525.Az

Ürəklərə paylanan nur


 

Ürəklərə paylanan nur<b style="color:red"></b>

Paytaxt Bakıda, 5 nömrəli şəhər xəstəxanasının arxasında üçmərtəbəli uzunsov bir bina var. Bu bina gözdən uzaq olsa da, könüldən uzaq deyil.

Ürək problemi olan insanlar bu binanı asanlıqla tapırlar. Bura Respublika Səhiyyə Nazirliyinin Akademik Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya  İnstitutudur. Bu institut elmi-tədqiqat işləri ilə praktiki müalicə işlərini özündə birləşdirən unikal tibb müəssisəsidir. O qədər də böyük olmayan binada doqquz nəfər tibb elmləri doktoru, iyirmi altı nəfər tibb üzrə fəlsəfə doktoru, yetmiş doqquz nəfər aspirant və həkim fəaliyyət göstərir. Tutduğu vəzifəsindən asılı olmayaraq (direktor, baş həkim, elmi katib, şöbə müdirləri) bu binada hamı xəstələrin müalicəsi ilə, ürək problemi olan xəstələri normal həyata qaytarmaqla məşğul olur.

Bu yazıda həmin institutda fəaliyyət göstərən gözəl və qayğıkeş həkim, fədakar  insan, 2-ci kliniki kardiologiya şöbənin müdiri, tibb üzrə fəlsəfə doktoru Nailə Zakir qızı Fərəcova haqqında söhbət açmaq istəyirəm.

Nailə xanım 27 il əvvəl Azərbaycan Dövlət Tibb İnstitutunu bitirərək təyinatla Elmi Tədqiqat Kardiologiya institutuna işləməyə göndərilib. O, burada sıravi həkimlikdən başlayaraq müxtəlif vəzifələrdə çalışıb və daim elmi axtarışlarını davam etdirib. Nəhayət, onun elmi işləri uğurla nəticələnib. 2005-ci ildə o, "Ürək çatışmazlığı və şəkərli diabetli xəstələrdə diuretik terapiyada optimal sxemin işlənib hazırlanması" mövzusunda dissertasiya müdafiə edərək "Tibb üzrə fəlsəfə doktoru", alimlik dərəcəsi almışdır. Elə həmin ildən yuxarıda deyildiyi kimi, 2-ci kliniki şöbəyə müdir təyin edilmişdir. Bu şöbədə əsasən hipertoniyalı, infarktlı, ürək qüsurlu, ürək çatışmazlığı olan xəstələr müalicə edilir.

Nailə xanım hər bir xəstəyə öz əzizi kimi diqqət və qayğı göstərir. Şöbəyə daxil olmuş və ya müxtəlif rayon xəstəxanalarından göndərişlə gəlmiş hər bir xəstəni dəqiq analizlərdən, müxtəlif tibbi aparatlardan (kardioqramma, EXO kardioqramma və s.) keçirərək dəqiq diaqnozu müəyyənləşdirdikdən sonra xəstəyə müalicə təyin edir. Çox təcrübəli həkim olsa da, həftədə bir dəfə daha təcrübəli həkimləri, elmlər doktorlarını bura dəvət edir və şöbəsində olan ağır xəstələrin vəziyyətini onlarla birlikdə müzakirə edir, konsilium keçirir. Özü haqqında danışmağı xoşlamayan  Nailə xanım haqqında geniş təəssürat yaratmaq üçün onunla çiyin-çiyinə çalışan adamlarla görüşürük.

İnstitutun baş həkimi, tibb elmləri doktoru Rza Səmədov:

- Nailə xanım çox layiqli qadındır, gözəl insandır, yaxşı həkimdir, dəyərli alimdir, bacarıqlı şöbə müdiridir. Hipertoniya, infarktlı ürək çatışmazlığı, ürək qüsurlu, diletasion kardiomeopatiyalı xəstələrin müalicəsi   sahəsində təcrübəli mütəxəssisdir. Bu tipli xəstələr respubilkanın bütün bölgələrindən bizim instituta gəlir və ya region xəstəxanaları tərəfindən göndərilir. Nailə xanımın rəhbərlik etdiyi şöbənin həkimləri və tibbi personalı bu xəstələri qayğı və diqqətlə müalicə edib normal həyata qaytarırlar. Bir qayda olaraq bizim xəstələrin əksəriyyəti yaşlı adamlar, pensiya yaşı çatmış şəxslər olur. Belə xəstələr xüsusi qayğı və diqqətə ehtiyacı olan adamlar olur. Nailə xanım özü və onun şöbəsinin əməkdaşları bu qayğı və diqqəti onlardan əsirgəmirlər. Sağalıb gedən pasientlər Nailə xanım və onun şöbəsi haqqında yalnız xoş sözlər deyirlər. Bəzən ürək çatışmazlığı diaqnozu ilə gələn xəstələrdə digər xəstəliklər, şəkərli diabet, nerv, zob və sair xəstəliklər aşkar olunur. Bu zaman Nailə xanım dərhal müvafiq ixtisaslı həkimləri dəvət edir və xəstələr lazımi müalicəni alırlar.

İnstitutun direktoru, tibb elmləri doktoru  Gülnaz Dadaşova-Səbzəliyeva: 

- Nailə xanım gözəl həkim, gözəl qadın, bacarıqlı şöbə müdiridir. Bir alim kimi bilik və bacarığını gənclərdən əsirgəmir. Gənc alim kimi, elmi işlərimin uğurla başa çatdırılmasında Nailə xanım öz elmi məsləhətləri ilə mənə yaxından köməklik edib. Onun gözəl ürəyi var, bir sözlə, bütün xoş sözlərə layiqdir.

Biz Nailə xanımın kabinetində olanda onun sol tərəfində orta yaşlı, ağ xalatlı nurani bir qadın oturmuşdu. Onun kim olduğunu soruşduqda Nailə xanım təbəssümlə dedi: şöbənin baş tibb bacısıdır, sol tərəfdə oturmasına baxmayın, mənim sağ əlimdir Rəna Hüseynova. Rəna xanım da öz müdiri haqqında ürək dolusu xoş sözlər dedi. Qeyd etdi ki, Nailə xanım çox tələbkar şöbə müdiridir. Yalanları sevmir. Güclü hissiyyatı, intuisiyası var. Xəstələrə yazılan müalicənin dəqiqliklə yerinə yetirilməsini tələb edir. Şəxsiyyətindən, vəzifəsindən asılı olmayaraq bütün xəstələrə qarşı diqqətlidir. O, Nailə xanımın adi iş rejimindən bir epizod danışdı...

...Bir gün səhər Nailə xanımın iş otağına bizim tanımadığımız, uca boylu, orta yaşlı bir kişi daxil olub ondan qan təzyiqini ölçməyi xahiş etdi. Nailə xanim kişiyə kresloda əyləşməyi təklif etdi və təzyiq ölçəni kişinin qoluna keçirdi. Bu zaman kişi huşunu itirdi. Nailə xanım təcili xəstə arabası gətirtdi, kişini arabaya uzadıb palataya aparmaq göstərişi verdi. Biz xəstəni palataya aparıb çarpayıya uzatdıq. Nailə xanım təcili göstəriş verdi, qan analizi götürüldü, kardioqramma, EXO kardioqramma çəkildi və müalicə başlandı, iynə vuruldu, qoluna damcıvari sistem qoşuldu. Mən Nailə xanımdan xəstənin ad, familiyasını soruşdum. Nailə xanım əsəbiliklə dedi: - Ay qız, bu saat ad-familiya vaxtı deyil. İndi bizim işimiz xəstəni ağır vəziyyətdən çıxarmaqdır. Nə vaxt xəstə ayılar, onda sorğu-sual edərsən.

Bir saatdan sonra xəstə ayıldı, gördü ki, palatadır, mat qaldı. Nailə xanım xəstəyə qalxmağa icazə vermədi. O, iş vaxtının sonuna kimi palatada qaldı. Xəstə ağır vəziyyətdən çıxmışdı. Daha qorxulu bir şey yox idi. Nailə həkim müalicə üçün resept yazıb, xəstəni yola saldı. Bax, Nailə həkim belə gözəl insandır.

Həkim kardioloq, böyük elmi işçi, tibb üzrə fəlsəfə doktoru Esmira Rəhimova:

- Biz Nailə xanımla üzün illərdir bir yerdə işləyirik , dostluq edirik. O, yaxşı dost, yaxşı ailə başçısıdır. Sözü üzə deyəndir, verdiyi sözə əməl etməyi bacarır. Düz sözü xoşlayır. Liderlik qabiliyyəti var. Adamları özünə tabe etməyi bacarır. Dinamik adamdır, bir yerdə qərar tutan deyil. Rəhbərliyin tapşırıqlarını vaxtında icra edəndir.

Bir çox ictimai təşkilatların mükafatlarına layiq görülüb. 2016-cı ildə Bakının Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə mükafatlandırılıb.

Ailəlidir, bir qızı, bir nəvəsi var. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Təranə Cəbiyeva (sanitar işçisi):

- Uzun müddətdir ki, Nailə xanımın şöbəsində  işləyirəm. Çox tələbkar müdirdir, həm də qayğıkeşdir. Nə problemimiz olsa, kömək edir. Məni bir dəfə başqa şöbəyə işə dəvət etdilər. Mən razılıq vermədim. Bunu eşidən Nailə xanım məni yanına çağırıb dedi ki, niyə getmirsən o şöbəyə, orada əmək haqqı burdan çoxdur. Mən də cavab verdim ki, mən burada qalıb sizinlə işləmək istəyirəm. Çünki mən sizi çox istəyirəm!

Sadə əmək adamının bu səmimi etirafı adamı kövrəldir.

Həkim endokrinoloq Fəridə Yaqubova:

- Həkim olmaqla bərabər, Nailə xanım əsl qadındır. İşinin çox olmasına baxmayaraq, özünə qulluq etməyə də vaxt tapır. Yüksək insani keyfiyyətləri onun yaxşı həkim olmasına kömək edir. Qayğıkeş insandır.

Tibb bacısı Aidə Rzayeva:

- Nailə xanımla işləmək həm çətin, həm də asandır. Çətindir ona görə ki, tələbkardır, işdə dəqiqliyi xoşlayır. Asandır ona görə ki, öz işini yaxşı bilir, yersiz göstərişlər verib tabeliyində olan işçiləri incitmir.

Ürək ən həssas orqandır. Nailə xanım öz şəfalı əlləri ilə minlərlə ürəyi işıqlandırır, minlərlə ürəyə şəfa verir, nur paylayır. Ürəkdən ürəyə gedən yollarınız daim açıq olsun - arzusu ilə həkim xanıma və bu unikal tibb ocağının bütün kollektivinə can sağlığı və uğurlar arzulayıb, xoş ovqatla Elmi Tədqiqat Kardioligiya institutunu tərk edirik.

 





10.01.2020    çap et  çap et