525.Az

Əjdər Olun "Lo"su: canlı və həyəcanlı bir roman


 

YENİ İŞIQ ÜZÜ GÖRMÜŞ BU ƏSƏR YAZIÇININ VƏ MÜASİR NƏSRİMİZİN BÖYÜK UĞURUDUR

Əjdər Olun "Lo"su: <b style="color:red">canlı və həyəcanlı bir roman</b>

Tanınmış şair, yazıçı və dramaturq Əjdər Olun "Qanun" nəşriyyatında çapdan çıxan "Lo" kitabının annotasiyasında da qeyd edildiyi kimi, "Lo" romanı uydurma deyil, canlıdır, gerçəkdir. Əsər son iki yüz ildə xalqımızın tarixində ən böyük və maraqlı hadisələrin baş verdiyi 1988-1993-cü illəri əhatə edir. Bir-birini izləyən olaylarda öz adı ilə iştirak edən qəhrəmanlar milli azadlıq hərəkatının, dövlət müstəqilliyinin, Qarabağ müharibəsinin fəal iştirakçılarıdır...

Əjdər Ol bu əsərini təsadüfən "Lo" adlandırmayıb. Bəlkə də doğma ana dilimizdəki bu ifadəni daha arxaik söz hesab edənlər də tapılacaq. Axı "lo" kəlməsinə uyğun dilimizdə indi neçə-neçə neologizmlər, bu mənaya yaxın səslənən çoxlu yeni kəlmələr var: biri elə Siyomi qasırğası...

Ancaq "lo" ifadəsi xalqımıza, yəqin ki, yeri-göyü lərzəyə gətirən o neologizmlərdən daha dağıdıcı görünməklə yanaşı, həm də doğmadır.

...Lo... Bu isim çox vaxt feillə, xəbərlə birgə işlənir. Özü də keçmiş zamanda: bir lo düşdü ki...

"Lo" şəxslənə, şəxsi xarkter də ifadə edə bilir: filankəs bir "lo" idi...

Əjdər Ol romanında qələmə aldığı hadisələri bir "lo" kimi yada salır, o olaylar həm ayrılıqda, həm ümumən bir "lo"ya çevrilib yaddaşlara həkk olunur.

Bəs düşən o "Lo" nə idi?.. Ötən əsrin sonlarında dünyanın coğrafi ərazicə altıda bir məkanına sahib, şərqində günəş doğanda qərbində gecə olan SSRİ adlı bir məmləkət ildırım sürəti ilə dağıdıldı. Nəhəng bir ərazini çaxnaşmalar, milli qarşıdurmalar, savaşlar, acı məhrumiyyətlər bürüdü. İnsanlar sərt sınağa çəkildi, ölüm-itim adiləşdi.

Müəllif romanın yazılma tarixini belə göstərir: 2010-2018. Ancaq bir oxucu kimi mənə elə gəlir ki, yazıçı bu romanı 8 ilə yox, birnəfəsə yazıb. Mən bu romanı qələm dostum Əjdər Olun bir monoloqu da hesab edirəm. Monoloq-roman... Bu həcmdə romanı, əlbəttə, müəllif istəsə də, indiki dövrün texniki yazı vasitələrindən biri olan komyüterlə yazmaq üçün də ona gecə-gündüz fiziki güc gərəkdir. Ancaq tribunada günlərlə aramsız çıxış edən natiqlər də tarixdə bizə məlumdur. Və mənə elə gəlir ki, Əjdər Ol da geniş auditoriya, oxucular qarşısında romanını beləcə maraqlı, hərarətli monoloq kimi nəql edir.

Əjdər Olun bu romanını oxuyanlar, xüsusən qələm adamları bəlkə də ilk əvvəl xam xəyala qapıla da bilər; belə bir romanı birbaşa mən də yaza bilərdim... Axı, romandakı hadisələr gözlərimiz qarşısında cərəyan edən, həm də bir çoxumuzun elə iştirakçıları olduğumuz hadisələrdir...

Amma heyhat... Bu romanı Əjdər Ol yazıb və yalnız o yaza bilərdi. Öz istedadı, dərin və geniş müşahidə qabiliyyəti, güclü yaddaşı və nasir ustalığı sayəsində!

Yazıçının uğurudur ki, bu romanı oxuyan hər bir oxucu onu həm də öz romanı bilir. İctimai mövzulu bu roman qeyri-adi görünən, ancaq tamamən real əhvalatlarla, macəralarla, qəribə hadisələrlə zəngindir. "Lo"da bir roman içərisində neçə-neçə miniatür roman da var: sevgi, dostluq, xiffət, əhdə sədaqət, etibar, mərdlik, böyük-kiçiyə hörmət, keçmişə ehtiram, gələcəyə qayğı, namus-ar, insan qəlbinin pünhan hissləri - bütün bunlar romanda məharətlə ifadə edilib.

Romanda xalqımızın düçar olduğu müharibə birbaşa o qədər də geniş səhnələrlə təsvir edilməyib. Lakin oxucu bu müharibənin ağrı-acılarını az qala müəllif qədər dərin hiss-həyəcan, ağrı ilə yaşayır. Müharibə qurbanı - qonşuya gətirilən Qarabağ şəhidi; oğlu Qarabağda vuruşan bir qonşu qadının yas məclisində o şəhidi elə oğlu qədər doğma bilən ananın halının birdən-birə pisləşməsi və qəfil ölümü... Müharibə aləti olan qumbaranın pul qazanmaq üçün, bəlkə də məcburi silah alverçisi olan qadının əlində partlaması. Nəhayət, bu kimi gərgin hadisələrin cəmində dəhşətli bir dövrün dolğun mənzərəsi...

Müəllif yazdığı romanın ədəbi təyinatını da uğurla taparaq, əsəri "canlı roman" adlandırmaqla bütöv bir epoxanı - uşaqlıqdan bu yana babalarından, nənələrindən bəri bir dövrü əhatə edən hadisələri də sanki birbaşa və bir nəfəsə nəql edib. Romanda cərəyan edən hadisələrin mərkəzi Bakıdır və romançı baş verən hadisələrin fonunda cəmiyyətin dəqiq mənzərəsini bu fonda olduqca dəqiq təsvir etməyə çalışıb və buna nail olub. Əjdər Ol öz romanında izdiham və kütlə içində əsərinin qəhrəmanlarını həm də fərd kimi ayrıca təqdim etməyi, hər yönüylə tanıtmağı bacarıb. Yazıçı öz qəhrəmanlarının həm şəxsi, həm də ictimai təbiətini doğru-dürüst təsvir edib.

Bu baxımdan, müəllifin özünün elan etdiyi "canlı roman" təyini kifayət qədər dəqiq səslənir.

Müasir tariximizdəki dramatik dönüşə, bu dönüşü şəkilləndirən irili-xırdalı, ancaq xeyli mühüm hadisələrə həsr olunmuş, ustalıqla qələmə alınmış "Lo" romanı, tam əminliklə deyə bilərəm ki, Əjdər Olun və ümumiyyətlə müasir nəsrimizin böyük uğurudur.

 





13.01.2020    çap et  çap et