525.Az

"... Səssizliyimi kəsə bilmədilər mənim" - Mirşahin Seyidovun şeirləri


 

"... Səssizliyimi kəsə bilmədilər mənim" - <b style="color:red">Mirşahin Seyidovun şeirləri </b>

Naxçıvanda yazıb-yaradan istedadlı gənclərdən biri də Mirşahin Seyidovdur. Naxçıvan Müəllimlər İnstitutunun məzunu olan Mirşahinin tələbəlik illərində "Fikir buludları" adlı ilk kitabı da oxuculara təqdim olunub.

Həmin kitab haqqında bir neçə ay bundan əvvəl "525-ci qəzet"in oxucularına məlumat vermişdik. Bu dəfə isə onun şeirlərini təqdim edərək fikir yürütməyi oxucuların ixtiyarına buraxmaq istədik.

Mirşahin xaraktercə qapalı, şeirlərini özü ifa etməyi sevən bir gənc qələm sahibidir. Onun  şairliyi təkcə yazdıqları ilə məhdudlaşmır. Mirşahin şeirlərini söyləyəndə də şairanə bir ovqata köklənir. Hər bir mövzuya, məsələyə münasibətində də onun obrazlı fikir yürütməsini müşahidə etmək olar. Bir də sadə vətəndaş kimi Mirşahin nə qədər sakit, təmkinli, qaradinməzdirsə, şair kimi o, çılğın və dəli-dolu biridir. 

Daha çox fəlsəfi fikirlərə meyllilik Mirşahinin poeziyasının əsas xəttini təşkil edir. O, təbiətə münasibətdə də, insanlara münasibətdə də, şəxsi duyğu və düşüncələrini qələmə alanda da, saf sevgidən yazanda da, ümumiyyətlə şair kimliyini narahat edən hər hansı məsələni qələmə alanda da filosof şair kimi düşünür. Buna nə dərəcədə nail olur, bu artıq siz oxucuların verəcəyi qərardır. Biz isə, "Mirşahin artıq şairdir!" əminliyi ilə onun bir neçə şeirini oxuculara təqdim edirik.

Elxan YURDOĞLU

Mirşahin SEYİDOV

Sahibsiz şeir

Qarşılaşacağıq bir gün səninlə,
Bəlkə ölü bir kəpənəyin qanadında.
Şair demiş,
Bəlkə, damağında hərflər laxlayan,
qoca şeirin misrasında.
Anamın mənə dilədiyi
o xoşbəxtlik duasında olarsan bəlkə.
Ölülərin gedə bildiyi hər yerdə.
Sağkən gedə bilmədiyimiz yerlərdə
qarşılaşacağıq səninlə.
Bəlkə yeni doğulmuş sevincli körpənin
bir-birinə çırpdığı,
İki toppuş əl olarıq səninlə.
İlk dəfə sevdiyindən ayrılarkən,
Məktəbli qızın gözündən
ardıcıl düşən iki damla yaş...
Mütləq qarşılaşacağıq
Bir əsgərin məktubundakı
həsrət və ayrılıq kimi.
Ya da bir kimsəsizin başındakı
sığala möhtac yetim iki tük.
Bir qocanın son nəfəsi,
Qəhrəmanın ilk qorxusu.
Allahın son duası olarıq bəlkə də.
Allah da bir gün dua edəcək,
bilirəm, onlar qovuşsun deyə.
Baxarsan bir gün,
Gizlincə bir-birinə dəyən
iki ürkək dodaq olarıq.
Ya da onlar öpüşərkən
sevdiyinin xəyanətini görüb qızaran,
Bir cüt göz olarıq.
Qorxma...
Bax, bu, sahibsiz şeirin
sahibi olarsan bəlkə sən.
Mən də şairi...
Mən şeir olub axaram ruhuna,
sən də bədənindən qopub gələrsən bəlkə.
Qorxma...
Qarşılaşacağıq bir gün səninlə.

Gizlin yazılan

Ayağımı sürütləyərək
həmin küçədən keçirəm -
Sənin mənə gəldiyin yoldan,
Sənin məndən getdiyin yoldan.

Bu küçə küsüb məndən.
Təkəm, sən yanımda yoxsan deyə.
Bir yekə daş qəsdən ilişir ayağıma,
Yıxılım yadımdan çıx deyə.
Gözümün içinə  baxan dilənçi də
artıq baxmır mənə.
Daha da tək qalım deyə.
Bu küçədə zırıldayan uşaqda
sənin gedişinə ağlayır sanki.
Başa salmaq olmur onu,
O, gəlməyəcək deyə.
Bəzi toxunuşların izi heç getmir səndən
Nə qədər unutsan da.
Bəzi qoxular çıxmır canından
Nə qədər yuyunsan da.
Bəzi xəyallar tərk etmir bədənini
Nə qədər boşlasan da.

Bir zamanlar car çəkərək sevdiyim səni
İndi utanaraq gizlin sevirəm.
Utanıb, şəklinə gizlin baxıram.
Mənə yazdıqlarını da gizlin...
Utancaq sevirəm, ilk gündəki kimi, gizlin.

İnsan sadəcə utananda gizlin sevər.
Gizlin sevər fahişəni
Bəzən eldən utanıb, gizlin sevər öz qadınını
Gizlin sevər başqasının olanı
Gizlin sevər tərk edəni
Gizlin sevər gəlməyəni
Və mən, gizlin sevirəm səni.

Tərk edilmiş kişi bədəni qalar, iylənər.
Çürümüş ət iyi verir ölmüş sevgin bədənimdə.
İçimdə bastırmağa əlim gəlmir.
Gizlədirəm.

Ayağımı sürütləyərək o küçədən keçirəm.
Sənin mənə gəldiyin yoldan,
Sənin məndən getdiyin yoldan.
İndi ayağım ilişən daş da yoxdur,
dilənçi də, uşaq da gedib.
Yəni sənsizliyimi xatırladanların
heç biri yoxdur indi.
Gecə var.
Təkəm.
Ay da yoxdur.
Sən gedəndən o da gedib sanki.
Aysız qalmışam.
Xatırladacaqdı səni mənə Ay.
Xatırladır səni yenə, Aysız hər gecə.

Kölgə

İndi otaqda təkdir yarıqocalmış kişi,
Qalıb bu günü, bir də vaxtı keçmiş keçmişi.

Cavanlıq dalda qaldı, çox bərk qaçır qocalıq,
Qocalıq yorulubdur, təkcə qalıb tənhalıq.

Qramafondan gəlir, yalqız şair nəfəsi
Burda təkcə səsdir, merət yalqızlıq səsi.

Bir şəkil var əlində, qoca ağac şəklidir
Kölgə düşüb yanına, bu qadın kölgəsidir.

O kölgə qocanın, ilk məhəbbət rəsmidir
Cavanlıqda sevdiyi o qızın kölgəsidir.

Qoca heç bir qadını sevməyib bu kölgətək
Yalqızlıq səbəbini elə kölgədən bilək.

Gördüyü hər kölgədə o qadını axtardı
Bir gün xəbəri gəldi, kölgəni gün apardı!

Kölgə günlə getdi, xəbəri Ay gətirdi,
Qoca öz sevdiyini, gələn ayla itirdi.

Əlindəki şəkilə o gecələr baxırdı
Ayın xəbəri vardı, gün hələ də yatırdı.

Əl-ələ kölgələrə, qoca baxır şüşədən
Bir çoxu ayrılacaq, o bilirdi öncədən.

Ayrılığın rəsmi də, bu tək duran kölgədir.
Yalnız yalqızlar bilər, kölgə nədir, gün nədir.

 





13.01.2020    çap et  çap et