525.Az

Sonuncu görüş - (Sənədli hekayə)


 

Sonuncu görüş - <b style="color:red">(Sənədli hekayə)</b>

"Ah, o, niyə belə etdi, bu, nə qubardı
Nə zamansa bu nişanda bir atam vardı".

Əli Kərim 

Atamla xudahafizləşib ayrılanda gecə saat on ikinin yarısı olardı. Blokdan çıxıb yenicə həyətə çıxmışdım ki, birdən-birə elə bil ki, üstümə su atdılar. Sonra yerə nəsə bir saxsı qab düşdü. Qab çilik-çilik oldu, içindəki su üstümə töküldü. Cəld yuxarı baxdım. Atam balkonda durub mənə baxırdı. Sən demə, arxamca su atmaq istəyirdi ki, qab əlindən çıxıb yerə düşmüşdü. Köynəyim bütün islanmışdı. Ona baxıb gülümsündüm. Elə geri qayıtmaq istəyirdim ki, - Yox, ay oğul qayıtma, qayıtma yolundan - dedi.

- Yox... eee.. Gəlirəm deyib bloka girdim. O, yenə də balkondan baxa-baxa mənə nəsə deyirdi. Səsini eşidirdim, amma heç nə başa düşmürdüm. Qəhər məni boğurdu. Atam adi saxsı qabı əlində tuta bilmirdi. Axı niyə? Ax... Ata, axı sən həmişə hamıdan qüvvətli idin. İndi nə oldu sənə? Bir qabı da əlində tuta bilmirsən. Vaxtilə bir şillə ilə məni yerə yıxan ata...

Mən liftdən çıxanda gördüm ki, atam qapının ağzında durub məni gözləyir. Bilmirəm, nəyə görəsə qəhərlənmişdi. Gözləri dolmuşdu. Əl açıb məni yenidən bərk-bərk qucaqladı.

- Axı, niyə yolundan qayıtdın - dedi. Adam yarı yoldan qayıtmaz. Özün də bu gecə yola çıxırsan. Dedim axı, qayıtma.

Mən də onu bərk-bərk qucaqlamışdım. Elə bil ki, çoxdandır bir-birimizi görmürdük. Amma halbuki heç beş dəqiqə yox idi ki, ayrılmışdıq. Mən də zarafatla dedim ki:

- Yox, ay ata, geri qayıtdım ki, bir də səninlə xudahafizləşim, bir də arxamca su atasan.

Mən həmin gecə səhərə yaxın yenidən işlədiyim xarici ölkəyə uçmalı idim. Həmin tarix indiyə kimi dəqiq yadımdadır. 2007-ci il iyul ayının yeddisi (Bu, bizim axırıncı görüşümüz idi. Özüm qəsdən Bakıya tez-tez gəlmirdim ki, gəlib atamı belə xəstəhal görməyim. İstəmirdim. İstəyirdim ki, atamı həmişə vaxtilə olduğu kimi qüvvətli, ötkəm, möhkəm, üstümə çığıran, lap belə yeri gələndə mənə əl də qaldıran bir atanı görüm, onun indiki vəziyyətini görməyim. Vəziyyətlə barışmaq istəmirdim. O, xəstə idi. Tez-tez telefonla danışırdıq. Telefonla danışanda üzünü görmürdüm deyə, özüm-özümü aldadırdım ki, atamda hər şey yaxşıdır, o, xəstə deyil). Hər il may ayından Şəkiyə gedib ta sentyabr ayına qədər Şəkidə qalan istiyə qətiyən dözümü olmayan atam eşidəndə ki, mən iyulun 3-də 3-4 günlük Bakıya gəlirəm yaman sevinmişdi. Demişdi ki, yox e... 3-4 günlük Bakıya gedib uşaqla hökmən görüşməliyəm (Uşaq ha... O zaman uşağın 51 yaşı vardı).

- Əşi, uşaq özü Şəkiyə gələr də... Day, sən niyə bu istidə Bakıya gedirsən?

- Yox... Uşaq o boyda uzaq yoldan Bakıya gəlsin, sonra da Şəkiyə?... Yox, uşağa çətin olar. Onsuz da onun işi çoxdur. Çatdıra bilmir. Özüm gedirəm - demişdi.

- Həə... Atam məni elə bərk-bərk qucaqlamışdı ki, sanki buraxmaq istəmirdi. Biz 3 gün idi ki, bir yerdə idik. Hər gün görüşürdük. Mən səhər işimin dalıyca gedib birdə axşam, bəzəndə gecə gəlib onunla görüşürdüm. O isə balkonda oturub, gözləri yol çəkə-çəkə məni gözləyirdi. Söhbətləşirdik, dərdləşirdik, onun mənə deyəcəyi çox məsələlər var idi, hiss edirdim ki, boşalmaq istəyir, ürəyi doludur, amma demir, deyə bilmir. Yoox... Bəzi məsələləri deməyə demişdi. Mən də evə gəlib heç kimin oxuya bilməməsi üçün, onları ərəb əlifbası ilə yazırdım. Amma onu da hiss edirdim ki, nəsə qlobal məsələləri demək istəyir. Amma demirdi, susurdu. Ayrılarkən, tək bircə bunu dedi:

- Oğul, dediklərimə çox da elə fikir vermə. Demişəm, deməmiş olum. Elə bil ki, sənə heç nə deməmişəm. Həə... Bir də heç nəyin fikrini çəkmə. Bircə özündən muğayat ol. Heç nəyi də ürəyinə salma. Başa düş, mən bütün bunları səndən yaxşı bilirəm. Bütün bunlar hamısı boş-boş, mənasız şeylərdir. Heç nəyin mənası yoxdu. Mən indi başa düşürəm. Bu yaşımda qanıram, dərk edirəm.

Təəccübləndim:

- Nə, ay ata? Nə boş-boş şeylərdi? Hansı məsələlər boş-boş şeylərdi?

... - Heç... Hm... Nə isə... Bir də gələndə deyərəm. Sən özündən muğayat ol, özünü qoru (Mən işlədiyim ölkənin erməni diasporu, bir də "ASALA" erməni terror təşkilatı məni öldürəcəkləri barədə mənə məktub göndərmişdilər. Həmin məktubların örijinalları mənim ev arxivimdədir. Həmin məktubları mən XİN-də göstərmişdim. Atam da hardansa bundan xəbər tutmuşdu. Yəqin ki, onu nəzərdə tuturdu).

- Axı, mənə nə ola bilər ki, ay ata? Bilirəm ki, arxamda dağ kimi durmusan. Əgər, başımdan bir tük əskik olsa, aləmi bir-birinə qatarsan, dünyanı dağıdarsan.

- Əlbəttə, bəs necə.

Atam ikinci dəfə yenə də məni Quran altından keçirərək yola saldı.

Bizdə bir-birimizə qarşı ata-oğul məhəbbəti yox idi. Mən bunu dəfələrlə demişəm də, yazmışam da. Mən ona heç vaxt, bir ata kimi yox, həmişə bir ilahi qüvvə kimi baxmışam. Ona qeyri-adi varlıq kimi baxmışam. Ona səcdə etmişəm. Onun dəlisi olmuşam. O da həmişə mənə sağ tərəfində yerləşən ürəyi kimi baxıb. Mən onun nəfəsi idim. Həmişə də deyərdi ki, Allahdan başqa bu dünyada heç kim məni nə əyə bilər, nə də sındıra bilər. Sən mənim həm arxamsan, həm də ən zəif, ən narahat yerimsən. Məni vurmaq istəyən, gərək əvvəlcə səni vursun ki, mən də əyiləm, sınam. Bunu da Allah eləməsin. Harda işləməyindən asılı olmayaraq, ay oğul, elə işlə ki, məni heç kim sındıra bilməsin. (Həə, ay ata... Mən də sənə qulaq asıb elə işlədim ki, indi heç adi bir maşınım da yoxdu).

Mənə həmişə elə gələrdi ki, heç zaman xəstələnə bilmərəm. Mənə heç vaxt heç nə olmaz. Və ola da bilməz. Hətta 1979-cu ildə İran İslam İnqilabından sağ-salamat geri qayıdanda da, 1986-cı ildə Əfqanıstan müharibəsindən  geri dönəndə də özümü inandırmışdım ki, əgər haradasa mənə qarşı tərəfdən tuşlanan qüllələri atam elə havadaca, göydə tutub əks tərəfə tullayıb. Baxmayaraq ki, mən qürbət ölkələrdəyəm, atamdan ayrıyam, atam bunların hamısını görür, hiss edir. Onun nəzəri həmişə mənim üstümdədir. Göydə Allah, yerdə atam məni qoruyur. Ona görə də, mənə heç nə olmayıb. Amma Türkiyədə olduğum vaxtlarda (hələ Sovetin Sovet vaxtlarında atam deyərdi ki, mən zərrə qədər də olsun səndən nigaran deyiləm. Çünki sən orada idin, qürbətdə deyildin. Öz vətənində idin, Türkiyədə idin.

***

Amma sonralar mən Pakistanda diplomatik xidmətlə olduğum vaxtlarda birdən-birə gözlərimdə problemlər çıxdı. Gözlərim get-gedə zəifləməyə, işığını itirməyə başladı. Əvvəl-əvvəl çox da elə fikir vermirdim. Düşündüm ki, keçib gedər. Nədir ki? Adi göz xəstəliyidir də... Amma keçmədi. Daha da şiddətləndi. O zaman diplomatik xidmətlər birbaşa idi. İndiki kimi deyildi. Diplomatlara ezamiyyət vermirdilər. Ona görə də, Bakıya gəlmək elə də sən deyən asan məsələ deyildi. Fikirləşdim ki, elə Pakistanda müalicə olunaram. Amma... Yox... mümkün olmadı. Müayinə vaxtı pakistanlı həkimlər nədənsə şübhələnmişdilər. Mərkəzlə razılaşdırıb qısa müddətliyə Bakıya gəldim. Düşündüm ki, bir-iki həftəyə müalicə olunub geri dönərəm.

Nə qısa müddətlik ezamiyyət? Nə müalicə? Ay-hay... Hər şey daha qəliz, daha mürəkkəb imiş. Müayinə-müayinə dalıyca, konsilium-konsilium dalıyca. Və məlum oldu ki, ... Həkimlərin ümumi rəyi. Beyin xərçəngi... Həm də hər şey artıq gecdi. Çox gecdi. Səhlənkarlıq etmişəm. Vaxtında üstünə düşmək lazım idi. Həkimlər deyirdilər ki, günah özümdədir. Gecikdirmişəm... Qəribədir, axı mən bunu hardan bilə-bilərdim ki... Axı, mən həkim deyiləm ki...

Aman Allah... Atam dəliyə dönmüşdü. Bir saatdan artıq çəkən konsiliumun nəticəsi. Əlacsızdı. Vəssalam. Hər şey artıq çox gecdi. Mən ölümə məhkumam (Mən isə həqiqətən heç nəyə inanmırdım. Çünki qapının o biri tayında atam məni gözləyirdi. Mən ona arxayın idim. O, məni xilas edəcəkdi).

Mən həmişə bu dünyada bir Allahdan qorxmuşam, bir də atamdan. Ölümdən qorxub eləyən deyiləm. Yooox... Heç vaxtda qorxmamışam. Həmişə ölümün gözünə dik baxmışam. Çünki o qədər təhlükəli ölkələrdə, o qədər qaynar nöqtələrdə ölümlə üz-üzə gəlmişəm ki (güllə atan bilmir ki, atacağı güllə Bəxtiyarın oğluna dəyəcək, yoxsa İvanın), ölümü hər an gözümün önünə gətirmişəm. Amma bu diaqnozu mənim gözümün içinə deyəndə (hərçəndi atama arxayın olub buna da inanmamışdım) bir qədər tutuldum, məyus oldum ki, uşaqlarım hələ balacadırlar. Heyif, onları bir yana çıxarda bilmədim. Mən özüm heç... Mən gördüyümü görmüşəm. İndi pis, ya yaxşı... yaşadığımı yaşamışam (o vaxtı mənim 43-44 yaşım olardı). Amma uşaqlarımın ali məktəbə qəbul olmalarını, bitirmələrini, xeyir işlərini görə bilmədim. Deməli, mənimki də bu qədər imiş. Heyif, çox heyif.

Həkimlər əsas məsələni atamdan gizlətmişdilər. Beyin xərçəngi məsələsini atama deməmişdilər. Atama demişdilər ki, gözlərini itirə bilər. Atam yerlə-göylə əlləşirdi. Əəə... Necə yəni gözlərini itirə bilər? Bu nə deməkdi? Özünə yer tapmırdı. Mən bunu sonralar bildim. İndi də yadıma düşəndə kövrəlirəm. Bunu mənə sonralar dedilər. Dedilər ki... Atan o boyda kişi həkimlərin qarşısında diz çökürdü, yalvarırdı ki, amandır, oğluma bir əlac edin. Onu gün işığına həsrət qoymayın, xahiş edirəm, yalvarıram - deyirdi. Deyirdi ki, mənim gözlərimi çıxardın, oğlumun gözlərinə qoyun. Hər nə desəniz verirəm. (Aman Allah, ay ata, axı sənin qələmindən başqa nəyin var ki, nə də verəsən. Bir həsirsən, bir də məmmədnəsir). Atamın gözlərinin yaşı qurumurdu. Mən isə əsas məsələdən xəbərdar idim. Bunu məndən gizlətməmişdilər. Açıq-aydın demişdilər. Demişdilər ki, sən rəsmi adamsan, onsuz da sənin xəstəliyin barədə yuxarıya məlumat verməliyik. Sən ordan da xəbər tuta bilərsən. Amma nə fərqi var ki... Elə indidən də sənin diaqnozunu deyirik. Onsuz da beş gün tez, beş gün gec deyəsi idik. Əgər, ümid yeri olsa idi, bunu səndən gizlədərdik, indi isə heç bir ümid yeri yoxdu. Mən də xahiş etdim ki, bu barədə atama heç nə deməsinlər. Yaşlı adamdır, ürəyi tab gətirməz, dözməz, həə... Demək, belə. Əsas diaqnozu bir mən bilirəm, bir də yoldaşım. Konsiliumdan çıxıb evə gələn kimi (daha doğrusu, demək olar ki, xəstəxanadan qaçdım) dərhal bir neçə usta çağırıb evin oboylarını və xarab olan bəzi şeylərin təmirinə başladım ki, birdən bu gün-sabah nəsə ola bilər, yoldaşım özünü itirməsin. Evə gedib-gələn olar, ayıbdı (kimdən və nədən?) evi belə görməsinlər.

Atam evdə qərar tuta bilmirdi. Axşamüstü bizə gəldi. Evdə təmir işlərini görəndə birdən-birə tutuldu. Gözləri doldu. Diqqətlə evə baxmağa başladı. Mənim gözlərim zəif görürdü deyə, bunu mənə sonra yoldaşım danışdı. Atam diqqətlə evə baxıb bircə kəlmə, özü də az qala pıçıltı ilə, boğuq, qəhərli bir səslə:

- Ay oğul, mən heç fikir verməmişəm ki... Bütün bu illər uzunu sən elə ikiotaqlı evdə yaşamısan ki... Namizədiyini, doktorluğunu, elə bu ikiotaqlı evdə yazmısan ki, ... (bu evi mənə Əfqanıstan müharibəsi iştirakçı olduğuma görə vermişdilər). Bəs mən indiyə kimi niyə bunu görməmişəm? Buna niyə fikir verməmişəm? Ay oğul, evin də pis gündədir ki... Bəs, mən niyə bunu bilmirdim? Bəs, sən bütün bu illər uzunu xarici ölkələrdə nə etmisən? Niyə özünə bir gün ağlamamısan?

- Ay ata, hamıya elə gəlir ki, xarici ölkələrdə pullar yerə səpələnib, biz də gedib torba ilə yığırıq. İndi kim nəyi bacarırsa, onu da edir. Mən belə-belə işləri elə əvvəlcədən nə bacarmamışam, nə də bilməmişəm. Əlimə gələn pullarla da övladlarımı oxutmuşam. Onlara hər sahədən müəllimlər tutmuşam. Onların təhsilinə xərcləmişəm.

... Hiss etdim ki, atamı qəhər boğur. Dərindən nəfəs aldı. Heç nə demədi. Heç çay da içmədi. Oturduğu yerdən durub getdi.

Sonra... daha sonra isə deyilənlərə görə atam öz otağına çəkilib ordan çölə çıxmırdı. Gecə-gündüz Quran əlində səhərə kimi yatmırdı. Üzünü Allaha tutub: "Ya Rəbbim, sən mənim oğluma qıyma - deyirdi. - "O İsfəndiyarı əlimdən aldın (müharibədən qayıtmayan böyük qardaşı İsfəndiyarı nəzərdə tuturdu), bu İsfəndiyara qıyma" deyirdi, yalvarırdı. Sonra atam deyirdi ki, bir dəfə sübh tezdən, azan vaxtı, özü də noyabr ayı, hava da çox soyuq idi. Balkonda dayanıb səhərə kimi Quran əlimdə elə bil ki, Allahla söhbət edirdim. Bir də gördüm ki, öz-özümə şeir deyirəm. Sonra atam həmin şeiri heç bir əl gəzdirmədən yazdı.

Rəhm eylə özün sən mənim övladıma, ya Rəbb,
Rəhm eylə mənim naləmə, fəryadıma, ya Rəbb.
Məhrum eləmə sən onu dünya işığından,
Sənsən pənahım, sən yetiş imdadıma, ya Rəbb".

Mən İranda işlədiyim vaxtlarda, inqilabın ən çətin illərində mənə görə qan təzyiqi xəstəliyi tapan atam, mən Əfqanıstanda müharibə illərində olanda mənə görə şəkər xəstəliyi tapan atam, bir gün, bir saat dərmansız qala bilməyən atam, üzünü Allaha tutub əhd eləyirdi ki, Ya Rəbbim, dərmansız da qalaram, ac da qalaram, susuz da qalaram, özümdə güc tapıb oruc tutaram, təki sən mənim oğluma qıyma... Və tutdu da. Həkimlərin israrlı, təkidli etirazlarına baxmayaraq, dediyindən dönmədi. Sanki atama güc gəlmişdi. Çox böyük zülmlə əhdini yerinə yetirdi. Mən bunu çox-çox sonralar bildim. Əgər o məqamda xəbər tutsaydım, qətiyyən buna imkan verməzdim.

Bir neçə ay ötdü... Sonra... Daha sonra möcüzə baş verdi. Tədricən qram-qram gözlərimin işığı özünə qayıtmağa başladı. Mən dəfələrlə bu barədə demişəm də, yazmışam da. Mən dindar adam deyiləm. Mövhumaçtı deyiləm. Amma Allaha böyük inamım var. Dilimdəki də, həmişə La İləha İlləllah kəlməsi olub. Bu nə möcüzə idi? Nə baş verdi ki?

Yenə həkimlər, həkimlər, yenə konsilium, konsilium. Axı, mənə həm Pakistanda, həm Bakıda, həm də Almaniyada (müalicə üçün Almaniyaya da getmişdim) eyni (əlacsızdır) diaqnozu qoymuşdular. Üst-üstə ən azı 50-55 ən sanballı həkimlər, professorlar mənə baxmışdı. Təəssüflə başlarını bulamışdılar. Hmm... Yaxşı, deyək ki, bunların biri səhv etsin, 5-i səhv etsin, 15-i səhv etsin, axı hamısı səhv edə bilməz. Yəni doğrudanmı hamısı, bütün həkimlər bisavaddır? Bu boyda səhv etmək olmaz axı? Qoyulan diaqnoz özünü doğrultmadı (Bağışlayın, səhv etmişik). Bu boyda səhv ola bilər? Axı mən hər gün, hər saat, hər dəqiqə demək olar ki, ölümümü gözləyirdim. Atam da mənlə bərabər ölüb-dirilirdi. Sən demə... Gözlərimə gedən qan damarları Pakistanın o dəhşətli istisinə tab gətirməyib qapanıb. Gözlərimin sinirinə qan sızıb. Həm də o qan ləkələri aparatda şiş kimi göstərilib (İndi mən bilmirəm, tibbi terminlərlə bunu necə izah edim. Nə isə...). Pakistanla Hindistan müharibəyə hazır vəziyyətdə idilər. Demək olar ki, ölkə müharibə şəraitində yaşayırdı. Ona görə də qaş qaralandan sonra elektriki kəsirdilər. Kondisionerlər işləmirdi. Mən də bəzən maşında kondisioneri yandırıb gecələyirdim. Bəzən də istiliyin əlindən yata bilməyib oyaq qalırdım. O istilərdə ailəmi geri qaytarmışdım. Özüm tək qalırdım.

Diaqnozu müəyyənləşdirdilər. Mən müalicə olundum, sağaldım. Həm də, tam sağaldım. Həkimlər məsləhət gördülər ki, bir müddət istiyə düşməyim, bir müddət ağır şey qaldırmayım, bir müddət isti sudan istifadə etməyim və sair...

Yenidən Pakistana qayıdıram. Atamın and verməsinə, yalvarmasına baxmayaraq, yolumdan dönmədim. Axı heç qala da bilməzdim. Əmr yox, göstəriş yox, fərman yox. Mənim qalmağa ixtiyarım yox idi. Bu, dövlət işidir. Amma sözün düzü, bir az da ehtiyat edirdim. İstəyirdim ki, İslamabada çatan kimi səfirliyə kiçik bir generator alım. Çünki isti həmin istidir. Səfirlik isə büdcə təşkilatı olduğundan smetadan artıq xərcləməyə ixtiyarımız yoxdu. Yox, olmadı, ala bilmədim. Görünür, bu, atamın ürəyinə dammışdı. Mən İslamabada gəlib çatandan düz iki həftə sonra atam diplomatik kuryerlə mənə 2 min dollar pul göndərdi. Atam məktubunda yazırdı: "Gözümün nuru, amanın günüdür, gözlərindən muğayat ol. Bu pulu da geri qaytarma. Səni Allaha and verirəm, bu pula orada özünə bir generator al".

Həə... İndi bütün bu olub keçənləri xatırlayanda məni dəhşət götürür. Ay aman... Mən nə yaman atama əziyyətlər vermişəm. Sözəbaxan olmamışam. Atamın dəlisi olmuşam. Eyni zamanda, onun üzünə də həsrət qalmışam. Nə yubileylərində, nə ad günlərində, nə bayramlarda, nə tamaşalarının premyeralarında onun yanında olmuşam, onu təbrik etmişəm. İndi isə qovruluram, göynəyirəm. Həmişə orda-burda olmuşam. Ondan ayrı düşmüşəm.

***

Kişinyov. 2009-cu il, 12 fevral. Möhkəm qar yağır. İş başında oturub, atamla telefonla danışıram. Onun o gözəl, yatımlı səsi sanki məni isidir. İlyarım bundan əvvəl iyulun 7-də atamla görüşüb ayrılmışam. Ondan sonra Bakıya gedə bilməmişəm. Amma söz verirəm ki, Novruz Bayramına hökmən yanına gələcəyəm. Birdən atam dərindən bir ah çəkdi. Həmişə mənə qarşı ərkli, tələbkar, hökmlü olan atam indi son dərəcə ərksiz, tələbsiz idi. Sanki xahiş edirdi ki, ay oğul bəlkə bir az tez gələsən, heç olmasa 2-3 günlük. Axı, səni çox görmək istəyirəm. Sənə deyiləsi bəzi məsələlər var e... Tək sənə demək istəyirəm. Allah elə bil ki, onun mənə qarşı olan tələbini də, hökmünü də əlindən almışdı. Bir qədər məyus oldum. Axı, o niyə belə ah çəkdi. Mən də dedim ki, yaxşı, çalışaram bir şey fikirləşim. Bəlkə tez gəldim. Görüm nə edirəm.

-... Yaxşı, ay oğul, bax da. Amma sənə deyiləsi çox sözüm var.

Elə belə də xudahafizləşib dəstəyi asdıq. 5-10 dəqiqə keçmədi ki, atam yenə də zəng etdi. Həmişə demişəm, yenə də deyirəm, bu qəfil telefon zənglərindən həmişə qorxmuşam, elə qorxmuşam ki... dəstəyə yaxınlaşmağa belə qorxmuşam.

... - Bəli, ay ata.

- Ay, oğul, qurban olum, tələsib eləmə, işində ol... Elə-belə sözdü də dedim... Vaxtın olanda gələrsən, Novruzda deyirsən, qoy Novruzda olsun. Gələrsən, onda söhbətləşərik. Elə bu zaman yadıma ölməz şairimiz Əli Kərimin misraları gəldi. Əstəğfürullah, bu, hardan yadıma düşdü. Bəlkə də elə bu o deməkdir:

...Gələn zaman bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə, gah deyib ki mən

Qoy bilməyim, o utanıb öz ölümündən...

Yox, yox, Allah eləməsin. Bu nə axmaq fikirlərdi, ağlıma gəldi. Dərhal köməkçimi çağırıb ayın 15-ə Bakıya bilet sifariş verdim.

Kişinyov. 2009-cu il. 13 Fevral. Həə.. Həmin əbədi olan ayrılıq dəmi gəldi.

***

İndi düz 11 ildir ki, sənsizəm, ay ata. Məsləhətlərsiz, danlaqlarsız, nəsihətlərsiz yaşayıram. Həmişə harda olduğumdan asılı olmayaraq səni itirmək qorxusuna da həsrətəm. Artıq bu qorxusuz yaşayıram. Sənin o qəfil telefon zənglərindən də qorxmuşam. Amma bu qorxu nə gözəl qorxu imiş. Bu qorxunun qədrini bilməmişəm. Kaş yenə də, səninlə bağlı olan o qorxu hisslərini yaşayaydım.

 





10.01.2020    çap et  çap et