525.Az

Qapımın zəngi bir qərib quş qanadına ilişsə... - Qəşəm Nəcəfzadə yazır


 

Qapımın zəngi bir qərib quş qanadına ilişsə... - <b style="color:red">Qəşəm Nəcəfzadə yazır </b>

Tanınmış şair Ramiz Məmmədzadənin şeirləri haqqında düşüncələr

Hər şeydən öncə özüm-özümə minnətdaram ki, tanınmış şair Ramiz Məmmədzadə haqqında bu yazını mən yazıram və özü də hər şeirindən, hər misrasından zövq ala-ala, ürəklə, hər nidaya, hər vergülə sevinə-sevinə yazıram. Ona da sevinərəm ki, çoxdan tanıdığım Ramiz müəllimi bir daha yenidən, yaxından kəşf elədim. İndiyə kimi heç kəs  Ramiz müəllimin poetik dünyasına ciddi olaraq baş vurmayıb, misraların poetik ovqatına yüklənə biməyib, "adama əl eləyən" şeirlərin yanından sükutla keçib, ümumi sözlər deməklə kifayətlənib. Sözümün bu yerində bir az da ədəbi tənqidi qınayıb, bir az da Ramiz Məmmədzadənin nəsildaşlarına "Allah sizə insaf versin" deyib keçirəm əsas mətləbə.

On illiklər boyu Ramiz Məmmədzadə kimi şairlərin yaradıcılığı diqqətdən kənarda qalır. Bəlkə onun pırpız saçları yoxdur, bəlkə o, çayxanalarda hirslənib çaynik sındırmır, dəstəbazlıq, yerlibazlıq eləmir.  Dərk eləmək istədiyim bir nüans var, nədən belə olur, bu cür laqeydliklər, bu cür unudulmaqlar. Bu gün onun yaşı səksənin üstündədir. Yazıçılar Birliyinə elə ədəblə gəlir, elə səmimi danışır, elə oturur-durur, hamının kitab təqdimatlarına gedir, xeyirdə, şərdə hamı ilə birlikdə kədərlənir, sevinir. Elə bilirəm bu adamın insanların  xöşbəxtliyinə sevinməkdən başqa özgə bir  istəyi, arzusu yoxdur. Neçə gündür onun şeirlərini oxuyuram. Bu yazını yazmağımdan da əsla özünün xəbəri yox. Təcrübədən, həyatdan, ən başlıcası istedaddan gələn bir güclə şeirlərini elə dolanbaclardan ustalıqla keçirib ki, açığı heyran qalmaya bilmirsən. Şeirlərində bir dənə də olsun boş yer yoxdur ki, fikirlər orda darıxsın və ya qafiyəsi bir az laxlasın. Şair kimi də baxıram, redaktor gözü ilə də  misraları ötürürəm, tənqidçi hikkəsi ilə də yanaşıram, oxucu kimi də oxuyuram, yenə də görürəm ki, bu şeirlərin "hər yeri" düzdür, fikirlər təptəzə, yeni, poetik ovqat öz yerində, qafiyələr rahat, taqqıltı yox, mirsalar "ayağını" çəkmir, adamın ağzı əyilmir, əksinə, ifadəsi nitqi daha da  yaxşılaşdırır, əhval-ruhiyyəni qaldırır.

Şairin bir şeirində gecənin bir aləmində, yuxunun şirin vaxtında qapının zəngi çalınır. Yataqdan durmaq istəyəndə zəng səsi sönür.  Şair yenidən yatmaq istəyir. Yenə də zəng çalınır. Şair deyir:
 
Fəqət yenə zəng səsi,
dedim yəqin
Köhnə zəngin düyməsi
Bir qərib quşun
Qanadına ilişib. 

Bu şeirdəki poetik ovqat məni bir başa ovsunlayır. Əlbəttə, şeirin sujeti xətti şairin yaşına uyğundur. Yəni yaşın gətirdiyi  məqamdır. Şair düşünür ki, yəqin gələn əcəldir. Bu şüurun, yaşın, ənənənin  yaratdığı fikir ola bilər. Amma qapı zənginin qərib bir quşun qanadına ilişib çalınması artıq bu, idrakın bayatısıdır. Bu anın, vəziyyətin özü müasir ədəbi prosesin dayandığı yeri işarələyir. Bu vəziyyətdə iki məqam var: Yer və göy. Yerin təyin etdiyi nöqtədə şair dayanır, o, zəng çalınanda əcəli düşünür. Və Füzuli demiş: "belini bükür, dünya qapısından çıxmağa hazırlaşır". Bu, bir qaydadır. Hərəkət həyatın ürəyidir. Nəsimi deyirdi ki, "Dünya duracaq yer deyil, ey can, səfər eylə". Ona görə də şair hərəkətə keçir. Ancaq bu zaman can qalasına keşik çəkən ümid, daha doğrusu, idrak dilə gəlir, bəlkə bir qərib quşun qanadı qapının zənginə ilişib - deyir. Burada quş göydür, şair yer. Quş şairi göyə, bir sözlə,  yeniliyə, təzəliyə, belə demək mümkünsə, ölmüş və yorulmuş publisistikadan  poetikaya çəkir. Quşun qanadı təsadüfən qapı zənginə ilişə bilməzdi. Quşun qanadları ilə qapı zəngini basması indiki dünyada  "yox" olan, bilmədiyimiz məqamda isə "var" olandır əslində. Bu, təsadüfü deyil, min illərdir qurulmuş sistemdir. Şair də özü də bilmədən gecənin bir aləmində qurulmuş bu sisteminn bir ilməsinə ilişir və həqiqəti açır. Əsas olan budur ki, müasir poeziyamız və 80 yaşın üstünü yaşayan Ramiz Məmmədzadənin bütün yaradıcılığı qərib   quşun qanadının qapı zənginə ilişməsində mövcuddur, "daha əcəl gəlib durum hazırlaşım gedim" fəlsəfəsində yox.

Ramiz Məmmədzadə şeirlərində fikrin qeyri-səlis məntiqinə söykənir və bununla gələcəkdə mövcud ola biləcək şeirin və ya fikrin dayanacaq nöqtəsini tapır və hər şey də bundan sonra başlayır. Çünki şeir yazanın, şairin içində bütöv bir sistem olmalıdır ki, deyəcəyi və yazacağı şeiri  mövcud eləsin. Yəni hansı alətlə, hansı texnika ilə bədii sözü, ya binaya, ya da bütöv bir şəhərə çevirə bilsin. Texnikasız, üslubsuz, daha dəqiq: sistemsiz şair yoxluğa bərabərdir. Onun üyütdüyü başqalarının unu olacaq, bu, artıq onun öz istehsalı deyil. Mən dəqiq bilirəm ki, bu gedişlə aşağıdakı şeiri yalnız Ramiz Məmmədzadə yaza bilərdi.
 
Yarpağa bax, ovcun açıb yağışa,
Torpağa bax,
Qalxıb uçub yağışa,
Çəmən, çiçək durub köçüb yağışa... 

Bu sistəm Ramiz Məmmədzadənindi, şair  bu sistemlə xəyalındakını şeir şəklində mövcud eləyə bilir, yəni artıq binanın görüntüsü hazırdır. O, bu quruluşu başqa; hələ xam, bir az  də çiy fikirlərinə yönəldərək xeyli sayda duyğularının ayaqlarını nəm torpağa yönəldə bilir. Şeir başdan-ayağa paradoksdur. Əli Kərim deyirdi ki, "yerdən göyə yağır qar". Burda müəyyən bir mexanizm iştirak edir. Çünki külək əsəndə qarı göyə sovurur və sonra qar sanki yenidən yağır. Əli Kərim də buna oxşar başqa bir ifadə də var. "O göz yaşların" şeirində şair deyir ki, "ağlatdım, mən səni nəyə gərəkdir, demirəm bağlan, ya gül üzümə, onsuz da çəkdiyim bəsdir özümə, bağılanmağımsa, yersiz bəzəkdir". Şeirin sonunda şair daha konkret fakta  keçir: "Sənin göz yaşların buxarlanıb qalxdı havaya, gah yağışla birgə, qar qarla birgə, qayıdır üstümə, qayıdır yerə". Ramiz Məmmədzadə bu fikri daha da inkişaf etdirir, indi nə varsa, hamısı göyə köçür,  torpaq da, çiçək də, çəmən də. Əslində, bu məsələnin gedişində iş görən yoxdur. Burada qoyulan məsələlər feilin qayıdış növündədir, yəni iş görən də, işi görülən də bir-birinin içindədir. Bizdə tənqidçi qıtlığı  üzündən nəsillər arası əlaqə dərindən öyrənilib təhlil edilmədiyindən bu məsələlər üzə çıxmır. Çünki bizim son tənqidimiz məntlər üzərində deyil, şəxsiyyətlər üzərində qurulur, ona görə kələfin ucunu itirmişik. Nəsillər arası məsələlər, əlaqələr unudulur, öyrənilmir. Deyək ki, "Mirzə Fətəli Axundov kitabı" haradan başlamışdı, sonra onu kimi davam etdirdi və bu gün hansı  yazıçının əlindədir, bilinmir? Eləcə də  yuxarıda dediyim fəlsəfi mətni Əli Kərimdən sonra Ramiz Məmmədzadə inkişaf etdirdisə, bəs Əli Kərimdən qabaq bu fikir hansı şəkildə mövcud idi və kimin qələmində çırpınırdı? Bu gün yazılan hər hansı bir şeirin, davam edən bir düşüncənin - hamısının tarixi əsası var: - əvvəl kim başlamışdı, sonra kim davam etdirdi və indi hansı şairin qələmində mövcuddur?

O kim idi bıçaq çəkdi dizimə,
Əllərimi oğurladı cibimdən.
Ha axtardım əllərimi tapmadım,
Harayımı, illərimi tapmadım.
Hara getdi, necə oldu əllərim,
Bir görünməz gecə oldu əllərim.
Nədir axı əllərimin günahı,
Heç belə də oğru olar, İlahi. 

Bu şeir 1985-ci ildə yazılıb. Şeirin  bədiiliyinin üzərində ictimai-siyasi hadisələr cərayan edir. Burda əsas fakt əldir. Əllər haqqında nə qədər şeirlər yazılıb. İsa İsmayılzadə deyirdi ki, "qaytarma əllərimi, qoy səndə qalsın, belinə dolayarsan məndən uzaqda, dörd əlli olarsan". Burada tam sırf sevgi tərənnüm olunur. Amma Ramiz müəllimin tərənnüm etdiyi əl ictimai məzmuna çevrilə bilir. Məsələn, Ağdam işğal olunanda kim idi bizim əllərimizi oğurlayan? Kim əl qoydu əlmizin yerinə? Kim Türkmənçay müqaviləsinə qol çəkdi,  əllərimizin əvəzindən. Demək, bu əl detalını bütün istiqamətlərə yönəltmək və bütün ictimai proseslərə yozmaq olar. Şeiri təhlil etməyin bir adı da onu uyğun gəldiyi istiqamətə yozmaqdır. Necə ki, gördüyümüz yuxunu yozuruq, eləcə də mən Ramiz müəllimin bu əl haqqında şeirini son dövr başımıza gələn bəlaların baisi kimi yoza bilərəm. Şeir o zaman gözəl olur ki, onu yozmaq imkanları genişdir və belə şeirlər  özündən sonra gələnlər üçün bir abzas yeri qoyur və bu onu göstərir ki, nə deyəcəksənsə, sözün varsa, bax, burdan başla! Bu mənada Ramiz Məmmədzadənin əksər şeirlərində yenidən başlamaq üçün abzaslar çoxdur.

Şairin növbə haqqında şeiri sujetli lirakımızın ən gözəl nümunəsi ola bilər. Şeirdə deyilir ki, hara getdim, növbə gördüm, ev növbəsi, iş növbəsi, çörək növbəsi və sair. İndi isə ahıl yaşındayam, ölümə növbə gözləyirəm. Şeir mükəmməl bir sonluqla bitir:

Eheyy, kimsən növbədəki?
Eheyy, kimsən
Məndən qabaq? 

Ümumiyyətlə, şeir deyilən nəsnənin başqa bir adı da  snextoxadır, yəni fikrə və ya əşyaya yeni ad qoymaq. Hansı şairin yaradıcılığı, daha doğrusu, morfologiyası, sintaksisi, metaforası, snextoxası zəngindirsə, o şair maraqlı şairdir. Aşağıdakı şeirə fikir verək: 

Saçımın çoxunu külək apardı,
Yerdə nə qaldısa, sovrulmuş qardı,
Dərddən xəyallarım qabar-qabardı,
Sən mənim nəyimi sevmisən axı. 

Nitqim çala-çuxur, sözlərim kobud,
Üzümdə bir topa qarışıq bulud.
Sən məni neynirsən, sən məni unut,
Sən mənim nəyimi sevmisən axı. 

Şair "saçım ağarıb töküldü" demir, "külək apardı "deyir, əslində, bu külək adi külək deyil, ictimai məzmundur. Görün, qocalmağın başqa adı nə imiş? - Yerdə qalanlar isə qardır, bunu hamı deyə bilərdir. Amma bu fikrə şairin gözəl bir əlavəsi var: sovrulmuş qar. Əl qabar-qabar ola bilər, amma xəyalların qabar olması dəhşətdir, yəni bu xəyallar heç vaxt həyata keçmir, qabarlaşır. Nitq nöqsanına şair "çala-çuxur" deyir. Nə gözəl! Çala-çuxır nitq nöqsanını, daha doğrusu, dilin pəltəkliyini çox dəqiq ifadə edir.

Ramiz Məmmədzadə özündən əvvəl  yazılanları dərindən öyrənir və bu öyrənmək  mexaniki deyil, ruha qarışır və ustalıqla mətnlər arası əlaqəni inkişaf etdirir. Vaxtı ilə Xalq şairi Osman Sarıvəlli "37-ci ilə" işarə edərək yazırdı: 

Döydü yağış məni, döydü qar məni,
Minsəm bir qarışqa aparar məni. 

(Bu şeiri müəllimlər litota kimi, yəni  kiçiltmə mənasında tələbələrə misal kimi çəkirlər)

Uzun illər keçəndən sonra Ramiz Məmmədzadə şeirlərinin birində belə yazır:   

Mən çəkəni quzu çəksə,
Dönüb qurd olar, qurd olar. 

Burda isə mübaliğə, yəni şişirtmə var. Həmişə bədii təsvir vasitələrindən bol-bol istifadə etmək şeirin təsir gücünü artırır.   Yuxarıda dediyim kimi, mətnlərarası əlaqə   bədii fikirin inkişafına böyük təkan verir. Bu mənada Ramiz Məmmədzadənin şeirləri  keçmişdən ədəbi-bədii informasiyaları alır, onu öz ruhu da çılalayıb gələcəyə ötürür. O, dastanlardan, qoşma və gəraylılardan, şifahi xalq ədəbiyyatından geniş bəhrələnir. Ona görə də şeirləri aydın və axıcıdır, yadda tez qalır. Quş lələyi bir üslub kimi bütün şeirlərini şirinləşdirir.  

Bəxtimi yazmağa qələm gəzirdim,
Bir quş lələyindən saldı da getdi. 

Ramiz Məmmədzadənn yaradıcılığı geniş tədqiqata, təhlilə, tədrisə böyük imkanlar verir. Bu imkan hər şair də olmur. Həm mətlərarası əlaqə, həm şeirlərinin sintaksisi, obrazlılığı, sujeti xətti imkan verir ki, gənclərimiz onun yaradıcılığından bəhrələnsin. Gəlin bu imkanı əldən verməyək.

Mən gözəl şairimizə can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram. Qoy onun qapı zəngini əcəl yox, hər gecə qərib quşlar çalsın, sevgi dolu dimdikləri və qanadlarıyala.

 





11.01.2020    çap et  çap et