525.Az

"Gözlərində gün işığı..." - Ələddin Əzimlinin şeirləri


 

"Gözlərində gün işığı..." - <b style="color:red">Ələddin Əzimlinin şeirləri </b>

SƏNƏ

Gözlərində gün işığı,
qapama,
ürəyim qopar.
Birdən,
bu adamlardan
incisən, küssən,
üz döndərib getsən,
unutma,
məni də apar...

SEVGİ

Sevsən,
qəlbən seviləcəksən.
sevməsən,
nurun itəcək,
anbaan sönəcəksən.
Solğun çiçəyə,
qurumuş bir ağaca çevriləcəksən.
Nə yaxşı ki sev,
həyatda
sevməli nə varsa.
Yoxsa,
itəcək ləzzəti,
tamı dünyanın.
Bir də ki, fəhm elə
anla sevgini -
tanı dünyanı...

ARAZ

Çay adıyla
adam yoxdur,
təkcə Arazdan başqa.
Çaydan
bu qədər yazan yoxdur,
təkcə bizdən başqa.
Bəlkə də var,
mən bilmirəm.
Harda çaya
Xan deyirlər,
Can deyirlər.
Bir də bilin, ey insanlar,
Araz bölən Vətənimə
yurddaşlarım kövrək-kövrək
qəlbi dağlı
Azərbaycan deyirlər!..

ANLAŞILMAZLIQ

Yenə döyülür
ürəyimin qapısı.
Azca bundan əvvəl
bomboş idi
qapının astanası.
Kimsə
yox idi orda.
Bəlkə,
gözüm seçməyib?
Axi, necə olur, de,
kimsənin
burdan səssiz keçməsi

yarıyuxulu ürəyimin
yarıaçıq qapısının döyülməsi?
Mən
heç nə anlamadım,
yalandan nə söyləyim?
Əgər bilirsinizsə,
siz deyin...

SƏN DEMƏ

Sən demə,
həsrətin
yandırıb-yaxan
yuxuymuş.
Sən demə,
qəlbimi ovlayan
varlığın, vücudun
heç yoxuymuş.
Sən demə,
uzaqdan səslənən
bu xoş nidalar
bir həzin nəğməymiş.
Sən demə,
bu həzin nəğmə
ruhumu
oxşamağa gəlirmiş...

BƏLKƏ

Sıldırım qayadan
qopan daş.
fəlakət, təhlükə.
Nə çıxsa qarşısına
edəcək tikə-tikə.
Yazqabağı
daşan çay.
Salacaq hay-haray.
Vahimə içində
tərk edəcək evini
səksənən adamlar.
Gecənin bu vaxtı
nə görsən,
nəyə əl uzatsan
bir ağrı, qorxu.
Bütün bunlar
bəlkə,
bir aldanış,
bəlkə də,
ötəri bir yuxu...

AXŞAM BULUDU

Yenə
qarışdı bulud,
hardansa tapılmış
yelkən parçası kimi
qırış-qırışdı bulud.
axırı torpağa,
sulara qovuşan
nizamı pozulan
yağışdı bulud...

DOSTUMA MƏKTUB

Salam, qardaş!
Gör nə vaxtdır,
Biz tərəfdə quraqlıqdır.
Bomboz Muğan çöllərinin
rəngi çöküb
üzümüzə, gözümüzə.
Tozdan pərdə çəkilib
göy üzünə.
Saksaullar, yulğunlar da
bədrəng olub.
İçimizdə çox şey solub.
...İndi payızdır,
çəmən-çəmən göyərir hər yer.
Elə torpaq kimi
çat verən ürəyimiz də.
Söylə, qardaş,
o tərəflərdə nə var -
bizdən uzaq ellərimizdə?..

BİR QADINA

Payızdır,
havalar tutqun,
gecələr uzun.
İşartısı yox
Ayın, ulduzun.
Qış gəlir qarşıdan.
Görən,
halı necə olacaq
gözlərimdən
uzaq düşən,
yuxularımdan çəkilən
o qadının -
kimsəzin,
mənsizin?..

 





09.01.2020    çap et  çap et