525.Az

İncəldiyi yerdən qopsun!.. - Türkan Turan yazır


 

İncəldiyi yerdən qopsun!.. - <b style="color:red">Türkan Turan yazır </b>

Qədim Çin filosofu Konfutsi insanlara nəyisə izah etməyin ən yaxşı yolunun nümunələr üzərində göstərmək olduğuna inanırdı.

Bir gün Konfutsi bir əlində vaza, o biri əlində alma ilə şagirdlərinin yanına gəlir. Filosof uşaqların təəccüb dolu baxışları altında almanı vazanın içinə qoyur. Sonra üzünü onlara tutaraq, "bu almanı vazadan kim çıxartsa, o yeyəcək" deyir.

Şagirdlərdən biri çox ac olduğuna görə, elə birinci o, ayağa qalxır. Əlini ehmalca vazanın içinə salıb almanı ovucuna alır, çıxartmaq istəyəndə yumruğu vazanın dar boğazından keçmir. Hətta "əlimi çıxara bilmirəm" deyə sızıldanır.

Konfutsi, "çünki ovucundakını bərk tutmusan, əgər almanı buraxmasan, əlini vazadan çıxarda bilməyəcəksən" deyə cavab verir.

Əslində, şagird tutduğunu belə asanlıqla buraxmaq istəmir. Ancaq çox keçməmiş almadan əl çəkmək məcburiyyətində qalır. Əlini vazadan çıxardanda həm onun, həm də digər şagirdlərin üzündən təəccüb oxunur. Təbii ki, hamının fikrində bir sual yaranmışdı: almanı vazadan necə çıxartmaq olar? Sanki Konfutsi onların beynindən keçən bu sualı oxuyur və "almanı çıxartmaq üçün nə təklifiniz var?" deyə soruşur.

Şagirdlərin heç birindən səs çıxmır. Bu vaxt Konfutsi vazanı üzü aşağı çevirir, alma stolun üstünə düşərək yuvarlanır. Uşaqlar gülməyə başlayırlar. Necə olmuşdu ki, bu qədər sadə bir şeyi düşünə bilməmişdilər. Ancaq Konfutsi onlarla eyni fikirdə deyildi. Buna görə də, "yox, uşaqlar, bu, heç də gördüyünüz qədər sadə deyil", - deyə cavab verir. Sonra bunları əlavə edir, "çünki insan bir şeyi əldə etmək istəyəndə çox vaxt ondan möhkəm yapışaraq, buraxmamaq lazım olduğunu düşünür. Halbuki həqiqət bunun tam əksinədir. Yəni bir şeyi əldə etmək üçün çox vaxt onu buraxmaq, əl çəkmək lazımdır..."

Təəccübləndikmi? Yox! Çünki çoxumuz beləyik, buraxmağı, əl çəkməyi bacarmırıq. Çox vaxt əlimizin, qolumuzun qopmağına da razı oluruq, bircə tutduğumuzu buraxmayaq deyə. Gənə kimi yapışmaq adətimizdir. Qanı son damlasına qədər canımıza çəkməsək dincəlmirik. Bu şəkildə davam edərək həyatımızı cəhənnəmə çeviririk. Çox vaxt sonumuzu əl çəkməmək hikkəsi ilə hazırlayırıq. Məsələn, oturduqları kresloya arxayın düşüb illərlə əlinə keçəni qırtlağına qədər dolduran, bircə tərpənişlə bütün yediklərini qusanları o qədər görmüşük. Hələ qarnı doyanda gözü doymayan, gözü doyanda nəfsi ram olmayanlardan danışmıram. Vədə yetişəndə istefa verməyi bacarmayan, zamanı gələndə arxamızı çevirib gedə bilməyənlərik, biz! Yeməklə doymayıb, qazanın dibini üzümüzə, gözümüzə çəkənlərik biz. Hamısı qane ola bilməməyimizdən qaynaqlanır.

Əlimizdə olanı gözümüzə təpirik. Hər şeyin əndazəsini aşırıq. Münasibətdə olduğumuz insan bizə zərrə qədər sevgi verəndə ömrümüzü ona həsr edirik. O, bizə bir not həsr edəndə, biz ona sinfoniya bəstələyirik, o, bizə bir cümlə deyəndə, biz ona roman yazırıq. Sevəndə də, nifrət edəndə də, yaltaqlananda da beləyik. Hər şeyi şişirdib dağ boyda etmək üçün ürəyimiz gedir. Acını içimizdə çəkməyi bacarmırıq. Bütün aləmə duy vururuq. Nə yaşadığımızı hiss etməyənlərə nifrət bəsləyirik. Eqomuz normal yaşamağa imkan vermir. Heç bir şeyi normada saxlamağı bacarmırıq. Ya ən aşağını, ya da ən yuxarını hesablayırıq. Hamısı buraxmağı bacarmamağımızın ucbatındandır. Kişi getmək istəyəndə yaxasından yapışırıq, qadın getmək istəyəndə saçından tutub saxlayırıq, vəzifədən azad ediləndə infarkt, insult, ən yüngülü olan ürək spazmaları ilə xəstəxanaya yatırılırıq. Səbəbi sadədir, əl çəkmək kültürünə sahib deyilik.

Birini unutmaq üçün həyatımıza yeni birini dartıb gətiririk. İşə yaramadığını görəndə yenini də köhnənin yanına atırıq. İçimiz canlı məzarlıqla doludur. Məsələn, tez-tez əksər qadınların bir-birinə verdiyi məsləhətin şahidi oluram, "sevmirsən sevmə, eybi yox, amma çalış tamamilə buraxmayasan, qoy həyatının bir küncündə qalsın, nə zərəri var ki, istifadə elə" deyirlər! Biz bizə aidiyyatı olmayan insanlardan həmişə belə mənfəət güdürük, nə zamansa onlardan yararlanacağımızı düşünərək yığıb, yumrulayıb həyatımızın bir tərəfinə soxuşdururuq. Ona görə ki, sağollaşmağı, dürüst şəkildə vida etməyi bacarmırıq. Ürəyimiz yananda da əlimizdəkini buraxmırıq, hiyləgərlik edəndə də...

Çox şey yaşayırıq. Bəzən bir nöqtədə iplər gərilir, tutduğumuz budaqlar kökündən qarılır. Əbədi olduğunu düşündüyümüz gözəlliklər bitir. Onsuz olmaz, havamdır, suyumdur, nəfəsimdir dediyimiz dəyərlər yox olur. Həmin an çıxartmadığımız hoqqa qalmır. Bilirsiniz niyə? Çünki əl çəkməyi məğlubiyyət olaraq görürük. Məğlubluq isə ən böyük kompleksimizdir.

Əlbəttə, insanın həssas duyğuları arxada qoyub yola davam etməyi çox çətindir. Sevdiyi insana bağlı olur, alışqanlıqlarından qopmaq istəmir, mübarizə aparır, itirməmək üçün dəridən qabıqdan çıxır. Amma biz təkcə hisslərlə bağlı deyil, hər şeydə beləyik. Əslində, zamanı gəlibsə, dayanmaq lazımdır. Ömürboyu eyni yolu qaçmaq mümkün deyil. Sonsuza qədər hansısa kresloda oturmaq absurddur. Sevgili üçün daima mübarizə aparmaq nağıldır. Hər şeyin bir qırılmaq nöqtəsi var. Bunu görən andaca buraxıb getmək ən məqbul olanıdır.

Həqiqəti görə bilmək, əl çəkməyi bacarmaq insanı inkişaf etdirir, dəyişdirir. Bir dəfə dəyişdikdən sonra bir daha heç vaxt əvvəlki kimi olmursan. Ona görə də əl çək, izn ver incəldiyi yerdən qopsun!

 





11.01.2020    çap et  çap et