525.Az

Maarifçi və ictimai xadim Mirzə Cabbar Məhəmmədovun ömür yolu haqqında qeydlər


 

Maarifçi və ictimai xadim Mirzə Cabbar Məhəmmədovun ömür yolu haqqında qeydlər<b style="color:red"></b>

1918-1920-ci illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi qədim Naxçıvan torpağı erməni daşnaklarının təcavüzünə məruz qalmışdı.

Bu qədim oğuz yurdunun düşmən tapdağına düşməməsi üçün naxçıvanlılar həmrəy olaraq  amansız, qəddar düşmənlə mərdliklə mübarizə aparmış və erməni millətçiləri ilə qəhrəmanlıqla döyüşürdülər. Hətta elə olmuşdu ki, əlində qələm tutan müəllim də döyüş səngərlərində vuruşmağa getmiş, sakitlik olan zaman məktəbə qayıdaraq şagirdlərinə elm öyrətmişdi. Bu haqda bizə məlumat verən Mirzə Bağır Əliyevin "Qanlı günlərimiz" sənədli gündəliyidir. Daha doğrusu, dəyərli bir tarixi qaynaqdır. Müəllifin iştirak etdiyi, gördüyü və eşitdiyi hadisələri qələmə alması bizə imkan verir ki, Naxçıvanın müdafiəsində iştirak edən hər bir kəs haqqında axtarışlar aparaq və müasir gəncliyə təqdim edək. Yeri gəlmişkən, Mirzə Bağır Əliyev həmin sənədli gündəliyi yazanda Müsəlman Milli Komitəsinin katibi (münşisi) işləyirmiş. Qeyd edək ki, gündəlikdən  olan hissələri yazıldığı kimi təqdim edirik.

Həmin əsərin 1918-ci il 17 dekabr gününə aid hissəsi diqqətimizi cəlb etdi. Müəllif yazır: "Bu gün axşam saat 6 radələrində Naxçıvan şəhər klubunda bir müsamirə başlanıb. "Ədəbiyyat gecəsi"nə üç yüzə qədər şəhər sərvətdarlarından dəvət olunduqda, fəqət 42 adam kluba gəlmiş. Burada yerli əsgərlər mənfəətinə  çay, meyvəcat, konyak və ğeyr bir makulat qismlər satılırdı. Səhnədə Molla Əli Həsənzadə hal-hazırımıza dair bir nitq irad etdi. Əmirov cənabları yeni əsgəri təşkilatımız barəsində hazırunə məlumat yetirdi. Mirzə Cabbar Məhəmmədov İrəvani erməni və müsəlman halına dair tarixi olaraq bir leksiya oxudu. Digər könüllü cavanlarımız  mərhum Sabir əfəndinin əsərlərindən oxuyub, sonra milli nəğmələr çocuqlar tərəfindən oxunub, saat 11 radələrində bu müsamirə xitam edildi".

Sonrakı hadisələrdə müəllif yenə də Mirzə Cabbarın adını çəkir: "6 yanvar 1919-cu il. Bu gün İrəvandan telefon vasitəsi ilə Naxçıvan nümayəndəsi  Mirzə Cabbar  Məhəmmədov böylə xəbər verdi ki, İrəvan tərəfindən ingilis nümayəndələri, zabitlər və soldatlar 30 nəfərdən ibarət bir heyət Naxçıvan şosesi ilə azim oldular. Bunların qabağında müsəlmanların əcz ilə danışmaları lazımdır..."

Xeyli vaxt ərzində axtarışlar apardıq ki, bu cəsur ziyalımızı müstəqil Azərbaycanımızın müasir gəncliyinə də layiqincə tanıdaq. Araşdırmalar zamanı məlum oldu ki, Sadıq Şükürov "Gəncə məktəblərinin tarixindən" (Bakı-1990, 208 s.) adlı elmi əsərində Mirzə Cabbar haqqında, həmçinin onun pedaqoji fəaliyyəti ilə bağlı məlumat verib. Amma çox təəssüf ki, müəllif onun Naxçıvanla bağlı illərinin üstündən sükutla keçib. Səbəbini isə hiss etdik. Çox ehtimal ki, 1937-ci ildə onun güllələnməsi müəllifi ehtiyatlı olmağa məcbur edib. Çünki XX yüzilliyin 90-cı illərində sovet hökumətinin qanunları tam qüvvədə idi.

Maarif fədaisi və doğma Naxçıvanımızın müdafiəsində mərdliklə döyüşən Mirzə Cabbarla bağlı elmi axtarışlarımızı davam etdirdik. Axtarışlar nəticəsində məlum oldu ki, filologiya elmləri doktoru, professor Ə.Zeynalovun və tarixçi alim Nazim Mustafanın İrəvan məktəblərinə və ziyalılarına aid yazdıqları kitablarda Mirzə Cabbar Məhəmmədov (Məmmədzadə) haqqında da məlumat verilib. Həm də burada müəlliflər göstərirlər ki, Mirzə Cabbar Məhəmmədov Naxçıvanda ali ibtidai məktəbdə dərs demişdir.

Ancaq Mirzə Cabbarın 1919-cu ildə İrəvanda Naxçıvan nümayəndəsi olması, bu çətin günlərdə Naxçıvanda yaşayıb müəllim işləməsi, müsamirələr keçirməsi və yeri gələndə erməni daşnaklarına qarşı naxçıvanlılarla çiyin-çiyinə döyüşməsi yazılmamış qalmaqdadır. Yuxarıda adlarını çəkdiyimiz müəlliflərin yazdıqlarından məlum olur ki, Mirzə Cabbar Abbas oğlu Məhəmmədzadə 1882-ci ildə İrəvan şəhərində anadan olub. Onun atası fars dilini çox dərindən bildiyinə görə İrəvanda və Naxçıvanda "fars Abbas" deyirmişlər. Yazılanlardan məlum olur ki, Mirzə Cabbar əvvəl ev təhsili almış, sonra isə İrəvan gimnaziyasında oxumuşdur. Həmin gimnaziyada dövrünün tanınmış müəllimi, 1898-ci ildə İrəvanda ilk rus-tatar məktəbinin açılmasında əlindən gələni əsirgəməyən Axund Məmmədbağır Qazızadə ona dərs demişdir. Məmmədbağır Qazızadə çox bilikli olduğuna İrəvan camaatı ona hörmətlə Axund deyə müraciət edirmişlər.

Mirzə Cabbar gimnaziyanı bitirəndən sonra 1902-ci ildə İrəvan kişi gimnaziyasına ekstern imtahan verir və müəllimlik şəhadətnaməsini alır. O, 1902-ci ildən 1906-ci ilin 1 sentyabrına kimi müxtəlif məktəblərdə müəllimlik etmişdir.

Mirzə Cabbar 1906-cı il sentyabrın 1-də İbadulla bəy Muğanlinskinin  İrəvanda açdığı qeyri-rəsmi şəxsi hazırlıq məktəbinə rus dili müəllimi təyin edilmişdir. Qeyd edək ki, Mirzə Cabbar görkəmli Azərbaycan ədibi və pedaqoqu Abdulla Şaiq ilə dostluq etmişdir. Onun ədibə yazdığı məktubların sayı 25-dir. Həmin məktublar Abdulla Şaiqin əsərlərinin V cildində çap edilib (Bax: A.Şaiq. Əsərləri. V cild, Bakı, 1978; səh.421-460). Məktublar 1911-ci ilin 14 sentyabrından 1915-ci il mayın 29-dək yazılıb. Məktubların 5-i Armavirdən yazılıb. Qalanları isə İrəvan şəhərindən dostu Abdulla Şaiqə yazılmışdır. Bu məktublarda Mirzə Cabbarın həyatından və fəaliyyətindən maraqlı səhifələr vardır. Bir də yəqin etmək olur ki, o, 2 fevral 1915-ci ildən 1916-cı ilin mayına kimi Armavirə köçürülmüş İrəvan seminariyasında dərs demişdir. Məlumat üçün deyək ki, İrəvan seminariyasını Birinci Dünya müharibəsi zamanı Rusiya hökuməti sərhəd şəhəri olan İrəvandan Armavirə köçürmüşdü. Mirzə Cabbarın müəllimlik fəaliyyətinin qalan illəri yenə də Muğanlinskinin məktəbində olub. 10 il Mirzə Cabbar İrəvanda Muğanlinskinin məktəbində bu gün də çoxlarına nümunə ola biləcək pedaqoq olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, arxiv sənədlərində Mirzə Cabbar Məhəmmədovun verilmiş tərcümeyi-halı bir az fərqlidir. Gələcəkdə aparılacaq tədqiqatları nəzərə alaraq həmin tərcümeyi-halı da veririk.

Tarixçi alim İ.Məmmədovun "Ermənistan Mərkəzi Dövlət Arxivində azərbaycanlılarla bağlı sənədlər" kitabında Mirzə Cabbar Məhəmmədovun da müxtəsər tərcüməyi-halı haqqında məlumat var: İş №711. Mirzə Cabbar 20 yanvar 1882-ci ildə anadan olub. 1894-cü ildə İrəvan müəllimlər seminariyası nəzdində birsinifli ibtidai məktəbə daxil olub. 1902-ci ildə İrəvan müəllimlər seminariyasını bitirib.

1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib. 1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dəyişilib. 1905-ci ildə Qəmərli məktəbinin smotrifeli (nəzarətçisi) olub.

1906-cı il avqustun 29-da ailə vəziyyətinə görə işdən azad olunub. Daşlı küçəsi 51-də III dərəcəli məktəb açıb. Yazılıb: Məktəbin sahibi Məmmədov Cabbar Abbaszadə, rus dili müəllimi Muğanlinski İbadulla bəy Əlinağıbəyzadə, ilahiyyat və tatar (Azərbaycan) dili müəllimi Məmmədov Mirzə Abbas Məmmədzadə. Dərslər 31 dekabr 1910-cu ildə Cabbar Məmmədovun tərtib etdiyi cədvəl üzrə keçirilirmiş. Məktəbdə 8-11 yaşlı 20 oğlan oxuyurmuş (3 oktyabr 1911). Sonra bu işdə Mirzə Cabbara aid bir məktubun da adı çəkilir: 14 dekabr 1915-ci ildə Armavir şəhərindən göndərilən məktub (v.32).

İş № 765-də Mirzə Cabbarın qardaşı Qafar Məmmədov haqqında məlumat verilib. O, 1908-ci ildə (7 iyun) Qori seminariyasını bitirib. Şəhadətnaməsini (№ 830) S.M.Qəniyev və F.Köçərli imzalayıblar. 4 iyul 1908-ci ildə Zaqafqaziya müəllimlər seminariyasının direktoru İrəvan xalq məktəbləri direktoruna göndərdiyi rəsmi məktubda (№ 979) yazmışdır:  Bu il seminariyanı bitirənlərdən üç nəfəri İrəvan quberniyasında işləmək arzusunda olduğunu bildirmişdir. Onlardan biri Qafar Məmmədovdur.

"Mamedov Qafar tatarin,şiit, 22 l. Posredstvennıx darovanii, budet skromnım selğskim uçitelem, vladeet skripkoy i mojet obuçatğ peniö".

Onun təyinatını İrəvan məktəbinə verirlər. 1910-cu ilin 28 sentyabrında Qafar Məmmədov Şahtaxtındakı məktəbə təyin edilir. 5 sentyabr 1911-ci ildə öz ərizəsi əsasında işdən azad edilir (s. 642).

1918-ci ildə Cabbar Məhəmmədov ailəsi ilə Naxçıvana gəlir. O, şəhərdə məktəbdə dərs deməklə bərabər, Naxçıvanın erməni daşnaklarından müdafiəsində iştirak edir. Onun qardaşı Qafar da bu illərdə Naxçıvanda yaşayıb. Sonralar Təbrizə getmiş və orada yaşamışdır. 1919-cu il yanvarın 30-da olan məlumat bir daha Mirzə Cabbarın Naxçıvanın fəal müdafiəsində olduğunu təsdiqləyir:

"1919 miladi, 30 yanvar. Bu gün hökuməti-məhəlliyə rəyasətinin dün gün dərc etdiyi bəratulqal mövcibincə saat 3-də Naxçıvan əşrafından bir qaç nəfər hökumətə ehzan qılınıb. Naxçıvan, Ordubad, Şərur müsəlmanlarının hansı hökumətə tabe olaraq, ziri-idarəsində yaşamaq məsələsinə gəldikdə mütəsərrüfə Cəfərqulu həzrətləri 5 nəfərdən mürəkkəb olan bir konisən komisiyon intixab edib, lazım olan hökumətlərə aid bir qaç material cəm etmək və sonra məhəlli müzakirəyə qoymaq təklif olundu. Bu təklif 4 saat tamam müzakirə ediləndən sonra Bağır Rzayev, Cabbar Məhəmmədov, Xəlil ağa Hacılarov, Mirzə Abbas Qədimov və Hüseyn Cavid cənablarının ixtixab olmaları təhti-qərara alınsa da, mumulileyhlərdən Hacılarov maədə 4 nəfəri  bu əmri bitirmikdən etiraz etdiklərinə binaən məclis natəmam olub, məsələ həll olunmadı. Məclis qapalı elan olub, əhali pərakəndə oldu".

1920-ci ildə Ermənistanda sovet hökuməti qurulandan sonra Mirzə Cabbar İrəvana qayıdır. Həmin ilin axırında ailəsi ilə İrəvandan Bakıya köçən Mirzə Cabbar pedaqoji fəaliyyətini davam etdirmişdir. O, "Yeni Əlifba" komitəsinin iclaslarında müntəzəm olaraq iştirak etmiş və bir çox mübahisəli məsələlərin həllində yekun söz söyləyənlərdən olub. Bu haqda arxiv sənədləri vardır. Bu sənədlərdə o, familiyasını Məmmədzadə kimi yazdırıb. Mirzə Cabbar şeirlər yazmış, dilçiliklə bağlı araşdırmalar aparmış, hətta "Azərbaycan dilinin tədrisi metodikası" adlı bir vəsait  də  yazmışdır.

Yazılan xatirələrdən məlum olur ki, qara frak geymiş, saçları səliqə ilə arxaya daranmış, üz-gözündən gülüş yağan, son dərəcə mehriban görünən, nisbətən ucaboy olan Mirzə Cabbarı həmişə şagirdləri intizarla gözləyirmişlər.

Hələ inqilabdan, yəni 1920-ci ildən əvvəllər "Samouçitelğ tatarskoqo (Azərbaycan dili - müəllif) əzıka  dlə russkix" adlı maraqlı bir dərslik yazan Mirzə Cabbarın bu sahədə böyük təcrübəsi və bacarığı vardı. Onun "Rus məktəblərində Azərbaycan dilini müstəqil öyrənənlər" adlı dərsliyi çar hökuməti dövründə nəinki şagirdlərin, həmçinin, kiçik və böyük məmurların stolüstü kitabı olmuşdur. Çünki o illərdə Qafqaz canişini Peterburqa, Rusiya çarına göndərdiyi məktubunda Qafqazda Azərbaycan dilinin vacibliyini, bütün dövlət işçilərinin bu dili öyrənməyi məcburi saymış və yuxarı dairələrin razılığını almışdı. Qafqaz aktlarının 1885-ci ildə nəşr edilmiş XI cildində bu haqda ətraflı məlumat vardır (səh.720).

Mirzə Cabbar Məhəmmədov öz ürək dostu böyük ədib Abdulla Şaiqə yazdığı məktublarda oğlu Kəmaləddinin və qızı Fəridənin də adlarını çəkib. Yeri gəlmişkən qeyd edək ki, Mirzə Cabbarın oğlu Cəlal Məmmədov uzun illər "Azərbaycan" jurnalının baş redaktoru olub. Mirzə Cabbar pedaqogika üzrə professor olmuşdur. Çox təəssüflər olsun ki belə gözəl insan, görkəmli pedaqoq 1937-ci ildə Stalin rejimi tərəfindən amansızcasına məhv edilmişdir - güllələnmişdir. Bu səbəbdən Sovet hakimiyyəti illərində unudulmuşdur.

Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanın 1918-1920-ci illərdə fəal, cəsur müdafiəçilərindən biri olan Mirzə Cabbar Məhəmmədovun həyatı və fəaliyyəti dərindən və hərtərəfli öyrənilməkdədir. Çünki Naxçıvan onun uğrunda döyüşüb qəhrəmanlıq göstərənləri heç vaxt unutmur.

 





10.01.2020    çap et  çap et