525.Az

Azərbaycan “Tech Diaspora”sı yaradılır


 

Azərbaycan “Tech Diaspora”sı yaradılır<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı iqtisadi siyasətin tərkib hissəsi olaraq ölkəmizdə startap ekosisteminin formalaşması və inkişaf prosesi sürətlə davam edir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq məqsədilə bir sıra uğurlu işlər həyata keçirilir.

Bu prosesə təkan vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Azərbaycan “Tech Diaspora”sı yaradılır.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əsas hədəflər Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır.

Bu məqsədlə San-Fransisko şəhərindən Qərib Mehdiyev və Emin Şərifov, Berlin şəhərindən Nail Vəliyev və Bakı şəhərindən Məmməd Kərimov olmaqla 4 nəfərdən ibarət təşkilat komitəsi, həmçinin Azərbaycanda və dünyanın bir sıra ölkələrində yaşayan həmyerlilərimizdən ibarət 21 nəfərlik təşəbbüs qrupu yaradılıb. Yaradılmış təşəbbüs qrupuna “INNOLAND” və “Next Step” administrativ dəstək göstərir.

“Tech Diaspora”nın nümayəndəlikləri ilkin olaraq startap ekosisteminin inkişaf etdiyi Bakı, Berlin və San-Fransisko şəhərlərində fəaliyyətə başlayacaq.

Bununla əlaqədar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Silikon Vadisində “Azərbaycan İnnovasiyalar Evi”nin yaradılması nəzərdə tutulub. Ölkəmizin innovasiyalar və texnoloji inkişafın mərkəzinə yaxın olması məqsədilə fəaliyyətə başlayacaq “Azərbaycan İnnovasiyalar Evi” Silikon Vadisində və yaxın ərazidə yaşayan və innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların bir araya gətirilməsi burada “Tech Diaspora”nın fəaliyyətinin formalaşmasına təkan verəcək.

“Tech Diaspora”nın təşkil edilməsi, həmçinin yerli startaplara xarici investisiyaların cəlb edilməsi istiqamətində önəmli addım olacaq. Prosesin həyata keçirilməsi ölkəmizin daha çox innovasiyaya yatırım edən və intellektual məhsul ixracetmə potensialı olan ölkə kimi mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.

Diasporaların fəaliyyəti, eləcə də innovativ texnoloji sahədə olan trendləri daim yaxından izləməyə və texnologiyaların Azərbaycanda da tətbiqinə təkan verəcək. Yerli startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi yerli startapların qlobal bazara çıxış imkanlarını da artıracaq.

 





14.01.2020    çap et  çap et