525.Az

Azərbaycanlı tədqiqatçı Gürcüstanda təltif olunub


 

Azərbaycanlı tədqiqatçı Gürcüstanda təltif olunub<b style="color:red"></b>

Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin (BMM) koordinatoru, tədqiqatçı-alim Gülhüseyn Kazımov Gürcüstanda fəxri diploma layiq görülüb.

AZƏRTAC xəbər verir ki, yanvarın 10-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində mükafatın təqdimatı olub.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafından danışıb, BMM-in ikitərəfli mədəni münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib.

"Gürcüstan Teatr Cəmiyyəti" Yaradıcılıq Birliyinin direktoru, mədəniyyətşünas Qeorqi Qeqeçkori Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanda keçirilən tədbirləri yüksək qiymətləndirib.

Bildirib ki, BMM-in təşkilatçılığı ilə Tbilisidə "Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və Gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" mövzusunda dəyirmi masa, "Qarabağ" muğam qrupunun konserti keçirilib.

Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin və Gürcüstan Dövlət Folklor Mərkəzinin birgə təşkil etdikləri tədbirlər ölkələrimiz arasında mədəni sahədə əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə töhfə verib.

"Gürcüstan Teatr Cəmiyyəti" Yaradıcılıq Birliyinin araşdırmasına görə, bu cür tədbirlərin keçirilməsində, layihələrin hazırlanmasında BMM-in direktoru, Xalq artisti Murad Hüseynovla yanaşı, qurumun koordinatoru, tədqiqatçı-alim Gülhüseyn Kazımovun da böyük xidmətləri var.

"Gürcüstan Teatr Cəmiyyəti" Yaradıcılıq Birliyi Azərbaycan-Gürcü mədəni əlaqələrinin inkişafında səmərəli fəaliyyəti və anadan olmasının 70 illiyi münasibətilə "Gürcü teatrının dostu" Gülhüseyn Kazımovun fəxri diplomla təltif edilməsi barədə qərar qəbul edib.

Sonra Q.Qeqeçkori fəxri diplomu və hədiyyəni Gülhüseyn Kazımova verib.

G.Kazımov Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətinə və onun əməyinə verilən yüksək qiymətə görə təşəkkür edib.

 





12.01.2020    çap et  çap et