525.Az

Direktorlar üçün təlim kursları


 

Direktorlar üçün təlim kursları<b style="color:red"></b>

Təhsil naziri Misir Mərdanov 2012-2013-cü tədris ilində ölkənin şəhər və rayonlarının yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə əmr imzalayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, əmrə əsasən, 30 saatlıq (5 günlük) təlim kursları dekabr ayınadək keçiriləcək. Təlimin məqsədi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) “Pedaqoji kadrların ixtisasartırma təhsilinin müasirləşdirilməsi” 2-ci komponentinin icra planına uyğun olaraq, ölkənin şəhər və rayonlarının yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorlarının yeni fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktiki hazırlığını təmin etməkdir. Ölkənin şəhər və rayonlarında təlim kursları TSİİL çərçivəsində keçirilən tenderin qalibi olan, uyğun iqtisadi rayonlar üzrə bu təlimləri keçirmək hüququ qazanan “Təlim və İnkişaf Mərkəzi” (Abşeron, Dağlıq Şirvan, Gəncə-Qazax, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonları üzrə) və “Mədəd Azərbaycan” (Lənkəran, Aran və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə) təşkilatları tərəfindən aparılacaq.

Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorları həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin direktorları isə məskunlaşdıqları şəhər və rayonlarda təşkil edilən təlim kurslarına cəlb olunacaqlar.

Təlim kursunu uğurla başa vuran müdavimlərə nazirlik tərəfindən müəyyən edilmiş vahid formada sertifikat veriləcək.

S.QARAYEVA

 





12.10.2012    çap et  çap et