525.Az

Yeni il, partlayış səsləri və nisgil dolu xatirələr - Mina Rəşidin essesi


 

Yeni il, partlayış səsləri və nisgil dolu xatirələr - <b style="color:red">Mina Rəşidin essesi </b>

Yeni ili də qarşıladıq. Hərəmiz bir cür. Dekabrın 31-də uşaqlarla Dərnəgüldə yataqxanada məskunlaşmış kiçik bacımı görməyə getdim.

Beləcə, onun ailəsi ilə görüşüb, yaxınlıqdakı, yeni istifadəyə verilmiş, adətən, Ayna Sultanovanın büstü ilə tanınan parka yollandıq. Burada gözəl şərait yaradılıb, istirahət və sağlamlıq üçün hər cür imkan var. Uşaqları əyləncədən ayırınca axşam oldu. Balacaları bacımgilə ötürüb bir vaxt yaşadığım 9 mərtəbəli yataqxana binasına üz tutdum ki, köhnə qonşumuz Müzəyyam xalaya baş çəkim. Bunun üçün ayaqla düz 7-ci mərtəbəyə  qalxmalı oldum, çünki burada ta mən görəndən lift işləmir. Müzəyyam xalanın oğlu Pənah da  anadangəlmə xəstədi, çox çətinliklə gəzə bilir. Yaşı təxminən qırx olar. Düşündüm ki, bəs görəsən, o, 7-ci mərtəbədən həyətə necə düşür?..

Onlardan ayrılmaq məqamı çatanda artıq hava lap qaralmışdı. Gəlib həyətə düşən pilləkənlərin başına çatdım. Birdən...  Part...part...part... Nə qədər çalışdım, qorxudan addım ata bilmədim. Betonun üzərində partlayışlar olduqca özümü əməli-başlı müharibədə hiss elədim. Nə məni dinləyən vardı, nə də yol verən... Bir küncdə dayanıb bir vaxt gözlərimlə gördüyüm müharibəni xatırladım...

Onda mən orta məktəbi bitirmişdim, bacım isə hələ yuxarı sinifdə oxuyurdu. Kəndimizə o qədər mərmi düşürdü ki, getdikcə evlər boşalır, məktəblər də yiyəsiz qalırdı... Bacım bir az Sabirabadda oxudu, sonra da Bərdədə məskunlaşdığımız dəmir vaqonda. Yaxşı oxuyurdu, kənddəki riyaziyyat müəllimi onu təmənnasız hazırlaşdırmağa söz vermişdi... Amma müharibə hər şeyi yarımçıq qoydu. Bacım ali təhsil ala bilmədi. Ondan böyük qardaşım isə hərbi xidmətini elə müharibədə keçirirdi. Bir dəfə döyüş zamanı dumanlı havada əsgər yoldaşları ilə mühasirəyə düşürlər. Talib də qolundan və bədənindən ağır yaralanır. Sonra birtəhər mühasirəni yarıb çıxırlar. Elə o döyüşdən sonra qardaşım 2-ci qrup müharibə əlilinə çevrildi. Atam isə bizim - övladlarının gözləri önündə şəhid oldu. Onda Ağdamda şəhərə də, kəndə də düşmən mərmisi tökülürdü. Gözləyirdik ki, indi atamız gəlib bizi müharibəsiz bir yerə aparacaq. Elə o anda darvaza açıldı və atam al qan içində içəri keçdi və...

Qonşumuz xanəndə Şahmalı Kürdoğlu da öz adını verdiyi kiçik oğluyla yanımızda şəhid oldu. Balaca Şahmalını qan içində anasının qucağında gördüyümü ömrü boyu unutmaram... Həmin gecə başqa kənddə gecələdik. Səhər həyətimizə çatan kimi hərəmiz bir ağaca dırmaşdıq. Anamın isə sevincindən gözləri dörd olmuşdu. Onu evdən ayırmaq mümkün deyildi. Elə ona görə də kəndimizin işğal olunduğu gün evimizdən ayrıldıq. Bir az da ləngisəydik... Bunu düşünmək belə adamı dəhşətə gətirir.  Anam, mən, bir də kiçik bacım...

Məni bu xatirələrdən qəfil kiminsə ucadan çəmkirməsi ayırdı. "İmkan verin, qadın keçib evinə getsin! Sonra yenə atarsınız..."

Qulağımda qorxulu səslər, gözlərimdə müharibənin dəhşəti və qəlbimdə yanıq xatirələr... Tez bir taksiyə minib evə qaçmaq istədim. Yolboyu avtobuslardan üzümə dalğalanan bayrağımızı görəndə qəhərləndim, onu köksümə sıxıb azad, firavan Ağdama,  Xocalıya, Şuşaya... doğru yüyürmək keçdi könlümdən...

 





09.01.2020    çap et  çap et