaraq yaşamağa başladı.

Əslində, rəfiqəmin xətası mənimkindən çox da fərqlənmirdi. Qovluqda tapdığım məktubları yazarkən mən də onun kimi etmişdim, sevməyi bir kənara qoyaraq bağlanmaqla məşğul olmuşdum. Ona görə indi həmin dönəmə dair heç bir şey xatırlamırdım. Can Yücel boş yerə “bağlanmayacaksın” deməmişdi! Bu, ən təhlükəli hissdir. İnsanın gözünü yumur, onu iynə ucu boyda olan deşikdən baxmağa vadar edir və həmin an yalnız xoş məqamlar gözə görünür. Ayrılmalı olduğunu, münasibətin sağlam olmadığını bilirsən. Fəqət, köklənib qaldığın xırda para xoşbəxtliklər buna mane olur. Bağlananda beynində qurulan ssenarilərin ardı-arası kəsilmir. Burada anormal heç nə yoxdur. Problem bu düşüncənin insanı yanlış yönləndirməsindədir.

Qurtuluş: Ayrılıq kəlməsini qəbul edəndə xaos bitir. Aradan bir müddət keçir, bağlanan tellər qırılıb, ürək soyuyanda gerçəkləri daha aydın görə bilirsən. Duyğular canlı olanda həqiqəti görmək olmur. Gerçəyi bilirsən, hiss edirsən, amma rədd edirsən. Özünü sevirsənsə, çatmaq istədiyin hədəflərin varsa, yaşadığın acı nə qədər böyük olursa olsun bu mərhələ daha rahat keçir. Demirəm ki, birlikdə içdiyiniz bəyaz şərab, sahildəki balıq evi, ayın hansısa günləri, ağ zambaqlar onu sənə xatırlatmayacaq. Bu, qaçınılmazdır. Heç qaçmağa da gərək yoxdur. Çünki qaçanda daha çox hücuma məruz qalırsan. Ona görə də məğrur dayanmaq lazımdır.

Tövsiyə: Öncəliklər listində birinci sıranı əsla sevgilinə vermə. İlk sıra sənin həyatındır.

Ümid: Nə yaşayırsansa yaşa, bütün acılar müvəqqətidir.

Son: Onsuz da dəli kimi sevdiyimiz hər kəs bir gün ya Ramiz Rövşənin məktubundakı küllərlə, ya da komputerimdəki unutduğum qovluq kimi “delete” düyməsi ilə sonlanır!

 

 





08.01.2020    çap et  çap et